Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-45/2025 03.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan və Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə saat 16 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi BD405174 seriya nömrəli şəhadətnamə əsasında özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21061 minik” markalı, ** CC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində, Əliyaqublu-Gəncə avtomobil yoluna paralel köməkçi asfalt yol ilə Gəncə şəhəri istiqamətində hərəkətdə olan zaman həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmaması barədə tələbini pozaraq onunla eyni istiqamətdə yolun solu ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sol aşağı ətrafın sol budun orta üçdə biri səviyyəsindən amputasiyası ilə nəticələnən sol bud sümüyünün aşağı üçdə birinin qapalı çəp yerini dəyişmiş sınığı, sol bud arteriyasının travmatik zədələnməsi ilə müşayiət edilən ümumi əmək qabiliyyətinin üçdə birindən az olmamaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olduğundan (60%) sağlamlığa ağır zərər vurmaya aid edilən, sol əlin arxa səthinin sıyrığı, bel nahiyəsinin sol yarısının qançırı ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, Zərərçəkmiş şəxs1 isə sol gözaltı nahiyəsinin hematoması və sol incik sümüyünün diafinin proksimal üçdə birinin yerdəyişmiş sınığı ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti olaraq günəmuzd fəhləlik edərək ailəsini dolandırır. Sürücülük vəsiqəsi yoxdur, təxminən bir ilə yaxındır ki, “Vaz 21061” markalı, **-CC-*** qeydiyyat nömrə nişanlı avtomobil almış, sürücülük vəsiqəsi olmadığından avtomobili kəndin yollarında idarə etmişdir. 04 may 2024-cü il tarixdə saat 16 radələrində özünə məxsus “Vaz 21061” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilimlə yaşadığı Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən avtomobil emalatxanasından çıxıb Gəncə şəhəri istiqamətində köməkçi asfalt yol ilə əkin sahəsinə getmiş, həmin vaxt hava yağışlı olmuş, avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Yol ilə gedən zaman qarşıda gedən iki nəfər piyadaya təxminən 30 metr məsafə qalmış qəfil soldan qarşısına it çıxmış, o, iti vurmamaq üçün sükanı sağa döndərmiş, iti vurmaqdan yayınmış, daha sonra düz yola qayıtmaq üçün sükanı sola qaytarmış, həmin anda avtomobil idarəetmədən çıxmış və qarşısında yolun solu ilə gedən piyada iki nəfərin üstünə getmiş, avtomobil həmin şəxslərə dəyib yolun solunda olan dərəyə düşmüşdür. Dərhal avtomobildən düşüb piyadalara tərəf qaçan zaman onların həmkəndliləri Hüseyn və Şamil olmasını görmüşdür. O, əvvəlcə Hüseyni yola çıxarmış, həmin vaxt həmkəndlisi Sənan uzaqdan hadisəni görərək özünə məxsus “Vaz 2107” markalı avtomobili ilə ora gəlmiş, yoldan keçən digər həmkəndlisi Rüstəm də orada dayanmışdır. Onlarla köməkli olaraq ilk öncə Hüseyni, daha sonra Şamili Rüstəmin avtomobilinə mindirmiş, Rüstəm zərərçəkmişləri xəstəxanaya aparmışdır. Hadisə baş verən vaxt ayıq olmuş, spirtli içki qəbul etməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən üzrxahlıq etmiş, onlara dəyən ziyanı ödəmiş, zərərçəkmiş şəxslər onunla barışmışlar. Məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzviləri ilə birlikdə yaşayır, Şəmkir rayonu Əliyaqublu kənd orta məktəbində 10-cu sinifdə oxuyur. 04 may 2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi, eyni zamanda dostu Zərərçəkmiş şəxs1 ilə yaşadığı kənd yolunda Gəncə şəhəri istiqamətində yolun solu ilə piyada getdikləri vaxt o, sağda, Şamil isə solda hərəkət etmiş, qəfildən arxadan avtomobil mühərriki və təkərinin asfalta sürtünmə səsi gəlmiş, sol çiyni üstə geri baxdıqda arxadan onlarla eyni istiqamətdə gələn həmkəndlisi Kamranın idarə etdiyi “Vaz 21063” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirib sağa getdiyini, daha sonra onların üstünə gəlməsini görmüş, həmin anda Kamran avtomobilin ön hissəsi ilə onu və Şamili vurmuşdur. Avtomobilin onları vurmasından sonra heç nəyi xatırlamır, özünə gələndə həmkəndlisi Rüstəmin avtomobili ilə özünün və Şamilin xəstəxanaya aparıldıqlarını bilmişdir. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, hazırda Müdafiə Nazirliyinin 922 saylı Hərbi Hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət edir. 04 may 2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi, eyni zamanda dostu Zərərçəkmiş şəxs2 ilə yaşadığı kənd yolunda Gəncə şəhəri istiqamətində yolun solu ilə piyada, o, solda, Hüseyn isə sağda hərəkət etmişlər, hava isə yağışlı olmuşdur. Həmin vaxt arxadan avtomobil mühərriki və təkərinin asfalta sürtünmə səsi gəlmiş, geri dönüb baxdıqda arxadan onlarla eyni istiqamətdə gələn həmkəndlisi Kamranın idarə etdiyi “Vaz 21063” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirib sağa getdiyini, daha sonra onların üstünə gəlməsini görmüş, həmin anda Kamran avtomobilin ön hissəsi ilə onu və Hüseyni vurmuşdur. Avtomobilin onları vurmasından sonra heç bir şeyi xatırlamır. Özünə gələndə Şəmkir rayon mərkəzi xəstəxanasında olmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti olaraq əkinçiliklə məşğul olur. Mahiyyət üzrə bildirmişdir ki, 04 may 2024-cü il tarixdə saat 16 radələrində onlarla eyni kənddə yaşayan əmisigildə həyətdə olmuş, həmin anda yaxınlıqdan keçən yolda avtomobil təkərinin asfalta sürtünmə səsini eşitmiş və daha sonra da toqquşma formasında səs eşitmiş, səsdən narahat olub küçəyə çıxdıqda yaxınlıqda yolda yolnəqliyyat hadisəsi olmasını görüb özünə məxsus “Kia Sorento” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə getmişdir. Ora çatdıqda həmkəndlisi Kamranın “Vaz 21061” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iki nəfər piyadanı vurmasını, daha sonra isə avtomobilin dərəyə düşməsini görmüş, ondan başqa iki nəfər cavan oğlanın və sürücü Kamranın köməkliyi ilə sonradan adlarının Hüseyn və Şamil olmalarını öyrəndiyi yaralı piyadaları onun avtomobilinin arxa oturacaq və yük yerini birləşdirib ora uzatmışlar. Köməyə gələn uşaqlardan Murad da onun avtomobilində ön sərnişin oturacağında əyləşmiş və uşaqları Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Kamran isə onlara kömək edən digər oğlanla birlikdə xəstəxanaya gəlmişdir. Onlar uşaqları xəstəxanaya düşürmüş, orada onlara ilkin tibbi yardım göstərilmiş, daha sonra evinə getmişdir. Hadisə baş verən zaman yaxınlıqda əmisigilin həyətində olmuş və hadisənin səsini eşidib ora getmişdir. Hadisəni öz gözləri ilə görməmişdir. Lakin hadisə yerinə çatan zaman görmüşdür ki, Kamran idarə etdiyi “Vaz 21061” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iki nəfər piyadanı vurmuşdur, Kamranın, ora gələn Murad və Sənan adlı şəxslərin köməkliyi ilə uşaqları xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir. Mahiyyət üzrə bildirmişdir ki, 04 may 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı kənddə “Mera” adlı mağazanın qarşısında olmuş, həmin anda avtoqəza səsi eşitmiş və camaatın da reaksiyasında yaxınlıqda yol-nəqliyyat hadisəsi baş verməsini bilmiş, dərhal köməklik məqsədi ilə özünə məxsus “Vaz 2107” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək yaxınlıqda, yəni Əliyaqublu-Gəncə yoluna paralel olan köməkçi yolda baş vermiş yol-nəqliyyat hadisəsi yerinə getmişdir. Oraya çatdıqda Kamranın özünə məxsus “Vaz 21061” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə piyada yol ilə gedən həmkəndliləri Hüseyn və Şamili vurmasını görmüşdür. Həmin vaxt onda başqa digər həmkəndliləri Şahid2 və X2 da həmin yerə gəlmişlər, sürücü Kamran, Rüstəm, Murad və o, köməkli olaraq Hüseyn və Şamili Rüstəmə məxsus “Kia Sorento” markalı avtomobilə uzandırmış, Rüstəm Muradla birlikdə piyadaları Şəmkir rayon mərkəzi xəstəxanasına aparmış, onların arxasınca isə o, öz avtomobili ilə Kamranı xəstəxanaya aparmışdırım. O, Kamranı xəstəxanaya düşürüb kəndə qayıtmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, hadisə baş verən zaman yaxınlıqda olan “Mera” adlı ərzaq mağazasının qarşısında olmuşdur, lakin hadisə yerinə ilk çatanlardan biri odur. Hadisədən dərhal sonra Kamran onların köməkliyi ilə piyadaları Rüstəmin avtomobilinə mindirib xəstəxanaya yola salmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, üç uşağı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq istixanalarda günəmuzd fəhləlik edir. xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 onun oğludur, onunla birlikdə yaşayır. 04 may 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olan zaman ona zəng gəlmiş və oğlu Hüseyni avtomobil vurmasını demiş, bundan sonra əri Qeyslə birlikdə Şəmkir rayon mərkəzi xəstəxanasına getmiş, orada ona məlum olmuşdur ki, oğlu Hüseyn və həmkəndlisi Şamil yol ilə piyada gedən zaman arxadan gələn həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21061” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil onları vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin DYPB-nin YPX baş inspektoru vəzifəsində polis baş leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu Əliyaqublu kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 04 may 2024cü il tarixdə gündəlik xidmət cədvəli üzrə Şəmkir RPŞ-nin İstintaq Əməliyyat qrupunda xidmətdə olmuş, saat 16-17 radələrində ona Şəmkir rayonu Əliyaqublu kənd yolunda piyada vurma yol nəqliyyat hadisəsi baş verməsi barədə Şəmkir RPŞ-nin Növbətçi Hissəsindən məlumat daxil olmuş, dərhal hadisə yerinə getmiş, hadisə yerində ona məlum olmuşdur ki, Şəmkir rayonu Əliyaqublu kənd sakini Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21061” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri istiqamətində, əsas yolla paralel köməkçi yolda hərəkətdə olan zaman ona nisbətdə yolun solu ilə piyada gedən həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuş və piyadalar xəsarət almış, bundan sonra kənd sakinlərinin köməkliyi ilə piyadaları xəstəxanaya aparmışdır. Hadisə yerinə gələn təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilməklə fotoşəkillər çəkilmiş və o, da həmin baxışda iştirak etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokolu və sxemi imzalamışdır. Hadisə yerinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs məxsus “Vaz 21061” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobili Şəmkir RPŞ-nin cərimə meydançasına gətirilməsini təmin etmiş, eləcə də sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirmiş və müəyyən olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuş, lakin onun sürücülük hüququ olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının 12 may 2024-cü il tarixli 415 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər- sol əlin arxa səthinin sıyrığı, bel nahiyəsinin sol yarısının qançırı, sol aşağı ətrafın sol budun orta üçdə biri səviyyəsindən amputasiyası ilə nəticələnən sol bud sümüyünün aşağı üçdə birinin qapalı çəp yerini dəyişmiş sınığı, sol bud arteriyasının travmatik zədələnməsi KÜT əşyaların təsrindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, əmələ gəlmə müddətləri 04 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol aşağı ətrafın sol budun orta üçdə biri səviyyəsindən amputasiyası ilə nəticələnən sol bud sümüyünün aşağı üçdə birinin qapalı çəp yerini dəyişmiş sınığı. sol bud arteriyasının travmatik zədələnməsi ümumi əmək qabiliyyətinin üçdə birindən az olmamaqla daimi (dayanıqlı) itirilməsinə səbəb olduğundan (60%) sağlamlığa ağır zərərvurmaya aiddir, sol əlin arxa səthinin sıyrığı və bel nahiyəsinin sol yarısının qançırı isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə-tibb ekspertizasının 15 may 2024-cü il tarixli 425 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər- sol gözaltı nahiyəsinin hematoması və sol incik sümüyünün diafinin proksimal üçdə birinin yerdəyişmiş sınığı küt əşyaların təsrindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, əmələ gəlmə müddətləri 04 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər zərər vurmaya aiddirlər. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 08 iyul 2024-cü 8/1617 nömrəli rəyindən görünür ki, “VAZ 21061” minik markalı, 5**-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 02 avqust 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ** CC *** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı avtomobil cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Daha sonra həmin avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və heç bir şikayət, tələbi yoxdur. Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tam ödənmiş və heç bir şikayət, tələbi yoxdur. Şəmkir Rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2024-cü il tarixli 407/2024 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etirf etməsini, zərərçəkmiş şəxslərə yardım göstərməsini, onlara dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan **-CC-*** dövlət qeydiyyat nişanlı “VAZ 21061” markalı avtomobilin ona qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul ondan alınaraq X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “VAZ 21061” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə xərci–ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-45/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-45/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver