Məhkəmə qərarları › İş №1(076)-46/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-46/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-46/2024 28.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Z.Abbasov (N.Nərimanov) küçəsi, bina-6, mənzil-20 də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri, 28 may küçəsində yerləşən “Şəmkir avtovağzalı” adlanan yerdən tapdığı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 2-ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonuna daşımış, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 02 avqust 2023-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir rayonu, Qədimqala kəndində şübhəli şəxs qismində saxlanılaraq Şəmkir rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən, şəffaf sellofana bükülü, kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq 0,903 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır. Psixotrop maddə istifadəçisidir, əvvəllər narkotik vasitə və psixotrop maddəni saxlamağa görə məhkum olunmamışdır. O, günəmuzd olaraq ev təmiri ilə məşğul olub öz gəlirini bu yolla əldə edir. 31 iyul 2023-cü il tarixdən Gəncə şəhərinin girəcəyində yerləşən evdə işləmişdir. 02 avqust 2023-cü il tarixdə, saat 21 radələrində o, Gəncə şəhərindən yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evinə qayıtmaq üçün Gəncə şəhərində yerləşən təzə Şəmkir avtovağzalında dayanıb avtomobil gözləyən zaman avtovağzalın girişində yerdə siqaret qutusu görüb götürmüş, içərisində siqaret olub-olmamasına baxarkən, siqaret qutusunun içərisində özü də istifadə etdiyi üçün tanıdığı “şüşə” adlandırdığı metamfetamin olduğunu bilmişdir. O, siqaret qutusunu elə oradaca atıb içərisində olan patını cibinə qoymuş, bir qədər sonra onun dayandığı yerə “Qazel” markalı avtomobil saxlamış və ondan hara getdiyini soruşan zaman o, Şəmkir rayonu, Dəllər qəsəbəsinə getmək istəməsini demişdir. Lakin “Qazel” markalı avtomobilin sürücüsü ona Şəmkir rayonu, Qədimqala kəndinə getdiyini və onu Qədimqala kəndinə qədər apara biləcəyini demişdir. O, “Qazel” markalı avtomobilə əyləşib Şəmkir rayonu, Qədimqala kəndinə qədər getmişdir. Şəmkir rayonu, Qədimqala kəndində avtomobildən yerə düşdükdən 1-2 dəqiqə sonra mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona özünü şübhəli apardığını bildirib onu Şəmkir rayon Polis Şöbəsinə dəvət etmişlər. Şəmkir rayon Polis Şöbəsində ona vəkil təyin olunmuş, o, şübhəli şəxs kimi tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf sellofanda olan bir ədəd bükümdəki psixotrop maddəni təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisi 2.05 qram olmuşdur. Həmin büküm və üzərində olan “Redmi Realme” markalı mobil telefonu ayrı-ayrılıqda qablaşdırılaraq götürülmüşdür. O, verilən sualları cavablandırarkən, psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirməsini, üzərindən aşkar edilən psixotrop maddəni Gəncə şəhərində yerləşən təzə Şəmkir avtovağzalında yerdən tapmasını, həmin psixotrop maddəni satmaq niyyəti olmadığını və ona qarşı polis əməkdaşları tərəfindən hər hansısa zor tətbiq edilməməsini bildirmişdir. Himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 02 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni qəbul etməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Eçin Mustafayevin ətrafında əməliyyataxtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında onun tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi polis mayoru Şahid2 rəhbərliyi ilə rayon X10 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid4 və X9 bölüyünün polis nəfəri, polis serjantı Şahid3 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Qədimqala kəndində gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Şəmkir rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis Şöbəsinə çağırılmış vəkilin və Şəmkir rayon X6 bölməsinin təhqiqatçısı, polis kapitanı X1 iştirakları şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf selofanda büküm aşkar edilərək 2.05 qram psixotrop maddə olan metamfetamin götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon X9 Bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 02 avqust 2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni qəbul etməsi və qanunsuz olaraq psixotrop maddəni saxlaması barədə Şəmkir rayon Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün əməliyyat müvəkkili Şahid1 tərəfindən Şöbə rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid1, X10 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Şahid4 və Şəmkir rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Şahid2 ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Qədimqala kəndində gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Şəmkir rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis Şöbəsinə çağırılmış vəkilin və Şəmkir rayon X6 bölməsinin təhqiqatçısı, polis kapitanı X1 iştirakları ilə şəxsi axtarış aparılarkən, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf selofanda büküm aşkar edilərək 2,05 qram psixotrop maddə olan metamfetamin götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş iş üzrə Şahid2 xidməti işi ilə əlaqədar, Şahid4 isə iş yerinin dəyişilməsi ilə əlaqədar məhkəmə iclasında iştiraklarının təmin edilməsinin mümkün olmaması və iş üzrə tərəflərin xahişi ilə məhkəmə iclasında elan edilmiş ifadələrindən görünür ki, iş üzrə şahidlər Şahid3 və Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə oxşar ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, 02 avqust 2023-cü il tarixdə, saat 21:55-də Təqsirləndirilən şəxs Şəmkir rayon X6 bölməsinin təhqiqatçısı Nurlan Əliquluyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Şəmkir rayon X5 Saxlama Yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 02 avqust 2023-cü il tarixdə Şəmkir rayon X6 bölməsinin təhqiqatçısı, polis kapitanı Nurlan Əliquluyev tərəfindən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən 2,05 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, foto və video çəkiliş edilməklə bu barədə protokol tərtib edilmişdir. 02 avqust 2023-cü il tarixdə üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,993 qram psixotrop maddə olan metamfetamin və şəxsi axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməsi, psixotrop maddə olan metamfetamin saxlanılması üçün Şəmkir rayon Polis Şöbəsinə məsul saxlanca verilməsi qeyd edilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə kimyəvi ekspertizasının 03 avqust 2023cü il tarixli 16/776 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf selofan kəsiyi bükümündə təmiz çəkisi 0,903 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işi 03 avqust 2023-cü il tarixdə istintaq aparılması üçün aidiyyəti üzrə Şəmkir rayon X7 bölməsinə göndərilmiş və həmin tarixdə İstintaq bölməsinin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən icraata qəbul edilməklə istintaq aparılmışdır. 02 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokolundan, həmin tarixli qərardan və xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək bu iş üzrə 02 (iki) gün tutulmuş, 04 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Şəmkir rayon X7 bölməsinin sabiq müstəntiqi, polis kapitanı Elşən Məmmədov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş, Şəmkir rayon X5 Saxlama Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və verdiyi ifadəsini imzalayaraq təsdiq etmişdir. 10 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon Polis Şöbəsinin sabiq müstəntiqi Elşən Məmmədovun xidməti iş yerinin dəyişidirilməsi ilə əlaqədar olaraq cinayət işi üzrə istintaqın davam etdirilməsi Elşən Əmiraslanova həvalə edilmiş və həmin tarixdə icraata qəbul edilməklə istintaqı aparılmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, 16 oktyabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini Gəncə şəhəri, 28 may küçəsində yerləşən «Şəmkir avtovağzalı» adlanan ərazidən tapdığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 15 oktyabr 2023-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Şəmkir Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 384 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 1712 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir rayon Dəllər qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər qəsəbəsi, Z.Abbasov (N.Nərimanov) küçəsi, bina-6, mənzil-20 də qeydiyyatda olmaqla anası, arvadı, 2 nəfər qızı və oğlu ilə birlikdə yaşayır. İşdə olan Şəmkir rayon Dəllər qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində biri az yaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqlarının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların müəyyən edilməsini və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı və işlədiyi Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.853 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.853 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar