Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-48/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx.xx.1976-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ildə istintaqa məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndinin ərazisindən keçən Kür çayının sahilindən tapdığı 1 (bir) ədəd şəffaf polietilen torbanın içərisində "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr"in İ siyahısının İ bəndi, həmçinin "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən fərdi yaşayış evində saxlamış, barəsində Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırılması aparılan 55-S/İ-24 nömrəli böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə 04 iyul 2024-cü il tarixdə yaşadığı evə özünün də iştirakı ilə baxış keçirilən zaman zərərçəkmiş şəxs, arvadı Zərərçəkmiş şəxs verdiyi məlumat əsasında yataq otağında yerləşən paltar dolabının üst hissəsində səbətin içərisindən Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada ümumi təmiz çəkisi 18,96 qram, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yaşayır. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 126-cı və 128-ci maddələri ilə məhkumluğu olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir və fəhləliklə məşğul olub ailəsini dolandırır. 2023-cü il tarixdə təxminən saat 16 radələrində yeyibiçmək məqsədi ilə Şəmkir rayonu, Dəllər Cırdaxan kəndi ərazisində yerləşən Kür çayının sahilinə getmişdir. Hərdən olur ki, özü ilə yemək və araq götürüb Kür çayının sahilinə gedərək orada tək yemək yeyib spirtli içki qəbul edir. Çayın sahilində yeyib içdikdən sonra orada gəzən zaman sellofan büküm görmüşdür. Marağını cəlb etdiyi üçün həmin sellofan bükümü götürüb açaraq içərisinə baxanda içərisindəkinin yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarının yarpaqlarına oxşar kütlə olduğunu görmüşdür. Həmin sellofanda olan kütləni özü ilə evə gətirərək evin yataq otağında olan dolabın üzərindəki səbətin içərisinə yerləşdirmişdir. Həmin sellofan büküm içərisindəkinin marixuana olduğunu bilmişdir. Fikirləşmişdir ki, sellofan bükümün içərisindəki marixuana gələcəkdə lazım olar və saxlasın. Üzərindən bir neçə ay keçmişdir. Özü içki aludəçisidir və dəfələrlə də bu səbəbdən arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi baş vermişdir. 01 iyul 2024-cü il tarixdə saat 22 radələrində o, işdən evə gəlmişdir. O, fəhlə işlədiyi üçün elə vaxtlar olur ki, evə gec gəlir. Evə gəlib yemək yeyib içki qəbul etmişdir. Həmin vaxt arvadı Tünzaləyə nəsə gətirməsini demişdir. Tünzalə onun dediyini gec gətirmiş və o, əsəbləşərək taxta stulu götürüb Tünzalənin baş nahiyəsindən vurmuşdur. Həmin vaxt arvadı xəsarət almışdır. Sonradan o, sərxoş olduğundan, halı olmadığına görə arvadı uşaqlarla birlikdə onun atasının yaşadığı onların evindən bir az kənarda yerləşən yaşayış evinə qaçıb getmişdir. Daha sonra o, da əsəbləşdiyi üçün və arağı qurtardığından mağazadan araq alıb Kürün kənarına doğru gedib orada araq içib çöldə yatmışdır. Səhərə yaxın ayıldıqdan sonra yaşadığı evə gəlmiş və arvadı ilə uşaqlarının evdə olmadığını görmüşdür. O, ailəsinin harada olması barədə xəbər aldıqda arvadının onun atasının yaşadığı evdə qaldıqlarını bilmişdir. 02 iyul 2024-cü il tarixdə Şəmkir rayonu. Dəllər- Cırdaxan kəndində yerləşən Mahirə məxsus bağda fəhlə kimi işləyən zaman polis əməkdaşları onun yanına yaxınlaşaraq ona arvadı Zərərçəkmiş şəxs tərəfindən barəsində şikayət olunduğunu və hadisə ilə bağlı izahatının alınması üçün polis şöbəsinə getməyini bildirmişlər. O, polislərə heç bir etiraz etmədən Şəmkir RPŞ-nə getmişdir. Ona həmin vaxt arvadı Tünzalə şikayət etməsi məlum olmuşdur. Təhqiqatçı tərəfindən izahatı alınmış və arvadı Tünzaləyə xəsarət yetirdiyi fərdi yaşayış evinə baxış keçirilməsi üçün polis əməkdaşları tərəfindən Dəllər-Cırdaxan kəndində yerləşən ona məxsus evə gedilmişdir. Hadisə yerinə polis əməkdaşları, arvadı Zərərçəkmiş şəxs və onun iştirakı ilə videogörüntü vasitəsi ilə baxış keçirilən zaman arvadı Tünzalə və o, hadisə yerini təqdim etmişlər, həmçinin arvadı onun yataq otağında yerləşən dolabın üzərində olan səbətdəki sellofan torbadakı marixuanaya bənzər kütlənin yerini polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları həmin sellofan bükümü səbətin içərisindən götürüb açanda bükümdə olan kütlənin narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olmuşdur. Həmin sellofan içərisindəki narkotik vasitəyə bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və 30 qram olması müəyyən olunmuşdur. İçərisindəki narkotik vasitəyə bənzər kütlə olan sellofan zərfə qoyulmuş və üzəri möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Arvadı Tünzalə ilə aralarında mübahisə baş verən vaxtı yanlarında uşaqları olmuş, başqa heç kəs olmamışdır. Mübahisə evdə olduğu üçün kənar şəxslər toplaşmamışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Evdən aşkar olunmuş narkotik vasitəni 2023-cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndindən keçən Kür çayının sahilindən tapmışdır. O, narkotik vasitə istifadə etməmiş və alqı-satqısı iləməşğul olmamışdır. Evdə narkotik vasitə olan marixuana barədə ailə üzvlərindən heç kimin xəbəri olmamış, onlar həmin sellofan bükümdəkinin sağlamlıq üçün dərman vasitəsi olmasını bilmişlər. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, himayəsində azyaşlı uşaqların olmasını, ailəsini yeganə dolandıran şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şəmkir rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qohumluq əlaqələri, münasibəti, ədavəti və ya düşmənçiliyi yoxdur. Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X7 rayonu, Dəllər-Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı etmiş olduğu müraciət əsasında hadisə yerinə baxış keçirilməsi ilə bağlı birlikdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana getməli olduğunu bildirmişdir. Bu barədə Şəmkir rayon polis şöbəsinin rəhbərinə məruzə edildikdən sonra həmin kəndin polis sahə rəisi, polis baş leytenantı Şahid2, Təqsirləndirilən şəxs və X5la birlikdə qeyd edilən ünvana getmişlər. X5 ev sahibləri Təqsirləndirilən şəxs və onun arvadı Tünzalə Sarlyevə hadisə ilə bağlı evə baxış keçirilməli olduqlarını bildirib etirazlarının olub-olmamasnı soruşmuşdur. Hər iki ev sahibi baxış keçirilməsinə etiraz etməmişlər və Zərərçəkmiş şəxs ərizə ilə Şəmkir rayon polis şöbəsinə müraciət edərək etirazının olmamasını yazılı şəkildə qeyd etmişdir. X2, polis sahə rəisi Şahid2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə evə video çəkiliş vasitəsi ilə baxış keçirməyə başlamışlar. Baxış zamanı Zərərçəkmiş şəxs əri tərəfindən döyüldüyü yeri göstərmiş və baxış zamanı Zərərçəkmiş şəxs evin yataq otağına daxil olaraq sol hissədə yerləşən paltar dolabının üst hissəsində səbətin içərisində olan sellofan torbanı göstərərək əri Müzadilə məxsus narkotik vasitəyə bənzər kütlənin olmasını bildirmişdir. Həmin sellofan torba səbətin içərisindən götürülmüş və açılıb baxılan zaman marixuana bənzər kütlə aşkar edilmişdir. Baxış zamanı ağ rəngli sellofan torbanın içərisində olan narkotik vasitəyə bənzər kütlə ekspertiza təyin edilməsi üçün elektron tərəzi ilə çəkilərək qablaşdırılmış və üzəri möhürlənmışdır. Həmin sellofan torba ilə birlikdə 30 qram təşkil etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi barədə” 04 iyul 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin təhqiqatçısı X6 icraatında olan HK-1/1929 saylı material üzrə Təqsirləndirilən şəxs yaşadığı evə Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs iştirakları ilə baxış keçirilmiş və evin yataq otağına daxil olarkən sol hissədə yerləşən paltar dolabının üst hissəsində səbətin içərisində olan sellofan torba götürülmüşdür. Həmin sellofanın içərisində narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 05 iyul 2024-cü il tarixli 16/761 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs yaşayış evindən aşkar edilmiş marixuanaya bənzər kütlə..." yazıları və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd iç-içə qoyulmuş şəffaf polietilen torbada təmiz çəkisi 18,96 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 18.96 qram tədqiqata sərf edildi-0,05 qr, qalıq – 18.91 qram) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 13 avqust 2024-cü il tarixli, 1361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 07 ay 23 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 02 il şərti sınaq müddəti verilmişdir. Şəmkir RİHB Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(076)-87/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs – xx.xx.1976-cı il tarixdə Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 02 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 02 iyul 2024-cü il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(076)-269/2024 saylı qərarından görünür ki, xx.xx.1976-cı il tarixdə Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 1(076)-48/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 05 ay 22 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 11 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 18,91 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 20 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 120 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 05 ay 22 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 11 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 18.91 qram olan marixuana məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-48/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-48/2025
11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver