Məhkəmə qərarları › İş №1(076)-72/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-72/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-72/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1975-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, işsiz, evli, himayəsində 3 nəfər azyaşlı uşaqları olan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin may ayında istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir şəhərində yerləşən sahədə yabanı halda bitmiş çətənə kollarının toxumlarını toplayıb özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkərək qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 05 avqust 2022-ci il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı ünvan 1-da yerləşən evə və həyətyanı sahəsinə baxış keçirilərkən evin həyətindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş 5 (beş) ədəd, xeyli miqdarda əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 1-da yerləşən həyətyanı sahəsində yabanı halda narkotik təbiətli çətənə (kannabis) kolları bitmişdir. Belə ki, həmin kolları o, əkməmiş, nə də onlara aqrotexniki qaydada qulluq etməmişdir. Bununla belə tutulacağından qorxduğu üçün həmin kolların yabanı halda bitməsi ilə bağlı polisə müraciət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2021-ci ilin may ayında Şəmkir şəhərində yerləşən sahədə olan zaman su kanalının kənarında çətənə bitkiləri aşkar edərək yaşadığı evə gətirmiş və həyətdə əkərək tərəvəz məhsullarına qulluq edən zaman onlara da xüsusi qulluq edib su vermişdir. 05 avqust 2022-ci il tarixdə saat 12:30 radələrində ünvan 2 ünvanında yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək ona narkotiklə əlaqədar yaşadığı evə baxış keçirəcəyini bildirmişlər. O, razılaşmış və polis əməkdaşları ondan həyətində narkotik vasitə əkib-əkmədiyini soruşduqda həyətyanı sahədə çətənə kolları əkməsini deyib kolları təqdim etmişdir. Çətənə kollarına alim aqronomun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı çətənə kolları torpaqdan çıxarılmış, boyları ölçülmüş, kolların boyları 55 sm-dən 300 sm-dək olan 08 ədəd təşkil etmişdir. Aşkar edilmiş çətənə kollarından 3 ədədi yabanı, 5 ədədi isə qulluq edilmiş olmuşdur. Onlar torbaya qoyularaq qablaşdırılmışdır. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığını soruşmuş, o da yaşadığı evdə narkotik vasitə, psixotrop maddə, onların prekursorlarının, eləcə də, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Yaşadığı evə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, o da protokola imza etmişdir. Bundan sonra onu polis şöbəsinə aparmışlar və oraya dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də, dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Narkotik vasitə istifadəçisi olduğundan, həmin kolları şəxsi istifadəsi üçün əkmişdir. Bununla belə hazırda əməlindən peşmandır. Himayəsində üç nəfər azyaşlı uşaqları var, arvadı isə xəstədir. Bu səbəbdən uşaqlarına o, baxır. Həmçinin, özü İ Qarabağ Müharibəsinin iştirakçısıdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları və ailə vəziyyətini nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvan 3 ünvanında yerləşən evində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün tərəfindən Şəmkir RPŞ-nin rəisinə raportla müraciət edildikdən sonra razılıq verilməklə tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilərək əmrlə CAB-nin rəisi Vüqar Qarayevin rəhbərliyi ilə ondan, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Cahan Əkbərov və Şahid2 ibarət əməliyyat qrupu ilə birlikdə əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü ünvan 1-da yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Orada evin qapısını Təqsirləndirilən şəxs özü açdıqdan sonra onlar özlərini təqdim edərək yaşadığı evdə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən evə baxış keçiriləcəyi izah edilmiş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsi alındıqdan sonra yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahədən cəmi 8 ədəd olmaqla 3 ədədi yabanı halda bitmiş, 5 ədədi isə quluq olunmuş müxtəlif ölçülü narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğundan həmin çətənə kollarını öz istifadəsi üçün əkərək aqrotexniki qaydada qulluq etdiyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahəsində başqa hər hansı narkotik vasitə, psixotrop maddə və ya onun prekusorları, eləcə də hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imza olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin inzibati binasına gətirilərək oraya çağırılmış vəkil Müdafiəçi iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmiş, üzərindən narkotik vasitə, psixotrop maddə və ya onun prekusorları, eləcə də hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş aqronom X4 ifadəsində göstərdi ki, 05 avqust 2022-ci il tarixdə Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, polislər ona narkotik tərkibli bitkilərin kultivasiya edilməsində şübhəli olduğunu, bu səbəbdən yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməli olduqlarını bildirdirmiş, Təqsirləndirilən şəxs isə baxış keçirilməsi ilə bağlı razılıq ərizəsi vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən müxtəlif ölçülərdə cəmi 8 ədəd olmaqla 3 ədədi yabanı halda bitmiş, 5 ədədi isə quluq olunmuş müxtəlif ölçülü narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Belə ki, həmin 5 ədəd narkotik tərkibli çətənə kollarına aqrotexniki qaydada qulluq edilməsi, kollarının dibinin yumşaldılması, su verilməsi, bununla da kolların inkişaf etməsi müəyyən olunmuşdur. Həmin çətənə kolları torpaqdan çıxarılaraq qablaşdırılmış və bununla bağlı protokol tərtib edilmişdir. Bununla yanaşı, məhkəmə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 05 avqust 2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ünvan 3 ünvanında Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinə və yaşadığı evə baxış keçirilərkən sonuncunun əkib-becərdiyi 5 ədəd aqrotexniki qaydada qulluq edilmiş, 3 ədəd isə yabanı halda bitmiş, ümumilikdə 8 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 05 avqust 2022-ci il tarixli 16/929 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş 3 ədəd narkotik tərkibli çətənə kolu...” yazılar və imzalar olan kisədə ümumi sayı 3 (üç) ədəd, ümumi çəkisi 220 qram bitki nümunələri əkib-becərilməsi olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən aşkar edilmiş 5 ədəd narkotik tərkibli çətənə kolu...” yazılar və imzalar olan kisədə ümumi sayı 5 (üç) ədəd, ümumi çəkisi 6400 qram bitki nümunələri əkib-becərilməsi olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 8 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərindən 5 (beş) ədədinə aqrotexniki qaydada qulluq edilmiş, lakin 3 (üç) ədədi yabanı halda bitmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 1702 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 1(076)-270/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarının 9.1-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Şəmkir şəhər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə Musayeva (Məmmədova) Əzizə Etibar qızı arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Aysu, xx.xx.2013-cü il təvəllüdlü Mələk və xx.xx.2014-cü il təvəllüdlü Amin adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan “Yeni Gəncə” Tibbi Mərkəzi tərəfindən verilmiş ultrasəs müayinəsindən görünür ki, X3 “Hər iki ətraflarda tromb kütlələr və qapaq çatmazlığına xas axın qeyd olunur”. Cinayət işinin materiallarında olan 002817 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarında olan 0090 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Veteran Tankçılar İctimai Birliyinin üzvüdür. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası– Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 10 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və müharibə veteranı olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin cəza təyin edərkən aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) 22 saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez- tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Həbsxanalarda həddən artıq insanın olması ilə mübarizə aparmaq və həbsxana sakinlərinin sayını azaltmaq məqsədi daşıyan tədbirlərin cinayətkarlığın və cinayətkar davranışın qarşısının alınmasına, səmərəli hüquq mühafizə tədbirlərinə, cəmiyyətin təhlükəsizliyinə və müdafiəsinə, sanksiya və tədbirlərin fərdiləşdirilməsinə və hüquq pocucularının sosial reinteqrasiyasına yönələn ardıcıl və məqsədəuyğun cinayət siyasətinin tərkibinə daxil edilməsi zəruridir. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: Azadlıqdan məhrum etmə ən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Bundan başqa, həmin tövsiyyədə məhkəmə araşdırması mərhələsinə aid tədbirlər fəslində qeyd edilir ki, uzun müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan və bununla həbsxana sisteminin üzərinə ağır yük qoyan cəzaların tətbiqini azaltmaq və qısa müddətə azadlıqdan məhrum etmə cəzalarını ictimai sanksiya və tədbirlərlə əvəz etmək üçün səy göstərilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanın (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. X5 Şurası Nazirlər Komitəsinin tövsiyyələrini daha da genişləndirilərək diqqət yetirilən məsələlərə qabarıq formada yeni yanaşma önə çəkilir. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə kollegiyası xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini töpətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasma aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, həmçinin cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərini əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində üç nəfər azyaşlı uşaqları vardır və arvadı xəstə olduğundan uşaqlarına o, baxır. Eləcə də, təqsirləndirilən şəxs müharibə veteranıdır, həmçinin ailənin yeganə qazanc gətirənidir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcdir olunmadan, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 07 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 2 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 08 ədəd çətənə (kannabis) bitkisi məhv edilməli, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 32,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 08 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar