Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-356/2024 03.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, 2006-cı il tarixdən Şəmkir rayonu Abbaslı kənd Ələmdar Ələkbərov adına 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləyir. 2000-ci ildə Təhsil Nazirinin sərəncamı əsasında mənə "İlin müəllim" statusu verilmiş, 2021- ci ildə Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Əri, X1 Regional Qaz İstismarı İdarəsində böyük mühəndis vəzifəsində, oğlu X5 isə Şəmkir rayon İcra Haikmiyyəti Aparatında Ərazi İdarəetmə Şöbəsinin Əməkdaşıdır. Barəsində şikayət etdiyi şəxs: X10, Şəmkir rayonu Abbaslı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, fərdi əməklə məşğuldur. Əvvəllər aralarında narazılığı və ədavəti olmamışdır. Ailəsinə məxsus, Abbaslı kəndinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahənin qonşuluğunda Rəşid Abbasov özünə məxsus olan pay torpağını satdığına görə öz razılığı ilə təxminən 3 il bundan əvvəl notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında satın almışdır. Rəşid Abbasov ali təhsilli olmasına baxmayaraq müvafiq işlə təmin edilməsi tələbi ilə rayon tabeliyində müxtəlif orqanlara müraciət etməsinə baxmayaraq hər hansı işlə təmin edilməmiş, sonradan təxminən on il bundan əvvəl rəhbərlik etdiyi Şəmkir rayonu Abbaslı kənd Ələmdar Ələkbərov adına 1 nömrəli tam orta məktəbində müvafiq işlə təmin edilməsini də ondan tələb etməsinə baxmayaraq ixtisasına uygun iş olmaması səbəbindən təmin edilməmişdir. Ona görə də ona və ailə üzvlərinə qarşı qərəzli mövqedən çıxış edərək TİK-TOK sosial şəbəkəsində özünün yaratdığı profillə video görüntü ilə çıxış edərək həmin çıxışlarını TİK- TOK vasitəsi ilə çoxsaylı əhali kütləsi arasında paylaşmış, həmin çıxışlarında onun, əri Gülmalı Qəhrəmanovun, oğlu Hakim Qəhrəmanovun şərəf və ləyaqətimizi alçaldan yalan və böhtan xarakterli məlumatları yaymış, işgüzar nüfuzunu ləkələyərək mənəviyyatını təhqir etmiş, ağır cinayət əməlləri törətməkdə təqsirli bilinməli olmağını göstərmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli paylaşımlarda Rəşid Abbaosov, "Şəmkir rayon Təhsil Şöbəsinin rəhbərliyi pula, rüşvətə baxır, ona lazımdır ki, məktəb direktoru yer satsın, rüşvət alsın və ona pul gətirsin, əri Gülmalı Qaz İdarəsində işləməklə kəndi bezdirmiş, evindəki sayğacın plombunu sındırıb aparmış və yeni kartlı sayğac qoymuşdur və həmin sayğacın cəriməsinin olmasını bildirməklə ödəməsini tələb etmiş, oğlu müharibəyə getməmiş, ali təhsilli olmasına görə birinci oglu müyharibǝyǝ getməli idi, nəyə görə saxlatmışdır. Prezident, Səfərbərlik Naziri bu məsələlərə nəyə görə baxmırsınız, oğlu müharibədən uzaq olan bölgələrdə olmuşdur. Onun, ərinin Gülmalı Qəhrəmanovun və oğlu Hakim Qəhrəmanovun şərəf və ləyaqətini, alçaldan, təhqir edən böhtan xarakterli məlumatları yaymış, işgüzar nüfuzuna ləkə gətirmiş və rüşvət almaq kimi ağır cinayət əməlləri törətməkdə təqsirli bilməsini göstərmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi) qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri)təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə qərara aldi: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-356/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-356/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver