Məhkəmə qərarları › İş №1(076)-47/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-47/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-47/2025 16.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Niyazi küçəsində yerləşən fermanın ərazisində 1 ədəd kibrit qutusunun içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında ” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə, saat 10:50-də yaşadığı Şəmkir şəhəri Niyazi küçəsində yerləşən evin yaxınlığında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan hissəsindən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,38 qram, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir şəhəri Həzi Aslanov küçəsi 110da yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. O, təxminən 2-3 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri Niyazi küçəsi adlanan ərazidə fermanın ətrafında olarkən yerdə 1 ədəd kibrit qutusu görmüşdür. Həmin kibrit qutusu onda maraq kəsb etdiyinə görə yerdən götürmüşdür. Kibrit qutusunun içərisini açan zaman nəşə kimi tanıdığı mariuxananı aşkar etmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün kibrit qutusunu götürüb şalvarının sol yan çibinə qoymuş və yaşadığı ünvana getmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı Şəmkir şəhəri Niyazi küçəsinfə olan zamanı Şəmkir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. Ona Şəmkir rayon polis şöbəsində Şəmkir rayon Vəkil bürosunun vəkili X5 iştirakı ilə üzərinə şəxsi axtarış aparılmağa başlamışlar. Şəxsi axtarış aparılmadan əvvəl ona təklif edilmiş ki, üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorlar, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyini bildirmişlər. O, da üzərində olan qara rəngli şalvarın sol yan cibindəki 1 ədəd kibrit qutusunda olan marixuanaya bənzər kütləni, sağ yan cibimdəki mobil telefonu və ətiri təqdim etmişdir. Təqdim etdiyim kibrit qutusuna polis əməkdaşları tərəfindən baxılan zamanı yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilən zamanı kibrit qutusu birlikdə 9,51 qram təşkil etmişdir. Aşkar edilmiş kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılıb götürülmüşdür. Bundan sonra polis əməkdaşı üzərinə şəxsi axtarış aparmış, lakib əlavə hər hansı bir əşya aşkar edilməmişdir. Mobil telefon və ətir iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Bundan sonra aşkar edilmiş 1 ədəd kibrit qutusu ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüş o, da iştirakçılarla birlikdə imza etmişdir.O, əvvəllər narkotik vasitə satmamışdır. Onun üzərindən aşkar edilmiş marixuananı satmaq məqsədi olmayıb, o təxminən 2-3 il olarki narkotik vasitə hesab olunan mariuxanadan istifadə etdiyi üçün üzərində saxlamışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitəni o, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Niyazi küçəsi adlanan ərasizində yerlən fermanın ətrafından tapmışdır. Ona qarşı Şəmkir RPŞ-də heç bir zorakılıq olmayıb. Hazırda əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir şəhəri Həzi Aslanov küçəsi 110-da ailə üzvləri ilə yaşayır və Şəmkir RPŞ-nin CABdə işləyir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 22 iyun 2024-cü il tarixdə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə Şəmkir RPŞ-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 əməliyyat məlumatı daxil olmmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Saat 10:55 radələrində Təqsirləndirilən şəxs Şəmkir şəhəri Niyazi küçəsində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Şəmkir rayon Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı Peyman Mirzəyev tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi Xalidə İsayeva dəvət olunmuşdur. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuş ki, vəkil X5 iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibində olan kibrit qutusunu təqdim etmişdir. Təqdim etdiyi həmin qutunun içərisində narkotik vasitə hesab olunan mariuxana olduğunu bildimişdir. Həmin kibrit qutusu təhqiqatçı tərəfindən açıldıqda içərisində yaşıl rəngdə mariuxanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə hesab olunun mariuxananı Şəmkir şəhəri Niyazi küçəsində yerləşən fermanın yaxınlığından xx.xx.2024-cü il tarixdə tapdığını bildirmişdir. Təhqiqatdan sonra həmin kütlənin kibrit qutusu ilə birlikdə çəkisi 9,51 qram olmuşdur. Aşkar olunmuş kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Şahid qismində dindirilmiş Vəliyev X1 İnar Şakir oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması haqqında” 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində olan kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusu açılan zaman içərisindən yaşıl rəngli marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kibrit elektron tərəzisində ölçülən zaman sellofanla birlikdə 9,51 qram təşkil etmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 22 iyun 2024-cü il tarixli protokoldan, “qətimkan tədbiri secilməsi və təqsirləndiliən şəxsin müvaqqəti salxama yerindən dərhal azad edilməsi haqqında 24 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və polisin nəzarəti altına vermə iltizam qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə-bioloji ekspertizasının 22 iyun 2024-cü il tarixli, 16/717 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitı olan marixuanaya bənzər kütlə “ yazılar və imzalar olan kağız paketdəki, 1 ( bir ) ədəd kibrit qutusunda təmiz çəkisi 6,38 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 6,38 qram tədqiqata sərf edildi-0,02 qr, qalıq – 6,36 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 23 iyun 2025-ci il tarixli, 562 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Şəmkir rayonu İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və himayəsində bir xx.xx.2022-ci il təvəllüdlü Adəm adlı uşağı var. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 1 azyaşlı uşağı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 6,36 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 20 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın 150 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 32.40 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 6,36 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 6,36 qram olan marixuana məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar