Məhkəmə qərarları › İş №1(076)-49/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-49/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-49/2024 06.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçının münayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1999-cu il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 05 may 2023-cü il tarixdə saat 12 radələrində “Premium MMC-yə məxsus müqavilə əsasında icarəyə götürüb idarə etdiyi “Hyundai” markalı, **-KO- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir-Şiştəpə avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətində 110 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsi olması şəraitində maksimum verilən 60 km/saat sürətlə idarə etməməli, təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək yol hərəkəti qaydalarını pozmaqla hərəkətini davam etdirib idarə etməni itirərək avtomobili aşırıb yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan sərnişin Zərərçəkmiş şəxs 8-9-10 döş fəqərələrinin kompression sınığı, 8-9-10 döş fəqərələrinin sağ yan çıxıntısının, sol X, sağ Xİ qabırğaların və hər iki qasıq sümüklərinin sınıqları, sağ saidin yuxarı üçdə birinin və sağ mil-bilək oynağının arxa səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vuran xəsarətlər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, X3 məxsus "xxxx" MMC-dən bir neçə dəfə kirayə avtomobil götürmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Hyundai Elantra” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 50 manatdan olmaqla 500 manat müqabilində kirayə götürmüşdür. 05 may 2023-cü il tarixdə saat 11 radələrində o, yaşadığı kənddən “Hyundai Elantra” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəmkir rayonuna ad gününə tort almağa getmişdir. Kəndin məktəbinin yanında həmkəndliləri Ayxan və Qəzənfər yolun kənarında dayanıb avtomobil gözlədiklərini görüb qayıdıb götürmüşdür. O, Şiştəpə kəndində Şəmkir rayonuna gedən yolda avtomobili 100-110 km/saat sürətlə idarə etmişdir. Yolun sərt döngəsində qarşı tərəfdən gələn Ağ rəngli “Lexsus” markalı nömrəsinin sonu 057 olan avtomobil onun qarşısına çıxmış və yolun onun istiqamətindən olan hissəsi ilə üzərinə gəlmişdir. O, avtomobil sükanını döndərmiş, avtomobil idarəetməni itirmiş və avtomobil yoldan çıxıb aşmışdır. O, və avtomobildə olanlar xəsarət almışlar. Həmin vaxtı oraya gələn şəxslər onları xəstəxanaya aparmışlar. Hadisə zamanı onun qarşısına çıxan digər avtomobil dayanmadan yoluna davam etmişdir. Hazırda Zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Həmçinin ona qarşı qaldırılmış mülki iddianı qismən qəbul edir. Belə ki, hadisə nəticəsində onun idarə etdiyi avtomobilin sahibi Kamran Cəfərova iddia ərizəsində yazılmış məbləğdə, yəni 19995 manat məbləğində ziyan dəyməmişdir, həmin avtomobilin özünün dəyəri həmin məbləğdə deyildir. Hesab edir ki, həmin avtomobilə təxminən 14000-15000 manat məbləğində ziyan dəymişdir, həmin ziyanı isə ödəməkdən imtina etmir, sadəcə olaraq dəymiş ziyanı hər ay müəyyən bir məbləğ olaraq hissə-hissə ödəməyə imkanı çatır. Odur ki, hadisə nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 05 may 2023-cü il tarixdə saat 12 radələrində o, Ayxanla birlikdə kənddə məktəbin yanında dayanıb Şəmkir rayonuna getmək üçün avtomobil gözləmişlər. Həmin vaxtı Zülfüqar idarə etdiyi “Hyundai Elantra” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanında saxlamış və ondan Şəmkir rayonuna gedibgetmədiyni soruşmuşdur. Onlar Şəmkir rayonuna getmək üçün avtomobil gözlədiklərini bildirmişdir. Zülfüqar onları apara biləcəyini demiş və onlar avtomobildə oturmuşlar. Avtomobildə Zülfüqardan başqa heç kim olmamışdır. O, avtomobildə qabaqda, Ayxan isə arxa sağ tərəfdə əyləşmişdir. Onlar Şəmkir istiqamətinə hərəkət etməyə başlamışlar. Zülfüqar avtomobili sürətlə idarə etmişdir. Onlar Şiştəpə kəndinin çıxışında olan olan sərt döngəyə çatanda qarşı istiqamətdən ağ rəngli “Lexsus” markalı, nömrəsini xatırlamadığı avtomobil yolun orta hissəsi ilə gəlmiş, avtomobilin yarı hissəsi öz yolunda yarı hissəsi onların yolunda olmuşdur. Zülfüqar avtomobillər toqquşmaması üçün sükanı sağa tərəf döndərmiş və bundan sonra idarə etməni itirmişdir. Avtomobil yoldan çıxaraq hərəkətləri istiqamətində yolun sol tərəfindən olan boş əraziyə sol tərəfi üstə aşmışdır. Həmin vaxtı o, huşunu itirmiş, ayılanda avtomobilin yanında insanlar toplaşmışdır. Onları avtomobildən çıxarmışlar və Şirxanın avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişlər. Məhkəmə, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı vermiş olduqları ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasına gəlmədiyinə görə barəsində məhkəmə iclasına məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilərək icra olunması üçün Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş, Şəmkir rayonu Şiştəpə kənd İƏD üzrə nümayəndəlik tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olduğundan məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə zərər çəkmiş şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinin elan olunaraq tədqiq edilməsini və məhkəmə baxışı iclasının onun iştiarkı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Şiştəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. 05 may 2023-cü il tarixdə Saat 12 radələrində o, Qəzənfər birlikdə kənddə məktəbin yanında dayanıb Şəmkir rayonuna getmək üçün avtomobil gözləyəndə Zülfüqar idarə etdiyi “Hyundai Elantra” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yanında saxlamış və Şəmkir rayonuna gedibgetmədiklərini soruşmuşdur. Onlar Şəmkir rayonuna getmək üçün avtomobil gözlədiklərini bildirmişlər. Zülfüqar onları apara biləcəyini demiş və onlar onun avtomobilində oturmuşlar. Avtomobildə Zülfüqardan başqa heç kim olmamışdır. Qəzənfər avtomobildə qabağda, o isə arxa sağ tərəfdə oturmuşdur. Onlar Şəmkir istiqamətinə getməyə başlamışlar. Zülfüqar avtomobili sürətlə idarə etmişdir. Onlar Şiştəpə kəndinin çıxanda olan sərt döngəyə çatanda döngəyə girmişlər. Həmin vaxt qarşı istiqamətdən ağ rəngli “Lexsus” markalı, nömrəsini xatırlamadığı avtomobil yolun ortası ilə gəlmiş, avtomobilin yarı hissəsi öz yolunda yarı hissəsi onların yolunda olmuşdur. Zülfüqar avtomobillər toqquşmaması üçün sükanı sağa tərəf döndərmiş və bundan sonra idarə etməni itirmişdir. Avtomobil yoldan çıxaraq hərəkətiləri istiqamətində yolun sol tərəfindən olan boş əraziyə sol tərəfi üstə aşmışdır. Həmin vaxtı o, huşunu itirmiş, ayılanda avtomobilin yanında insanlar toplaşmışdır. Onları avtomobildən yıxmışlar və Şirxanın avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişlər. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqında 05 may 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Şəmkir rayonu, Şiştəpə kəndi Şəmkir-Şiştəpə kənd avtomobil yolunda baş vermişdir. Avtomobil yolu asfalt örtükdən ibarət olmaqla hamar və qurudur, yolunun ümumi eni 7 metr olmaqla yol iki tərəfli hərəkət üçün nəzərdə tutulmuş, hərəkət hissəyə birləşir sağdan yol çiyni, soldan yol çiyni, sonra sağdan Şəmkir rayonu istiqamətində boş ərazi və təpələr, soldan böş ərazi dərə. Hərəkətin nizamlama üsülu yol nişani ilə nizamlanır. Yolun nişanları zonası Şəmkir rayonu istiqamətində yolun sağ tərəfində “sərt döngə” nişanı vardır. Aşma yeri, hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları “Hyundai Elantra” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir rayonu istiqamətində idarə etməni itirərək yoldan çıxıb sol tərəf boş ərazidə aşmışdır. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti “Hyundai Elantra” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobil Şəmkir rayonu istiqamətində sol tərəfdə olan ərazidə aşmış vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan, 01 may 2023-cü il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC şirkətinə məxsus olan **-KO-*** dövlət qeydiyat nişanlı avtomobillə bağlı Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdən 10 may 2023cü il tarixədək idarə etmək üçün etibarnamə verilmişdir. Cinayət işinin materiallarında olan, BDYPİ Tovuz RQİ TBŞ-si tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək “BC” kateqoriyalı, BD305217 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Şəmkir rayon şöbəsi ekspertinin 11 may 2023-cü il tarixli 522 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–8-9-10 döş fəqərələrinin kompression sınığı, 8-9-10 döş fəqərələrinin sağ yan çıxıntısının, sol X, sağ Xİ qabırğaların və hər iki qasıq sümüklərinin sınıqları, sağ saidin yuxarı üçdə birinin və sağ mil-bilək oynağının arxa səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 05 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 31 avqust 2023-cü il tarixli 8/2488 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Elantra” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqından” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqasi olması şəraitində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni avtomobili 100-110 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 68 saylı ziyan aktından görünür ki, “Hyundai Elantra” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19995 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışıq əldə etmiş və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət-prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 12 radələrində "xxxx" MMC-yə məxsus müqavilə əsasında icarəyə götürüb idarə etdiyi “Hyundai” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə saat 12 radələrində "xxxx" MMC-yə məxsus müqavilə əsasında icarəyə götürüb idarə etdiyi “Hyundai” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini təqsirli olaraq törətmişdir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı "xxxx" MMC şirkəti tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılmış və "xxxx" MMC şirkəti mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin fikrinin dinləyərək hesab edir ki, hazırkı iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 179.1–ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2–ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 180.3-cü maddəsinə cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə cavabdeh Təqsirləndirilən şəxs iddianı tam qəbul etmədiyindən, tərəflər arasında dəymiş maddi ziyanla bağlı mübahisə olduğundan əlavə araşdırmanın aparılması zərudir. Qanunvericilin tələbinə görə iddia tələbi üzrə sübut etmə vəzifəsi mülki iddiaçıya aid olduğundan və sübutetmə üçün sənədlərin təqdim edilməsi uzun müddət tələb etdiyindən, mülki iddianın hazırki cinayət icraatında araşdırılması cinayət işinin baxılmasının uzanmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3–cü maddəsinə əsasən "xxxx" MMC şirkəti tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 354.1.3.–cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması barədə qərar əks etdirilir. Bununla yanaşı, məhkəmə hesab edir ki, mülki iddiaçı "xxxx" MMC şirkəti bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə qaydasında tələb etmək üçün subyektiv hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. İş üzrə maddi sübut olan “Hyundai Elantra” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC şirkəti qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olan “Hyundai Elantra” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC şirkəti qaytarılması nəzərə alınsın. Mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddia baxılmamış saxlansın. Mülki iddiaçı "xxxx" MMC şirkətinin nümayəndəsinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar