Məhkəmə qərarları › İş №1(076)-69/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-69/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-69/2025 07.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 20:30 radələrində əlində olan yanacaq maddə-benzinlə dolu kapron su butulkasını silah qismində istifadə edərək Şəmkir rayon X4 şöbəsinə həkim işləyən Zərərçəkmiş şəxs xidməti iş otağına daxil olaraq heç bir əsaslı səbəb olmadan yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək həmin vaxt xəstəxanada xidmət aparan həkim və tibb personalının xidməti iş rejimini pozmuş, bundan sonra qapını içəridən bağlayıb butulkanın içərisindəki benzini orada döşəmənin üzərinə tökərək inzibati binanı yandıracağı ilə hədələmiş, onun qanunsuz hərəkətlərini eşidən xəstəxananın tibb persanalı ondan qapını açmasını tələb etdikdən sonra özünün qanunsuz hərəkətlərini davam etdirərək xəstəxananın Acil şöbəsinin dəhlizinə çıxaraq yenidən xəstəxananın içərisində nalayiq ifadələrlə ətrafdakı insanları təhqir edərək, xəstəxanın pəncərələrini, qapılarını və qapı şüşələrini sındıraraq ümumilikdə Xəstəxanaya məxsus 1500 (bir min beş yüz) manat məbləğində əmlakı qəsdən məhv edib zədələməklə insanların gur toplaşdığı və xəstələrin müalicə olunduğu ictimai yer hesab olunan Şəmkir rayon Mərkəzi Xəstəxanasının ümumilikdə iş rejiminin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan 10-15 dəqiqə ərzində ətrafda xidmət edən, müalicə və ilkin tibbi yardım alan şəxslərin narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, lakin ifadə verməkdən imtina edərək ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayon X6 şöbəsinin həkim-terapevti vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs müharibə iştirakçısı, həm də xəstəxanaya daimi gəlib gedən qazi kimi tanıyır. 24 aprel 2024-cü il tarixdə növbəli iş rejiminə uyğun olaraq iş yerində xidmət edəndə saat 20:30 radələrində iş yerindəki həkim otağında olduğu zaman adı sonradan məlum olan Təqsirləndirilən şəxs ağrılı və əsəbi halda iş otağına daxil olmuş, qapını içəridən bağlamışdır. İçəri daxil olduğunda Təqsirləndirilən şəxs əlində içərisində benzinlə dolu plastik butulka olduğunu görmüşdür. Namiq içəri daxil olduqdan sonra “mən sizə neyləmişəm” demişdir. O, Namiqdən nəyi nəzərdə tutduğunu soruşduqda, xəstəxanada hansısa işçinin arvadına “sən buna niyə dözürsən” dediklərini bildirmişdir. O, xəstəxana əməkdaşlarına onun arvadına belə bir söz deməsinin mümkün olmadığını, hətta onun arvadını da tanımadıqlarını demişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs daha da hiddətlənib, əlindəki butulkada olan benzini töküb özünü və onu yandıracağını bildirmişdir. O, Təqsirləndirilən şəxslə səmimi söhbət edərək, əzizləyib sakitləşdirməyə çalışmış, lakin Namiq qışqırıb səs küy salaraq sakitləşməmişdir. Təqsirləndirilən şəxs səsini eşidən xəstəxana işçiləri qapını açmağa çalışmışlar. Namiq səs küyü eşidib, bir qədər sonra qapını açmış və dəhlizə çıxmışdır. Namiq yenə də sakitləşməyərək yumruğu ilə həkim otağının qapısına 3 dəfə zərbə vuraraq qapını zədələmiş, həm də sağ əlindən xəsarət almışdır. O, həyəcanlı olduğu üçün tibb işçilərinin köməyi ilə müşahidə palatasına getmişdir. Ancaq Təqsirləndirilən şəxs dəhlizdə səs küyü davam etdirməsini eşitmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirməklə xəstəxananın giriş və digər qapılarını da yumruq zərbələri ilə yararsız hala salmışdır. Xəstəxananın mühafizə əməkdaşlarının Təqsirləndirilən şəxs hərəkətlərinin qarşısını ala bilmədiyini görmüş, 102 xidmətinə zəng edərək kömək istəmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs öz tanışları və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gələrək Təqsirləndirilən şəxs sakitləşdirmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs ilk tibbi yardım göstərilmiş və müşahidə palatasına yerləşdirilmiş, ertəsi gün isə səhhəti normallaşdığı üçün həkim tərəfindən evə buraxılmışdır. Təqsirləndirilən şəxs ona zor tətbiq etməmiş, nə də xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs əlindəki butulkada olan benzini töküb onu və özünü yandıracağını bildirmişdir. Namiqin qanunsuz hərəkətləri təxminən 30 dəqiqə ərzində baş vermiş, hərəkətləri həmin vaxtı iş növbəsində olan tibb bacıları və xadimələrin, həmçinin həmin vaxtı acil şöbəsinə müraciət etmiş xəstələrin də narahatçılığına səbəb olmuşdur. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, 2024-cü ilin fevral ayından Şəmkir rayon X3 Hüquqi şəxsin hüquqşunası vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qiyabı olaraq tanıyır. 25 aprel 2024-cü il tarixdə o, işə gələrkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə saat 20 radələrində əlində plastik qabda olan benzinlə Şəmkir RMX-nin acil şöbəsinin həkimi Zərərçəkmiş şəxs xidməti otağına daxil olaraq sonuncunun iş ahəngini pozaraq Zərərçəkmiş şəxs ölümlə hədələyərək xidməti otağa benzin tökmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs otaqdan çıxaraq xəstəxananın qapılarını və şüşələrini yumruqla sındıraraq yararsız hala salmışdır. Bundan sonra o, xəstəxanaya dəymiş ziyanla bağlı akt tərtib edərək Şəmkir RPŞ-nə və Şəmkir rayon Prokurorluğuna göndərmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon X1 şöbəsinin əməliyyat tibb bacısı vəzifəsində işləyir. Xəstəxananın acil şöbəsində növbəli iş rejimində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir şəxsi ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs müharibə iştirakçısı, həmdə xəstəxanaya daimi gəlib gedən qazi kimi tanıyır. 24 aprel 2024-cü il tarixdə növbəli iş rejiminə uyğun olaraq xəstəxananın Acil şöbəsində xidmət etmişdir. Həmin gün saat 20:30 radələrində Acil şöbəsinin sarı sahəsində olduğu zaman səs küy eşidib, dəhlizə çıxanda həkim Zərərçəkmiş şəxs otağının qarşısında xeyli adamlar toplaşdığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, hansısa şəxs Zərərçəkmiş şəxs otağına daxil olub, qapını da içəridən bağlamaqla həkim Zərərçəkmiş şəxs yandırmaqla hədələyir. Bu zaman mühafizə əməkdaşı qapını açmağa cəhd etsə də aça bilməmişdir. Nəhayət qapını sındırmağa qərar verərkən içəridə olan şəxs özü qapını açıb dəhlizə çıxmışdır. Həmin şəxsin qazi kimi tanıdığı Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs əlindəki plastik butulkadakı benzinlə özünü və həkim Zərərçəkmiş şəxs yandırmaqla hədələmişdir. Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da sakitləşməmiş, əli ilə qapını yumruqla vurması nəticəsində əlindən də xəsarət almışdır. Təqsirləndirilən şəxs acil şöbəsinin taxta materialdan olan qapılarını, daha sonra isə giriş qapısının şüşəsini də sındırmaqla xəstəxanaya da maddi zərər vurmuşdur. Daha sonra Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş və Təqsirləndirilən şəxs sakitləşdirmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs ilk tibbi yardım göstərilmiş və müşahidə palatasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri təxminən 30 dəqiqə ərzində baş vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 Vahid qızının və Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Vahid qızı və Şahid3 da Şahid1 oğlu ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları göstərmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 24 aprel 2024-cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, zərərçəkmiş şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 25 aprel 2024-cü il tarixli, 371 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Nicat, xx.xx.2009-cu ildə anadan olmuş Südabə və xx.xx.2011-ci ildə anadan olmuş Ruslan adlı üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, o, təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X8 Şəxs Şəmkir Rayon X5 Hüquqi Şəxsin derktoru tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanı ödədiyi üçün ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş M/V 113699 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, müharibə veteranı kimi Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-2583 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011–ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM–nin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarının 2–ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221–ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin hərəkətləri ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasını, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsini, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlığı, habelə vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsini özündə ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və onlarla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranı olmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə tərtif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ondan şikayət və tələbinin olmamasını, habelə İİ Qarabağ müharbə iştirakçısı olmasını, müharibə dövründə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxsə və zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəmiş, onlarla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd “Mormor” markalı su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müşahidə kameralarının görüntülərinin yazıldığı 01 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan, Şəmkir RPŞ-də saxlanılan, 01 ədəd “Mormor” markalı su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Müşahidə kameralarından götürülmüş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar