Məhkəmə qərarları › İş №1(076)-70/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-70/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-70/2025 10.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayon, Seyfəli kənində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayon, Seyfəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddələri ilə ittiham verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşə qırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün heç bir rəsmi dövlət orqanına müraciət ünvanlamadan şəxsiyyəti istintaqa məlum olmayan Şakir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək istintaqa məlum olmayan yerdən və tarixdə taxta yeşik hazırlamaq məqsədi ilə yalanqoz və qovaq cinsli ağacları vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz olaraq kəsib Şakir adlı şəxsin yük maşını ilə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus yeşik sexinə gətirmiş, 16 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar əraziyə baxış keçirilən zaman həmin sexdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 421 saylı 27 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları"na 1 nömrəli əlavənin İİ sütunu üzrə hesablamaya əsasən 78,70 m3 həcmində yalanqoz və qovaq cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda, yəni 7822,76 (yeddi min səkkiz yüz iyirmi iki manat yetmiş altı qəpik) manat məbləğində ziyan vurmaqla qanunsuz ağac kəsmişdir. Məhkəmə bахışı iclаsındа Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailə ilə üzvləri ilə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Yaşadığı evin həyətyanı torpaq sahəsində özünə məxsus olan yeşik emalı müəssisəsini işlədərək ailəsini dolandırır. Həmin işlə təxminən on ildən çoxdur ki, məşğuldur. 2020-ci il tarixdə həmkəndlisi Ramil adlı şəxsə bıçaqla xəsarət yetirdiyinə görə Şəmkir rayon polis şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və həmin il Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. 1 il həmin cəzanı çəkdikdən sonra, vaxtından əvvəl azadlığa çıxmışdır. Azadlığa çıxdığı gündən, yəni 2021ci il tarixdən yenidən öz fəaliyyətinə qayıtmışdır. Hazırda yeşik emalı müəssisəsində ondan savayı Fəqan, Hüseyn və adını bilmədiyi yeni gələn günəmuzd işçilər vardır. O, hər bir işçiyə gün ərzində gördüyü işin həcminə görə gündəlik olaraq 20-25 manat pul verir. Müəssisədə ümumilikdə 2 ədəd lentalı mişar olmaqla, onlardan gün ərzində 300-500 ədəd aralığında taxta yeşiklər emal edilir və həmin yeşikləri Rusiya Federasiyasına tərəvəz məhsulu ixrac edən kəndlərinin sahibkarlarına bir ədədini 1.30 manata satır. Yeşiklərin hazırlanmasında demək olar ki, əksəriyyəti yalanqoz ağacı, bəzi hallarda isə qovaq ağaclarından istifadə edilir. Onlara gətirilən ağaclar diametri təxminən 55-60 sm uzunluğunda doğranmış vəziyyətdə olur. Xammalı onlara əsasən Qax və Zaqatala rayonları ərazisindən “Kamaz” markalı yük avtomaşını ilə Zaqatala rayon sakini Şakir adlı şəxs gətirir. O, həmin şəxsin sadəcə adını bilir, dəqiq harada yaşaması və ağacları gətirdiyi "Kamaz" markalı yük avtomaşınının dövlət qeydiyyat nişanından isə heç bir məlumatı yoxdur. Şakir ona bir "Kamaz” dolusu yüklə doldurulmuş ağacları təxminən 1800 (bir min səkkiz yüz) manata satır. Şakir adətən yanına iki- üç aydan bir gəlir, ən çox gəldiyi dövr isə qış aylarına təsadüf edir. O, Şakirdən başqa heç kimdən yeşik emal etmək üçün ağac xammalı almır. Şəmkir rayonunda isə ümumiyyətlə bu işlə məşğul olan və ona ağac gətirən şəxs yoxdur. 2023-cü ilin avqust ayının ortalarında günorta radələrində 2 nəfər şəxs işlətdiyi yeşik emalı müəssisəsinə gələrək özlərini təqdim edib Ekologiya və Təbil Sərvətlər Nazirliyinin 2 saylı Regional ETSİ-nin əməkdaşları olduqlarını bildirərək müəssisəyə baxış keçirəcəklərini və buraya qanunsuz olaraq ağac gətirilib emal olunduğunu bildirmişlər. Həmin şəxslər ondan müəssisəyə gətirilmiş yalanqoz və qovaq ağaclarını haradan əldə etdiyini, Şəmkir rayonundan buraya ağac gətirilib gətirilmədiyini soruşmuşlar. O, da qeyd etdiyi kimi, həmin ağacların Şəmkir rayonundan gətirilmədiyini, onları Qax və Zaqatala rayonlarından Şakir adlı şəxsin gətirdiyini bildirmişdir. Bundan sonra həmin əməkdaşlar tərəfindən müəssisəyə baxış keçirilərək protokol tərtib olunmuş və həmin protokola o da, imza etmişdir. Ona satılan ağacların dəqiq olaraq harada kəsilməsi barədə heç bir məlumatı yoxdur. Sonuncu dəfə müəssisəyə ağac xammalını 2 saylı Regional ETSİ-nin əməkdaşları baxış keçirməmişdən bir ay qabaq Şakir adlı şəxs bir "Kamaz" dolusu gətirmişdir. Həmin vaxtdan sonra müəssisəyə ağac gətirilməmişdir. O heç bir cinayət əməli törətməmişdir. Ona görə də ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin müvəkkil etdiyi nümayəndə qismində tanınaraq dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 1992-ci ildən müxtəlif adlarla fəaliyyət göstərmiş, indiki 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun məsləhətçi-müfəttişi vəzifəsində çalışır. Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında əvvəllər mübahisə, münaqişə, ədavət, qohumluq münasibəti olmamışdır. 16 avqust 2023-cü il tarixdə iş yerində olan zaman İdarənin rəisi vəzifəsini icra edən Xaliq Mirzəyev onu yanına çağıraraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yeşik emalı müəssisəsinə qanunsuz olaraq ağacların kəsilib gətirildiyini və onun da Şəmkir rayon ərazisində baxan məsləhətçi-müfəttiş kimi həmin müəssisəyə baxış keçirməli olduğunu bildirmişdir. Bundan sonra monitorinq aktının icrası ona və iş yoldaşı, monitorinq sektorunun məsləhətçisi Şahid1 həvalə edilmişdir. Onun işi ETSN-nin "168" qaynar xətt əlaqə mərkəzinə daxil olan şikayətlərin ona aid olan sahələrinə baxmaqdan ibarətdir. Bununla da şikayət əsasında ekoloji hüquqpozmalarla bağlı hər hansı fakt aşkar edilərsə, həmin əraziyə gedib bu barədə akt tərtib edirlər. Beləliklə, idarəyə daxil olmuş həmin məlumat əsasında Şahid1la birlikdə qeyd olunan yerə getmişlər. Oraya çatarkən müəssisədə iki nəfər işçinin olduğunu və həmin işçilərin 2 ədəd lentalı mişarla işlədiyini görmüşlər. Həmin işçilərdən savayı bir nəfər şəxs də onlara kənardan nəzarət etmişdir. Həmin şəxsə yaxınlaşıb müəssisənin kimə məxsus olduğunu soruşduqda həmin şəxs oranın özünə məxsus olduğunu bildirmişdir. Onlar həmin şəxslə söhbət zamanı Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Onlar Təqsirləndirilən şəxsla birlikdə yeşik emalı müəssisəsinə baxış keçirib çoxlu sayda girdə formasında yalanqoz və qovaq cinsli ağac kötüklərinin olduğunu və həmin ağac kötükləri ilə taxta yeşiklər emal olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs həmin ağacları haradan əldə etdiyini və həmin ağacların kəsilib satılmasına dair əlində hər hansı sənədinin olub olmadığını soruşarkən, sonuncu onlara ağacları Zaqatala və Qax rayonları ərazisindən gətirən bir nəfər şəxsdən aldığını ağacın harada kəsilib gətirilməsinə dair əlində heç bir sənəd olmadığını demişdir. Bundan sonra iş yoldaşı Şahid1la birlikdə yeşik emalı müəssisəsinə baxış keçirmiş və baxış zamanı ümumilikdə 4670 (dörd min altı yüz yetmiş) ədəd hazır yeşik taxtalarının bağlamalar şəklində üst-üstə yığıldığını, həmçinin 197 ədəd yalanqoz cinsindən olan ağacın girdə kötüklərinin olduğunu müəyyən etmişlər. Aşkar olunmuş hər bir taxta və girdə kötüklər onlar tərəfindən ölçülərək akt tərtib edilmiş və həmin aktın doğruluğunu imzalarla təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1995-ci ildən müxtəlif adlarla fəaliyyət göstərmiş, indiki 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi-mühafizə yegeri vəzifəsində işləyir. İdarənin monitorinqləri zamanı müfəttişlə birlikdə əraziyə baxış keçirilməsini təmin edir. Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq kənardan gətirilmiş içlik materiala yararlı, müxtəlif cinsli ağac girdinlərin (məmulatların) emal məqsədilə gətirilməsi, həmin materialdan yeşik taxtaların çəkilərək istehsal edilməsi barədə daxil olmuş məlumat əsasında 27 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon prokurorunun köməkçisi Nurlan Vəliyevin və həmkarı Qanuni nümayəndə iştirakı ilə həmin fiziki şəxsə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki həmin "sex"ə baxış keçirmək üçün getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs tərəfindən müxtəlif cinsli ağac girdinlərinin (məmulatların) emal məqsədilə gətirilməsi, həmin materialdan yeşik taxtaların çəkilərək istehsal edilməsi aşkarlanmışdır. Girdinlərin yalınqoz, qovaq və söyüd ağaclarından kəsildiyi müəyyən edilmiş, sexdə olan ağac materialları, yəni girdin və çəkilmiş taxtaları təkrar ölçülərək tərəflərindən aktlaşdırılmış, daha sonra Zərərçəkmiş şəxsnə göndərilmişdir. Faktla bağlı Şəmkir rayon prokurorunun köməkçisi Nurlan Vəliyev tərəfindən də müvafiq qeydiyyat aparılmış, həmçinin Şəmkir rayon prokurorluğunda izahat vermişlər. Akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı Qərarına əsəsən 15,548 m3 həcmində taxta yeşik taralarının hazırlanmasında 22,23 m3 içlik materialın istifadə olunduğunu nəzərə alaraq, ümumilikdə 31,725 m3 həcmində girdə materialına görə 3153,48 manat məbləğində vurulmuş zərər hesablanmışdır. Bundan başqa, qeyd olunan məsələ ilə bağlı Baş Prokurorluqda aparılan araşdırma ilə əlaqədar, əraziyə onların da iştirakı ilə 01 dekabr 2023-cü il tarixdə təkrarən baxış keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadəni verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Zərərçəkmiş şəxs 2 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 99/322/B saylı akta əlavə edilmiş məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, baxış zamanı həyətyanı sahədə yerləşən yeşikdüzəltmə və ağac emalı sexində qovaq və yalınqoz cinsindən hazırlanmış tək taxta 1300 ədəd hazır yeşiyin olduğu, ölçüləri 58 sm x 5 sm x 4 mm olmaqla 370 bağlama (hər bağlamada 100 ədəd) cəmi 37000 ədəd qovaq cinsli, 36 bağlama (hər bağlamada 100 ədəd olmaqla) cəmi 3600 ədəd yalıngoz cinsli, 38 sm x 3,5 sm x 1 sm ölçüdə 280 bağlama (hər bağlamada 100 ədəd olmaqla) 28000 ədəd yalingoz cinsli taxta, ölçüləri 60 sm x 4 sm x 4 sm olmaqla 87 bağlama (hər bir bağlamada 50 ədəd olmaqla) yalıngoz cinsindən 4350 ədəd yeşik taxtaları, o cümlədən yalınqoz cinsindən ölçüləri aşağıdakı kimi qeyd olunan- 60x62, 58x66, 24x70, 30x60, 56x64, 58x60, 50x64, 42x64, 24x60, 30x62, 20x62, 24x64, 28x60, 28x58, 44x60, 24x60, 44x60, 36x62, 34x62, 52x64, 36x64, 34x60, 30x60, 48x60, 48x64, 24x64, 26x56, 36x62, 20x60, 24x62, 22x66, 28x62, 18x64, 30x62, 38x60, 30x60, 26x60, 34x62, 50x62, 34x60, 40x62, 20x64, 80x62, 54x62, 52x64, 50x62, 52x62, 32x60-dan 6 ǝdǝd, 40x60-dan 4 ədəd, 48-60-dan 5 ədəd, 92x60, 80x60, 72x60, 68x60, 20x60-dan 8 ədəd, 22x60-dan 6 ədəd, 76x60, 82x60, 68x60, 50x60, 52x60, 16x60dan 5 ədəd, 60x60, 18x60-dan 8 ədəd, 46x60-dan 4 ədəd, 14x60-dan 5 ǝded, 58x60-dan 3 ədəd, 50x60-dan 3 ədəd, 16x60-dan 8 ədəd olmaqla cəmi 134 ədəd yalınqoz cinsli kötüklər aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi yazılı izahatında həyətində aşkar olunmuş ağac materialları ilə bağlı müvafiq sənəd təqdim edəcəyini bildirsə də təqdim etməmiş, materialların Zaqatala və Qax rayonları ərazisindən gətirildiyini şifahi olaraq bildirmişdir. Şəraitə uyğun olaraq aşkar olunan materialları müsadirə etmək mümkün olmadığından vətəndaşın öz öhdəsində qalmışdır. Aşkar edilmiş meşə materiallarının gətirilmə yerini müəyyən etmək mümkün olmadığına görə təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 30 saylı Qərarının 7 saylı Əlavəsinin ikinci bəndinin tələbinə uyğun hesablanaraq, 3153,48 (üç min bir yüz əlli üç man 48 qǝp) manat təşkil etdiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət törətmiş şəxs (şəxslərin) müəyyən edilməsi mümkün olmadığından Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ittiham elan etmək üçün şübhəli şəxs qismində tutulmaqla barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulana kimi ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 09:30-da tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham edilmişdir. xx.xx.2024-cü il tarixli başqa yerə qətimkan haqqında iltizam qətimkan təbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi saxlanmağı Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4057 nömrəli rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional və X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 81176 sayı akta və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 30 nömrəli Qərarına əsasən yalanqovz və qovaq cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 7822,76 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsindən həmin Məcəllənin 259.3-cü maddəsinə tövsif edilməklə istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsə almanın əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Şəmkir rayon Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd sakinləri tərəfindən ərizə, şikayət və orqan tərəfindən məlumat daxil olmamışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü Sadiq və xx.xx.2025-ci il təvəllüdlü Cavid adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 2000 (iki min) manat pul ödənilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq, yəni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan və qanunvericiliklə müəyyən edilmiş şərtləri pozmaqla, meşəqırma bileti, order və meşə bileti əldə etmədən, eləcə də qeyd edilən sənədləri əldə etmək üçün heç bir rəsmi dövlət orqanına müraciət ünvanlamadan 2023-cü ilin avqust ayında istintaqa məlum olmayan Şakir adlı şəxsə istintaqa məlum olmayan yerdən və tarixdə yalanqoz və qovaq cinsli ağacları kəsib ona məxsus yeşik emalı sexinə gətirməsini sifariş etmiş, nəticədə Şakir adlı şəxs 78,70 m3 həcmində yalanqoz və qovaq cinsli ağacları vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürüb Təqsirləndirilən şəxs məxsus sexə gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs qanunsuz əməli nəticəsində təbiətə 7822,76 (yeddi min səkkiz yüz iyirmi iki manat yetmiş altı qəpik) məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin “Qeyd” hissəsinin 2-ci bəndində “Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ başa düşülür” qeyd edilmişdir. Təqsirləndirilən şəxs isə 2023-cü ilin avqust ayında istintaqa məlum olmayan Şakir adlı şəxsə istintaqa məlum olmayan yerdən və tarixdə yalanqoz və qovaq cinsli ağacları kəsib ona məxsus yeşik emalı sexinə gətirməsini sifariş etməklə Şakir adlı şəxsi 78,70 m3 həcmində yalanqoz və qovaq cinsli ağacları vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməyə təhrik etmiş və bununla da, Təqsirləndirilən şəxs qanunsuz əməli nəticəsində təbiətə 7822,76 (yeddi min səkkiz yüz iyirmi iki manat yetmiş altı qəpik) məbləğində ziyan vurulmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 259.3-cü maddəsi ilə tövsif olunaraq məhkəməyə verilmiş olsa da, məhkəmə istintaq zamanı araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs ona məxsus sexdə olan 78,70 m3 həcmində yalanqoz və qovaq cinsli ağacları istintaqa məlum olmayan Şakir adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək istintaqa məlum olmayan yerdən və tarixdə taxta yeşik hazırlamaq məqsədi ilə kəsməsi öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs məxsus sexdə aşkarlanmış 78,70 m3 həcmində yalanqoz və qovaq cinsli ağaclar onun özü tərəfindən deyil, Təqsirləndirilən şəxs sifarişi əsasında istintaqa məlum olmayan Şakir adlı şəxs tərəfindən istintaqa məlum olmayan yerdən və tarixdə kəsilib Təqsirləndirilən şəxs məxsus yeşik emalı sexinə gətirilməsi müəyyən edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs başqa şəxsi qanunsuz ağac kəsmə cinayət əməlini törətməyə sövq etmiş olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən hazırda Təqsirləndirilən şəxs əməli CM-nin 32.4, 259.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci və 2-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: “1. Bu Məcəllənin 259-cu və 260-cı maddələrinin müddəaları kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

2. Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.”; Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.3-cü bəndinə əsasən 259.1-ci maddənin sanksiyasında “beş min manatdan yeddi min manatadək miqdarda” sözləri “cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında” sözləri ilə, üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 259.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi şahid ifadələri, istintaq hərkətləri protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə sübut olunur. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar olmasa da, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən qeyd edilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Belə ki, qeyd olunan cinayət əməli Nəzarət Hüsyenov tərəfindən 2023-cü ilin avqust ayında törədilmişdir. Həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Görünüdüyü kimi Təqsirləndirilən şəxs tərəfindən 2023-cü ilin avqust ayında Azərbaycan Respublikası CM-nin 32.4, 259.1-ci maddəsi ilə cinayət əməlinin törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ilədək olduğundan Azərbaycan Respublikası CM-nin 10-cü maddəsinə əsasən onun əməli böyük ictima təhlükə törətməyə cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim edilmiş yazılı çıxışı ilə müəyyən edilir ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində müddətin keçməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə işin icraatına xitam verilməsinə razıdırlar. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 259.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət əməli 2023-cü ilin avqust ayında törədilmişdir. 2023-cü ilin avqust ayından cinayət məsiliyyətinə cəlb edilməsi üçün müəyyən edilmiş 02 il müddətin keçdiyi aydın olur. Göründüyü kimi, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti yəni Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş iki il müddət artıq başa çatmışdır. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 259.1-ci maddəsi ilə cinayət təqibinə bəraət verici əsaslar olmadan xitam verilməli və ona bu maddə ilə cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işindən ayrıca Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş 197 ədəd girdə kötük və 4670 ədəd yeşik taxta dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Yuхаrıdа göstərilənlərə əsаsən, hаbеlə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3, 43.1.1, 321.2.1, 354.1.3 və 381-385-ci mаddələrini rəhbər tutub məhkəmə qərar verdi :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 259.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin əməlin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işindən ayrıca Şəmkir Rayon Polis Şöbəsində saxlanca verilmiş 197 ədəd girdə kötük və 4670 ədəd yeşik taxta dövlət nəfinə müsadirə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir.

Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar