Məhkəmə qərarları › İş №1(076)-71/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-71/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-71/2025 08.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan və yaşan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayının əvvəlində istintaqa dəqiq məlum olmayan tarixdə özünə məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 11 (on bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını torpaqda əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında 23 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində Şəmkir rayon Polis şöbəsinin və Şəmkir RPŞ-nin Kür Polis bölməsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin evin həyətyanı sahəsindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİİ siyahısı (Tərkibində narkotik maddələr olan bitkilər) ilə müəyyən edilən tərkibində narkotik maddələr olan 11 (on bir) ədəd çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu, həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, özünü dolandırmaq üçün fərdi əməklə məşğuldur. O, əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Lakin hazırda narkotik vasitə olan marixuana istifadəçisidir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı evin yaxınlığında küçədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq ona məxsus olan Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkisini əkib becərdiyini və baxış keçirilməsinin zəruri olduğunu demişlər. O, polis əməkdaşlarına evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bu barədə Şəmkir RPŞ-nə ərizə yazaraq etirazının olmadığını qeyd etmişdir. Polis əməkdaşları onun həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı evin həyətyanı sahəsində yerləşən sahəsində narkotik tərkibli çətənə kollarını əkib becərdiyini etiraf etmiş, yerini göstərə biləcəyini bildirmişdir. Onun, aqronomun və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə evin həyətyanı sahəsində evinin divarına yaxın hissədə 3 ədəd torpağa əkdiyi və 8 ədəd sarı rəngli dibçəklərə əkib-becərdiyi narkotik tərkibli çətənə kollarını göstərmişdir. Həmin narkotik tərkibli çətənə kolları kökündən dibçəkdə olan torpaqdan və yerə əkdiyi isə torpaqdan çıxarılaraq sayılmış və ümumi sayları 11 ədəd olmuşdur. Həmin çətənə kollarının hündürlükləri 30 sm-dən 1 metr 29 sm-dək olmuşdur. Onun dibçəkdə və yerdə torpağa əkib becərdiyi 11 ədəd çətənə kolları çıxarılaraq ekspertiza üçün qablaşdırılmış və baxış protokolu tərtib edilmişdir. O, isə baxış protokolunu oxuyaraq imzalamışdır. O, özü həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkmiş və aqrotexniki qaydada qulluq etmişdir. Çətənə kollarını satmaq niyyəti olmamışdır. Daha sonra polis əməkdaşları evinə və ətraf əraziyə baxış keçirmiş və oradan narkotik vasitə, çətənə kolları aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu həmin tarixdə Şəmkir rayon polis şöbəsinə gətirərək üzərinə hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və onun prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirir. Təxminən üç ay bundan əvvəl yaşadığı kəndin ərazisində piyada gəzərkən yerdən narkotik tərkibli çətənə bitkisinin toxumlarını tapmış və əkmək məqsədilə yerdən götürmüşdür. Həmin toxumları isə 2023-cü ilin aprel ayının əvvəlində özünə məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində gələcəkdə şəxsi istifadəsi üçün əkmiş və təxminən 2 ay ərzində diblərini yumşaldıb, suvarıb şəxsi istifadəsi üçün qulluq etmişdir. O, özü istifadə etməyi üçün narkotik tərkibli çətənə kollarını əkib becərmiş, satmaq niyyəti olmamışdır. Məhkəmədən hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Qaracəmirli kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 23 iyun 2024-cü il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, eləcə də özünə məxsus həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət etdikdən sonra rəisin razılığı ilə əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir RPŞ-nin CAB-in rəisi Şahid2 rəhbərliyi ilə, ondan, Kür PB-in polis sahə rəisi, polis mayoru Şahid4 və Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid3 Rəfail oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Eləcə də materialın icrası həvalə edilmiş Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş qərara əsasən xüsusi bacarığa və biliyə malik, ali təhsilli X2 mütəxəssis qismində dəvət edilmişdir. Həmin tarixdə, saat 18 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri, Kür PB-in polis sahə rəisi, polis mayoru Şahid4 və Kür PB-in sahə polis nəfəri, polis baş serjantı Şahid3 Rəfail oğlu, eləcə də TB-in təhqiqatçısı, polis mayoru Asəf Musayev və mütəxəssis qismində dəvət edilmiş aqronom Vaqif Dumanovla birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu Qaracəmirli kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs təhqiqatçı Asəf Musayev tərəfindən evinin qarşısına çağırılaraq ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə şübhələr olması izah edilmiş, əgər belə hal varsa həmin bitkiləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı özünə məxsus evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri kultivasiya etməsini etiraf edərək həmin bitkiləri təqdim edə biləcəyini bildirmiş, eyni zamanda evinə və həyətyanı sahəsinə onlar tərəfindən heç bir etirazı olmamasını bildirərək bu barədə ərizə təqdim etmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətə baxan hissəsində evin divarına yaxın hissədə torpaq sahəsində 3 ədəd və ayrı-ayrı tutumlu dibçəklərdə 8 ədəd narkotik tərkibli çətənə kolları əkmişdir. X2 həmin kollara baxış keçirərək kollara xüsusi qulluq olunduğunu və rəyini baxış bitdikdən sonra təqdim edəcəyini bildirmişdir. Baxış zamanı şifahi olaraq sorğu-sual edilən Təqsirləndirilən şəxs həmin çətənə kollarını özü əkdiyini etiraf edərək gələcəkdə qurudaraq özü üçün istifadə etmək niyyətində olmasını demişdir. Ümumilikdə 11 ədəd kol tərəfimizdən ölçülərək qablaşdırıldı, qablaşdırma DİN-in 117 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirilmiş, lakin əlavə olaraq tərkibində narkotik maddələr olan çətənə bitkisi, narkotik vasitə, psixotrop maddə, onların prekusorları aşkar edilməmişdir. Baxış zamanı fasiləsiz olaraq video çəkilişdən istifadə edilmiş və fotoşəkillər çəkilmişdir. Baxış bitdikdən dərhal sonra bu barədə təhqiqatçı Asəf Musayev tərəfindən protokol tərtib edilmiş və baxışda iştirak edən hər bir şəxs həmin protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilmiş, polis bölməsində Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Asəf Musayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi tutmaq hüquqlarının olması izah edilmişdir. Təqsirləndirilən şəxs maddi imkanın olmadığını bildirərək, dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Şəmkir rayon ərazisində fəaliyyət göstərən müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş siyahıdan Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün seçmiş və Müdafiəçi dəvət edilmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, vəkil Müdafiəçi iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya, predmet, eləcə də narkotik vasitə, psixotrop maddə, onların prekursorları aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid2, Şahid3 və X1 İsmayıl Cümşüd oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması və icraata qəbul edilib istintaq aparılması qərara alınmışdır. 23 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən baxış aparılarkən Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evinin həyətyanı sahəsindən hündürlüyü 1 metr 29 sm-dən 30 sm-dək olan 11 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 23 iyun 2024-cü il tarixdə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən evin həyətindən aşkar edilmiş 11 ədəd çətənə kolları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilmişdir. 23 iyun 2024-cü il tarixli aqronom rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən həyətyanı torpaq sahəsində 11 ədəd narkotik tərkibli çətənə kolları əkmişdir. Çətənə kollarına aqrotexniki qulluq işləri aparılmışdır. xx.xx.2024-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərməkdə şübhəli bilinərək Şəmkir rayon polis şöbəsinə gətirilmiş və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə vəkil Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulub, əgər varsa təqdim etməsi təklif edildi. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirildi, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkildi. Bununla da şəxsi axtarış başa çatdı. Cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji ekspertizasının 24 iyun 2024-cü il tarixli 16/730 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəmkir rayonu Qaracəmirli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş çətənə kolları” yazı və imzalar olan sintetik kisədəki, ümumi sayı 11 (on bir) ədəd, ümumi çəkisi 2250 qram olan bitki nümunələri əkib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. “Şübhəli şəxsi tutma haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X5 azad edilmişdir. Şəmkir RİHB Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixdə DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əzimov X8 federasiyasının Sankt-Peterburq şəhəri Nevsk rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə RF CM-nin 158 maddəsinin 2-ci hissəsinin V bəndi, 69 maddəsinin 2 hissəsi ilə təqsirli bilinərək məcburi əmək cəzası və xx.xx.2021-ci il tarixdən həbsdə saxlandığı müddət nəzərə alınaraq təyin edilmiş cəzadan azad olunmuşdur.. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 03 sentyabr 2024-cü il tarixli, 1487 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyləri ilə sübut olunur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (CM-in 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni güvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 2249.78 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli. cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 15 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın hər saatına görə 6 manat olmaqla cəmi 90 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 60.80 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 2249.78 qram çətənə bitkisi məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 manat (altmış manat səksən qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar