Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-319/2025 03.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi X23 oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X20, xüsusi ittihamçı: X11, təqsirləndirilən şəxs: X8 iştirakı ilə 02 fevral 2001-ci il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CM-nin) 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: X14 26 avqust 2025-ci il tarixdə təxminən saat 11-12 radələrində Şəmkir Rayon İcra Hakimiyyəti binasının yaxınlığında görüşərkən aralarında dekorativ yunurtaların alış-veriş zamanı yaranmış pul borcu ilə bağlı mübahisə zamanı vətəndaşlar X15, X3 və təxminən 10-15 nəfər digər şəhər sakinlərinin yanında X5 müraciət edərək, “cındırsan, alçaqsan, oğraşsan” və sair bu kimi sözlər deyərək onu kütləvi çıxışda təhqir etmişdir. Bu hadisə ilə bağlı X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X14 CM-nin 148-ci maddəsi ilə təqsirli bilinib, cərimə cəzası təyin edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X11 dekorativ toyuq yumurtası tapmaqda ona köməklik etməsi üçün həmkəndlisi Murad Xalıqverdiyevdən xahiş etmişdir. Bundan bir müddət sonra o Şəmkir şəhəri Şiştəpə kəndində yaşayan Elçin adlı tanışında 30 ədəd dekorativ toyuq yumurtası olduğunu və birini 3 manata satdığını demişdir. O isə razılaşmışdır. Görüşüb həmin yumurtaları alıb 40 manat Elçin Salmanova vermişdir. Qalan 50 manatını isə cücələr çıxanda verəcəyini bildirmişdir, o da razılaşmışdır. Bir müddət sonra həmin yumurtalardan cəmi 8 ədəd cücə çıxdı. Onda başa düşdü ki, həmin yumurtalar köhnə imiş. Bu səbədən də qalan 50 manatı vermədi. Barəsində şikayət etdiyi Elçin Salmanov, özü, Məhərrəm Aliyev, Murad Xalıqverdiyev 26 avqust 2025-ci il tarixdə təxminən saat 11-12 radələrində Şəmkir RİH-ti binasının yaxınlığında görüşərkən X15, X3 və təxminən 10-15 nəfər şəhər sakinlərinin yanınds onun barəsində "alçaq, sən cındırsan və s." bu kimi sözlər deyərək onu təhqir etmişdir. Bununla da o birbaşa qəsdlə CM-nin 148ci maddəsində nəzərdə tutulan cinayəti etmişdir. Təgsirləndirilən şəxs tərəfindən onun təhqir edilməyini şahidlər Murad Xalıqverdiyev və Məhərrəm Əliyev öz izahatlarında göstərmişlər. Hesab edir ki, X14 barəsində CM-nin 148-ci maddələrilə ittiham hökmü çıxarılmalıdır və o CM-nin 148-ci maddəsi təqsirli bilinməli və cərimə cəzasına məhkum edilməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X11 şikayəti müdafiə edərək bildirdi ki, hazırda təqsirləndirilən şəxsin ondan üzr istəyərək barışığa cəhd etsə də onun üzr istəməsini qəbul etmir, onunla barışmır, hesab edir ki, təqsirləndirilən şəxs 10-15 nəfərin yanında onu ağır sözlərlə təhqir etdiyindən cəzalanaraq, məhkum edilməlidir ki, digər şəxslər üçün də presedent olsun. Göstərilənlərə əsasən, təqsirləndirilən şəxsə qanunla nəzərədə tutulmuş cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X14 ona qarşı irəli sürülmüş xüsusi ittiham üzrə özünü təqsirli bilərək göstər ki, X6 azı 10-15 nəfr insanların yanında ağır söyüşlərlə təhqir edib, hazırda X4 üzr istəyir, əməlindən peşmandır, gəncdir, “OBA” şirkətində işləyərək aylıq əmək haqqısı 600-700 manat civarındadır, qeyd etdiklərinin nəzərə alınmasını və ona aşağı həddə cərimə cəzasının təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli teleqramda təqsirləndirilən şəxs X14 qeyd etmişdir ki, “MUSEYİBOV ƏDALƏT NURƏDDİN OĞLUNUN BARƏMDƏ ETDİYİ ŞİKAYƏT ƏRİZƏSİNDƏ QEYD ETDİKLƏRİ HƏQİƏQƏTDİR MƏN KƏNAR ŞƏX SLƏRİN YANİNDA ONU TƏHQİR ETMƏKDƏ DÜZGÜN ETMƏMİŞƏM. ƏMƏLİMDƏN PEŞMANAM”. Cinayət işinin materiallarına əlavə edilmiş X7 izahatında qeyd etmişdir ki, “26 avqust 2025ci il tarixində axşam saat təxminən 11-12 radələrində mən, X11, Şəmkir rayon Şiştəpə rayon sakini X14 və Murad adlı şəxslə Şəmkir RİH-nin yaxınlığında görüşərkən X1 olan 50 manat borcunu istəyərkən onların arasında mübahisə yarandı və X2 pulunu vermədiyi üçün sən “cındırsan, alçaqsan, oğraşsan” və sairə bu kimi sözlər dedi”. Cinayət işinin materiallarına əlavə edilmiş X19 izahatında qeyd etmişdir ki, “26 avqust 2025-ci il tarixində axşam saat təxminən 11-12 radələrində mən, X11, Şəmkir rayon Şiştəpə rayon sakini X14 və Murad adlı şəxslə Şəmkir RİH-nin yaxınlığında görüşərkən X1 olan 50 manat borcunu istəyərkən onların arasında mübahisə yarandı və X2 pulunu vermədiyi üçün sən “cındırsan, alçaqsan, oğraşsan” və sairə bu kimi sözlər dedi”. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrini, tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X14 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsi ilə yanaşı məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X14 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli CM-nin 148-ci maddəsi ilə düzgün tövsif edilir. Təqsirləndirilən şəxs X8 CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "İnsan Hüquqlarının və X17 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçının təhqir edilməsi açıq formada və azı iki nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə edilmişdir. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olmamış, həmin ifadələrin açıqaşkar şəkildə təhqir olduğu müəyyən edilmişdir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46- cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X14 yuxarıda qeyd edilən, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilən ifadələri işlədərək xüsusi ittihamçını cəmiyyət qarşısında, o cümlədən onu tanıyanların, habelə qeyri məhdud şəxslər əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Yəni, təqsirləndirilən şəxs X8 xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X14 həmin söz və ifadələrlə onların aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onun cəmiyyətdə tutduğu mövqelərini ləkələmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs X14 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr kütləvi çıxşında yaymışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa CM-nin 148-ci maddəsinin tərkibini yaradır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X14 tərəfindən CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X8 CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM- nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (Ceylan Türkiyəyə qarşı və Skalka Polşaya qarşı). Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin və qanunvericiliyin yuxarıdakı tələblərinə əməl edərək aşağıdakıları da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X8 ilk dəfə böyük ictimai təhlükə törədən cinayət törədməsini, gənc olmasını, törətdiyi əməlindən səmimi peşman olaraq, zərər çəkmiş şəxsdən üzr istəyərək, onunla barışmağa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kim müəyyən edərək, onun CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin ağırlığı, xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini onun cəzasının yüngülləşdirən hallar nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X12 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə çataraq X8 islah olunması üçün kifayətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim İlqar Quliyev
Məhkəmə qərarları › İş №1(076)-319/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-319/2025
03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver