Məhkəmə qərarları › İş №1(076)-4/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-4/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-4/2024 16.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə saat 23 radələrində Şəmkir rayonu, Qədimqala kəndində həmin kənd sakini X1 700 manat pulun müqabilində 275 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə alaraq qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşımış, 24 avqust 2022-ci il tarixdə saat 01 radələrində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Qədimqala kəndində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əlində olan bir ədəd sellofan torbada “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 275 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 1991-ci ildə İ Qarabağ müharibəsində iştirak etmişdir. Həmin vaxtdan narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O həmişə marixuanadan istifadə etmişdir. 2017ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2020-ci ilin yanvar ayında cəzanın sonu ilə azadlığa çıxmışdır. Onu kənddə Əfqan deyə tanıyırlar və Əfqan adlandırırlar. 23 avqust 2022-ci il tarixdə günorta saatlarında o Şəmkir rayonu Çinarlı qəsəbəsində İpək yolunun kənarında olan bağ sahəsində olduğu zaman qara rəngli avtomobillə gələn şəxslər özlərini Regional narkomaniyanın işçiləri kimi təqdim edərək avtomobili və iş yerini yoxlamış, heç bir şey aşkar etməmişlər. Sonra onların özü ilə getməyi demişlər. O da onlara heç bir etiraz etmədən onlarla birlikdə getmişdir. Onlardan biri onun avtomobilini idarə etmiş, o isə onlarla birlikdə onların avtomobilinə oturub getmişdir. Birinci onlar avtomobilləri Şəmkir Dövlət yol polisi istiqamətində getməyə başladılar. Sonra isə fikirlərini dəyişdilər. Həmin şəxslər birinci xəngəl yemək istədiklərini bildirdilər. Birlikdə Şəmkir rayonu Əliyaqublu kəndində xəngəl yedikdən sonra hərə öz hesabını verərək oradan durmuşlar. Onun avtomobili orada qalmışdır və onların avtomobili ilə birlikdə balıq yemək istədiklərindən Kür qəsəbəsi istiqamətində getmiş, orada oturduqdan sonra onlar fikirlərini dəyişərək çay içmiş, mütəmadi olaraq da telefonla danışırmışlar. Onlarla bir neçə saat orada oturduqdan sonra yenidən Əliyaqublu kəndi istiqamətində gəldikdə o avtomobili götürmək istədikdə onlar Şəmkir rayon polis şöbəsinə getməli olduğunu dedilər. Onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə getdik. Polis şöbəsinə gəldikdə 24 avqust saat təxminən 01 radələri olardı. Ona polis şöbəsinin arxasında gözləməyi dedilər və yanında da bir nəfər polis nəfəri dayanmışdı. O əlləri açıq vəziyyətdə orada dayanmışdır. Bir qədər sonra onu polis şöbəsinin birinci mərtəbəsində birinci otağa onu saldılar. Orada bir sellofan torba göstərərək həmin torbanın özünə məxsus olmasını deməsini tələb etmiş, onlara etiraz etdikdə həmin otaqda həmin şəxslər onu döyərək torbada olan narkotik vasitəni boynuna almağı əks halda isə evindən bir kisə narkotik vasitə çıxaracaqlarını bildirdilər. O xəstə olduğundan onların verdiyi işgəncələrə tab gətirə bilməyərək onlarla razılaşmış və dedikləri narkotik vasitəni boynuna alacağını bildirmişdir. Həmçinin həmin narkotik vasitəni Şəmkir rayon Qədimqala kənd sakini Ruslandan almasını deməsini bildirmişlər. O da onlarla razılaşmışdır. Bundan sonra Elçin adlı müdafiəçini çağırmış və onun iştirakı ilə üzərinə şəxsi axtarış aparılmış və X2 qrupunun əməkdaşlarının verdikləri sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Qədimqala kənd sakini Ruslandan aldığını bildirmişdir. Orada da sənədləşmə aparıldı. O, təzyiq altında olduğundan ilkin ifadəsində istintaq zamanı, narkotik vasitəni 10 manat müqabilində satdığını bildirmişdir. Belə ki, şahid qismində dindirilmiş Şahid5 Şahid4 yaxından tanımır, onlarla heç vaxt mobil telefonla danışmamışdır. ***-***-**-** mobil nömrə həyat yoldaşı Gülarə Əliyevanın adına olsa mobil nömrə hər zaman onun istifadə olmuşdur. Sonda təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən bir qrup Şəmkir rayon sakinləri müəyyən edilərək saxlanılmışdır. Həmin şəxslərin üzərində şəxsi axtarış keçirilən zaman üzərlərindən şəxsi istehlak miqdarından artıq olmayan çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin şəxslər ilkin araşdırma zamanı narkotik vasitəni ünvan 1 sakini Əfqan adlı şəxsdən aldıqlarını bildirmişlər. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Əfqan adlı şəxsin ünvan 1 sakini əvvəllər narkotik vasitələnin qanunsuz satışı ilə təqsirli bilinərək həbs olunmuş və hazırda azadlığa çıxan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X2 İdarəsinin əməliyyat müvəkkili Şahid3 və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 birgə iştirakı ilə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yeri Şəmkir rayonunda Qədimqala kəndi yaxınlığında müəyyən olunaraq 24 avqust 2022-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasında şübhəli olduğu bildirilməklə Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Şəmkir rayon polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilərək istədiyi müdafiəçini dəvət etmək hüququnun olması izah edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirdikdə dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs dəvət olunmuş müdafiəçiyə heç bir etirazının olmadığını bildirmişdir. Müdafiəçi dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları, eləcə də narkotik vasitələri təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan bir ədəd ağ rəngli sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin torba açılarkən şəffaf sellofana bükülmüş iri ölçülü büküm olması müəyyən olunmuşdur. Həmin büküm kağız kəsənlə kəsildikdə içərisində qurudulmuş halda tünd yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən olunmuşdur. Həmin narkotik vasitə elektron tərəzidə çəkildikdə 291 qram olmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Qədimqala kənd sakini olan tanışı Ruslan adlı şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Qeyd olunanlarla əlaqədar video çəkiliş aparılmış və protokollaşdırılmışdır. Şahidlər Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 Cəmayət oğlu ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işlmir, fərdi əməklə məşğul olumuşdur. Əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir. Narkotik vasitələrdən həmişə “nəşə” kimi tanıdığı marixuanadan istifadə etmişdir. Əfqan ləqəbi ilə tanınan Elçin adlı şəxsi əvvəllər o, üzdən tanımış, Elçinlə onun heç bir münasibəti olmamışdır. O, Elçini narkotik satan şəxs kimi eşitmiş, Elçinin narkotik vasitə satdığını bilmişdir. Bir iki dəfə Elçindən narkotik vasitə almışdır. O, Elçini həmişə Əfqan kimi tanımış, ağ rəngli VAZ 2106 markalı avtomobilinin olmasını bilmişdir. Bir neçə dəfə tanışları vasitəsi ilə Elçindən narkotik vasitə almışdır. 2022-ci ilin iyul ayının ortalarında ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə Elçinin xatırlamadığı mobil telefonuna zəng vuraraq narkotik vasitə istədiyini bildirmişdir. Elçin onu tanıdığından onunla razılaşmışdır. O, Elçinin işlədiyi özünə məxsus olan Aşağı Seyfəli kəndində bağ sahəsinə getmişdir. O, Elçindən on manatlıq bir iki dəfə qəbul edəcək qədər narkotik vasitə götürərək yaşadığı evə gəlmişdir. Həmin narkotik vasitədən bir dəfə qəbul etdikdən sonra qalanını öz üzərində saxlamışdır. 23 avqust 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələr saxlamaqda şübhəli olduğumu bildirərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə getməli olduğunu demişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Gəncə şəhərinə getmiş, orada müdafiəçi dəvət edərək müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman onunla əynində olan şalvarın sol yan cibində saxladığı bir kibrit qutusunda Elçin adlı şəxsdən aldığı narkotik vasitəni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə cinayət məsuliyyəti yaratmadığından barəsində inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib olunmuş və həmin vaxtı Gəncə şəhər məhkəməsində onun işinə baxılaraq 20 gün həbs olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin 1-ci cildinin 1-ci vərəqində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin 1-ci cildinin 12-ci vərəqində olan 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdə saat 01:00-da DİN BNMİ-nin və BNMİN QBRŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 90-92-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 24 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 149-151-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 182-185-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev” dustaqlığı ilə əvəz edilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 192-195-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cildinin 210-213-cü vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 24 yanvar 2023-cü il tarixə kimi uzadılmışdır. Cinayət işinin 2-ci cildinin 3-6-cı vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməsindən imtina edilmişdir. Cinayət işinin 2-ci cildinin 24-28-ci vərəqlərində olan Gəncə Apellyasiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 4(076)-226/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cildinin 79-80-ci vərəqlərində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 yanvar 2023-cü il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 16/1006 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs əlindəki sellofan bağlamada aşkar edilmiş kütlə” yazılar və imzalar olan üzəri yapışqan lentlə bağlanmış, 01 (bir) qara rəngli sellofan paketdə təmiz çəkisi 275 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Qeyd: Marixuanın təmiz çəkisi-275 qram tədqiqata sərf edildi-0,02 qram qalıq 274,98 qram) Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 16/1015 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Ruslan Abbasəliyevin üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə, üzərində “Təqsirləndirilən şəxs əlindəki sellofan bağlamada aşkar edilmiş kütlə” sözləri və imzalar olan kağz paketdəki marixuana tərkiblərinə görə eynidirlər. (Qeyd: Marixuanın təmiz çəkisi-11,90 qr, 274,98 qr, tədqiqata cəmi sərf edildi-0,1 qram (hər obyektə 0,5 qr), qalıq-11,85 qr, 274,93 qr ) Cinayət icinin 2-ci cildinin 1-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin məhkəmə-narkoloji ekspertizası üzrə 13 dekabr 2022-ci il tarixli, 1897 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət icinin 1-ci cildinin 120-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X3 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməllinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, o, narkotik vasitəni Şahid5 satmadığını, onu tanımadığını və onunla heç vaxt mobil nömrə ilə danışmadığını, lakin ibtidai istintaq dövründə ona təsir olunduğu üçün Şahid5 adlı şəxsə narkotik satması barədə ifadəsini və dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Şahid5 Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə məhkəmədə baxılarkən ifadəsində narkotik vasitəni Təqsirləndirilən şəxs satın aldığını bildirmişdir. Bundan əlavə ibtidai istintaq dövründə onlar arasında üzləşdirmə istintaq həkəti aparılan zaman Şahid5 narkotik vasitəni Əfqan ləqəbli Təqsirləndirilən şəxs satın aldığını bildirmiş və Təqsirləndirilən şəxs onun bu ifadəsini qismən qəbul edərək ona kənddə Əfqan deməklərini qeyd edərək lakin N. Məmmədova narkotik satmamasını və onunla heç vaxt mobil nömrə ilə danışmamasını qeyd etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ***-***-**-** mobil nömrənin onun həyat yoldaşı Gülarə Əliyevanın adına olmasına baxmayaraq özünün istifadə etdiyini, Şahid5 (Elçin Qasımovdan narkotik vasitə alan şəxs) isə özünə aid mobil nömrənin ***-***-**-** olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Şahid5 tanımadığını qeyd edərək onunla mobil telefonla danışmadığını qeyd etsə də iş materiallarında olan ***-***- **-** mobil nömrənin çıxarışından görünür ki, şahid N. Məmmədovun mobil nömrəsindən (***-***-**-**) Təqsirləndirilən şəxs istifadəsində olan nömrə ilə xx.xx.2022-ci il tarixdə əlaqə saxlanılmış və aralarında 3 dəfə olmaqla (52 saniyə, 38 saniyə, 13 saniyə) danışıq olmuşdur. (Cinayət işinin 1-ci cildinin 161-ci vərəqəsi) Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi şahid ifadələri, istintaq hərkətləri protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-234.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 24 yanvar 2023-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay müddət təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni güvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 274.93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli. İş üzrə maddi sübut olan əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxs dindirilən zaman çəkilib “DVD” diskə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32.40 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə tutulduğu 05 (beş) ay təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxs dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 274.93 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar