Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-53/2025 28.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədirliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1976-cı ildə Şəmkir rayonu, Qədimqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 01 iyul 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı Şəmkir rayonu Qədimqala kəndinin mərkəzində Zərərçəkmiş şəxs təsadüfən görüb onunla bir neçə gün əvvəl yaşadığı kənddə yerləşən uşaq bağçasının müəllimlərinin ünvanına söyüş söyməsinə görə mübahisə edib yaşadığı evə getdikdən sonra həmin mübahisəni aydınlaşdırmaq məqsədi ilə evinin qarşısına gələn Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yenidən mübahisə etmiş, həmin mübahisə zamanı evinin qarşısındakı qumun kənarına düzülmüş mişar daşını götürüb xüsusi amansızlıq göstərərək, ağır iztirablar və işgəncələr vermək niyyəti ilə arvadı Şahid1 və övladı Şahid3 gözləri önündə qəsdən onun sol ayağına zərbə ilə vuraraq ona sol ayaq pəncəsinin şişkinlik fonunda qançırı, sol ayaq pəncəsinin ayaqarxası səthi əzilmiş yaraları və sol ayağın 3-cü barmağının orta falanqasının sınığı ilə müşayiət edilən zərərçəkmiş X3 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti olaraq günəmuzd fəhləlik edərək dolanır. Əsl adı Rafik olsa da kənd camaatı onu Kösü ləqəbi ilə tanıyır. Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. 26 iyun 2024-cü il tarixdə saat 11 radələrində həmkəndlisi Azadla söhbət edən zaman Rufulla da orada olmuş və Rufulla sərxoş vəziyyətdə olmuşdur. Rufulla uşaq bağçasında uşaqlara səhv paltar geyindirdiklərini deyib bağça müəllimələrinin ünvanına söyüş söymüş, o, isə ona söyüş söyməsinə görə irad bildirmiş, qısa mübahisələri olmuş və onun sərxoş olmasını görüb çıxıb getmişdir. Qeyd etmişdir ki, Rufullanın qızı Turanə onunla yaxınlıqda yaşayır, Rufulla və arvadı Cəmilə də gəlib qızları ilə qalırlar. 01 iyul 2024-cü il tarixdə isə nahar vaxtı evdə spirtli içki içmiş və çox ağır dərəcədə sərxoş olmuşdur. Saat 17 radərində isə kənd İcra nümayəndəliyinin yanına getmiş, həmin vaxt həmkəndlisi Qafarın avtomobili ilə dayanmasını, Rufullanın isə mağazadan avtomobilə tərəf gəlməsini görmüş, sərxoş olduğu üçün bir neçə gün əvvəl Rufullanın kənd bağçasının müəllimlərinin ünvanına söyüş söyməsi yadına düşmüş və bu səbəbdən Rufullanın ünvanına söyüşlər söymüş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Həmin vaxt sərxoş olduğundan hadisəni detallı olaraq xatırlaya bilmir. Bundan sonra isə çıxıb evinə gəlmiş, bir müddətdən sonra küçədə səs-küy eşitmiş, küçəyə çıxdıqda Rufulla, arvadı Cəmilə və qızları Turanənin ünvanına söyüşlər söymələrini görmüşdür. Rufullanın qızı və arvadı üzərinə gəlmiş, lakin qonşusu Həsrət onları aralaşdırmışdır. O, da yerdə olan çay daşını götürdüyünü, lakin Rufullanın üstünə atdığını içkili olduğundan xatırlamamışdır. Təkrar qeyd etmişdir ki, o həmin vaxt sərxoş olmuşdur. Həsrət onları aralaşdırmış və oradan uzaqlaşıb çıxıb getmişdir. Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımamış, sadəcə son vaxtlarda görürmüş ki, onlar onunla eyni kənddə yaşayan qızları Turanənin evində yaşayırlar. 01 iyul 2024-cü il tarixdə saat 17 radələrində kənd mərkəzində olmuş və həmin vaxt sərxoş olmuşdur. Həmin vaxt Rufullanı görmüş, onun bağça müəllimlərinin ünvanına söyüş söyməsi yadına düşmüş, sərxoş olmağı səbəbi ilə də Rufullanı söymüş və aralarında mübahisə yaranmışdır. Evinin qarşısında olan dava-dalaşın səbəbi isə Rufullanın onun ünvanına söyüşlər söyməsi olmuşdur. Birinci dəfə saat 17 radələrində kənd mərkəzində olan mübahisəni həmkəndlisi Qafar görmüş, başqa heç kim görməmiş və həmin mübahisə təxminən 1 dəqiqə çəkmişdir. İkinci dəfə isə Rufulla, Cəmilə və Turanə onun evinin qarşısına gələn zaman olan mübahisə təxminən 5 dəqiqə davam etmiş və həmin mübahisəni qonşusu Həsrət görmüşdür. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla ailə üzviləri ilə birlikdə Şəmkir rayonu Keçili kəndində yaşayır, evlidir, bir övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləlik edərək ailəsini dolandırır. Şahid3 onun övladıdır, Turanə evlidir və ailəsi ilə birlikdə Şəmkir rayonu Qədimqala kəndində yaşayır, lakin bir müddətdir ki, kürəkəni işləmək üçün Rusiya Federasiyasına getmişdir, qızı və nəvələri tək qalmasın deyə arvadı Şahid1 ilə qızının evində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində arvadı Cəmilə ilə meyvə bağından işləməkdən Qafarın taksi avtomobili ilə qızının yaşadığı Qədimqala kəndinə gəlmiş və kənd bələdiyyəsinin qarşısında dayanmışlar. O, avtomobildən düşüb yaxınlıqdakı mağazaya gedib siqaret almış, arvadı Cəmilə də uşaq bağçasından nəvəsini götürməyə getmiş, Qafar isə onları gözləmişdir. O, siqaret alıb avtomobilin yanına qayıtdıqda həmin kənd sakini əvvəllər tanımadığı “Kösü” ləqəbli, Təqsirləndirilən şəxs onu yanına çağırmış, həmin vaxt arvadı Cəmilə və Qafar da onlara tərəfə gəlmiş, Kösünün yanına getdikdə o, heç bir səbəb olmadan onu söyməyə başlamışdır. Səbəb isə onun həmin kənddə “nə gəzməyi” olmuşdur. Qafar isə Rafikə onunla getdiyini dedikdə o, Qafarı da söyərək onu kəndə niyə gətirdiyini demiş, bundan sonra Rafik başından tutub özünə tərəf çəkmiş, yanında olan arvadı Cəmiləni söyməyə başlamış, arvadı Cəmilə onları aralaşdırmaq istədikdə Rafik yumruqla arvadının sifətinə vurmuş, Qafar onları aralaşdırmış, avtomobilə mindirib qızının evinə aparmışdır. Qeyd etmişdir ki, Rafik onun boynundan tutan zaman əynində olan üst geyimini də cırmış, qızının evinə çatdıqda qızı Turanə nə olmasını soruşduqda ona Rafiklə arasında olan mübahisə barədə danışmışdır. Rafik qızı ilə yaxınlıqda yaşayır və qızı bu məsələni aydınlaşdırmaq üçün onun evinə getmiş, onlar da onun arxasınca getmişlər. Səs-küyə tanımadığı qonşu gəlmiş və onları aralaşdırmaq istəyən zaman Rafik yerdən götürdüyü mişar daşını onun üstünə atmış, zərbədən yayınmaq istədikdə mişar daşı sol ayağının üstünə düşmüşdür. Adını bilmədiyi qonşu onları aralaşdırmış və onlar çıxıb evlərinə getmişlər. Bundan sonra döyülməyi barədə polisə müraciət etmişlər. Birinci dava-dalaş təxminən 3-5 dəqiqə, ikinci dava-dalaş isə təxminən 10 dəqiqə davam etmişdir. Onlar Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. Qeyd etmişdir ki, hadisə vaxtı Rafik sərxoş olmuş, bu onun hərəkətlərindən və danışığından bilinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Keçili kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, bir övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləlik edir. Mahiyyət üzrə bildirmişdir ki, Şahid3 onun övladıdır, Turanə evlidir və ailəsi ilə birlikdə Şəmkir rayonu Qədimqala kəndində yaşayır, lakin bir müddətdir ki, kürəkəni işləmək üçün Rusiya Federasiyasına getmişdir, qızı və nəvələri tək qalmasın deyə əri X8 ilə qızının evində yaşayırlar. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində meyvə bağından əri Rufulla ilə işləməkdən Qafarın taksi avtomobili ilə qızımın yaşadığı Qədimqala kəndinə gəlmiş və kənd bələdiyyəsinin qarşısında dayanmışlar. Əri avtomobildən düşüb yaxınlıqdakı mağazaya siqaret almağa getmiş, o, uşaq bağçasından nəvəsini götürməyə getmiş, Qafar isə onları gözləmişdir. Əri siqaret alıb avtomobilin yanına qayıtdıqda həmin kənd sakini əvvəllər tanımadığı “Kösü” ləqəbli, Təqsirləndirilən şəxs ərini yanına çağırmış, həmin vaxt Kösü ərini söyməyə başlamış, onlar da ona tərəfə getdikdə Rafik Qafara da söyüş söyərək əri barəsində “bunu kəndə nəyə gətirmisən” demişdir. Rafik ərinin başından tutub sinəsinə sıxmışdır. Qafar onları aralaşdırmış, onlar avtomobilə minmişlər. Qeyd etmişdir ki, Rafik həmin vaxt sərxoş olmuş və ayaq üstə zorla dayanmışdır. Onlar evə getmiş və qızı Turanəyə olan hadisə barədə danışdıqda Turanə bu məsələni aydınlaşdırmaq üçün Rafikin evinə tərəf getmiş, Rafik də evin qarşısına gəlmiş, Rafik həyətindən ağac götürüb qızının üstünə getmiş, əri irəli gedərək ağacı onun əlindən alıb kənara tullamış, səs-küyə bir nəfər qonşu da gəlmiş, həmin vaxt Rafik yerdən bir ədəd mişar daşı götürüb iki əli ilə yuxarı qaldıraraq ərinin üstünə tərəf tullamış, əri geri çəkilməyə cəhd etmiş, lakin mişar daşı onun sol ayağının üstünə düşmüşdür. Bundan sonra qonşu onları aralaşdırmışdır. Birinci dava-dalaş təxminən 5 dəqiqə, ikinci davadalaş isə təxminən 10-15 dəqiqə davam etmişdir.Onlar Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Qeyd etmişdir ki, hadisə vaxtı Rafik sərxoş olmuş, bu onun hərəkətlərindən və danışığından bilinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Qədimqala kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Mahiyyət üzrə bildirmişdir ki, Şahid1 onun anası, Zərərçəkmiş şəxs atası, Təqsirləndirilən şəxs isə qonşusudur. Əri Rusiya Federasiyasında işləyib yaşadığı üçün tək qalmasın deyə bir müddətdir ki, atası və anası onunla birlikdə yaşayır. Eyni zamamda onlar demək olar ki, hər gün Qafar adlı həmkəndlisi ilə fəhləliyə gedirlər. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ana və atası evə gəldikdə kənd mərkəzində Kösü kimi tanıdığı Rafiklə dalaşmalarını, Rafikin kəndin mərkəzində onların qarşısını kəsib mübahisə yaratmasını, daha sonra isə anazının sifətinə vurmasını demişlər. O, da bu məsələni aydınlaşdırmaq məqsədi ilə Kösünün ünvanına getmiş, atası və anası da arxasınca gəlmişlər. Kösünün evinin qarşısında dayanıb onu çağırdıqda o, əlində ağacla həyətdən çıxmış, atası ağacı onun əlindən alıb kənara tullamışdır. Kösü isə yerdə olan qumun kənarında düzülmüş mişar daşını götürüb iki əli ilə sinəsi bərabərində qaldırıb atasına tərəf atmış, həmin vaxt həmin daş atasının sol ayağının üstünə düşmüşdür. Həmin vaxt qonşusu Həsrət gəlib Kösünü sakitləşdirmiş, onlar isə evə qayıtmışlar. Bundan sonra o, Qafara zəng edərək gəlib atasını həkimə aparmasını demiş, həkimə getdikdə isə atasının ayaq barmağının sınmasını bildirmişlər. Dava-dalaş təxminən 10 dəqiqə davam etmiş və atasının xəsarət almasını anası Cəmilə, o və qonşusu Həsrət görmüşlər. Onlar Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. Qeyd etmişdir ki, hadisə vaxtı Rafik sərxoş olmuş, bu onun hərəkətlərindən və danışığından bilinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Qədimqala kəndində ailə üzvləri ilə birlikdə Şəmkir rayonunda yaşayır, evlidir, üç övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək olaraq günəmuzd fəhləlik edir. Mahiyyət üzrə bildirmişdir ki, Şahid3 onun həmkəndlisidir, eyni zamanda onun əri onun oğlunun dostudur. Turanənin əri Rusiya Federasiyasında işlədiyi üçün onun valideynləri Rufulla və Cəmilə bir müddətdir ki, onunla birlikdə yaşayır. Eyni zamanda gündəlik fəhləliyə onunla birlikdə gedirlər, onları özünə məxsus “Vaz 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparıb gətirir, həmçinin də yanacaq puluna kömək edir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində onlar meyvə bağından onun avtomobili ilə yaşadığı Qədimqala kəndinə gəlmiş və kənd bələdiyyəsinin qarşısında dayanmışlar. Rufulla avtomobildən düşüb yaxınlıqdakı mağazaya siqaret almağa getmiş, Cəmilə isə bağçaya uşağı götürməyə getmiş, o, isə avtomobildə əyləşmişdir. Həmin vaxt həmkəndlisi Kösü kimi tanıdığı Təqsirləndirilən şəxs Rufullanın qarşısını kəsərək onunla mübahisə etməsini görüb avtomobildən düşdükdə Kösünün sərxoş olmasını görmüşdür. O, Kösüyə etdiyi hərəkətin ayıb olmasını dedikdə Kösü onu da təhqir edib Rufullagili kəndə gətirdiyinə görə irad bildirmişdir. O, Kösünü sakitləşdirmiş və oradan uzaqlaşdırmışdır. Kösü sərxoş olmuş və danışdıqlarını da başa düşmək olmamışdır. Daha sonra avtomobilə minmiş, Rufulla və Cəmiləni qızlarının evinə düşürmüşdür. Təxminən bir saat sonra Turanə ona zəng edərək Kösünün atasının ayağını daşla əzməsini deyib onu həkimə aparmaq lazım olmasını demişdir. O, da gedib avtomobili ilə Rufullanı həkimə aparmışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada Rufulla, Cəmilə, onların körpə (2 yaşlı) nəvəsi, o və Kösü olmuşdur. Başqa yanlarında heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şəmkir rayonu, Qədimqala kəndində ailə üzvssləri ilə birlikdə Şəmkir yaşayır, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, Turanə də onunla qonşuluqda yaşayır, atası Rufulla və anası Cəmilə isə onunla yaşayır. Onların heç biri ilə ədavət və düşmənçiliyi yoxdur, yaxşı münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində evdə olan zaman küçədə səs-küy eşidərək çölə çıxmış və Rafikin evlərinin qarşısında Turanə, atası və anası ilə mübahisə etdiyini, bir-birilərini söydüklərini eşitmişdir. O, görən zaman Rafik əyilib qumun yanında olan daşlardan götürmək istəmiş, lakin o, imkan verməmiş və Rafiki sakitləşdirmiş, qarşı tərəfi isə evlərinə yola salmışdır. O, çölə çıxanda Rafik yerdən daş götürüb onlara atmaq istəmiş, lakin o, buna imkan verməmişdir. X15 daşla xəsarət yetirmişdirsə də o, küçəyə çıxanadək olan müddətdə olmuşdur. Qeyd etmişdir ki, Rafik həmin vaxt sərxoş vəziyyətdə olmuş, bu onun hərəkətlərindən və danışığından aydın formada hiss edilmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, dava-dalaş təxminən 10 dəqiqə davam etmiş və həmin vaxt orada o, olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 iyul 2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir RPŞnin təhqiqatçısı polis mayoru X5, Zərərçəkmiş şəxs, X4 və X2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mişar daşı götürülmüşdür. xx.xx.2024-cü il tarixli ********* nömrəli qərardan görünür ki, fakta görə Azərbaycan Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə başlanılmışdır. 25 avqust 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 127.2.2-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 25 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X7” Publik Hüquqi şəxsin 02 iyul 2024-cü il tarixli 614 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol çənə bucağı nahiyəsinin yumuşaq toxumalarının ağrı halında əzniyi küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 01 iyul 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi ekspertiza və X7” Publik Hüquqi şəxsin 02 iyul 2024-cü il tarixli 615 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol ayaq pəncəsinin şişkinlik fonunda qançırı, sol ayaq pəncəsinin ayaqarxası səthi əzilmiş yaraları və sol ayağın 3-cü barmağının orta falanqasının sınığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 01 iyul 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3cü maddəsi nəzərə alınaraq 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 513 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Şəmkir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. xx.xx.2024-cü il tarixli Şəmkir RİHB Qədimqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarkterizə olunur. xx.xx.2024-cü il tarixli “ axtarışda olmuş şəxsin tutulması haqqında”, “şübhəli şəxsin tutulması haqqında protokollardan və xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:45 radələrində Şəmkir rayon ərazisində salanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, Azərbaycan Respublikası 127.2.3-cü maddəsilə nəzaərdə tutulan cinayətdə şübhəli bilinərək tutulmuş və xx.xx.2024-cü il tarixdə Əliyev X9 RPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti xüsusi amansızlıqla törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun olmamaqla, Təqsirləndirilən şəxs CM-in 127.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. Məhkəmə istintaq zamanı dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə şəxsi münasibətlər zəminində baş vermiş, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməmişdir. Belə ki, istintaq zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs 01 iyul 2024cü il tarixdə, saat 17 radələrində yaşadığı Şəmkir rayonu Qədimqala kəndinin mərkəzində Zərərçəkmiş şəxs təsadüfən görüb onunla bir neçə gün əvvəl yaşadığı kənddə yerləşən uşaq bağçasının müəllimlərinin ünvanına söyüş söyməsinə görə mübahisə edib yaşadığı evə getdikdən sonra həmin mübahisəni aydınlaşdırmaq məqsədi ilə evinin qarşısına gələn X6 ilə şəxsi münasibətlər zəminində yenidən mübahisə etmiş, həmin mübahisə zamanı evinin qarşısındakı qumun kənarına düzülmüş mişar daşını götürüb X1 ayağına zərbə ilə vurmuşdur. Məhkəmə hesab edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə (həmçinin sonuncunun yanında olmaqla hazırkı iş üzrə şahid qismində keçən şahidlərlə) aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməsi faktı əsaslı şəkildə müəyyən edilsə də, həmin xüsusata düzgün hüquqi qiymət verilməmiş, zərərçəkmiş şəxsin hadisə yerində olan qızı və arvadının gözü qarşısında xəsarətin yetirilməsi cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilmiş və bunun nəticəsi kimi təqsirləndirilən zərərçəkmiş şəxsə qəsdən xəsarət yetirməsi ilə ifadə olunmuş cinayət əməli Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Yuxarıda şərh edilənlər cinayət işinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar əsasında araşdırılmış işin bütün faktiki halları ilə təsdiq olunsa da, yəni cinayət əməlinin şəxsi münasibətlər zəminində mübahisə zamanı törədilməsinə baxmayaraq, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini xüsusi amansızlıqla törətdiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini xüsusi amansızlıqla törətməməsi qənaətinə gələrək, həmçinin göstərilməlidir ki, məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və onun yaxın qohumlarına əzab verdiyini dərk etməklə vurmamışdır, hadisələrin təsadüfi axarı nəticəsində onun sağlamlığına az ağır xəsarət yetirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin mənasına görə qəsdən sağlamlığıa az ağır zərər vurma cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Məhkəmə istintaqı zamanı kifayət qədər araşdırılmış sübutların cinayət işinin materialları ilə birlikdə tədqiq olunması nəticəsində Təqsirləndirilən şəxs cinayət törədərkən onun əməlində xüsusi amansızlıq göstərdiyini təsdiq edən hər hansı hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən təqsirləndirilənin qəsdinin məhz xüsusi amansızlıqla törətməyə yönəldilməsi müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən yuxarıda göstərildiyi kimi zərərçəkmişə xüsusi ağrılar yetirilməsi halları da müəyyən olunmamışdır. Bununla da, yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cinayət işinin məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs, arvadı Şahid1 və qızı Şahid3 Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gələrək mübahisə etməyə başlamışlar və hadisənin axarı zamanı Zərərçəkmiş şəxs qarşı cinayət törədərkən təqsirləndirilənin qəsdinin məhz xüsusi amansızlıqla törətməyə yönəldilməsinin müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni, törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda, yuxarıda şərh edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xüsusi amansızlıqla qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Həmçinin Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsinə və məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş qarşı törətdiyi əməl qəsdən sağlamlığa az ağır zərər vurma əməli kimi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin yaşadığı yerdə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Cinayət işi üzrə Şəmkir Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan bir ədəd mişar daşı məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Gsstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Şəmkir Rayon Polis Şöbəsində maddi sübut kimi saxlanılan bir ədəd mişar daşı məhv edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-53/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-53/2025
28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver