Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-41/2024 21.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1999–cu il tarixdə Tovuz rayonu, Abulbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 16 aprel 2023-cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Morul qəbirstanlığının yaxınlığından məlum olmayan taksidə olan Zərərçəkmiş şəxs içərisində olduğu avtomobilin qarşısını Şahid1 kəsərək Şahid2la şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxslə mübahisə etmişlər, bu zaman o, həmin şəxslərin mübahisəsinə heç bir əsaslı səbəb olmadan müdaxilə edərək sonuncuya yaxınlaşıb özünə aid olmayan məsələ ilə əlaqədar mübahisə edərək ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan həmin vaxt yol ilə piyada və avtomobillə keçən şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə əlində olan silah qismində istifadə etdiyi kağız kəsən alətlə Zərərçəkmiş şəxs qəsdən sol qoluna vuraraq ona sol bazunun yuxarı üçdə birinin bayır səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəsarət yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayon sakinləri Pərvin, Məhəmməd və Eşqin adlı şəxsləri tanıyır. 16 aprel 2023-cü il tarixdə saat 15 radələrində Şəmkir rayon ərazisində, Şəmkir rayonu Morul qəbirsanlığının yaxınlığında Şahid1 Zərərçəkmiş şəxs içərisində olduğu avtomobilin qarşısını kəsərək saxlatmış və Şahid2 Zərərçəkmiş şəxslə söhbət edən zaman Pərvin və Eşqin Məhəmmədlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, Pərvin və Eşqini kənara çəkib Məhəmmədlə mübahisə etməmələrini bildirmişdir. Həmin vaxt Məhəmməd onu nalayiq ifadələrlə təhqir edərək onu sinəsindən itələmişdir. O, isə əsəbləşərək üzərində olan kağızkəsənlə Məhəmmədin qol nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Sonra isə o, tanımadığı şəxsə məxsus avtomobillə əyləşib yaşadığı Tovuz rayonuna getmişdir. Hazırda özünü qismən təqsirli hesab edir, yəni o, xuliqanlıq hərəkətləri etməmişdir. Hazırda etdiyi hərəkət görə əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Eşqin və Pərvin adlı şəxsləri rayon sakini kimi tanıyır. 16 aprel 2023-cü il tarixdə saat 15 radələrində Sərxan adlanan ərazidən yaşadığı ünvana taksi ilə getmişdir. Şəmkir rayonu Morul qəbiristanlığının yaxınlığından taksi ilə keçərkən qarşıdan gələn avtomobil taksiyə saxla işarəsi vermişdir. Taksini idarə edən şəxs avtomobili kənara çəkib saxlamışdır. Həmin qarşı avtomobildən Pərvin və Eşqin adlı şəxslər düşmüş, həmin vaxt həmçinin sonradan adını bildiyi Ramin adlı şəxs başqa avtomobillə gəlmişdir. O, da avtomobildən yerə düşmüş Eşqin onu yanına tərəf çağırmış və o Eşqinə tərəf getdikdən sonra heç bir səbəb göstərmədən Eşqin kəllə ilə üz nahiyəsindən vurmuşdur. Sonra isə Pərvin yumruqla sifət nahiyəsindən vurmuşdur. O, həmin şəxslərə öz iradını bildirdikdən sonra Pərvin və Eşqinin yanında olan Ramin adlı şəxs bıçaqla onun sol çiyin nahiyəsindən vurmuşdur. Sonra isə aralarında mübahisə yaranmışdır. Mübahisə başa çatdıqdan sonra həmin şəxslər Pərvinə məxsus, olan avtomobillə əyləşib çıxıb getmişlər. O, isə taksiyə əyləşib Şəmkir RMX-na getmişdir. Taksi ilə xəstəxanaya gedərkən yolda o, DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ona məxsus VAZ-2106 markalı **-CA-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Eşqin 16 aprel 2023-cü il tarixdə ona zəng edərək onu yaşadığı kənddə yəni Varlı həyat kəndində aparmağını bildirmişdir. O, da Eşqinə 15 manat aparacağını bildirmişdir. Eşqin onunla razılaşmış və onu Şəmkir rayon Mərkəzi bazarından götürməyini bildirmişdir. O, bazarın qarşısına gedib Eşqini qeyd edilən ünvandan götürmüşdür. Eşqin onun avtomobillinə əyləşmiş və onlar şəhər istiqamətində hərəkətə başlamışlar. O, avtomobildə olan zamanı Eşqindən hara gedəcəklərini soruşmuşdur. Şəmkir rayon Morul kənd qəbirsanlığının yaxınlığında Eşqin ondan qarşıdan gələn avtomobilli saxlatmağını xahiş etmişdir. O, avtomobili qəbirstanlığın qarşısında saxlatmışdır. Onlar avtomobildən düşmüşlər, həmin vaxt Ramin də gəlmişdir. Məhəmməd Eşqinə tərəf gələrək “ona böyük qardaş olduğunu” bildirmişdir. Eşqin isə “allah eləməsin sən mənim böyük qardaşım olasan” demişdir. Onlar arasında söhbət edən zamanı Eşqin kəllə ilə Məhəmmədi vurmuşdur. Eşqin mübahisəni davam etdirərək Məhəmmədi yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Mübahisə zamanı Məhəmməd onu Eşqini gətirdiyinə görə nalayiq ifadələrlə təhqir etmişdir. O, da əsəbləşərək yumruqla Məhəmmədin ağız nahiyəsindən vurmuşdur. Sonra isə Ramin heç bir səbəb göstəmədən Məhəmmədin qol nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt digər taksi sürücüsü hadisə yerindən çıxıb getmişdir. Ramin Məhəmmədi bıçaqla yenidən vurmaq isdəyən zamanı o, Raminin əlində olan bıçağı alıb kənara tulamışdır. Sonra isə Ramin və Eşqin onun avtomobilinə əyləşib şəhər istiqamətində hərəkətə başlamışlar. Ramin və Eşqini o, şəhər ərazisində yerləşən parka düşürmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 qızı ifadəsində göstərdi ki, 16 aprel 2023-cü il tarixdə o, Pərvinə zəng edərək onu yaşadığı Şəmkir rayonu Varlı Həyat kəndində aparmağını xahiş etmişdir. Pərvinə ona 15 manata aparacağını bildirmişdir. O, Pərvinlə razılaşmış sonuncu onu Şəmkir rayonu Mərkəzi bazarın qarşısından götürmüşdür. O, avtomobillə əyləşdikdən sonra Pərvinə şəhər ərazisindən hərəkət etməsini bildirmişdir. Morul qəbiristanlığının yaxınlığında qarşıdan gələn avtomobilin saxlatmasını Pərvindən xahiş etmişdir. Pərvin ona avtomobilli necə saxladacağını bildirdikdə o, Pərvinə geri dönməsini bildirmişdir. Pərvin geri döndükdən sonra Məhəmmədin olduğu avtomobili saxlatmışdır. Onlar avtomobildən düşmüşlər, həmin vaxt Ramində digər avtomobillə gəlmişdir. Məhəmməd ona tərəf gələrək “ona böyük qardaş olduğunu” bildirmişdir. O, isə Məhəmmədə “allah eləməsin sən mənim böyük qardaşım olasan” demişdir. Onlar öz aralarında söhbət edən zamanı o, kəllə ilə Məhəmmədi vurmuşdur. Mübahisə zamanı Məhəmməd Pərvini onu gətirdiyinə görə nalayiq ifadələrlə təhqir etmişdir. Sonra isə Ramin Məhəmmədin qol nahiyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt digər taksi sürücüsü hadisə yerindən çıxıb getmişdir. Ramin Məhəmmədi bıçaqla yenidən vurmaq isdəyən zaman Pərvin Raminin əlində olan bıçağı alıb kənara tulamışdır. Sonra isə Ramin və o, Pərvinin avtomobilinə əyləşib şəhər istiqamətində hərəkətə başlamışlar. O, avtomobildən parkın yanında düşmüş və sonra isə Bakı şəhərinə getmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 17 aprel 2023–cü il tarixli protokoldan görünür ki, Şəmkir rayonu, Morul qəbiristanlığının qarşıdan hadisənin baş verdiyi yerə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ona xəsarət yetirdiyi yeri görsədir, fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 17 aprel 2023–cü il tarixli 366 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sol bazunun yuxarı üçdə birinin bayır səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, üst dodağın selikli hissəsinə qansızma və üst çənədə soldan 3-cü dişin tac hissəsinin sınığı isə KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddətləri 16 aprel 2023-cü il tarixdə uygun gəlir. Ağırlıq dərəcəsinə görə sol bazunun yuxarı üçdə birinin bayır səthində deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, üst dodağın selikli hissəsinə qansızma və üst çənədə soldan 3-cü dişin tac hissəsinin sınığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016–ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində CM-nin 62ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhküm edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib və barəsində CM-nin 62ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 05 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(062)-115/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkum Təqsirləndirilən şəxs cəzasının heç bir hissəsini çəkməmişdir. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan alətdən istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011–ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM–nin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarının 2–ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221–ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin hərəkətləri ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasını, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsini, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlığı, habelə vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli hesab etsədə, təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan hadisəyə müdaxilə edərək zərər çəkmiş şəxsə yaxınlaşıb özünə aid olmayan məsələ ilə əlaqədar mübahisə edib silah qismində istifadə etdiyi kağız kəsən alətlə Zərərçəkmiş şəxs vuraraq, ona xəsarət yetirməsi xuliqanlıq cinayətinin dispozisiyasında sadalanan hər üç əlaməti tam tərkibdə özündə birləşdirir. Göstərilənlərə əsasən məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, əməlindən peşman olmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-115/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə təqsirli bilinərək o, 01 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını çəkməmişdir. Belə olan halda məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin şəxsiyyəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(062)-115/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, hazırkı cinayət əməli birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədildiyindən həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 29 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə o, şübhəli şəxs kimi tutulmuşdur. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 29 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 31 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 186 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 29 sentyabr 2023–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 186 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-41/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-41/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver