Məhkəmə qərarları › İş №1(076)-7/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-7/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-7/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 14 may 2024-cü il tarixdə Şəmkir şəhərində xx.xx.1978-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və götürülmüş, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi bina 7 mənzil 29-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Totanlı küçəsi ev 90-da yaşamış və 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə 2021-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Seyfəli kəndinin ərazisində, Bakı-Qazax- Gürcüstan magistral avtomobil yolunun kənarında Gürcüstan Respublikasının vətəndaşı Giorgi Napshviliyə məxsus yanmış vəziyyətdə olan, 7000 (yeddi min) manat dəyərindəki “Scania” markalı, OU-388-UU Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı yük maşınını və həmin yük maşınının qoşqusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Gəncə şəhərində yaşamışdır. O, bəzən işi ilə əlaqədar olaraq Şəmkir rayonuna gedib-gəlirdi. Onun Şəmkir rayon Seyfəli kəndi ərazisində, “Seyfəli” yeməkxanasının yaxınlığında təsərrüfat təynatli 4 hektar torpaq sahəsi vardır. 28 dekabr 2020-ci il tarixdə saat təxminən 23 radələrində həmin torpaq sahəsinə gedən yolda, Gürcüstan Reespublikası vətəndaşına məxsus yük maşını qoşqusu ilə birlikdə yanaraq magistral yoldan təxminən 25 metr kənarda qalmış, onun həmin vaxt maddi imkanı olmadığı üçün həmin avtomobili dəmir qiymətinə satmaq qərarına gəlmiş, bundan sonra o, həmin dəmiri ala biləcək şəxs axtarmış, Gəncə şəhərində yük avtomaşınlarının təmiri ilə məşqul olan Sadiq adlı şəxsi taparaq əlaqə saxlamış, həmin yük avtomobilini qoşqusu ilə birlikdə bir hissəsini Şəmkir rayonunda,bir hissəsini isə Gəncə şəhərində “Musayevin” qarajının qarşısında Sadiqə təhvil vermiş, o, həmin yük maşınını Sadiqə verdikdən sonra Sadiq ona həmin avtomobilin qarşılığında 3000 manat pul vermiş, o, həmin avtomobili satmağı nəticəsində 3000 manat pul əldə etmiş, o, həmin avtomobilin kimə məxsus olmasını bilməsə də Gürcüstan maşını olduğunu bilmiş, həmin avtomobili və qoşqusunu o satan zaman bir çox hissəsi sağlam vəziyyətdə olmuş, lakin ona pul təcili olaraq lazım olduğundan o, avtomobili və qoşqusunu dəmir qiymətinə satmış, o, Gəncə şəhər BPİ-də ilkin olaraq izahat verən zaman avtomobili satması barədə Yaşar adlı FHN-nin əməkdaşı ilə danışması, bu barədə polis əməkdaşlarına məlumat verməsi barədə yalan demişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Belə ki, Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş şəxs Georgi Napishvili ifadəsində göstərmişdir ki, “Scania” markalı, OU-388-UU qeydiyyat nömrə nişanlı yük maşını ona məxsusdur, o, həmin yük maşınını və qoşqusunu bir müddət əvvəl icarəyə vermiş, 2021-ci ildə o, özünə məxsus həmin yük avtomobilinin yanması barədə məlumat almış, sonradan avtomobil barədə Gürcüstanın Gəncə şəhərində yerləşən konsulluğu vasitəsi ilə maraqlanan zaman avtomobilin oğurlanmasını bilmiş, avtomobilin təkcə qoşqusunun 9000 dollar qiyməti olmuş, o, dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Gəncə şəhər Kimyaçılar küçəsində yerləşən “Musayevin qarajı” adlanan yerdə yerləşən əlvan-metal qəbulu məntəqəsində anbardar vəzifəsində işləyir, gündəlik olaraq orada o, əlvan metal qəbul edir.2021-ci ilin yay aylarında o, həmin əlvan metal qəbulu məntəqəsində olan zaman əvvəldən tanıdığı, Kəlbəcərdən olan Sadiq adlı şəxs həmin metal qəbulu məntəqəsinə gəlmiş, bu zaman Sadiq ona metalının olduğunu demiş, o, nə metal olduğunu soruşan zaman Sadiq ona vəziyyətdə olan böyük maşın kuzasının olduğunu demiş, o, həmin şəxsdən xatırladığı qədəri ilə 30-35 qəpikdən dəmir aldıqlarını demiş, Sadiq bir müddət sonra ona böyük avtomobil kuzasına aid olan, sağlam vəziyyətdə böyük dəmir hissələri gətirmiş, o, həmin hissələrə baxmış, həmin hissələrə baxan zaman qoşqunun yanmadığını, salamat olduğunu görmüş, o, Sadiqə bu barədə dedikdə isə Sadiq ona həmin qoşqunun az bir hissəsinin yandığını, qalan hissəsinin salamat olduğunu demiş. o, da şəxsiyyət vəsiqəsi ilə Sadiqə xatırlamadığı məbləğdə pulu verib metalı almış, Sadiq ona həmin böyük yük maşınına aid qoşqunu doğranmış vəziyyətdə gətirmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs o, təxminən 2 ildir ki, tanıyır. Onun Vüqarın atası ilə dostluq münasibətləri olmuşdur, Vüqarla atası Tiflisin yas mərasimində tanış olmuş, 2021-ci ilin yay aylarında Vüqar ona zəng edərək böyük avtomobil olduğunu,həmin avtomobili almaq istəyib-istəmədiyini demiş, o, da Vüqara ilkin olaraq avtomobilə baxdıqdan sonra fikrini bildirəcəyini demiş, o, Vüqarla telefonla danışdığı günün səhərisi Vüqarla birlikdə Şəmkir rayonuna gəlmiş, boş sahədə yerləşən yanmış vəziyyətdə olan “Scania” markalı avtomobili Vüqar ona göstərərək həmin avtomobil yandığı üçün siğortanın avtomobilin pulunu ödədiyini, FHN-dən icazə aldıqdan sonra 3000 manat da polisə pul verib həmin avtomobili sata biləcəyini demiş, o, həmin avtomobilin metal olduğunu, 3000 manat verə biləcəyini demiş, Vüqar isə ona 3500 manat pulun qarşılığında avtomobili sata biləcəyini demiş, o, da ilkin olaraq Vüqara avtomobilin Gürcüstan avtomobili olduğunu, problem olacağını ona desə də Vüqar ona heç bir problem olmayacağını, icazəsini alıb sonra avtomobili ona verəcəyini demiş, Vüqar ona getməyini, icazə aldıqdan sonra xəbər verəcəyini bildirmiş, onlar hər ikisi Gəncə şəhərinə qayıtmış, bundan təxminən 1 ay yarım sonra Vüqar ona zəng edərək pulu verib avtomobili götürə biləcəyini demiş, o, da ilkin olaraq 2000 manat pul tapmı,Vüqar həmin gün Gəncə şəhər Nizami prospektində yerləşən Musayevin qarajı adlanan yerə avtomobilin kabinə hissəsini gətirmiş, o, Vüqar ilə oradan dostu Elçin Salahovun yaşadığı evin yaxınlığına getmiş, orada Vüqara 2000 manat verib pulun qalanını isə avtomobilin kuzasını gətirən zaman verəcəyini demiş, həmin günün səhərisi Vüqar ona zəng edərək avtomobilin qalan hissəsini evakuatorla Musayevin qarajına gətirmiş, o, orada Vüqara 1500 manat, evakuatora görə isə 220 manat pul vermiş, sonradan o, həmin avtomobili hissələrə ayıraraq dəmir kimi satmış, həmin avtomobildən ümumilikdə 3600 manat pul əldə etmiş, avtomobildən heç bir əlavə gəlir əldə edə bilməmiş, o, həmin avtomobillə bağlı problem olan zaman Vüqara zəng edərək polis idarəsindən onu axtardıqlarını demiş, Vüqar isə 1 nəfər şəxsə pul çatmadığı üçün bu cür hadisə olduğunu,problemi özünün həll edəcəyini demişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2021-ci il tarixli 9/7694 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Gürcüstan Respublikası vət. Valeri Qvalinin idarə etdiyi “Scaniya” markalı, OU-388-UU Gürcüstan Respublikası d.q.n.n-lı yük avtomobilinin banlnda və qoşqu hissəsində baş vermiş yanğın hadisəsi nəticəsində hansı zədələnmiş hissələrin dəyişilməli, hansı zədələnmiş hissələrin təmirə ehtiyacı olması barədə təhqiqat tərəfindən təyin olunan ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisinin arayış məlumatı və avtomobilin qeydiyyat şəhadətnaməsi barədə iş materiallarında məlumat olmadığından tədqiqat və qiymətləndirilmə aparılmamışdır. X1 alınmış 26 avqust 2022-ci il tarixli 106 nömrəli qüsur aktına əsasən “Scania” markalı, OU-388-UU Gürcüstan Respublikası qeydiyyat nömrə nişanlı yük avtomobilinin və qoşqusunun qiymətinin yanmış vəziyyətdə qiymətinin təxminən 7000 (yeddi min) manat olduğu müəyyən edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-92/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 09 ay, 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 40/24-7 nömrəli məktubunda məhkum Təqsirləndirilən şəxs cəzasının xx.xx.2021-ci il tarixdə başa çatdığından Şəmkir rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarıldığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 09 ay, 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat Şəmkir Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə dayandırılmış və həmin qərara əsasən Şəmkir Rayon Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə 800761 nömrəli axtarış işi açılmışdır. Həmçinin, iş materiallarından məlum olur ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında tutularaq Azərbayan Respublikasına ekstradisiya olunaraq Azərbaycan Respublikasına daxil olmaqla, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, N ********* notariat qeydiyyat nömrəli "xxxx" MMC Tərcümə Mərkəzi tərəfindən Rus dilindən Azərbaycan dilinə tərcümə edilmiş, zərərçəkmiş şəxs Georgi Napishvilinin ərizəsində ona dəymiş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyi və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığı göstərilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə 2021-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Seyfəli kəndinin ərazisində, Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun kənarında Gürcüstan Respublikasının vətəndaşı Giorgi Napshviliyə məxsus yanmış vəziyyətdə olan, 7000 (yeddi min) manat dəyərindəki “Scania” markalı, OU-388-UU Gürcüstan Respublikasının dövlət qeydiyyat nişanlı yük maşınını və həmin yük maşınının qoşqusunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.4cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və ya aradan qaldırması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərədə tutulan azadlıqdan məhrumetmə cəzası ən aşağı həddində təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı vaxtdan, yəni 15 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat pul köçürülməlidir. Habelə, məhkəmə hesab edir ki, iş üzrə məhkəmə xərci olan məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs Dövlət büdcəsinin mədaxilinə tutulmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Müdafiəçi ödənilməsi üçün Şəmkir rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar