Məhkəmə qərarları › İş №1(076)-55/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-55/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-55/2024 17.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, M.Əhmədov küçəsi, 4 döngə, ev-46 da qeydiyyatda olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü ki, o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, eləcə də nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan, eləcə də alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə yaşayış məntəqəsində sürət həddi 50 km/saat artıq, yəni 80 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «FORD ESCAPE» markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, S.Sərxanlı küçəsi ilə üzü Şəmkir rayonu, Dəllər qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməli olduğu halda yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib, yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirərək idarə etdiyi avtomobili özünə nisbətdə yolun sağ kənarında olan hasara və telefon dirəyinə çırpmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs çənəaltı nayihəsinin və sol baldırın yuxarı üçdə birinin əzilmiş yaraları, çənə sümüyünün sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri yetirməklə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda, eləcə də nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir şəhəri, M.Əhmədov küçəsi, 4 döngə, ev-46 da qeydiyyatda olmasına baxmayaraq, Şəmkir rayonu, Yeni-Həyat kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. “Ford Escape” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur və hadisədən sonra həmin avtomobili satmışdır. Həmin avtomobil öz adına olsa da avtomobilə məxsus qeydiyyat şəhadətnaməsini 2 il əvvəl itirmiş və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində anası X4 ilə birlikdə ona məxsus olan avtomobillə Şəmkir şəhəri, S.Sərxanlı küçəsində yaşayan Səlahəddin Səməndər oğlunun evində keçirdiyi şənlik mərasiminə getmişlər. Orada yemək yeyərkən spirtli içki qəbul etmişdir. Axşam saat təxminən saat 19:30 radələrində anası Zərərçəkmiş şəxs ona evə getməyi təklif etmiş, o anasının təklifi ilə razılaşaraq küçəyə çıxmışlar. O, saat 19:30 radələrində avtomobilinə əyləşərək anası Azadə ilə birlikdə evinə gələrkən Şəmkir şəhəri, S.Sərxanlı küçəsində hərəkətdə olan zaman, idarə etməni itirərək yolun sağında olan telefon dirəyinə sonra isə qəbirstanlığın hasarına dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Həmin vaxt anası Azadə və o özü müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Xəsarət aldıqdan sonra Şəmkir RTTY-nin əməkdaşları onları Şəmkir MRX-na aparmışlar. Orada onlara tibbi yardım göstərilmişdir. O, etdiyi əmələ görə peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilmişdir, zərərçəkmiş şəxs anası olmaqla onunla barışmışlar. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınıb məhkəmədən ona aşağı həddə cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Şəmkir şəhəri, M.Əhmədov küçəsi, 4 döngə, ev-46 da qeydiyyatda olmasına baxmayaraq, Şəmkir rayonu, Yeni-Həyat kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Onun qudasının oğlu əsgərlikdən gəldiyi üçün onlar 12 oktyabr 2022-ci il tarixdə Şəmkir şəhərində yerləşən evlərində yığıncaq etmişdir. Yığıncaqda iştirak etmək üçün oğlu Təqsirləndirilən şəxs məxsus “Ford Escape” minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobillə qohumlarının yaşadıqları evə getmişlər. Oğlu Təqsirləndirilən şəxs orda spirtli içki qəbul etmişdir. Onlar yığıncaqdan çıxdıqdan sonra öz yaşadıqları evə getmək üçün oğlu Vüsala məxsus “Ford Escape” minik markalı, avtomobillə hərəkətə başlamışlar. 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Escape” markalı avtomobillə Şəmkir şəhərində “Sərxanlı qəbirstanlığı”nın yanından keçərkən oğlu Vüsal sərxoş vəziyyətdə olduğu üçün idarə etməni itirmiş, nəticədə avtomobil qəbiristanlığın hasarına çırpılmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində o, çənə sümüyünün sınığı və baldırıının əzilməsi xəsarətlərini almışdır. Xəsarət aldıqdan sonra xəstaxanada müalicə olunmuşdur. Hazırda səhhəti normaldır. Hadisə zamanı avtomobili idarə edən oğlu Təqsirləndirilən şəxs da xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəmkir rayon polis şöbəsinin DYP-də yol polisi inspektoru vəzifəsində işləyir. Şəmkir şəhər sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Əvvəllər heç biri ilə aralarında hər hansı qohumluq münasibətləri, ədavət yaxud narazılıq olmamışdır. 12 oktyabr 2022-ci il tarixdə saat 20:50-də o, xidmətdə olarkən Şəmkir rayon X1 RPŞ-nin Növbətçi hissəsinə Şəmkir şəhəri, S.Sərxanlı küçəsində yol nəqliyyat hadisəsi baş verməsi və bu hadisə nəticəsində 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs xəsarət alması barədə məlumat verilmişdir. Həmin məlumat əsasında o da əməliyyat qrupunun üzvləri ilə birlikdə dərhal hadisə yerinə getmişdir. Hadisənin Şəmkir şəhəri, S.Sərxanlı küçəsində baş verdiyini müəyyən etmişlər. Hadisə yerində olan “Ford Escape” minik markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Şəmkir şəhəri, S.Sərxanlı küçəsində hərəkətdə olan zaman, idarəetməni itirməsi nəticəsində idarə etdiyi avtomobili yolun sağ kənarındakı telefon naqilinin dirəyinə və yolun sağında olan hasara dəymişdir. Hadisə nəticəsində Təqsirləndirilən şəxs üzün didilmiş yarası, alt çənin əzilmişcırılmış yarası xəsarəti, eləcə də həmin avtomobildə sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs alt çənənin əzilmiş-cırılmış yarası, çənə sümüyününü sınığı, sol büdün yuxarı 1/3-nin cırılmış yarası xəsarətləri almışlar. Bundan sonra baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerində ilkin yoxlama aparılmış, yolun ölçüləri və piyadanın vurulduğu yer dəqiqləşdirilərək, təhqiqatçı tərəfindən hadisə yerinə baxış protokolu tərtib olunmuşdur. O da həmin baxış protokolunu imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yol-nəqliyyat hadisəsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması qərara alınmışdır. 12 oktyabr 2022-ci il tarixli 238 №-li “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisədən sonra Təqsirləndirilən şəxs 0.05 promilli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhəkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli 8/300 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasəb “Ford Escape” markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikassı Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzuq olmuuş və onun həmin maddənin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsininn tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60km/saat sürətdən artıq sürətlə, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-tibb ekspertizasının 28 aprel 2023-cü il tarixli 425 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – çənəaltı nahiyənin və sol baldırın yuxarı üçdə birinin əzilmiş yaraltı, çənə sümüyünün sınığı KÜT əşyaların təsirindən törənmişlər, yol-nəqliyyat hadoisəsi nəticəsinndə əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 12 oktyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddəttə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. 09 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-16-9/2-651/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş və onun adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq Hüseynov küçəsi, 46 da anası və oğlu ilə birlikdə yaşayır. Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli xasiyyətnamədən görünür ki, müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə görə Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin barışaraq, heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, o cümlədən cəzanı yüngülləşdirən halların olması (ağırlaşdıran hallar müəyyən edilməmişdir), ilk dəfə ehtiyatsızlıqdan cinayət əməli törətməsi və əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunması və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əsas cəza olaraq aşağı həddə cərimə cəzası və əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müəddətə məhrum edilməsi, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və bundan sonra onun davranışını, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və müsbət xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzaya məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələni də müzakirə edərək belə qərara gəlir ki, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut- “Ford Escape” markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197,198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut-Ford Escape markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar