Məhkəmə qərarları › İş №1(076)-62/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-62/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-62/2025 21.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ilə Şəmkir rayonu, Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs Qəzəfər oğlu arasında sonuncun yaşadığı fərdi yaşayış evində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evə sərxoş halda gəlməsinə görə şəxsi münasibətlər zəmnində, yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əl və ayaq zərbləri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahilərinə qəsdən vuraraq, sonuncuya sağ dirsək oynağının yumşaq toxumalarının şişkinlik qançırı və ağrı halında əzniyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Bu hərəkəti ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs tanıyır. Qorxmazla bu günədək heç bir ədavəti və düşmənçilik münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində dostunun toy məclisində iştirak etdiyini, orada olarkən spirtli içki qəbul etmişdir. Təxminən saat 22:30 radələrində toy məclisindən çıxıb Qorxmazla çay içmək üçün onların evinə getmək qərarına gəlmiş, bunun üçün şadlıq sarayının qarşısında taksilik fəaliyyəti ilə məşğul olan adı ona sonradan məlum olan Şahid2 yaxınlaşıb onu Şəmkir rayonu, Düyərli kəndinə aparmasını xahiş etmişdir. Şahid2 onu Qorxmazın yaşadığı evin yaxınlığına gətirib düşürdərək oradan çıxıb getmişdir. O saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına yaxınlaşıb evin həyətyanı qapısını yoxlamış, evin qapısı bağlı olduğu üçün evin hasarından aşaraq evə daxil olmuşdur. Evin içərisində Zərərçəkmiş şəxs ilə qarşılaşmış, orada Zərərçəkmiş şəxs ondan sərxoş halda nə üçün evə gəldiyini və hansı vəziyyətdə evə daxil olduğunu soruşmuş, o Qorxmaza yalnış olaraq arvadı Nuranənin qapını açdığını demişdir. Bundan sonra Qorxmaz qapının Nuranə tərəfindən açılmasını dəqiqləşdirmək üçün onu Nuranənin yatdığı zirzəmiyə dəvət etmişdir. Orada Nuranə qapını ona açmadığını Qorxmaza demiş, bu zaman Qorxmazla mübahisələri yaranmış, mübahisə zamanı Qorxmazı əli ilə bir neçə dəfə vurmuşdur. Qarşılıqlı olaraq Zərərçəkmiş şəxs da onu vurmasını, həmin vaxtı Şahid1 onu sakitləşdirib evdən çölə çıxartdığını bildirmişdir. O tanımadığı taksiyə əyləşib evə getmiş, daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun tərəfindən döyülərək xəsarət aldığına görə rəsmi qaydada şikayət etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 onun arvadıdır. 2007-ci il tarixdən evlidirlər və birgə nigahlarından 3 övladları vardır. O ikinci qrup əlil olduğu üçün işliyə bilmədiyini, bu məqsədilə arvadı Şahid1 toylara gedərək qab-qacaq yuduğunu bildirmişdir. Arvadı Nuranə ona bildirmişdir ki, Kamran ona zəng edib, ona məhərrəmlik ayı olması səbəbilə toy mərasimlərinin olmadığını, əgər qapıda görüləsi hər hansı bir iş varsa gəlib görməsini, əmək haqqı olaraq 5 manat pul alacağını demişdir. O da Nuranǝyǝ Kamranın gəlib evin həyətyanı sahəsində alaq otlarının təmizləmisinə ona kömək etməsini, 5 manatda pul verəcəyini demişdir. Buna görə də Kamran bir neçə dəfə onun yaşadığı evə gəlibgetmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:30 radələrində evdə olan zaman Nuranə ona bildirmişdir ki, Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng edib onu narahat etdiyini bildirmişdir. Nuranə evin birinci mərtəbəsində yerləşən yataq otağına keçmiş, o da siqaret çəkib ikinci mərtəbəyə öz yataq otağına qalxmışdır. Övladları isə evin birinci mərtəbəsində arxa tərəfdə yerləşən yataq otağında yatdıqlarını, saat təxminən 23:30 radələrində o ikinci mərtəbəyə qalxan zaman qaraltının keçdiyini görmüş, elə zənn etmiş ki, oğlu Ayxandır. O bir neçə dəfə Ayxan Ayxan deyərək səslənsə də cavab verən olmamış, pilləkənlə aşağıya düşmüşdür. Həmin vaxt Kamranın olduğunu görmüş və ona evin qapısını bağladığını, necə evə daxil olduğunu soruşmuşdur. Kamran ona evin qapısını Nuranənin açdığını bildirmişdir. O Kamranın sözünə inanmadığı üçün Kamran ilə birlikdə Nuranənin yatdığı yataq otğına keçmiş, Nuranə qapını açmadığını, yatdığını və məlumatının olmadığını bildirmişdir. O Kamranın sərxoş olmasını görmüş və ona evdən getməsini bildirmişdir. O evin qapısı tərəfinə getdiyini, Kamranın arxası ilə gəlib evdən çıxıb getməsini bildirmişdir. Təxminən bir neçə dəqiqə olardı ki, Kamranın gəlməsini gözləmiş, lakin Kamran gəlməmişdir, o geri qayıtmış, Kamranı arxaya tərəf dartmış, Kamran onu əli ilə vurmağa başlamışdır. Nuranə onu sakitləşdirmək üçün tutub saxlamış, daha sonra Kamran Nuranənin əlində çıxaraq onu bir neçə dəfə ayaq zərbələri ilə vurmuşdur. O həmin vaxt mətbəx otağına tərəf qaçmış, Kamran da onun arxası ilə metbex otağına gəlmişdir. Daha sonra o evin həyətyanı sahəsinə qaçmış, Kamran onun arxası ilə həyətyanı sahəyə gəlmiş və bir neçə dəfə onu vurmuşdur. Kamran onu yenə vurmaq istəyən vaxt o bir yumruq zərbəsi ilə Kamranın sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt Kamran silkələnmiş, Kamran arxası üstə yerə uzanmışdır. Kamran bir neçə dəqiqədən sonra özünə gəlmiş, lakin ayağa qalxıb evdən çıxıb getmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əridir. Qorxmazla 18 il olar ki, rəsmi qaydada ailə həyatı qurmuşlar və birgə nikahlarından 3 övladları vardır. O kənd ərazisində və ətraf kəndlərdə toy və yas məclislərində qab-qacaq yuduğunu, təxminən 1 ay olar ki, onunla toy mərasimində ofsiant kimi işləyən əslən Tovuz rayonundan olan Kamran adlı şəxslə tanış olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində yaşadığı evinin ikinci mərtəbəsində səs-küyün gəldiyini eşitmiş, Kamranın sərxoş olduğunu evin ikinci mərtəbəsinə qalxdığını və orada əri Qorxmazla qabaqlaşdığını görmüşdür. Kamran əri Qorxmaza qapinin onun açdığını dediyi üçün Qorxmaz aydınlıq gətirməyə görə Kamranı onun yanına gətirmiş, ondan qapının açdığını Qorxmaz soruşarkən Qorxmaza açmadığını demişdir. Həmin an onların aralarında mübahisə yaranmış, mübahisə zamanı Kamran əri Qorxmazı əlləri ilə vurub boğazından tutub sıxmışdır. O onları aralamış, daha sonra qapını açmışdır ki, Kamran çıxıb getsin. Buna görə də əri Qorxmaz onun barəsində şikayət etmişdir. İş materiallarında olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 873 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- başın tüklü hissəsində təpə nahiyəsinin, sol əlin 3-cü barmağının orta falanqasının arxa səthinin, hər iki diz oynağının sıyrıqları və sağ dirsək oynağının yumşaq toxumalarının şişkinlik qançır və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 11 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə sağ dirsək oynağının yumşaq toxumalarının şişkinlik qançır və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, başın tüklü hissəsində təpə nahiyəsinin, sol əlin 3-cü barmağının orta falanqasının arxa səthinin, hər iki diz oynağının sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.. İşdə olan Tovuz RİHB–nin Tovuz Şəhər İ.Ə.D-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Şəmkir rayonu, Düyərli kəndində yaşayan Zərərçəkmiş şəxs Qəzəfər oğlu arasında sonuncun yaşadığı fərdi yaşayış evində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evə sərxoş halda gəlməsinə görə şəxsi münasibətlər zəmnində, yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs əl və ayaq zərbləri ilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahilərinə qəsdən vuraraq, sonuncuya sağ dirsək oynağının yumşaq toxumalarının şişkinlik qançırı və ağrı halında əzniyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurması özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili X1 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar