Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-349/2024 29.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Məhkəmə iclasının katibi: Heydərov Cəmil Elxan oğlunun katibliyi, Barəsində xüsusi ittiham X5 qaydasında şikayət verilmiş şəxs: iştirakı ilə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X8 xüsusi ittiham qaydasında şikayətlə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi 124 h/h qeydiyyatda olmaqla, hazırda Şəmkir rayonu N yanvar keçəsi N saylı hərbi hissədə müvəqqəti yaşayır. Sentyabr ayı 2024-cü il tarixində Şəmkir rayonunda yerləşən Zəngilan kafesinə yaxınlaşaraq oranı işlədən X1 əlamətdar hadisəni yeyib-içərək qeyd edib, pulunu isə əmək haqqı ödənilən zaman verməsi barədə müraciət etmiş, sonuncu isə əvvəl razı olmasa da sonradan heç bir problem olmadığını, oturub yeyib içə biləcəklərini bildirmişdir. Daha sonra onlar kollektiv şəkilində oturub yeyib içmişlər. xx.xx.2024-cü il tarixində əmək haqqı köçən günü saat 18:28 və 18:29-da onun əmək haqqı kartımdan birbank mobil tətbiqi vasitəsilə 1230 manat məbləğində pul online şəkildə oğurlanmış, bu barədə X7 bildirmiş, sonuncu isə “bəhanələr gətirmə pulu ver deyə” dəfələrlə onu şantaj etməyə başlamışdır. Uzun söz söhbətdən sonra ezam pulu köçəcəyini və yaxın zamanda pulu ödəyəcəyini bildirmişdir. Ümumilikdə kafeyə 768 manat məbləğində borc yaranmışdır. Həmin pulun 444 manatı kollektiv borc, 324 manat isə onun şəxsi borcu olmuşdur. Təxminən 10 gün sonra ona ezamiyyət xərcləri köçdükdən sonra 440 manat məbləğində kollektiv oturduqları pulu ödəmiş və geri qalanın isə yəni 328 manatı növbəti əmək haqqı köçəndə ödəyəcəyini bildirmiş və X9 onunla razılaşmışdır. Noyabr ayında əmək haqqı köçəndə ötən ayı krediti ödəyə bilmədiyi üçün 2 aylıq yəni ki, 637 manat məbləğində pulu kreditə ödənildiyi üçün və əmək haqqısından aylıq 581 manat da məhkəmə qərarı tutulduğu üçün sonuncu ayın maaşından X7 328 manat məbləğində borcu ödəyə bilməmişdir. Vəziyyətin nə yerdə olduğunu sübutlarla təqdim etsə də X9 onu hərbi hissənin və ordu korpusunun rəhbərliyi ilə hədələyərək işgüzar nüfuzuna xələl gətirəcəyini və hərbi hissə komandanlığı və ordu korpusu komandanlığı yanında nüfuzdan salacağını bildirmişdir. Silahlı Qüvvələrin Baş kliniki Hospitalında müayinədə olduğu zaman arasında olan mülki məsələyə görə Şəmkir rayon N yanvar küçəsində yerləşən hərbi hissənin nəzarət buraxılış məntəqəsinə yaxınlaşmış orda qarşısına çıxan vəzifəli şəxslərə onun barəsində həqiqətə uyğun olmayan formada böhtan ataraq qəsdən borcu vermədiyini, guya “Cənab Generalın” adından istifadə edib kafedə yeyib içdiyini və sərxoş olub sonuncunun pulunu vermədiyini iddia edərək, onun işgüzar nüfuzunu ləkələyərək xələl gətirmiş, zabit şərəfini alçaldıb, həmçinin xidməti yerində yalan məlumat verildiyi üçün rəhbərlik tərəfindən ağır cəzalandırılması barədə qərar qəbul olunub. Beləki, aralarında olan mülki məsələyə yəni borca görə sahibkar X9 mülki qaydada məhkəməyə müraicət etməli və iddia ərizəsi verərək pulunu tələb etməli idi. Buna baxmayaraq sahibkar X9 onu xidməti vəzifələrinin icrasını yerinə yetirdiyi xidmət yerində qəsdən nüfuzdan salmaq, şərəf və ləyaqətini alçaltmaq üçün rəhbərliyə yalan yəni böhtan xarakterli məlumatlar yaymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən məlumatların məhkəmə qaydasında təkzib olunmağını hörmətli məhkəmədən xahiş edir. Hal-hazırda mənəvi sarsıntı keçirir, X9 onun qeyri-maddi nemətlərə aid ( şərəf, ləyaqət, işgüzar nüfuz,) hüquqlarını pozmaqla mənəvi sarsıntı və iztirab vermişdir. Qeyd olunanları nəzərə alaraq X3 5000(beş min) manat mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etməyən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 məhkəməyə teleqram ünvanlayaraq ailə vəziyyətinə görə hazırlıq iclasında iştirak edə bilmədiyini, iclasın onun iştirakı olmadan keçirilməsini, şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 şikayətə etiraz edərək bildirdi ki, Şəmkir rayonunun ərazisində fərdi sahibkar kimi kafe işlədir. X6 bir müddət olar ki, hərbçi kimi tanıyır. Belə ki, sonuncu onun işlətdiyi kafedə mütamadi olaraq oturub yeyib-içir, pulunu isə ayın sonu ödəyir. Lakin son iki ayda Ülvi yığılan borcdan heç bir məbləğdə ödəmə həyata keçirmir, demək olar ki, qəsdlə pulu ödəməkdən yayınır, telefonlarına cavab vermir. Belə olan halda, o Ülvidən pulunu almaq üçün əlacsız olaraq Ülvinin işlədiyi Şəmkir rayonunda yerləşən N saylı hərbi hissəyə getmiş və hərbi hissədə başına gələr hadisələr və Ülvinin kimlərinsə adından istifadə edərək onun borcundan yayınmasını barədə məlumat vermiş,lakin bu zaman sonuncuya qarşı heç bir təhqir və böhtan xarakterli hərəkətlər etməmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və proses iştirakçılarının çıxışlarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddələsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3-cü maddəsinə görə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməlidir. Lakin hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittihamçı tərəfindən tam riayət olunmamış, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməllərin törədilməsi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi dəqiq göstərilməmişdir. Bundan əlavə, şikayətdə cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə Cinayət Məcəlləsinin məhs hansı maddələri ilə və ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi öz əksini tapmamış, əksinə X3 5000(beş min) manat mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılması xahiş olunur və bu da, öz növbəsində xüsusi ittiham qaydasında şikayətin mahiyyətinə tamamilə ziddir. Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Cinayət-Prosessual Məcəlləsinin 302.2-ci maddəsinə əsasən: - məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlar çıxarır (maddə 302.2.2); - bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır (maddə 302.2.3). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302.1.3, 302.2.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim
Məhkəmə qərarları › İş №1(076)-349/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-349/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver