Məhkəmə qərarları › İş №1(076)-75/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-75/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-75/2023 12.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984–cü il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128, 180.2.4 və 234.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talama və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 10 iyun 2022–ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 2 ünvanında bacısı Zərərçəkmiş şəxs1 ilə aralarında anasına məxsus evdə olan dəmir məmulatlarını kəsərək satması səbəbindən baş vermiş sözlə mübahisə zamanı hiddətlənərək şəxsi münasibətlər zəminində mübahisə nəticəsində bacısı Zərərçəkmiş şəxs1 əli ilə qəsdən vuraraq ona sağ dirsək oynağının və sol saidin orta üçdə birinin, sağ saidin aşağı üçdə birinin arxa səthinin sıyqırları, sol saidin orta üçdə birinin ön səthinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən və alın nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa o, 30 sentyabr 2022–ci il tarixdə saat 07 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi Bazarın dayanacağında tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını açıq yolla talamaq niyyəti ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 üzərində olan pulu verməsini tələb edərək sinəsindən bir ədəd yumruq zərbəsi vurmaqla ona fiziki ağrı yetirib sonuncunun 2 ədəd 5 manatlıq pul əskinası olmaqla, cəmi 10 manat məbləğində pulunu əlindən dartıb alaraq hadisə yerindən qaçmaqla insanın həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, 03 oktyabr 2022–ci il tarixdə, istintaqa dəqiq məlum olmayan saatda yaşadığı Şəmkir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən evlərinin yaxınlığında yolun kənarından tapdığı 4 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamаqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə, saat 18 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Şəmkir şəhəri, 20 Yanvar küçəsində saxlanаraq Şəmkir Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd və həmin gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1–ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq hər biri 5,31 qram, 5,16 qram, 4,92 qram və 4,93 qram çəkidə, ümumi çəkisi 20,32 qram miqdarda çətənə bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 180.2.4 və 234.1–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısıdır. O, Şəmkir şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən evdə anası Svetlana Hacıyeva ilə birlikdə yaşasa da, bacıları Sehri və Samirə onun həmin evdə yaşamağını istəməmişlər. Bacıları evi özləri ələ keçirmək üçün mütamadi olaraq onu polisə şikayət edib böhtan atmışlar. Bundan başqa bacısı Samirə atasına məxsus mağazanın kirayə pulunu götürür, anasının pensiyasını isə Sehri götürüb özü üçün xərcləyir. O, həmin məsələlər ilə bağlı bir neçə dəfə həm Sehri ilə, həm də Samirə ilə mübahisələr etmiş, lakin nəticəsi olmamışdır. Bu səbəbdən Sehri tez–tez onun anası ilə birlikdə yaşadığı evə gələrək onunla mübahisələr etmişdir. 10 iyun 2022–ci il tarixdə Sehri yenə də həmin evə gəlmiş, Sehri evə gələn zaman qeyri–rəsmi nikah münasibətində olduğu X3 da orada olduğunu görüb onunla hansı səbəbdən yad insanları evə gətirməyi ilə bağlı mübahisə etmişdir. Mübahisə zamanı əsəbiləşərək bacısını vurmuşdur. Bundan başqa qeyd edir ki, 03 oktyabr 2022–ci il tarixdə Şəmkir rayonunda olan zaman polis əməkdaşları onu saxlayıb zorla Şəmkir RPŞ–yə gətirmiş, Şəmkir Rayon Polis Şöbəsində olan zaman polis əməkdaşları ona guya ki, bir nəfər şəxsin pulunu alıb qaçdığını demişdir. O, polis əməkdaşlarına həmin hərəkəti etmədiyini dediyi üçün polislər onu döyüb müxtəlif formalarda zor tətbiq etməyə başlamış, bundan sonra polis əməkdaşları ona marixuana verəcəklərini, həmin marixuananın ona məxsus olmasını etiraf etdiyi halda ona köməklik edəcəklərini demişlər. Polis əməkdaşlarının dedikləri ilə razılaşmadığı üçün polislər təkrarən onu döymüş, o, uzun müddət döyüldükdən sonra məcburiyyət qarşısında qalıb narkotik vasitənin ona məxsus olduğunu deyəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona 4 ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuananı vermiş, o, həmin qutuları cibinə qoymuş, sonradan onun üzərinə vəkilin də iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı məcbur olub həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. O heç kimin qarşısını kəsməmiş, pulunu almamış, heç vaxt nə beşbarmaq nə bıçaq gəzirməmiş, həmçinin, narkotik vasitədən istifadə etməmiş və üzərində daşımamışdır. Bununla belə hazırda Zərərçəkmiş şəxs2 ilə razılıq əldə etmişdir Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, anası X6 şəhəri, Üzeyir Hacıbəyov küçəsində qardaşı Samir və onun birlikdə yaşadığı Samirə adlı qadın ilə bilikdə yaşayır. Qardaşı Samir spirtli içki aludəçisi olması səbəbindən mütəmadi olaraq anası Svetlananı yaşadıqları evdə narahat etmiş, bu səbəbdən o, tez–tez həmin evə gedərək anasına yemək vermişdir. 2022–ci ilin iyun ayının əvvəllərində anasının yanına gedən zaman Samir onun saçından tutub yumruqla onu vurmuş, lakin o, Samirdən bu barədə heç bir yerə şikayət etməmiş, xx.xx.2022–ci il tarixdə Şəmkir rayonunda anası Svetlananın ad günü olması səbəbindən getmiş, evə daxil olan zaman qardaşı Samirin əlində olan kəsici alət ilə evin dəmirlərini kəsdiyini və dəmir alqı–satqısı ilə məşğul olan şəxslərə satdığını görmüş, bu zaman qardaşı Samir ilə mübahisə etməyə başlamış, Samir onun üzərinə getmiş, əlində olan telefonunu əlindən almağa çalışan zaman telefonu ala bilmədiyi üçün onu yerə yıxaraq saçından tutmuş, onu evin həyətində döyməyə başlamış, yumruqla baş nahiyəsindən vurmuşdur. Sonradan polis şöbəsinə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdir ki, 30 sentyabr 2022–ci il tarixdə saat 07 radələrində yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən bazara gəlmiş, həmin vaxt onun üzərində 2 ədəd 5 manatlıq pul əskinası olmuşdur. Bazarın arxası ilə gedən zaman orta yaşlı, təxminən 170 sm boylarında olan şəxs onu yanına çağırmış, bu vaxt həmin şəxs əlini belinə ataraq belində bıçaq və “5 barmaq” olduğunu bildirmiş, cibində olan pulların hamısını ondan istəmişdir. O da ətrafa baxıb köməklik edə biləcək heç kimin olmadığını görmüş, qorxduğu üçün cibində olan 2 ədəd 5 manatlıq pulu çıxarmış, pulu cibindən çıxaran zaman həmin şəxs onun sinəsindən yumruqla vuraraq əlində olan pulu dartıb almış, pulu ondan aldıqdan sonra qaçaraq oradan uzaqlaşmışdır. Sonradan polis şöbəsinə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkilidir. Şəmkir RPŞ–yə Samir adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat nəticəsində həmin şəxsin ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 03 oktyabr 2022–ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üstünə şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs Şəmkir şəhəri, 20 Yanvar küçəsində olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞ–nin CAB–nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsinə gedilmiş, Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan yaxınlıqda dayandığını müşahidə etmiş, ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat– axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Şəmkir RPŞ–yə dəvət etmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirdikdən sonra aidiyyəti üzrə raportla Şəmkir RPŞ–nin rəhbərliyinə müraciət edib Şəmkir RPŞ–nin TB–nə təqdim etmiş, sonradan onlara Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan marixuana aşkar edildiyi məlum olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ–nin CAB– nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, 03 oktyabr 2022–ci il tarixdə Şəmkir RPŞ–də xidmətdə olan zaman şöbəyə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etməyi üçün ona məlumat verilmiş, bu zaman təhqiqatçı Salman Atayevin xidməti otağında Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, müdafiəçi X4 Təqsirləndirilən şəxs müdafiəçisi kimi iştirakı təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub–olmaması, vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd və sol yan cibindən 2 ədəd kibrit qutusu təqdim edərək həmin qutuların içərisində narkotik vasitə marixuana olduğunu, həmin qutuların ona məxsus olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunda qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 30 sentyabr 2022–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pulunu əlindən dartıb almaqla ona qarşı soyğunçuluq etdiyi hadisə yeri Şəmkir şəhəri, 20 Yanvar küçəsidir. Həmin yerə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 03 oktyabr 2022–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd və həmin gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 10 iyun 2022–ci il tarixli 630 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–alın nahiyəsinin əzilmiş yarası, sağ dirsək oynağının və sol saidin orta üçdə birinin, sağ saidin aşağı üçdə birinin arxa səthinin sıyrıqları, sol saidin orta üçdə birinin ön səthinin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 10 iyun 2022–ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə alın nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir, sağ dirsək oynağının, sol saidin orta üçdə birinin, sağ saidin aşağı üçdə birinin arxa səthinin sıyrıqları, sol saidin orta üçdə birinin ön səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 04 oktyabr 2022–ci il tarixli 16/1168 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlələr 4 ədəd kibrit qutusunun içərisində qablaşdırılmış vəziyyətdə...” sözləri və imzalar olan kağız paketdəki 4 ədəd kibrit qutularında ayrı–ayrılıqda təmiz çəkiləri 5,31 qram, 5,16 qram, 4,92 qram, 4,93 qram, ümumi təmiz çəkisi 20,32 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan, Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 21 dekabr 2022–ci il tarixli, 1925 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui–istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–in 234.2–ci maddəsi əsasında təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019–cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128, 180.2.4 və 234.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun barəsində Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə başlanmış cinayət təqibinə zərərçəkmiş şəxslə barışıb dəymiş ziyanı aradan qaldırdığına görə həmin hissədə xitam verilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM– in 128–ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü Azərbaycan Respublikası CM–in 180.2.4 və 234.1–ci maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, həmin cinayətləri törətməməsini bildirsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Həmçinin, təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərində axtarış aparılan zaman törətdiyi cinayət əməlini–narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş, bununla bağlı tərtib edilmiş protokolu könüllü imzalamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri isə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz zərərçəkmiş şəxsin və şahidlərin ifadələri qoyulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən, ona qarşı fiziki zor tətbiq olunduğunu və ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini təzyiq altında verdiyini qeyd etsə də, cinayət işinin materiallarında olan “cinayət işi başlanmasının rədd olunması haqqında” 12 noyabr 2022–ci il tarixli qərardan görünür ki, Şəmkir rayon prokurorluğunda qeyd olunan hallarla bağlı araşdırma aparılmış və araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılığa məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından həmin tarixli qərarla cinayət işi başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talama və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 180.2.4 və 234.1–ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 180.2.4 və 234.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda cəza təyin olunmalı, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4– cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan qəsdən törədilən, Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə “az ağır” cinayət olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğl ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1–ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2–ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 oktyabr 2022–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol 03 oktyabr 2022–ci il tarixdə tərtib olunmuş və həmin gündən də şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 05 oktyabr 2022–ci il tarixli qərarı Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin əvvəli 03 oktyabr 2022–ci il tarixdən hesablanmışdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1–ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 20,24 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4 və 234.1–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM–nin 180.2.4–cü maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM–nin 234.1–ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2–ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təyin olunmuş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası CM–in 180.2.4–cü maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2022–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 20,24 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar