Məhkəmə qərarları › İş №1(076)-72/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-72/2024

11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-72/2024 11.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1993–cü il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 221.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 19 iyul 2023–cü il tarixdə, saat 13 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Şəmkir mərkəzi bazarının qarşısında Şəmkir rayonu, Şiştəpə kənd sakini Zərərçəkmiş şəxs ondan keçmək üçün yol istəməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə edib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, həmin vaxt bazarda olan şəxslərin 10– 15 dəqiqə ərzində istirahət hüquqlarını və iş rejimini pozmaqla narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edərək əlləri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruq zərbələri vuraraq sonuncuya sol gözətrafı nahiyəsinin qançırı ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən və burun sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mərkəzi bazarda meyvə–tərəvəz sataraq öz gəlirini əldə edir. 19 iyul 2023–cü il tarixdə, saat 12 radələrində Şəmkir şəhər mərkəzi bazarında olan zaman bir nəfər tanımadığı şəxsin onu arxadan əli ilə itələdiyini görmüşdür. Həmin şəxs onu itələyib yannından keçdikdən sonra o, adını bilmədiyi həmin şəxsə hansı səbəbdən onu itələdiyini soruşan zaman sonradan adı ona Qafqaz kimi məlum olan şəxs ona yolu kəsdiyini bildirərək, bu səbəbdən də itələdiyini demişdir. O, Qafqaz adlı şəxsə yaxınlaşan zaman Qafqaz adlı şəxs onunla mübahisə etməyə başlamış, həmin vaxt o, Qafqaz adlı şəxsə əsəbi olduğu üçün oradan çıxıb getməsini demiş, lakin Qafqaz heç bir əsaslı səbəb olmadan onun üstünə gəlib onunla mübahisəni davam etdirərək onun ayağından yapışıb yerə yıxmaq istəmişdir. O, Qafqazın əlindən çıxmağa çalışmış, ancaq Qafqaz onunla güləşməyə başlamış, o, arxaya gedib Qafqazın əlindən çıxaraq yerə yıxılıb, ayağa qalxmışdır. Qafqaz onunla güləşən zaman o da əsəbiləşərək əli və dizi ilə Qafqazın burun nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin mübahisə zamanı Qafqazın anası Sevil onun kürək nahiyəsindən əli ilə vurmuş, o, sonuncunun əlindən çıxıqdan sonra onlar arasında baş vermiş dava–dalaş dayanmışdır. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə telefon vasitəsi ilə müraciət edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bununla belə özünü qismən təqsirli hesab edir. Belə ki, Qafqazın qanunsuz hərəkəti nəticəsində məcbur olub ictimai yerdə onunla dalaşaraq, onu vurmuşdur. Lakin hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 19 iyul 2023–cü il tarixdə, saat 13 radələrində anası Şahid1 ilə birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mərkəzi bazara gedib orada toyuq–cücə aldıqdan sonra aldıqları toyuq və cücələri tanımadığı taksi sürücüsünün avtomobilinə yükləmiş, həmin vaxt tanımadığı taksi sürücüsünə və anası Şahid1 yaxınlıqda olan mağazaların birindən siqaret alıb qayıdacağını bildirərək getmişdir. O, bazarın qarşısında yerləşən mağazaya gedərkən, sonradan adı ona məlum olan Azər adlı şəxsdən keçmək üçün yol istəyən zaman Azər heç bir səbəb göstərmədən əli ilə onun üz nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Azərin onu vurması nəticəsində burnundan qan gəlmişdir. Həmin vaxt anası Şahid1 Azər adlı şəxsin onu vurmasını görüb ona yaxınlaşmışdır. Sevil Abdulayeva ona yardım etmək məqsədilə təcili tibbi yardım bölməsinə zəng edərək, onun xəsarət almağı barədə məlumat verərək köməklik istəmişdir. Daha sonra anası Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Azər adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. Bir qədər sonra həmin əraziyə polis əməkdaşları yaxınlaşıb onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinə gətirmişlər. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra o, anası Şahid1 ilə birlikdə Azərin barəsində tədbir görülməsi üçün ərizə və izahat yazmaq məqsədilə Şəmkir Rayon Polis Şöbəsinə gəlmişlər. Həmçinin, qeyd edir ki, Azərlə aralarında dava–dalaş hadisəsi baş verərkən, yanlarında anası Şahid1 və tanımadığı şəxslər olmuşdur. Lakin hadisədən sonra Azər ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs isə tanımır və heç bir münasibəti olmamışdır. 19 iyul 2023–cü il tarixdə, saat 13 radələrində oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən bazara gedib orada toyuq–cücə aldıqdan sonra aldıqları toyuq və cücələri tanımadığı taksi sürücüsünün avtomobilinə yüklədikdən sonra oğlu Zərərçəkmiş şəxs ona yaxınlıqda olan mağazaların birindən siqaret alıb qayıdacağını demişdir. Lakin oğlu Qafqaz bazar ərazisini yaxşı tanımadığı üçün onun arxasınca getmişdir. Həmin vaxt bazarın qarşsında yerləşən mağazaya gedərkən, sonradan adı ona məlum olan Azər adlı şəxsdən oğlu Zərərçəkmiş şəxs keçmək üçün yol istəyən zaman Azər adlı şəxs heç bir səbəb olmadan əli ilə Qafqazın üz nahiyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Azərin Qafqazı vurması nəticəsində Qafqazın burnundan qan gəlmişdir. Həmin vaxt o, Azərin oğlunu vurmsını görüb ona yaxınlaşaraq, təcili tibbi yardım bölməsinə zəng edib oğlu Zərərçəkmiş şəxs döyülməsi və xəsarət alması barədə məlumat vermişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Azər adlı şəxsin oğlu Zərərçəkmiş şəxs döyməsi barədə məlumat vermişdir. Bir qədər sonra həmin əraziyə polis əməkdaşları yaxınlaşıb Zərərçəkmiş şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinə gətirmişlər. Xəstəxanada Zərərçəkmiş şəxs tibbi yardım göstərildikdən sonra o, Zərərçəkmiş şəxs ilə birlikdə Azər adlı şəxsin barəsində tədbir görülməsi üçün ərizə və izahat yazmaq məqsədilə Şəmkir Rayon Polis şöbəsinə gəlmişdir. Azərlə oğlu Zərərçəkmiş şəxs arasında dava– dalaş hadisəsi baş verərkən yanlarında tanımadığı şəxslər olmuş, Azərin oğlu Zərərçəkmiş şəxs vurmasına əsəbləşdiyi üçün Azərə məxsus meyvələri yerə tökmüşdür. Məhkəmə baxışı iclası zamanı qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Zərərçəkmiş şəxs isə tanımır. 19 iyul 2023–cü il tarixdə, saat 13 radələrində Şəmkir şəhər mərkəzi bazarında olan vaxt sonradan adı ona məlum olan Qafqaz adlı şəxs bazarda sıxlıq olduğu üçün Təqsirləndirilən şəxs keçmək üçün yol istəyən zaman onlar arasında mübahisə baş vermiş, mübahisə zamanı Qafqaz Azəri nalayiq küçə söyüşləri ilə təhqir edən zaman Azər əsəbiləşmiş və Qafqazın üz nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Həmin vaxt Qafqaz adlı şəxsin burnundan qan axmağa başlamışdır. Bundan sonra Qafqazın anası Sevil adlı şəxs Azərə məxsus meyvə–tərəvəzləri yerə tökmüş, sonradan hadisənin baş verdiyi əraziyə polis əməkdaşları gəlmiş, polislər Qafqazın anası Sevil adlı şəxsi sakitləşdirərək, onu özləri ilə aparmışlar. Azər və Qafqazın aralarında baş vermiş mübahisə 10–15 dəqiqə davam etmiş, hadisənin baş verdiyi əraziyə çox sayda insanlar toplaşmışdır. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mərkəzi bazarda alverlə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, o, da bazarda balıq satır. Şahid1 və Zərərçəkmiş şəxs tanımır və onlarla heç bir münasibəti olmamışdır. 19 iyul 2023– cü il tarixdə, saat 13–14 radələrində bazarda olan vaxt yaxınlıqda Azərlə sonradan adı ona məlum olan Qafqaz adlı şəxslərin biri–biriləri ilə mübahisə etdiklərini və yaranmış səs–küyə ətrafdakı şəxslərin toplaşdığını görmüşdür. Həmin vaxt o, Azərə yaxınlaşan zaman Sevil adlı qadının Azərə məxsus meyvə yeşiklərini yerə tökməsini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Qafqaz adlı şəxs bazarın içərisində sıxlıq olduğu üçün Azərdən keçmək üçün yol istəmiş, lakin həmin vaxt Qafqazla Azərin aralarında mübahisə baş vermiş, mübahisə zamanı Azər Qafqazı itələyərək vurmuşdur. Sonradan hadisənin baş verdiyi əraziyə polis əməkdaşları gəlmişlər və polislər Qafqaz adlı şəxsin anası Sevil adlı qadını sakitləşdirərək özləri ilə aparmışlar. Azər və Qafqazın aralarında baş vermiş mübahisə 10–15 dəqiqə davam etmiş, hadisənin baş verdiyi əraziyə çox sayda insanlar toplaşmışdır. Cinayət işinin materiallarında olan 19 iyul 2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri olan Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mərkəzi bazara baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 21 iyul 2023–cü il tarixli 835 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol göz altı nahiyənin qançırı və burun sümüyünün yerini dəyişməyən sınığı küt əşyaların təsirindən törənmişdir, törənmə müddəti 19 iyul 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə burun sümüyünün yerini dəyişməyən sınığı sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, göz altı nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017–ci il təvəllüdlü Mələk, xx.xx.2021–ci il təvəllüdlü Milay və xx.xx.2023–cü il təvəllüdlü Dilək adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011–ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM–nin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarının 2–ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221–ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkəti ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasını, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsini, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlığı, habelə vətəndaşlar üzərində zor tətbiq edilməsi hədəsini özündə ehtiva edir. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı, habelə mülkiyyət toxnulmazlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini qismən etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1–ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar