Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-44/2023 28.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olmaqla barəsində Şəmkir rayon Məhkəməsinin qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ondan ötrü ki, o, 31 avqust 2022-ci il tarixdə saat 20 radələrində tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını açıq talamaq niyyəti ilə Şəmkir rayonu, Posanlı yaşayış massivində tanışı Zərərçəkmiş şəxs gördüyünü bilə-bilə sağ arxa cibində olan 264 (iki yüz altmış dörd) manat məbləğində pulunu dartıb çıxartmış, həmin vaxt Zərərçəkmiş şəxs cibində olan pulunun götürüldüyünü hiss etdiyindən aralarında baş verən dartışma nəticəsində həmin pulun 34 (otuz dörd) manatını geri almış, lakin o, qalan 230 (iki yüz otuz) manat məbləğində pulu ələ keçirdib hadisə yerindən qaçmaqla özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ildir ki, tanıyır. O, həmin müddətdə Orucla birlikdə Şəmkir rayonunda fəhləliklə məşğul olub öz gəlirini bu yolla əldə etmiş, 31 avqust 2022-ci il tarixdə o, Oruc və Şöhrət ləqəbli Vüqarla birlikdə fəhləlik edib 120 manat pul qazanmış, həmin pulu qazandıqdan sonra yemək yeyib spirtli içki qəbul etmək qərarına gəlmişlər. Onlar birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən “Eminin kafesi” adlanan yerdə spirtli içki qəbul etmişlər. Birlikdə spirtli içki qəbul etdikdən sonra Şöhrət yaşadığı evə getmiş, o və Oruc isə Orucun yaşadığı evə getmək qərarına gəlmişlər. Onlar oraya gedən zaman Orucun yaşadığı küçənin başında yerləşən kafedə pivə içmək qərarına gəlmişlər, orada birlikdə pivə içdikdən sonra oradan durub Orucun yaşadığı ev istiqamətinə getməyə başlamışlar. Onlar pivə içən zaman hesabı Oruc ödəmiş, o, Orucun cibində 264 manat pul olduğunu, həmin pulu sağ arxa cibinə qoyduğunu görmüşdür. Bu zaman onun maddi ehtiyacları olduğu üçün və spirtli içkinin təsirində olduğu üçün Orucun cibində olan 264 manat puldan 230 manatını götürmək qərarına gəlmiş, o, Oruc ilə küçədə gedən zaman bir qədər yavaş yeriməyə, Orucu qabağa buraxmağa başlamışdır. Oruc ondan qabağa keçən zaman Oruca yaxınlaşmış, əlini Orucun cibinə salaraq cibində olan 264 manat pulu götürmüş, o, pulu götürən zaman Oruc onun əlindən yapışmış, o, isə 264 manatdan 34 manatını Oruca qalsın deyə yerə atıb, 230 manatı özü ilə götürüb oradan uzaqlaşaraq qaçmışdır, Oruc isə arxadan ona qışqıraraq pulunu geri qaytarmasını demiş, o, isə buna baxmayaraq qaçaraq oradan uzaqlaşmış, sonradan yaşadığı evə getmiş, həmin günün səhərisi o, həmin pulu Şəmkir rayonu ərazisində xərcləmişdir. O, Oruca qarşı heç bir zor tətbiq etməmiş, sadəcə olaraq pulu Orucun cibindən çıxarıb oradan qaçaraq uzaqlaşmış, həmin vaxt ətrafda başqa heç kim olmamış, o, həmin vaxt həm sərxoş olduğu üçün, həm də maddi ehtiyacları olduğu üçün Orucun pulunu ələ keçirmək qərarına gəlmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Sonradan zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır. 31 avqust 2022-ci il tarixdə səhər saatlarında o, Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən, fəhlələrin toplaşdığı yerə getmiş, orada olan zaman Ram ona dağıntı işinin olduğunu, ümumilikdə 120 manat pul verdiklərini demiş, o da Rama etiraz etməyərək həmin yerə getməyə razılaşmışdır. O, Ram və Şöhrət ləqəbli Vüqar adlı digər fəhlə ilə birlikdə Şəmkir rayonu Çaparlı kəndinə getmiş, həmin gün saat təxminən 17 radələrində onlar orada olan işlərini qurtarıb pullarını aldıqdan sonra birlikdə yemək yeyib spirtli içki qəbul etmək qərarına gəlmişlər. Onlar Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən Eminin kafesində oturub spirtli içki qəbul etmiş, oradan qalxdıqdan sonra o, tanımadığı taksiyə əyləşib evə getmək istəyən zaman Ram onunla birlikdə getmək istədiyini, “Dörd yol” adlanan yerdə düşüb yaşadığı Şəmkir rayonu Sarıtəpə kəndinə gedəcəyini demişdir. Ram onunla birlikdə taksiyə əyləşmiş, onlar birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən “Dörd yol” adlanan yerə çatan zaman Ram taksi onu düşürüb geri qayıdan zaman düşəcəyini deyib onunla birlikdə yaşadığı küçəyə qədər gəlmişdir. O, taksidən yaşadığı evdən təxminən 100-150 metr aralıda düşmüş, bu zaman Ram da onunla birlikdə taksidən aşağı düşmüşdür. O, Ramdan hansı səbəbdən evinə getmədiyini, taksidən onunla birlikdə düşdüyünü soruşmuş, Ram isə onun rahat şəkildə evə çatmağına əmin olmamış getmək istəmədiyini demişdir. O, evə tərəf gedən zaman Ram ona yaxınlıqda kafe olub-olmamasını, birlikdə pivə içmək istədiyini demişdir. O da Ramı Şəmkir rayonu Posanlı yaşayış massivində yerləşən adını bilmədiyi kafeyə aparmış, onlar orada birlikdə pivə içmişlər. Oradan qalxdıqdan sonra Ramı küçədən yola salmaq üçün birlikdə “Yamin” yanacaqdoldurma məntəqəsi istiqamətində gedən zaman Ram ondan bir qədər arxada qalmış, bu zaman Ram əlini əynində olan şalvarın sağ arxa cibinə salaraq cibində olan 264 manat pulu götürmüş, pulu götürdükdən sonra o dərhal Ramın əlindən tutmuş, əlində olan pullarını almağa çalışmış, o, Ramın əlindən pulun bir hissəsini alıb hamısını götürdüyünü düşünmüş, bu zaman Ram oradan qaçaraq uzaqlaşmışdır. O, pula baxan zaman orada cəmi 34 manat pul olduğunu, Ramın ona məxsus 230 manat pulu soyğunçuluq yolu ilə ələ keçirdiyini görmüşdür. Hadisə zamanı Ram ona heç bir zor tətbiq etməmiş, onu vurmamış, sadəcə olaraq cibindən pulları götürüb qaçmışdır. Baş vermiş hadisə zamanı ona 230 manat maddi ziyan dəymiş, həmin vaxt Ramın əlində heç bir kəsici-deşici alət olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, onun adı Vüqar olsa da hamı onu Şöhrət kimi tanıyıb çağırır. Ram və Oruc onunla birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən fəhlə bazarında işləyirlər. 31 avqust 2022-ci il tarixdə onların hər üçü həmişə kimi həmin fəhlə bazarında olan zaman Ram onların yanına gələrək iş olduğunu, 120 manat pul verdiklərini demiş, onlar da Rama etiraz etməmiş, adını bilmədiyi şəxs ilə Şəmkir rayonu Çaparlı kəndinə getmiş, orada olan köhnə yarımçıq evi dağıtdıqdan sonra 120 manat xidmət haqqını alıb öz aralarında hərəsinə 40 manat düşəcək şəkildə bölmüş, onlar Şəmkir rayonu Dəllər qəsəbəsinə gəldikdən sonra orada yerləşən Eminin kafesində birlikdə yeyib-içmək qərarına gəlmiş, 31 avqust 2022-ci il tarixdə saat 18 radələrində onlar orada yeyib-içməyə başlamış, həmin gün saat 20 radələrində isə oradan durub getmiş, o, oradan duran zaman yaşadığı evə getmiş, Ram ilə Oruc isə birlikdə hara isə getmişlər. O sonradan Ramın Orucun pulunu oğurlaması barədə eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışa əsasən, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsinə əsasən, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə hökmlərin məcmusu üzrə 07 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizmai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 177.3.3-cü maddəsi Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsinə tövsif edilmiş və 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(076)-73/2022 saylı qərarından görünür ki, həmin qərarla Gəncə Ağır Cinayətlə Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli, 1(088)-60/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi əsasında təyin edilmiş 3.088 manat miqdarında cərimə cəzası 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilmişdir. -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(076)-160/2022 saylı qərarından görünür ki, həmin qərarla Şəmkir Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 7(076)-73/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 06 gün hissəsinin iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesablanmaqla 02 (iki) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 02 noyabr 2022-ci il tarixdən hesablaması qərar alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.4cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 230 (iki yüz otuz) manat məbləğində pulunu ələ keçirib hadisə yerindən qaçmaqla özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməsi sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların mövcudluğu ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsinə əsasən, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, daha sonra Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə hökmlərin məcmusu üzrə 07 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 177.3.3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə tövsif edilməsinə və 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanını ödəməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-44/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-44/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver