Məhkəmə qərarları › İş №1(076)-65/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-65/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-65/2025 09.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1988-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 10 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Quba Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində yaşadığı Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən X5 məxsus yarımtikili evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki kilidli otaqdakı saxlanılan həmin evdə usta işləyən Zərərçəkmiş şəxs məxsus 70 manat dəyərində bir ədəd Bosch markalı Çin dövlətində istehsal olunmuş qutuda qablaşdırılmış 26 mm, 220V-50/60HZ 800 vv göstəriciləri olan 1 il istifadədə olmuş perforatoru, 100 manat dəyərində bir ədəd Rusiya Federasiyasında istehsal olunmuş YPA/T3VUH markalı, YHT1B5- 620-500 göstəriciləri olan 5 ay istifadədə olmuş benzinlə işləyən mişarı, 10 manat dəyərində bir ədəd 3 gözlü Çin dövlətində istehsal olunmuş 2,5 mm-lik mis naqildən 10 metrlik il istifadədə olmuş uzadıcını, 20 manat dəyərində bir ədəd 3 gözlü Çin dövlətində istehsal olunmuş 4 mm-lik mis naqildən 15 metrlik il il istifadədə olmuş uzadıcını, 15 manat dəyərində bir ədəd 3 gözlü Çin dövlətində istehsal olunmuş 15 metr uzunluğunda 2.5 mm-lik naqili olan uzadıcını, 70 manat dəyərində bir ədəd Bosch markalı Çin dövlətində istehsal olunmuş 26 mm, 220V- 50/60HZ 800 vv göstəriciləri olan 8 ay istifadədə olmuş perforatoru, 70 manat dəyərində bir ədəd Roce markalı, Çin dövlətində istehsal olunmuş 350 VV-luq, elektrik enerjisi ilə işləyən 2 il istifadədə olmuş perforatoru, 50 manat dəyərində bir ədəd İnterscol markalı Çin dövlətində istehsal olunmuş, 12 votluq 1 il istifadədə olmuş direli, 42 manat dəyərində 60 metr uzunluğunda 6 mm-lik mis materialdan üzəri izolyasiya olunmuş kabeli və 35 manat dəyərində 35 metr uzunluğunda 8 mm-lik mis materialdan üzəri izolyasiya olunmuş kabeli gizli yolla talayıb oğurlamaqla zərərçəkmiş şəxsə 482 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X5 məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evində usta kimi işləyir. X5 məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evində usta kimi işlədiyi vaxt ərzində özünə məxsus ləvazimatları həmin evin 1-ci mərtəbəsində yerləşən otağa qoyaraq otağın qapısını qıfıl ilə bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində özünə məxsus ləvazımatları usta işlədiyi həmin evin 1-ci mərtəbəsində yerləşən otağa qoyaraq otağın qapısını qıfıl ilə bağlayıb, yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində X5 məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evinə işləmək üçün gələn zaman evin darvazasının açıq olduğunu görmüşdür. Özünə məxsus ləvazimatları qoyduğu həmin evin 1-ci mərtəbəsində yerləşən otağa baxan zaman isə otağın qapısının kilidinin sındırıldığını aşkar etmişdir. Otağa daxil olduqdan sonra isə naməlum şəxs və ya şəxslərin ona məxsus hər biri 70 manat dəyərində olan 2 ədəd perfaratoru, 1 ədəd 100 manat dəyərində olan batareya ilə işləyən direli, 1 ədəd 40 manat dəyərində elektrik ilə işləyən direli, 1 ədəd 150 manat dəyərində benzin ilə işləyən mişarı, 4 ədəd hər biri 20 manat dəyərində olan uzadıcı naqilləri və 70 manat dəyərində 30 metr uzunluğunda olan elektrik naqilini gizli yolla oğurladıqlarını aşkar etmişdir. Ona məxsus ləvazimatların oğurlanmasını aşkar etdikdən sonra Şəmkir RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində o, yaşadığı evdə olanda polislər onlara gələrək qardaşı Rasimin oğurluq etdiyini və Rasimin harada olduğunu soruşmuşlar. O, polislərə Rasimin hazırda evdə olmadığını və səhər tezdən evdən getdiyini bildirmişdir. Rasimin harada olmasını bilmədiyinə görə polislərə yerini bilmədiyini demişdir. 13 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evdə olanda Elnur adlı taksi sürücüsü gəlmiş və qardaşı Rasimin yol haqqı əvəzinə ona verdiyi 1 ədəd elektrikli direli, 1 ədəd benzin ilə işləyən mişarı ona verib getmişdir. O, evə baxanda əlavə olaraq 3 ədəd uzadıcı naqilləri tapmışdır. Rasimin oğurladığı əşyaları tapdıqdan sonra polislərə zəng edib məlumat vermiş və polislər gələndə həmin əşyaları təqdim etmişdir. Qardaşının oğurluq etdiyini polislərdən bilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Şiştəpə kəndində yaşayır. Rasimi kənd sakinləri Qaqış kimi tanıyır.xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı kəndin mərkəzində yerləşən çayxanada olanda Rasim ona yaxınlaşaraq Şəmkir rayonu ərazisində yerləşən 4 yol deyilən yerə getmək istədiyini demişdir. O, Rasimə gediş haqqı kimi 10 manat pul istəmişdir. Rasim ona həmin vaxt pulunun az olduğunu deyib, gediş haqqı kimi 5 manat verəcəyini bildirmişdir. O, həmin vaxt Rasimlə razılaşdığı üçün Rasim idarə etdiyi avtomobilə minib ona avtomobili yaşadığı evə sürməyi demiş, əşyaların götürəcəyini bildirmişdir. O, avtomobili Rasimin yaşadığı evin yaxınlığına sürdükdən sonra Rasim avtomobildən düşüb yaşadıqları evin məhləsinə daxil olub, əlində bazar çantası ilə geri qayıtmışdır. Rasim avtomobilə yaxınlaşıb, əlində olan bazar çantasını avtomobilin yük yerinə qoyub yenidən avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Rasim avtomobilə əyləşdikdən sonra usta olduğunu deyib pulu olmadığı üçün ləvazimatlarını satıb yol pulu edəcəyini deyib, avtomobili Şəmkir rayonunda yerləşən “Yamin“ şadlıq sarayının yaxınlığına sürməyini bildirmişdir. “Yamin” şadlıq sarayının yanına gəldikdən sonra Rasim avtomobilin yük yerinə qoymuş olduğu çantasındakı perfaratoru satacağını deyib avtomobildən düşüb tanımadığı şəxsin yanına getmişdir. O, həmin vaxt bir necə dəqiqə avtomobildə Rasimi gözləmişdir. Rasim avtomobildən götürdüyü perfaratoru sata bilmədiyi üçün yenidən yanına gəlib onu Şəmkir rayonu 4 yol deyilən yerə aparmağını istəmişdir. Ona avtomobildə olarkən bildirmişdir ki, gediş haqqının əvəzinə ona 1 ədəd mişar və direl verə bilər. O, Rasimlə razılaşmış və bundan sonra Rasimi Şəmkir rayonu ərazisində yerləşən 4 yol deyilən yerə apardıqdan sonra Rasim ona 7 manat gediş haqqı verib, avtomobilin yük yerindən bazar çantasını götürüb, Bakı şəhərinə gedən avtobusa minib getmişdir. O, bundan sonra Rasimin verdiyi direl və mişarı yaşadığı ünvana aparmışdır. Səhəri gün Şəmkir RPŞ-nin əməkdaşları yaşadığı ünvana gəldikdən sonra Rasimin harada olması və oğurluq etdiyi barədə məlumat vermişlər. O, Rasimin yerini bilmədiyini bildirdikdən sonra polis əməkdaşları yaşadığı ünvanı tərk edib getmişlər. O, bundan sonra Rasimin ona verdiyi direl və elektrik mişarını Rasimin yaşadığı ünvana aparıb qardaşına vermişdir. Təqsirləndirilən şəxs oğurluq etməsi barədə onun məlumatı Şəmkir RPŞ-nin əməkdaşları yaşadığı ünvana gəldikdən sonra olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştiraki ilə Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən yaşayış olmayan fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 13 sentyabr 2023-cü il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 ədəd elektrik ilə işləyən direl, 01 ədəd benzin ilə işləyən mişar və 03 ədəd uzadıcı naqillər götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 13 noyabr 2023-cü il tarixli 9/7876 nömrəli məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən fotoşəkilləri təqdim edilmiş 5 adda malların və fofoşəkilləri teqdim edilməyən 5 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümuni dəyəri nəzəri qaydada təxminən 482,00 (215,00 + 267,00) manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarında olan DİN BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM–nin 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 iyul 2018-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanunun tətbiqi ilə əlaqədar cəzası azaldılıb 03 il təyin edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubılikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq ona 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM–nin 177.2.2 və 177.2.3–cü maddələri ilə təqsirli bilinərək, CMnin 66.5-ci maddəsinə əsasən ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 10 gün cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan Quba Rayon Məhkəməsinin 12 iyun 2024cü il tarixli, 1(027)-108/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM–nin 228.1 və 234.1–ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2024-cü il tarixdən hesablanmışdır. İşə əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti qismən təmin edilərək Quba Rayon Məhkəməsinin 1(027) 108/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilərək, Azərbaycan Respiblikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsilə təyin edilmiş 02 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 234.1-ci maddəsilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanmaqla ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Şiştəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayaraq oğurluq cinayət əməlini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 177.2.3–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Əməlində cinayətlərin təhlükəli residivinin olmasını məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivi sayılır. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, cəzanı ağırlaşdırılan halların və cəzanı yüngülləşdirən halların mövcudluğunu, qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.5ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhlükəli residiv olduğundan ona təyin olunacaq cəza təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ciddi cəza növünün üçdə ikisindən az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müəddətinin əvvəli 30 yanvar 2024–cü il tarixdən hesablanmalı, onun Quba Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Bosch” markalı qutuda qablaşdırılmış 26 mm, 220V-50/60HZ 800 vv göstəriciləri olan perforatoru, 01 ədəd YPA/T3VUH markalı, YHT1B5-620-500 göstəriciləri olan benzinlə işləyən mişar, 01 ədəd 3 gözlü 2,5 mm-lik mis naqildən 10 metrlik uzadıcı, 01 ədəd 3 gözlü 4 mm-lik mis naqildən 15 metrlik uzadıcını, 01 ədəd 3 gözlü 15 metr uzunluğunda 2.5 mm-lik naqili olan uzadıcı sahibi R. Rüstəmova qaytarılmalı, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2024–cü il tarixdən hesablansın və onun Quba Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ-də saxlanılan, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Bosch” markalı qutuda qablaşdırılmış 26 mm, 220V-50/60HZ 800 vv göstəriciləri olan perforatoru, 01 ədəd YPA/T3VUH markalı, YHT1B5-620- 500 göstəriciləri olan benzinlə işləyən mişar, 01 ədəd 3 gözlü 2,5 mm-lik mis naqildən 10 metrlik uzadıcı, 01 ədəd 3 gözlü 4 mm-lik mis naqildən 15 metrlik uzadıcını, 01 ədəd 3 gözlü 15 metr uzunluğunda 2.5 mm-lik naqili olan uzadıcı sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar