Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-360/2024 24.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1968–ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 fevral 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs “Tik-Tok” sosial şəbəkəsində hesab açmasına görə aralarında yaranmış mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədənin müxtəlif yerlərindən vuraraq ona qarının ön divarının kəsilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vuran xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evdə Vəsilənin istifadəsində olan mobil telefonda “Tik Tok” sosial şəbəkəsinə daxil olub, “Zərərçəkmiş şəxs Dağlar qızı” adlı hesab açdığını görüb əsəbləşmiş, ağrıları artmağa başlamış və Vəsiləyə bıçaqla xəsarət yetirmək qərarına gəlmişdir. Həmin vaxt yataq otağına daxil olub, təxminən 3-4 il bundan əvvəl mağazadan aldığı dəstəyi qara rəngli açılıb-bağlanan cib bıçağını çarpayının yanında olan dolabın üzərindən götürüb, qonaq otağında olan Vəsiləni yataq otağına çağırmışdır. Vəsilə həmin vaxt yataq otağına gəlib, çarpayının üzərində oturmuşdur. O, isə Vəsilənin qarşısında ayaq üstə dayanıb, Vəsilə ondan həkimin dediyi dərmanları içib-içmədiyini soruşmuşdur. Vəsilə ona dərmanları içməyini deyəndə o, qəflətən sağ əlində olan dəstəyi qara rəngli qatlanan cib bıçağını Vəsiləyə tərəf atmışdır. Həmin vaxt Vəsilə hər iki əli ilə onun əlindən tutub saxlamışdır. O, həmin vaxt yenidən bıçaqla Vəsiləni vurduğu üçün bıçaq Vəsilənin sol dizinin yuxarı hissəsinə dəymişdir. Vəsilə həmin vaxt əllərindən tutub, qızı Səbinəni çağırmışdır. Həmin vaxt Səbinə otağa daxil olub, onun arxadan əllərini tutaraq Vəsiləyə qaçmasını bildirmişdir. Vəsilə yataq otağından çıxıb küçəyə getmişdir. O, həmin vaxt Vəsilənin arxasınca küçəyə çıxdığı üçün Vəsilə qonşu Raiqin yaşadığı evə daxil olmuşdur. Vəsilə Raiqin evinə daxil olduqdan sonra Raiq küçəyə çıxmış və digər qonşu Azad ilə birlikdə onu sakitləşdirib, yaşadığı evə aparmışlar. Bacısı Yeganə və qohumları onlara gəlmişlər. Sonra polislər gəlmiş və onu polis şöbəsinə aparmışlar. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş onunla barışmışdır və mehriban ailə münasibətlərini davam etdirərək birlikdə yaşayırlar. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 fevral 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evdə Natıq onu qonaq otağından yataq otağına çağırmışdır. O, həmin vaxt yataq olağına gedib çarpayının üzərində oturmuşdur. Natiq isə onun qarşısında ayaq üstə dayanıb ondan həkimin dediyi dərmanları içib-içmədiyini soruşmuşdur. O, Natiqə dərmanları işməsini deyəndə Natiq qəflətən sağ əlində olan dəstəyi qara rəngli qatlanan cib bıçağı ilə onu vurmaq istədiyini görüb iki əli ilə Natiqin hər iki əlindən tutub saxlamışdır. Həmin vaxt Natiq yenidən bıçaqla onu vurduğu üçün bıçaq sol dizinin yuxarı nahiyəsinə dəymişdir. O, həmin vaxt Natiqin onu yenidən biçaqla vurmaması üçün əllərindən tutub qızı Səbinəni çağırmışdır. Səbinəni çağıranda Natiq bıçaqla onu yenidən vurmaq istədiyi üçün bıçağın uc hissəsi qarın nahiyəsinə dəymişdir. Həmin vaxt Səbinə otağa daxil olub Natiqin arxdan əllərini tutaraq ona qaçmasını demişdir. O, yataq ofağından çıxıb küçəyə getmişdir. Həmin vaxt Natiq arxası ilə küçəyə çıxdığı üçün o, qonşu olan Raiqin yaşadığı evə daxil olmuşdur. Raiqin evinə daxil olduqdan sonra Raiqi Səbinəyə kömək etməsi üçün küçəyə çıxmasını xahiş etmişdir. Raiq küçəyə çıxdıqdan sonra digər qonşu Azad ilə birlikdə Natiqi sakitləşdirib yaşadığı evə aparmışlar, Natiq yaşadığı evdə olan zaman yenidən onunla mübahisə etdiyi üçün o, Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək Natiqin ona bıçaqla xəsarət yeriməsi barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3, Şahid1 İbrahim oğlunun və Şahid2 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 30 il müddətdir ki, atası Təqsirləndirilən şəxs “Şizofreniya paranoid forma” diaqnozu ilə Gəncə şəhəri Psixiatriya xəstəxanasında müayinə və müalicə olunur. Atası ruhi əsəb xəstəsi olduğu üçün ağrıları olanda yaşadığı evdə onun anası Zərərçəkmiş şəxs ilə mübahisə edib münaqişə yaratmışdır. 29 fevral 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evdə anası onunla birlikdə qonaq otağından olanda atası anasını yataq otağına çağırmış, anası yataq otağına getmişdir. Anası yataq otağına getdikdən bir dəqiqə sonra onu qışqıraraq yataq otağına çağırmışdır. O, yataq otağına daxil olduqda atasının əlində biçaqla ayaq üstə dayanaraq çarpayının üzərində oturmuş anasını vurmaq istədiyini, anasının isə hər iki əli ilə atasının əllərindən tutub saxladığını görmüşdür. O, onların yanına gedib arxdan atasının əllərini tutaraq anasına qaçmasını bildirmişdir. Anası həmin vaxt yalaq olağından çıxıb küçəyə getmişdir. Həmin vaxt atası da anasının arxası ilə küçəyə çıxdığı üçün o, atasını tutub saxlamağa çalışmışdır. Afası və o, küçədə olanda anası qonşu Raiqin yaşadığı evə daxil olmuşdur. Anası Raiqin evinə daxil olduqdan sonra Raiq küçəyə çıxıb küçədə olan digər qonşu Azad ilə birlikdə afasını sakitləşdirib yaşadığı evə aparmışlar, Afası yaşadığı evdə yenidən anasını ilə mübahisə etdiyi üçün anası Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vemişdir. Həmin günü atası anasına bıçaqla xəsarət yetirmişdir. Anasının ayağında, bud nahiyasində və qarın nahiyəsində xəsarətlər olmuşdur. Həmin günü təcili tibbi yardım avtomobili gəlib ilkin yardım göstərmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 İbrahim oğlu ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri, Şəmkir küçəsi ev-173-də ailəsi ilə yaşayır. Təxminən 45 il müddətdir ki, qonşusu olan Təqsirləndirilən şəxs tanıyır. Natiq ruhi xəstə olduğu üçün mütəmadi olaraq “Şizofreniya paranoid forma” diaqnozu ilə Gəncə şəhəri Psixiatriya xəstəxanasında müayinə və müalicə olunur. 29 fevral 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində yaşadığı evdə olanda Natiqin arvadı Zərərçəkmiş şəxs qışqıra-qışqıra onun yaşadığı evin həyətinə daxil olmuşdur. O, həyətə çıxanda Vəsilə ona çölə çıxıb Natiqi sakitləşdirməyi xahiş etmişdir. Vəsilə demişdir ki, “qoymayın Natiq bizi öldürür”. O, həmin vaxt küçəyə çıxıb qonşu Şahid2 Natiqin qolundan tutaraq sakitləşdirdiyini görmüşdür. O, həmin vaxt onların yanına gedib Natiqin digər qolundan tutaraq sakitləşdirib yaşadığı evə aparmışlar. Sonra Natiqin bacısı Yeganə evə gəlmişdir. Polislər gəldikdən sonra Natiqi yaşadığı evdə sakitləşdirib Azad ilə yaşadığı evə getmişlər. O, Natiq ilə Vəsilənin onların nəyin üstündə mübahisə etdiklərini bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Natiq mübahisə zamanı Vəsiləni bıçaqla vurub. Lakin, Vəsilə onlara gələndə o, Vəsilədə xəsarət olmasını xatırlamır, ola bilsin fikir verməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 da ifadəsi elan edilmiş Şahid1 İbrahim oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 29 fevral 2024–cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 29 fevral 2024-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd bıçağa baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 01 mart 2024–cü il tarixli, 194 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– qarının ön divarının kəsilmiş səthi yarası və sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 29 fevral 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş-kəsilmiş yarası sağlamlğın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, qarının ön divarının kəsilmiş səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2024– cü il tarixli 16/314 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 29 fevral 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs “Tik-Tok” sosial şəbəkəsində hesab açmasına görə aralarında yaranmış mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədənin müxtəlif yerlərindən vuraraq ona qarının ön divarının kəsilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və sol budun aşağı üçdə birinin ön səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd turist bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsdan ekspertiza tədqiqatının dəyəri olan 31.50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22).. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd turist bıçağı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-360/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-360/2024
24.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver