Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-50/2024 30.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər X3, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996–cı il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 127.2.3–cü maddəsi əsasında təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128 və 234.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 28 fevral 2023–cü il tarixdə saat 18 radələrində Şəmkir şəhər mərkəzi bazarında X3 onu söyərək təhqir etməsi və şəxsiyyətini alçaltması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Qadil Çıqqalovdan qisas almaq niyyətilə ayağı ilə qəsdən vuraraq sonuncuya sağ diz oynağının ön səthinin və sağ baldır nahiyəsinin orta üçdə birinin iç səthinin əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirməklə sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, 09 may 2023–cü il tarixdə saat 23 radələrində Şəmkir şəhəri, Əhməd Cavad küçəsi ilə Rövşən Rəhimov küçəsinin kəsişməsində yerləşən “Nəfis dönər” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs1 onu 16 aprel 2023–cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu Morul qəbirstanlığının yaxınlığından keçən avtomobil yolunda başı ilə vuraraq ona üst dodağın selikli qişasına qansızma ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməsi səbəbindən sonuncudan qisas almaq niyyətilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə zamanı əli və ayağı ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs1 sağ gözaltı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına, habelə sol gicgah nahiyəsinin, sol ayağın tış topuq nahiyəsinin sıyrıqları, hər iki qulaq seyvanın qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, 2023–cü ilin aprel ayının əvvəllərində dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir şəhəri ərazisində “Sülöy çayı” adlanan yerdə yabanı halda bitmiş çətənə kollarının yarpaqlarını toplayıb qurudaraq “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005– ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1–ci bəndi ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib həmin yerdə gizlədərək saxlamış, 01 iyun 2023–cü il tarixdə narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımış və həmin tarixdə saat 22:05 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğundan Şəmkir şəhəri, Heydərli küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindən köynəyin altından sellofan paketdə şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 255 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, X4 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs1 isə Şəmkir şəhər sakini kimi tanımışdır. 28 fevral 2023–cü il tarixdə saat təxminən 18 radələrində tanışı Şahid3 işlətdiyi kafedə sonuncu ilə birlikdə oturub çörək yemiş, həmin vaxt 1 litr araq içmişlər. Həmin vaxt Qadil Çıqqarov oraya gəlmiş və Amillə mübahisə etməyə başlamışdır. O, nə baş verdiyini soruşanda Qadil onu söyüb təhqir etmiş, o da Qadili tutub çölə itələmişdir. Bundan sonra onlar arasında mübahisə baş vermiş və o, mübahisə əsnasında Qadili vuraraq xəsarət yetirmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxs Qadil Çıqqarova dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Həmçinin, 31 aprel 2023–cü il tarixdə saat təxminən 14–15 radələrində bibisi evindən çıxıb Şəmkir şəhərinə gələn vaxt Zərərçəkmiş şəxs1 özünə məxsus nömrəsini xatırlamadığı VAZ 2106 markalı avtomobili ilə yoldan keçən zaman onu görüb avtomobili saxlamışdır. Pərvinin yanında həmin vaxt iki nəfər adlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxslər olmuşdur. Onlar avtomobildən düşən kimi heç bir söz demədən və heç bir səbəb olmadan onun üstünə gəlmiş və birinci Pərvin yumruqla onun sifət nahiyəsindən vurmuş, nəticədə o, dodağından xəsarət almışdır. Pərvinin yanında olan iki nəfərdən biri kəllə ilə alın nahiyəsinə, o biri şəxs isə əlində olan bıçaqla sol çiyin nahiyəsinə bir dəfə vurmuşdur. Mübahisə zamanı o, həmin şəxsləri vura bilməmiş, onu vuran kimi avtomobilə oturub oradan uzaqlaşmışlar. O, xəsarət aldığına görə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdir. 09 may 2023–cü il tarixdə saat 21–22 radələrində çayxanadan çıxıb 7–ci küçə ilə yuxarı gedəndə Pərvinin avtomobilinin dayandığını və özünün də avtomobilin yanında təkbaşına durduğunu görmüşdür. O, Pərvinə yaxınlaşmış, salam vermiş və onu nə üçün vurduqlarını soruşmuşdur. Pərvin əlini belinə atmışdır ki, bıçaq çıxarıb onu vursun. Ona kimi o, yumruqla Pərvini çənə nahiyəsindən bir dəfə vurmuş, Pərvin yerə yıxılmış, duranda əlində olan qara rəngli mətbəx bıçağını alıb orada onları ayırmaq istəyən Elvin adlı şəxsə vermişdir. Pərvinə yenidən 1–2 dəfə şillə ilə vurub oradan getmişdir. Bununla belə hadisədən sonra Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Bundan başqa təxminən 2023–cü ilin aprel ayının əvvəllərində yaşadığı Şəmkir şəhəri ərazisində yerləşən “Sülöy çayı” deyilən yerin kənarı ilə piyada gedərkən yolun kənarında əvvəldən tanıdığı üçün yaşıl rəngli çətənə kollarının yabanı halda bitdiyini görmüşdür. Yaxınlaşıb diqqətlə baxdıqda və iylədikdə isə kəskin iy gəlmiş və həmin kolun həqiqətən də narkotik tərkibli çətənə kolu olduğunu bilmişdir. Həmin kollardan bir neçəsini gizlin kökündən çıxarıb yaxınlıqda bir yerə günün altına quruması və gələcəkdə istifadə etməyi məqsədilə qoymuşdur. Bir neçə gün sonra kolları qurumaq üçün qoyduğu yerə yenidən getmiş və əvvəlcədən üzərində apardığı rəngli sellofan torbaya zoğlarından quru yarpaqlarını sıyıraraq yığmış və şəxsi istifadəsi üçün götürmüşdür. 01 iyun 2023–cü il tarixdə saat 22 radələrində Şəmkir şəhəri, Heydərli küçəsində olarkən Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış və narkotik vasitələrin saxlanmasında şübhəli bilindiyi üçün onu polis şöbəsinə aparacaqlarını bildirmişlər. O da onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şəmkir Rayon Polis Şöbəsində üzərinə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı o, üzərində narkotik vasitə olduğunu deyərək üzərindəki göy rəngli cins şalvarın arxa bel hissəsindən köynəyinin altından bir ədəd rəngli sellofan torbasını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin rəngli sellofan torbaya baxdıqda isə içərisində yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin kütlə «Kinlle» markalı tərəzidə çəkilmiş və çəkisinin sellofanla birlikdə 265 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərində polis əməkdaşının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən digər narkotik vasitə, psixotrop maddə, onların prekusorları, eləcə də, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, şəxsi axtarış protokolunu imzalamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 28 fevral 2023–cü il tarixdə saat təxminən 18 radələrində Şəmkir rayonunda yerləşən bazarın qarşısında olanda bir nəfər adını bilmədiyi üzdən tanıdığı şəxs ona yaxınlaşaraq tanışı Şahid3 onu axtardığını, işlətdiyi kafeyə odun gətirdiklərini və odunları ona kəsdirmək istədiyini demişdir. O, bundan sonra Amilin işlətdiyi kafeyə getmişdir. Amil həmin vaxt kafedə tanımadığı şəxslərlə oturub çörək yeyib və araq içmişdir. Amil ona odunları doğramağını bildirmişdir. O, özünə məxsus motorlu mişarla odunları doğramış, daha sonra kafeyə girmişdir. Amil ona neçə manat pul verəcəyini soruşmuş, o da zəhmət haqqı olaraq 5 manat pul verməsini bildirmişdir. Həmin vaxt Amil onu təhqir edib 2 manat vermək istəmişdir. O, pulu götürməmiş və aralarında mübahisə yaranmışdır. Amil onun yaxasından tutmuş, o, Amilə onu buraxmasını demişdir. Həmin vaxt bir nəfər sonradan adını bildiyi Məhəmməd adlı şəxs ona yaxınlaşaraq nə üçün Amil ilə mübahisə etdiyini soruşmuşdur. O, Məhəmmədə “sən kimsən işimizə qarışırsan”– demiş, əsəbindən təhqir etmişdir. Həmin vaxt Məhəmməd onu təpiklə ayaq nahiyəsindən vurmuşdur. Amil Məhəmmədi tutmuşdur. Sonra çölə çıxmaq üçün qapını açıb ayağını çölə qoymaq istədikdə Məhəmməd arxadan təpiklə kürək nahiyəsinə vurmuşdur. O, özünü tuta bilməmiş və ağzı üstə kafenin qarşısında olan asfalt yola yıxılmışdır. O, yerdən durmaq istədikdə Məhəmməd yanına gələrək onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döymüşdür. X5 vurmamasını dediyinə görə Məhəmməd onu tutub sürütləyərək yolun kənarına atmışdır. Bundan sonra Məhəmməd oradan uzaqlaşıb getmişdir. Özünə gələndən sonra isə polisə zəng edib hadisə barəsində məlumat vermişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şəmkir şəhər sakini kimi tanıyır, əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təxminən 2023–cü ilin aprel ayının ilk on günlüyündə saat 15 radələrində tanışı Eşqin onu Şəmkir rayon mərkəzi bazarının arxa tərəfinə yaşadığı Şəmkir rayonu, Varlı Həyat kəndində getmək üçün taksi kimi çağırmış, o, getdikdə Eşqinin yanında Günay adlı bir nəfər qadın olmasını görmüşdür. Ona sonradan məlum olmuşdur ki, həmin Günay Məhəmmədin əvvəllər ər–arvad münasibətlərində yaşadığı qız olmuşdur. Bazardan Eşqini və Günayı götürüb Eşqinin yaşadığı kəndə tərəf yola çıxmış, Şəmkir şəhəri Sərxan Sərxanlı qəbiristanlığı keçdikdən sonra Eşqin ona qarşı tərəfdən gələn VAZ 2107 markalı avtomobili işıqla işarə verib saxlatmağını bildirmişdir. O, işarə edib avtomobili saxlatmış və avtomobili döndərib Şəmkir istiqamətinə tərəf saxlatdığı avtomobilin təxminən 10 metr arxa tərəfində saxlamışdır. Digər avtomobildən Məhəmməd, onun avtomobilindən isə Günayla Eşqin düşmüşdür. Məhəmməd Eşqinə tərəf gedərək “böyük qardaş necəsən ?”– sözlərini deyib qucaqlamaq üçün qollarını açmış, Eşqin isə Məhəmmədə “sən fahişəsən”– sözlərini deyib yumruqla üz nahiyəsindən bir neçə dəfə vuraraq döymüşdür. Məhəmməd Eşqinə əl atmamış, sadəcə olaraq əllərini üzünə tutub üzünü qorumuşdur. O və Günay yaxınlaşıb ayırmaq istəmiş, o, Məhəmmədi tutub aralayanda ona “sən fahişəsən, adam tutdurubsan”– sözlərini deyib onu təhqir etdiyinə görə əsəbiləşib Məhəmmədin üz nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. O, Məhəmmədi vuran kimi Eşqin əlləri ilə Məhəmmədin yaxasından tutub özünə çəkərək baş nahiyəsi ilə burnuna vurmuşdur. Mübahisə vaxtı Məhəmmədlə gələn Ramin adlı şəxs belindən çıxardığı bıçaqla Məhəmmədin sol çiyin nahiyəsinə iki dəfə vuraraq xəsarət yetirmişdir. O, Raminin bıçaqla vurmağa davam etmək istədiyini görüb Ramini tutub kənara çəkmiş, bıçaq əlindən yerə düşmüşdür. Eşqin bıçağı yerdən götürüb özündə saxlamışdır. Bunu görən digər avtomobilin sürücüsü avtomobili işə salıb hadisə yerindən qaçmışdır. Məhəmmədin halsız olduğunu görüb Eşqin və Ramin onun avtomobilinə oturmuş və Şəmkir şəhərində yerləşən Xəqani İbrahimli parkının yanına düşmüşlər. Ona sonradan məlum olmuşdur ki, Eşqin və Ramin əvvəlcədən aralarında sövdələşərək Məhəmmədi həbsdə olan vaxtı onlara qarşı etdiyi hansısa bilmədiyi hərəkətinə görə cəzalandırmaq üçün bunu planlaşdırmışlar. Belə ki, Məhəmməd şübhələnməsin deyə Məhəmmədi vurmaq üçün Eşqin onun avtomobili ilə, Ramin isə başqa şəxsin avtomobili ilə Məhəmmədi götürüb yeyib–içməyə getmək adı ilə bir araya gəlmişlər. Bu mübahisədə isə onun Məhəmmədi vurmaq fikri olmamış, sadəcə ayıran zaman onu təhqir etdiyinə görə bir dəfə yumruqla Məhəmmədi vurmuşdur. Məhəmməd hadisədən sonra ondan, Eşqindən və Ramindən şikayət etmişdir. 09 may 2023– cü il tarixdə saat 23 radələrində evdən çıxıb siqaret almaq üçün gedəndə bir nəfər “Mosu” ləqəbi ilə tanıdığı şəxs ona zəng edib Şəmkir şəhərində yerləşən 7–ci küçənin aşağı hissəsinə gəlməyini, onunla işinin olduğunu bildirmişdir. Bundan sonra o, həmin şəxsin dediyi yerə getmiş və “Mosu” kimi tanıdığı şəxsin onun tanışı Elvinlə bir həmin yerdə olduğunu görmüşdür. Həmin yerdə olan zaman “Mosu” telefonunda bir nəfər şəxsin şəklini göstərib ondan tanıyıb–tanımadığını soruşanda həmin şəxsi tanıdığını demişdir. Onun göstərdiyi şəxs 12–13 yaşlı rayon sakini olan uşaq olmuşdur. Bu zaman Məhəmməd onların yanına gəlmiş və onunla bir az söhbət edib, sonra telefonunu ona uzadıb Eşqinin danışmaq istədiyini demişdir. Telefonu qulağına tərəf aparıb cavab verilməsini gözləmiş, Eşqin telefona cavab verməyib rədd etdiyinə görə o, telefonu Məhəmmədə qaytarıb cavab verməməsini deyən kimi Məhəmməd qəflətən yumruqla onun başına vurmuşdur. Bundan sonra o, yerə yıxılmış, yerdə olan zaman Məhəmməd təpiklə və yumruqla bədəninin müxtəlif yerlərinə vurub onu döymüşdür. Daha sonra oraya ağ rəngli Hunday markalı avtomobil dayanan zaman həmin avtomobildə olan şəxslərin polis əməkdaşları olduğunu zənn etdikləri üçün Məhəmməd və yanında olan Elvinlə “Mosu” qaçaraq uzaqlaşmışlar. O, evə getmiş və polisə şikayət etmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, Ə.Cavad küçəsi ilə Rövşən Rəhimov küçəsinin kəsişməsində yerləşən “Nəfis Dönər” adlı kafedə ofisiant işləyir. 09 may 2023–cü il tarixdə saat təxminən 23 radələrində işlədiyi kafedə olan zaman işin axırı olduğu üçün ətrafı təmizləmişdir. Həmin vaxt səs–küy eşidib kafenin qarşısına çıxanda Pərvinlə Maqa kimi tanıdığı Məhəmməd adlı şəxsin dalaşdığını görmüşdür. Həmin vaxt Pərvin yerdə olmuş, Məhəmməd isə yumruq və təpiklə Pərvini döymüşdür. O, gedib aralamaq istəsə də, aralaya bilməmişdir. Bir qədər sonra dava–dalaş baş verən yerdən təxminən 30–40 metr məsafədə ağ rəngli avtomobil dayandığı üçün Məhəmməd qaçıb getmişdir. Daha sonra Pərvin yerdən qalxmış və Şəmkir RPŞ–yə gedib şikayət edəcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanıyır. 01 iyun 2023–cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat müvəkkili Sərraf Rzayev tərəfindən Şəmkir RPŞ–nin rəhbərliyinə raportla müraciət edildikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Onun rəhbərliyi altında CAB– ın əməliyyat müvəkkili, polis mayoru X6, PPXB–nin polis nəfəri, polis serjantı Şahid2 ibarət qrupun üzvləri təyin edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri, şöbəyə məxsus xidməti avtomobilə oturub məlumatın daxil olduğu Şəmkir şəhəri, E.Hüseynov küçəsinə gedilmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən edilərək Şəmkir RPŞ–yə gətirilmişdir. Şəmkir RPŞ–nin Təhqiqat Bölməsinin təhqiqatçısı Salman Atayev tərəfindən oraya dəvət edilmiş vəkil Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən 1 ədəd sellofan paketdə 255 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra həmin kütlə kağız zərfə qablaşdırılaraq DİN–nin 118 nömrəli möhürü ilə möhürlənmiş və ekspert tədqiqatına göndərilmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 da zərərçəkmiş şəxs X8 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 01 mart 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 döydüyü hadisə yeri olan Şəmkir rayon bazarının içəri tərəfində yerləşən kafenin qarşısına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla, fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 10 may 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döydüyü hadisə yeri olan Şəmkir şəhəri, Ə.Cavad küçəsi ilə R.Rəhimov küçəsinin kəsişməsində yerləşən “Nəfis dönər” adlı kafenin qarşısına baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla, fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 01 iyun 2023–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki göy rəngli cins şalvarın arxa bel hissəsindən köynəyin altından sellofan paketdə şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 255 qram miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 01 mart 2023–cü il tarixli, 186 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ diz oynağının ön səthinin və sağ baldır nahiyəsinin orta üçdə birinin iç səthinin əzilmiş yaraları küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 28 fevral 2023– cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 10 may 2023–cü il tarixli, 507 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyəsinin, sol ayağın tış topuq nahiyəsinin sıyrıqları, hər iki qulaq seyvanın qançırları, sağ gözaltı nahiyənin dərialtı hematoması küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 09 may 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözaltı nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol gicgah nahiyəsinin, sol ayağın tış topuq nahiyəsinin sıyrıqları, hər iki qulaq seyvanın qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 02 iyun 2023–cü il tarixli 16/576 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuanaya bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki – 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi 255 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan, Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 18 sentyabr 2023–cü il tarixli, 1569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 127.2.3–cü maddəsi əsasında təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayədəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 127.2.3–cü maddəsi əsasında təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020–ci il tarixdə 12 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021–ci il tarixli Amnistiya Qərarının 4–cü bəndinə əsasən hökmlə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, qeyd olunan məhkəmənin xx.xx.2022–ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 127.2.3–cü maddəsi əsasında təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021–ci il tarixli Amnistiya Qərarının 4–cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 234.1–ci maddələri ilə düzgün tövsif olunmuşdur. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128 və 234.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə başlanmış cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışıb dəymiş ziyanı aradan qaldırdığına görə həmin hissədə xitam verilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə “az ağır” cinayət olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM– nin 127.2.3–cü maddəsi əsasında təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3–cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 03 iyun 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müdətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 01 iyun 2023–cü il tarixdən hesablanmışdır. Həmçinin, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 01 sentyabr 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 01 noyabr 2023–cü il tarixədək uzadılmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan 21 oktyabr 2023–cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 noyabr 2023–cü il tarixdən hesablanmaqla, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət 05 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə qaldığı 05 ay müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 dekabr 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023– cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, axtarış elan edilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan “Axtarışda olmuş şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2023–cü il tarixdə Gədəbəy rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ–yə təhvil verilmişdir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 254,8 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 17 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2023–cü il tarixdən 01 noyabr 2023–cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 05 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 254,8 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-50/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-50/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver