Məhkəmə qərarları › İş №1(076)-67/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-67/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-67/2024 28.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi–Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983–cü il tarixdə Şəmkir rayonu, Könüllü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən, subay, himayəsində bir nəfər azyaşlı uşağı olan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan 24 aprel 2023-cü il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Abbaslı kəndində yaşayan Zərərçəkmiş şəxs2 məxsus 2010-cu il buraxılışlı, qeydiyyat şəhadətnamə nömrəsi AB № 417949 olan, VAZ-2107 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncuya məxsus Şəmkir rayonu, Abbaslı kəndində yerləşən əkin sahəsində dayanmış vəziyyətdə olmasından istifadə edib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək niyyəti ilə qaçırmışdı. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 29 iyun 2023-cü il tarixdə saat 02 radələrində Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1998-ci il buraxılışlı, qeydiyyat şəhadətnamə nömrəsi AD 190319 olan, VAZ-21063 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evinin qarşısında dayanmış vəziyyətdə olmasından istifadə edib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək niyyəti ilə qaçırmışdır. Bundan başqa o, təkrarən talama məqsədi olmadan 29 iyun 2023-cü il tarixdə saat 08 radələrində Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayan Zərərçəkmiş şəxs1 məxsus 2007-ci il buraxılışlı, qeydiyyat şəhadətnamə nömrəsi BD 275102 olan, VAZ-21074 markalı, **-BS-*** qeydiyyat nömrə nişanlı avtomobili sonuncunun yaşadığı Şəmkir rayonu, Düzqışlaq kəndində yerləşən əkin sahəsində dayanmış vəziyyətdə olmasından istifadə edib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək niyyəti ilə qaçırmışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 24 aprel 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb piyada xalası oğlunun yaşadığı Şəmkir rayonu, Abbaslı kəndinə gedən zaman yolda boş sahədə VAZ-2107 markalı, avtomobil olduğunu görmüş, həmin avtomobilə yaxınlaşan zaman avtomobilin qapısının açıq olduğunu, avtomobiln açarının üzərində olduğunu görmüşdür. Həmin avtomobilin açarının üzərində olduğunu gördüyü üçün bir qədər avtomobili idarə edib rayon ərazisində gəzmək istəmiş, avtomobili işə salmış, həmin yerdən tanımadığı şəxsə məxsus olan avtomobillə yaşadığı Şəmkir rayonu, Könüllü kəndində yerləşən evə gəlmişdir. Avtomobili evin qarşısında saxlamış, bu zaman atası avtomobilin kimə məxsus olduğunu ondan soruşmuşdur. İlk növbədə atasına yalan danışmış, avtomobilin qohumlarına məxsus olduğunu, sürmək üçün ona verdiyini demişdir. Lakin sonradan atasına avtomobili qaçırdığını, avtomobilin ona məxsus olmadığını demişdir. Atası isə bu zaman telefonla polis sahə rəisinə və başqa şəxslərə onun avtomobil qaçırdığını bildirmişdir. Bir qədər sonra isə polis əməkdaşları yaşadığı evə gələrək onu və avtomobili aparmışlar. Bundan başqa 29 iyun 2023-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı Şəmkir rayonu, Könüllü kəndində gəzən zaman əmisinin qonşusu Turala məxsus VAZ-2106 markalı, **-BJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin açarının üstündə olduğunu görmüş, həmin avtomobili bir qədər sürüb sonradan gətirib yerinə qoymaq qərarına gəlmişdir. Şəmkir rayonu Qılıncbəyli yolu ilə hərəkətə başlamış, Şəmkir rayonu Düzqışlaq kəndində olan zaman saat təxminən 03 radələrində Turala məxsus avtomobilin benzini qurtarmışdır. Bu zaman ətrafda gəzməyə başlamış, yaxınlıqda VAZ-2107 markalı, **-BS-*** qeydiyyat nömrə nişanlı avtomobil olduğunu görmüşdür. Avtomobilə yaxınlaşıb avtomobildə kimin isə olub-olmadığına baxmış, avtomobildə heç kimin olmadığını, qapısının açıq olduğunu, açarının isə üzərində olduğunu görmüşdür. Turala məxsus qaçırdığı həmin avtomobilə benzin almaq niyyəti ilə VAZ 2107 markalı avtomobilə əyləşib avtomobili işə salmış, VAZ-2107 markalı **-BS-*** qeydiyyat nömrə nişanlı avtomobili Stansiya Şəmkir adlanan əraziyə hərəkət etdirmiş, saat təxminən 07 radələrində orada yolun kənarında butulka ilə benzin satan şəxslərin birindən 2 litr benzin alıb Turala məxsus VAZ-2106 markalı avtomobil olan yer istiqamətinə, yəni Düzqışlaq kəndinə tərəf getmişdir. O, hərəkətdə olan zaman VAZ-2107 markalı avtomobili orada yerləşən istilikxanalardan birinin yanında olan çökəyə salmışdır. Həmin çökəyə düşdükdən sonra avtomobili çıxara bilməyib orada qalmışdır. Bundan bir neçə dəqiqə sonra ətrafda olan şəxslər oraya yığılmış və həmin şəxslər avtomobilin həmkəndlilərinə aid olduğunu deyən zaman həmin avtomobili sahibinin icazəsi olmadan götürdüyünü demişdir. Bundan sonra hadisə barədə polisə məlumat vermişlər. Polis əməkdaşları oraya gələrək onu və avtomobilləri oradan aparmışlar. Avtomobilləri qaçırmaqda məqsədi sadəcə olaraq avtomobil sürüb gəzmək olmuşdur. Sonuncu qaçırdığı VAZ-2107 markalı avtomobili isə Turala məxsus avtomobilə benzin almaq üçün qaçırmışdır. Həmin avtomobillərdən yalnız birinə ziyan vurmuşdur. Düzqışlaq kəndindən qaçırdığı VAZ-2107 markalı avtomobili bilmədən çökək yerə salıb bir qədər zədələnməsinə səbəb olmuşdur. O, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəmiş, onlarla barışıq əldə etmişdir və zərər çəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Hazırda əməlindən peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayonu Düzqışlaq kəndində yaşayır. VAZ 21074 markalı, **-BS-*** qeydiyyat nömrə nışanlı avtomobil ona məxsusdur. Həmin avtomobili özünə məxsus BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə ilə idarə edir. 29 iyun 2023-cü il tarixdə saat 08 radələrində özünə məxsus VAZ-21074 markalı, **-BS-*** qeydiyyat nömrə nişanlı avtomobil ilə yaşadığı Şəmkir rayonu Düzqışlaq kəndində yerləşən evdən çıxıb həmin kənddə yerləşən əkin sahəsinə getmişdir. Avtomobili sahənin yanında saxlamış, avtomobilin açarını oturacağın üstünə qoymuş və əkin sahəsinə getmişdir. Təxminən 2 saat sonra, yəni saat 10 radələrində dostu Xanlar ona zəng edərək avtomobilinin oğurlandığını, kənddə yerləşən su kanalına salındığını bildirib onu həmin yerə çağırmışdır. Kanalın yanına gedən zaman adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin ona məxsus avtomobili onun xəbəri olmadan qapısının açıq olmasından istifadə edərək qaçırdığı, daha sonra isə yolun kənarında yerləşən su arxına aşırdığı məlum olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus VAZ-21074 markalı avtomobili oğurlayıb kanala aşırması nəticəsində avtomobilin ön hissəsi dağılmış, nəticədə ona 450 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Hazırda ona dəymiş maddi ziyandan 50 manat məbləğində pul ödənilməmişdir və onun təqsirləndirilən şəxsdən tələbi dəymiş maddi ziyanın tam olaraq ödənilməsidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şəmkir rayonu Abbaslı kəndində yaşayır. VAZ-21074 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Hər gün həmin avtomobili idarə edərək səhər saatlarında kənd ərazisində yerləşən əkin sahəsinə edir. O, 24 aprel 2023-cü il tarixdə sat 06 radələrində yaşadığı evdən çıxaraq avtomobilə ilə kənd ərazisində yerləşən sahəyə gəlmişdir. Avtomobildən düşdüyü zaman avtomobilin açarını götürməmiş və açar avtomobildə qalmışdır. Təxminən 10-15 dəqiqə sonra isə avtomobilin yanına qayıtdıqda avtomobilin yerində olmadığını və naməlum şəxs tərəfindən qaçırıldığını görmüşdür. O, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Şəmkir RPŞ-nə müraciət edərək bu barədə məlumat vermişdir. Avtomobilində heç bir pul və ya qiymətli əşya olmamışdır. Avtomobilinin salonunda olan əşyalardan və ya hər hansısa bir ehtiyyat hissəsi oğurlanmamışdır. Sonradan ona məlum olmuşdur ki, avtomobilini Könüllü kənd sakini əvvəllər tanımadığı Təqsirləndirilən şəxs qaşırmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Şahid2 təqsirləndirilən şəxs onun oğlu olduğuna görə ona qarşı ifadə verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə baxışı iclasına gəlmədiyinə görə barəsində məhkəmə iclasına məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilərək icra olunması üçün Şəmkir Rayon Polis Şöbəsinə göndərilmiş, Şəmkir rayonu Könüllü kənd İƏD üzrə nümayəndəlik tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Zərərçəkmiş şəxs3 hal-hazırda Rusiya Federasiyasındadır. Məhkəmə Zərərçəkmiş şəxs3 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmadığından, onun ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinin elan olunmasını və həmin ifadə ilə kifayətlənilməsini qərara almışdır. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Könüllü kəndində yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Özünə məxsus VAZ-21063 markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində avtomobili ilə yaşadığı evə gəlmiş, avtomobilini evin qarşısında saxlamış, avtomobilinin qapısını bağlasa da, lakin açarları üzərində qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 07:00 radələrində avtomobilinin evinin qarşısında olmadığını görmüşdür. Qonşulardan soruşanda, Elçin adlı qonşusu gecə saat 03:00 radələrində həmkəndlisi Yameddin adlı şəxsin qapısını döyərək ondan çay istəməsini, bir neçə dəqiqə sonra ona məxsus avtomobilin evin qarşısından hərəkət edərək uzaqlaşmasını görməsini bildirmişdir. O da avtomobilinin Təqsirləndirilən şəxs tərəfindən qaçırılmasını müəyyənləşdirmişdir. O, əvvəllər avtomobilini Təqsirləndirilən şəxs verməmiş, ümumiyyətlə həmin şəxslə aralarında hər hansı bir münasibət yoxdur. O, avtombilin açarlarını avtomobilin üzərində qoymuşdur. Qapısını bağlasada, pəncərəsində nasazlıq olmuş, ehtimal ki, pəncərədən qapını açaraq, daha sonra avtomobili idarə edib evinin qarşısından uzaqlaşmışdır. Avtomobilində heç bir pul və ya qiymətli əşya olmamışdır. Avtomobilinin salonunda olan əşyalardan və ya hər hansısa bir ehtiyyat hissəsindən oğurlananı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə Şəmkir rayonu, Şəmkir-Seyfəli avtomobil yolunun Abbaslı kəndi ərazisində hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, VAZ-21074 markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 iştirakı ilə Şəmkir rayonu, Könüllü kəndində hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 xəxsus VAZ-2106 markalı, **- BJ-*** qeydiyyat nömrə nişanlı avtomobilə Şəmkir rayonu, Düzqışlaq-Qaracəmirli yolunun 4-cü km VAZ-2106 markalı, **-BJ-*** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xəxsus VAZ-21074 markalı, **-BS-*** qeydiyyat nömrə nışanlı avtomobilə və Şəmkir rayonu, Düzqışlaq kəndində hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan 04 iyul 2023-cü il tarixli Ziyan aktından görünür ki, VAZ-21074 markalı, **-BS-*** qeydiyyat nömrə nışanlı avtomobilə 450 (dörd yüz əlli) manat maddı ziyan dəymişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Könüllü kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü ildə anadan olmuş Səbinə adlı bir nəfər yetkinlik yaşına çatmayan uşağı var Cinayət işinin materiallarında olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ziyan ödənilmiş və təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 185.2.2–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 185.2.2–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə qəsdən törədilən cinayətdir. Məhkəmə, təqsirləndirilən şəxsin cinayət nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tamamilə aradan qaldırmasını və onlarla barışıq əldə etməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, eləcə də, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003– ci il tarixli, 4 saylı Qərarının 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus VAZ-2107 markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 məxsus VAZ-21063 markalı **-BJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin və Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı, **-BS-*** qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs1 dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 23 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 məxsus VAZ-2107 markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 məxsus VAZ-21063 markalı **-BJ-*** qeydiyyat nömrə nişanlı avtomobilin və Zərərçəkmiş şəxs1 məxsus VAZ-21074 markalı, **-BS-*** qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 138 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar