Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-346/2024 18.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokuror¬luğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs onun işdən çıxarıldığı fermada məskunlaşması və işləməsinə görə şəxsi münasibətlər zəminində sonuncu ilə yaranmış mübahisə zamanı əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd küstar üsul ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs bir dəfə zərbə ilə vuraraq ona döş qəfəsinin sol yarısının ön-yan səthinin döş boşluğuna keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq adı Təqsirləndirilən şəxs olsa da camaat içərisində onu “Çoban Qulu” ləqəbi ilə tanıyırlar. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, Elnur ondan yaşca xeyli cavan olduğundan elə də yaxın münasibəti olmamış, həmkəndli kimi normal münasibəti olmuşdur. Heç bir düşmənçilik və ədavəti olmamışdır. 10 il dayısı X5 məxsus yaşadığı kənddə yerləşən fermada yaşamış, fermada həm özünə məxsus xırdabuynuzlu heyvanları, həm də dayısının heyvanlarını saxlamışdır. Lakin bir il əvvəl dayısının fermasında xırdabuynuzlu heyvanlara çiçək xəstəliyi düşmüş, o, fermadan çıxmış, lakin dayısı ilə arasında heç bir narazılığı olmamış, normal şəkildə fermadan ayrılmışdır. Ondan sonra isə fermada Elnur yaşamağa başlamış və dayısının heyvanlarına da Elnur baxmışdır. Həmin məsələ ilə də bağlı Elnurla arasında heç bir söz-söhbəti olmasa da Elnurun onun yerinə göz dikməsi və fermadan çıxan kimi həmin fermaya getməsi onun xoşuna gəlməmişdir. 07 avqust 2024-cü il tarixdə saat 20 radələrində yaşadığı kəndin mərkəzində olan Elməddinin kafesində bir bakal pivə içmiş, sonra isə evə tərəf gedərkən “Vidişxana” deyilən Şahid2 məxsus çayxananın qarşısından keçən zaman dostu Vidiş dediyi Vidadinin çayxanadan çöldə oturub çay içməsini görmüşdür. O, da onlarla əyləşmiş və çay içmiş, həmin anda Elnurun sonu 78-23 mobil nömrəsindən ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, zəng edən Elnur ona “hardasan” dedikdə kim olmasını soruşmuş və zəng edən ona “Elnurdu” dedikdə onu tanımışdır. Zəng edənin Elnur olmasını bildikdən sonra ona “Vidişxanadayam” dedikdə Elnur “orda dur gəlirəm” deyib danışığı sonlandırmışdır. Lakin Elnurun hansı səbəbdən onunla görüşmək istədiyini bilməmiş, onun telefon danışığından da heç nə başa düşməmişdir. Təxminən 5-6 dəqiqə sonra Elnur ora gəlmiş və çayxanada digər stola keçərək onunla eyni stolda əyləşmişdir. Elnur səs-küylü formada ona “nə vermisən ala bilmirsən” demiş, Elnurun hərəkətlərindən onun sərxoş olması aydın formada hiss olunmuşdur. Elnurun sərxoş olmasını və yüksək səslə danışmasını görüb orada camaatı narahat etməmək və biabırçılıq olmasın deyə onunla çayxanadan durub kənara gedib söhbət etmək istəmiş və Elnurla oradan qalxmışdır. Zahirin bərbərxanasına tərəf getmişlər. Elnurla bərbərxananın qarşısında səkinin üstündə dayanıb söhbət etməyə çalışmış, lakin o, sərxoş olduğundan heç bir söz danışmamış, ona təkrar-təkrar “nə vermisən ala bilmirsən” deyərək dava salmağa çalışmışdır. Həmin vaxt Elnur anidən yumruqla sol göz nahiyyəsinə bir dəfə vuraraq yaxasından tutub dava-dalaş başlatmışdır. O, isə Elnurun anidən onu vurmasından təəcüblənmiş və Elnuru geriyə itələmişdir. Elnur yenidən üstünə gəlmək istəmiş və onun “varyoxuna” söyüş söymüşdür. O, Elnurun bu hərəkətindən əsəbləşərək əvvəlcədən üzərində gəzdirdiyi açılıb-qatlanan cib bıçağını cibindən çıxarmış və bıçağın tiyəsini açaraq bir dəfə Elnurun sol böyrünə zərbə ilə vurmuşdur. Daha sonra oradan çıxıb evinə getmişdir. Evdə həyat yoldaşı Şahid1 hadisəni danışmış, bundan sonra isə hadisə zamanı istifadə etdiyi bıçağı da götürüb Şəmkir Rayon Polis Şöbəsinə gəlib törətdiyi əməli etiraf etmişdir. Hadisə zamanı dava-dalaşı Zərərçəkmiş şəxs başlatmışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmandır, zərər çəkmiş şəxslə barışmışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, həmkəndli kimi tanıyır, kənd camaatı kimi o, da onu Qulu kimi tanımış, onunla əvvəllər həmkəndli kimi yaxşı münasibəti olmuşdur. Lakin son 7-8 aydır ki, Arif onunla yola getməməyə başlamışdır. Belə ki, Arif uzun illər idi ki, yaşadığı kəndin əkin sahəsində yerləşən X5 məxsus fermada yaşamış və orada həm öz malqarasını, həm də Əlinin mal-qarasını saxlamış, lakin təxminən bir il əvvəl Arif həmin fermadan çıxmış və mal-qarasını da başqa fermada saxlamışdır. Arif həmin fermadan çıxdıqdan bir müddət sonra Əli atasına zəng edib onun gedib onun fermasında həm öz heyvanlarını həm də onun heyvanlarını saxlamağını təklif etmişdir. O, da Ariflə arasında narazılıq olmasın deyə ona zəng edib bu barədə dedikdə Arif heç bir narazılıq etmədən xeyir-dua vermiş və fermadan da öz istəyi ilə çıxdığını bildirmişdir. 2024-cü ilin mart ayından Ariflə münasibəti pisləşmiş, bunun səbəbi isə Arifin onlarla düşmənçilik etməyə başlaması olmuşdur. Bunun isə səbəbini bilməmişdir. 2024-cü ilin mart ayında dəqiq xatırlamadığı tarixdə sahədə heyvan otaran zaman Arif gəlib onun heyvanlarını sahədən çıxarmaq istəmiş, onunla kobud danışmışdır. Bundan sonra da dəfələrlə örüş sahəsində rastlaşan zaman onu acılamış, heyvanlarının başını kəsəcəyini demişdir. Sonuncu dəfə isə 2024-cü ilin iyul ayının sonlarında onların sahəsinə gələn suyu kəsmiş, hətta bununla bağlı kənd sakinlərinin və Su İdarəsinin işçilərinin yanında atasını təhqir etmişdir. O, bu hadisəni də atasının dilindən və başqa şəxslərdən eşitmişdir. Arif heç bir səbəb olmadan onlarla bu formada prinsip aparmışdır. 07 avqust 2024-cü il tarixdə nahar yeməyi vaxtı dostu Elmixanın evində onunla və Niyaməddinlə məclis təşkil edib spirtli içki qəbul etmiş, məclis saat 20 radələrində yekunlaşmışdır. Onlar biraz sərxoş olmuşlar. Arifin atasını təhqir etməsini həmin gün eşitmiş, Elmixan və Niyaməddinlə kənd girişində yerləşən “Ələsgərxana” deyilən çayxanaya gəlmişlər. Orada əyləşmiş və özünə məxsus ***-***-**-** mobil nömrəsindən Arifin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib harada olmasını soruşub onunla söhbət etmək istədiyini demişdir. Arif isə kənd mərkəzində yerləşən “Vidişxana” adlanan çayxanada olmasını demişdir. O, “Vidişxana”nın qarşısına təkcə getmiş, Arif çayxanada stolda təkcə əyləşib onu gözləmişdir. Orada Ariflə mübahisə etmiş və ona nə istəməsini soruşmuş və sair bu kimi sözlər demişdir. Səsi bərk çıxdığı üçün Arif çayxanadan gedib başqa yerdə söhbət etməyi təklif etmiş, oradan durmuşlar və küçənin digər tərəfinə, sakitlik yerə keçmişlər. Həmin yerdə mübahisələri davam etmiş və yenidən Ariflə danışaraq onlardan nə istəməsini soruşmuşdur. Həmin vaxt Arif anidən bıçaq çıxarmış və onu bir dəfə bıçaq zərbəsi ilə vurmuş və oradan çıxıb getmişdir. O, Arifin onu vurmasını əvvəlcə hiss etməmiş, lakin əlini sol böyrünə vurduqda qan olmasını görmüş, piyada mərkəzə tərəf gələrək orada tanımadığı avtomobilə əyləşərək tibbi yardım göstərilməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gəlmiş və xəstəxanada ona tibbi yardım göstərilmişdir. Hadisə vaxtı sərxoş olduğundan hadisənin detallarını tam xatırlaya bilmir, Arif düz Dava-dalaş təxminən 2-3 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 07 avqust 2024-cü il tarixdə saat 22 radələrində əri Arif evə gəlmişdir. O, həmin vaxt tövlədə heyvanları yemləməklə məşğul olmuşdur. Arif onu evə çağırmış, ona bıçaqla Qabilin oğlu Elnuru vurmasını, polisə təslim olmağa getməsini bildirmiş və evdən çıxmışdır. Sonra ona polisdən zəng gəlmiş və əri Arifin tutulması barədə məlumat verilmişdir. X6 arasında bildiyinə görə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Arif ona hadisə barədə danışdıqda ondan Elnuru niyə bıçaqla vurmasını soruş, Arif Elnurun özünün çayxanaya gələrək onunla dalaşmasını, onu söyməsini, özünü müdafiə etmək üçün Elnuru bıçaqla vurmasını demişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla əvvəllər münasibəti yaxşı olmuşdur, lakin son bir neçə ay əvvəl Arifin dayısı Əli Musayev onu fermadan çıxarmış, onları fermaya qəbul etmişdir. Bundan sonra Arifin onlara qarşı münasibəti pisləşmişdir. 07 avqust 2024-cü il tarixdə saat 22 radələrində oğlu Elnur ona zəng edərək bıçaqlandığını, xəstəxanaya getməsini demiş, dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gəlmiş və orada həmkəndlisi Çoban Qulu ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs kəndin mərkəzində oğlu Elnura bıçaqla xəsarət yetirməsini öyrənmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi adı Vidadi olsa da kənd camaatı onu “Vidiş” kimi tanıyır. Kənd mərkəzində olan çayxana isə ləqəbi ilə bağlı “Vidişxana” deyirlər, həmin çayxananı uzun müddət işlətmiş, lakin təxminən iki aydır ki, çayxananı qohumu Səbuhiyə icarəyə vermişdir. Çoban Qulu kimi tanıdığı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onların hər ikisi ilə həmkəndli kimi normal münasibəti var, heç bir ilə düşmənçilik və ədavəti yoxdur. 07 avqust 2024cü il tarixdə saat 20:30 radələrində çayxananın qarşısında həmkəndliləri Yaşar və Xanbuta ilə əyləşib çay içmiş, Qulu onların yanına gəlib bir stəkan çay içmiş, durub telefonla danışa-danışa kənd mərkəzi istiqamətində piyada getmişdir. Bundan təxminən yarım saat sonra Qulu ilə Elnur birlikdə piyada çayxanaya gəlmişlər onlar bilmədiyi səbəbdən yüksək səslə mübahisə etmişlər, daha sonra çıxıb getmişlər. Onların ikisinin də sərxoş olmaların hiss olunmuşdur. Növbəti gün isə kənd camaatından Qulunun Elnuru bıçaqla vurmasını eşitmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, Azərbaycan Kooperasiya Universitetində 4-cü kurs tələbəsidir. Yay ayları olduğu üçün məşğuliyyət olaraq kənddə yerləşən və hamının “Vidişxana” kimi tanıdığı çayxanada gündəliyi 8-10 manat olmaqla ofisiant olaraq çalışır. Mahiyyət üzrə bildirmişdir ki, Çoban Qulu kimi tanıdığı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onlar ondan yaşca böyük olduqları üçün heç bir münasibəti yoxdur. 07 avqust 2024-cü il tarixdə saat 20:30 radələrində çayxanada olan zaman Vidadi çayxananın qarşısında çayxanaya aid yerdə əyləşib çay içmiş, həmin vaxt Qulu ilə Elnur çayxanaya gəlmiş, lakin onların birlikdə yoxsa az vaxt fərqi ilə gəlmələrini xatırlamır. Onlar Vidadinin stolundan 2-3 metr kənarda olan stolda əyləşmiş və nəsə danışmışlar, Elnur isə sərxoş olmuşdur. Bu onun yerişindən məlum olmuşdur, Qulu ondan çay istəmiş və o, mətbəxə getmiş, təxminən 4-5 dəqiqə sonra çayı gətirdikdə Qulu ilə Elnurun olmamasını görmüş və Vidadi əmi onların mübahisə etdikləri üçün çayxanadan çııxb getdiklərini demişdir. Təxminən 2-3 saat sonra kənd sakinlərindən Qulunun Elnuru bıçaqla vurmasını eşitmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 07 avqust 2024-cü il tarixli “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçağa baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 08 avqust 2024–cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən “Vidişxana” kimi tanınan çayxanaya Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 19 avqust 2024-cü il tarixli 787 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol yarısının ön-yan səthinin döş boşluğuna keçməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddəti 07 avqust 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2024– cü il tarixli 16/883 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 27 avqust 2024-cü il tarixli, 617 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21ci və ya 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı ödədiyi üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Şiştəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci ildə anadan olmuş Adəm və xx.xx.2009-cu ildə anadan olmuş Ayxan adlı iki nəfər yetkinlik yaşına catmayan uşaqları vardır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, şəxsin polis şöbəsinə könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə, onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində saxlanması müddətinin cərimə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 09 avqust 2024–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 1 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4–cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 01 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona vurduğu zərəri aradan qaldırsa da, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyi üçün, hazırki cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad edilməsi halı istisna edilir və məhkəmə, ona təqsirli bildindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31.50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 13 (on üç) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.4–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2024–cü il tarixdən 09 avqust 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində 1000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-346/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-346/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver