Məhkəmə qərarları › İş №1(076)-77/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-77/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-77/2024 22.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Şəmkir rayonu, Muxtariyyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkum olunmamış, himayəsində bir nəfər az yaşlı uşağı olan, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla yaşayan, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə yaşadığı Şəmkir rayonu, Qədimqala kəndinin ərazisindən keçən su kanalının ətrafında yabanı halda bitmiş narkotik tərkibli çətənə kollarından yığaraq qurutduğu “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Qədimqala kəndinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon X7 polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə saat 11:30-də Şəmkir rayonu, Qədimqala kəndində saxlanılaraq Şəmkir rayon X7 polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkcənin sol iç cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində, şəxsi istehlak miqdarından artıq 38,26 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. O, narkotik vasitənin marixuana növündən istifadə edir. O, polis tərəfindən saxlanılmamışdan 10 gün əvvəl yaşadığı kənd mərkəzindən evə gedən zaman kənd ərazisindən keçən çay kənarında yabanı halda bitmiş çətənə kolları görmüş, çay kənarına yaxınlaşaraq həmin yabanı halda bitmiş çətənə kolunun yarpaqlarını yolub çay kənarından götürdüyü sellofan torbaya yığmışdır. Həmin sellofana yığdığı çətənə kollarının yarpaqlarını evə gətirmiş və evin həyətyanı məhləsində sərərək qurutmağa başlamışdır. Təxminən 2 gün həmin çətənə kollarını qurudub şəxsi istifadəsi üçün sellofan torbaya yığaraq cibinə yerləşdirmiş, 24 oktyabr 2023-cü il tarixdə saat 11:30 radələrində o, yaşadığı Şəmkir rayonu Qədimqala kəndində olan zaman ona mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Şəmkir rayon X7 polis bölməsinə dəvət etmiş, polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə avtomobilə əyləşib polis şöbəsinə gəlmişlər. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi tutmaq hüququ ona izah edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Kür polis bölməsinin inzibati binasında xidməti otaqda üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olub-olmaması barədə soruşulmuş, bu zaman o, əynində olan göy rəngli gödəkcənin sol iç cibində olan 1 (bir) ədəd sellofanı polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd sellofan bükümdə olan kütləyə baxış keçirilən zaman həmin kütlənin içərisindəkinin marixuanaya bənzər kütlə olması müəyyən olunmuş, bundan sonra 1(bir) ədəd sellofan bükümdə olan marixuanaya bənzər kütlə sellofan torba ilə birlikdə ilkin çəkilmiş və sellofan büküm ekepertizaya təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, üzərində keçirilən axtarış zamanı başqa qanunsuz əşya, narkotik vasitə müəyyən olunmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuanaya özünə aiddir, başqa narkotik maddənin olub-olmaması ondan soruşulmuş və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa heç bir narkotik vasitə olmadığını bildirmişdir. Himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstədi ki, o, Şəmkir rayon X7 Polis bölməsinin sahə polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsi daşıyır. Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. 24 oktyabr 2023-cü il tarixdə Şəmkir rayonu, Qədimqala kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədi ilə Şəmkir rayon X7 Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 RPŞ-nin Kür PB-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun üzviləri o, Kür PB-nin polis sahə rəisi Şahid4, həmin bölmənin əməliyyat müvəkkili Şahid1 və sahə polis nəfəri Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri ilə Kür PB-nin xidməti avtomobilinə əyləşib Şəmkir rayonu, Qədimqala kəndi istiqamətinə hərəkətə başlamışlar. Şəmkir rayonu, Qədimqala kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq polis əməkdaşı olduqlarını deyib özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla polis şöbəsinə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs ona etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişlər. Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən şübhəli şəxs qismində tutularaq ona qanunla müəyyən edilmiş qaydada hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra Şəmkir rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı ona təqdim olunmuş, təqdim olunmuş siyahı üzrə Şəmkir rayin Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiə etməsini istədiyini bildirmiş, vəkil Müdafiəçi qismində dəvət olunandan sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılacağı bildirilmişdir. İştirakçılar tərəfindən şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunması barədə hər hansı bir narazılıq daxil olmamış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və prekursorları varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əynində olan göy rəngli gödəkcənin iç sol cibindən bir ədəd sellofan torba çıxarmış və içərisində narkotik vasitəyə bənzər kütlə olduğunu bildirmişdir. Onun cibindən çıxardığı bir ədəd sellofan torbasına baxış zamanı qutunun içərisindəkinin narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin bir ədəd sellofan torba ilə birlikdə 42,85 qram olması müəyyən edilmiş, həmin kütlə ağ kağız zərfə qoyulub qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 118 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni 2023-cü ilin oktyabr ayında yaşadığı kənd ərazisində olan su arxının kənarından yığdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş rayon X7 Polis bölməsinin sahə polis nəfəri Şahid3 ifadəsində, həmçinin ibtidai istintaq dövründə dindirilmiş və məhkəmə baxışında iştirakının təmin edilməsi mümkün olmadığından iş üzrə tərəflərin etirazı olmadan ifadəsi elan edilmiş Şahid1 və Şahid4 elan edilmiş ifadələrdən görünür ki, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxs qismində tutma” haqqında xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, 24 oktyabr 2023-cü il tarixdə saat 12:10 dəqiqədə Təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən şübhəli şəxs qismində tutularaq Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 24 oktyabr 2023-cü il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etdi. Kütlə açılan zaman içərisində olan marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. 24 oktyabr 2023-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı İbrahim Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 16/1116 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd sellofan paketdə, təmiz çəkisi 38,26 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 26 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. Şəmkir RPŞ-yə verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığının 05 noyabr 2023-cü il tarixli cavabından görünür ki, tapşırıqla əlaqədar rayon polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı 2023-cü ilin oktyabr ayında Şəmkir rayonu, Qədimqala kəndi ərazisindən keçən su arxında bitən narkotik tərkibli çətənə kollarından yığaraq özü qəbul etmək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar onun narkotik vasitə olan qurudulmuş marixuananı yığdığı yerin müəyyən edilməsi məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qədimqala kəndində yerləşən su arxının kənarından yığdığını bildirmiş və törətmiş olduğu cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmiş 14 dekabr 2023-cü il tarixli, 2058 nömrəli rəy alınmışdır. Rəydən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionedlərdən sui-istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Şəmkir rayonu İHB-nın Keçili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla hazırda atası, anası, arvadı, oğlu ilə birgə Şəmkir rayonu, Qədimqala kəndində yaşayır. Şəmkir rayonu İHB-nın Keçili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İşdə olan AA0668329 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Şəmkir rayonu İHB-nın Keçili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla hazırda arvadı və oğlu ilə birgə Şəmkir rayonu, Miskinli kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Qismən səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qismən səfərbərliklə əlaqədar hərbi xidmətdə olmasını onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır, məsuliyyət ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların müəyyən edilməsini və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına, xəstələyi və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 38,22 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 38,22 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar