Məhkəmə qərarları › İş №1(076)-77/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-77/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-77/2025 25.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X2 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 2001-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, N.Nərimanov küç ev-2 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə təxminən saat 23:40 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 401-ci kilometrliyində “X16” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı- qadağan nişanları yol hərəkəti iştirakçılarnın hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir) tələblərini pozaraq 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində idarə etdiyi VAZ 217050 (Priora) markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili 70-80 km/saat sürətlə Bakı istiqamətində hərəkət etdirərkən həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək qarşıdan gələn sürücü Zərərçəkmiş şəxs3 idarə etdiyi VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 başın tüklü hissəsində sol gicgah nahiyəsinin dərialtı hematoması, sol çənə nahiyəsinin əzilmiş yarası, sol gicgah sümüyünün və kəllə əsasının sınığı, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sol bud sümüyünün orta üçdə birinin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol diz oynağının ön səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə, həmçinin idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin sıyırılmış yarası və sağ incik sümüyünün sınığı ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər, eyni zamanda Zərərçəkmiş şəxs2 alın və hər iki gicgah nahiyəsinin əzilmiş yaraları,alın sümüyünün ön səthinin, sağ gözyuvası ətrafı süsmüklərinin, sağ əng və burun sümüyünün sınıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 401-ci km-də iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi barədə məlumatı var, lakin həmin hadisə zamanı baş və bədəninin digər nahiyələrindən ağır xəsarət aldığı üçün hadisənin necə və hansı şəraitdə baş verdiyini xatırlamır. Xəsarət almağı ilə bağlı müalicə olunduğu dövrdə danışılanlardan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostları, Şəmkir şəhər sakinləri Zərərçəkmiş şəxs1, X7 və Şahid3 ilə görüşüb etibarnamə əsasında özünə məxsus olan VAZ-217050 markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşəndən sonra sükan arxasına dostu Zirəddin keçərək avtomobili idarə etmiş, birgə Şəmkir şəhərində gəzdikdən sonra avtomobilə yanacaq doldurmaq məqsədi ilə Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” YDM-nə gedib orada avtomobilə yanacaq doldurmuş, sonra isə avtomobili idarə etmək üçün əyləşdiyi arxa oturacaqdan düşüb avtomobilin sükanı arxasına keçərək idarə edib YDM-dən Bakı-Qazax yoluna çıxaraq Bakı şəhəri istiqamətində avtomobili hərəkətə gətirmişdir. Hərəkətdə olarkən qarşısı ilə eyni istiqamətdə hərəkət edən sərnişin avtobusunu ötəərkən qarşıdan, lakin onun hərəkət zolağı ilə üzərinə doğru VAZ-21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb toqquşmadan yayınmaq üçün sükanı sola burmuş, buna baxmayaraq avtomobilin ön sol hissəsi ilə VAZ-21214 markalı avtomobilin ön sol hissəsi toqquşmuşdur. Toqquşmadan sonra avtomobili zərbənin təsirindən fırlanaraq qeyd edilən avtobusun ön hissəsinə çırpılmış, toqquşma zamanı özü də olmaqla avtomobilində olan şəxslər xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. VAZ-21214 markalı avtomobilin sürücüsü, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs3 isə almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. X17 Əliyevlə aralarında ədavət, düşmənçilik, narazılıq olmamış, münasibətləri əksinə yaxşı olmuşdur. O, qeyd edilən hadisənin necə və hansı şəraitdə baş verdiyini xatırlamamasına baxmayaraq deyilənlərə görə hadisəyə qədər avtomobili yaşayış məntəqəsi daxilində müəyyən edilmiş sürət həddindən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyinə və bunun da nəticəsində 1 nəfər şəxsin ölmünə və 3 nəfər şəxsin xəsarət almasına görə ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. Baş vermiş hadisəyə görə təəssüf hissi keçirir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq cəhdləri edilsə də sonuncu onların üzrxahlığını qəbul etməmiş, onunla barışmamışdır. Gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs3 onun oğludur. Seyid Rüstəm 2018ci il tarixdən daxili işlər orqanlarında, xx.xx.2023-cü il tarixdən isə Gədəbəy rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Rüstəm ailəsi ilə birlikdə Gəncə şəhərinə istirahətə getmiş, saat 18 radələrində Gəncə şəhərindən qayıdaraq arvadı Aygünü və övladlarını qayınatası evinə qoyub geri -yaşadığı evə qayıtmışdır. Bir neçə saat yatdıqdan sonra saat 22 radələrində müvəqqəti olaraq idarə etdiyi, əmisi oğluna məxsus VAZ 21214 markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə çıxıb getmişdir. Həmin gün, saat 23:50 radələrində qaynı Mirtağı Əliyev ona zəng edərək Rüstəmin idarə etdiyi VAZ 2121 markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəzaya düşdüyünü və Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıldığını demişdir. Bu xəbəri eşidəndən sonra dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına getmiş,lakin xəstəxanaya çatanda oğlu Rüstəmin öldüyünü bilmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, onu bağışlamır, onun barəsində ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur. 29 aprel 2023-cü il tarixdə saat 23 radələrində dostları Təqsirləndirilən şəxs, Şahid3 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Zirəddinə məxsus “Priora” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayon ərazisində gəzmişlər. Saat 23:10 radələrində Zirəddin benzin doldurmaq üçün avtomobili Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində, üzü Gəncə şəhəri istiqamətində yolun sağ hissəsində yerləşən “Az-Petrol” yanacaq doldurma məntəqəsinə sürmüşdür. YDM-nin içərisində olarkən Elvin adlı tanışları idarə etdiyi ağ rəngli Xəzər-Lada markalı avtomobilini benzin doldurmaq üçün yan tərəflərinə vermişdir. Avtomobilin sağ qabaq hissəsində Şahid3, sürücünün arxasında, yəni avtomobilin sol arxa hissəsində o, sağ arxa hissədə Təqsirləndirilən şəxs əyləşmişdir. Daha sonra Fikrət arxa oturacaqdan düşüb sükan arxasına əyləşmişdir. Fikrət Elvinə “mənimlə sürməkmi istəyirsən” demiş, Elvin isə benzinin az olduğu üçün yarışmayacağını bildirmişdir. Daha sonra onlar sağollaşmış, bundan sonra Elvin idarə etdiyi ağ rəngli Xəzər-Lada markalı avtomobili ilə onlardan qabaqda hərəkətə gətirib çıxıb getmiş, Fikrət isə avtomobili idarə edərək yanacaq doldurma məntəqəsindən üzü Gəncə şəhəri istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmiş, bundan sonra heç bir şeyi xatırlamamışdır. Hadisə zamanı xəsarət aldığı üçün hadisənin necə və hansı şəraitdə baş verməsini xatırlamır. Ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxsla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirlən dirilən şəxs Təqsirləndirilən şəxs dostudur. Priora markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil öz adına olsa da avtomobili etibarnamə əsasında Fikrətə satmışdır. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində iş yeri olan idman kompleksindən çıxıb piyada evə getməyə başlamış, yolda olarkən dostu Fikrət ona zəng edərək harada olmasını soruşanda olduğu yeri demiş, bundan bir neçə dəqiqə sonra Fikrət qeyd edilən avtomobillə arxasınca gəlmişdir. Həmin vaxt avtomobildə Fikrətdən başqa digər dostları Zərərçəkmiş şəxs1 və Şahid3 də olmuşdur. Görüş zamanı Fikrət avtomobildə nasazlıq olduğunu bildirmişdır. O, avtomobil baxanda yanacağın pis olduğunu bildirib avtomobili premium benzinlə doldurmağı məsləhət görmüş və yanacaq doldurmaq üçün özü sükan arxasına keçib Bakı-Qazax yolunun Şəmkir şəhəri ərazisindən keçən hissəsində “Dörd yol” adlanan yerdə üzü Gəncə şəhəri istiqamətində yolun sağ hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinə sürmüşdür. YDM-nin içərisində olarkən avtomobildən düşüb operatorun yanına getmiş, bu zaman adını sonradan bildiyi Elvin adlı şəxs idarə etdiyi ağ rəngli Xəzər-Lada markalı avtomobilinə benzin doldurmaq üçün yan tərəfdə saxlayıb Fikrətlə söhbət etməyə başlamışdır. Həmin vaxt kənarda olduğu üçün Elvinin Fikrətlə nə danışdığını eşitməmişdir. Avtomobilə yanacaq doldurub qurtardıqdan sonra Fikrət, ona demədən sükan arxasına əyləşəndə o, bunu görüb arxa sağ oturacaqda, Azər arxa sol,Toğrul isə ön sağ oturacaqda əyləmişdir. Elvin idarə etdiyi ağ rəngli Xəzər-Lada markalı avtomobili ilə onlardan qabaq yanacaq doldurma məntəqəsindən çıxıb üzü Gəncə şəhəri istiqamətində hərəkət başlayanda Fikrət də avtomobili işə salıb məntəqənin qarşısından baş yola çıxmış, lakin həmin vaxt Qazax istiqamətindən avtobusun gəldiyini görüdüyü üçün avtobusa yol vermiş, avtobus keçəndən sonra Fikrət avtomobili hərəkətə gətirib üzü Gəncə şəhəri istiqəmətində hərəkətə davam etmişdir. 70 km/saat sürətlə hərəkətdə olarkən təxminən 150-200 metr məsafə qət etdikdən sonra qarşıları ilə eyni istiqamətdə hərəkətdə olan həmin ağ rəngli avtobus bir anda sağa yönələndə avtobusun önündən onların hərəkət zolağı ilə, lakin əksinə doğru NİVA markalı avtomobilin gəldiyini görəndə Fikrət toqquşmadan yayınmaq üçün sükanı sola burmuş, lakin buna baxmayaraq yolun orta hissəsində NİVA markalı avtomobil ön sol hissəsi ilə sərnişini olduğu avtomobilin ön sol hissəsindən toqquşmuş, toqquşma zamanı sərnişini olduğu avtomobil zərbənin təsirindən fırlanaraq həmin avtobusun ön hissəsinə çırpılmışdır. Hadisə zaman xəsarət aldığı üçün huşunu itirmiş, bir gün sonra gözünü Gəncə şəhər xəstəxanasında açmış, yanında olan valideynlərindən ona nə olmasını soruşanda məlum olmuşdur ki, sərnişini olduğu avtomobil ilə VAZ 21214 markalı avtomobilin toqquşması nəticəsində VAZ 21214 markalı avtomobilin sürücüsü, əvvəllər tanıdığ polis əməkdaşı Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətldən hadisə yerində ölmüş, digər dostları Fikrət, Azər və Toğrul isə xəsarət almışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. O, Fikrtələ barışmışdır, ondan şikayət və tələbi yoxdur, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, oğlu vəfat etdikdən sonra təqsirləndirilən şəxs və ailəsi heç vaxt onlardan üzrxahlıq etməmişdir. Ona dəymiş ziyanı ödəməmişlər. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 il müddətdir ki, avtobus sürücüsü kimi etibarnamə əsasında idarə etdiyi Mercedes Benz 0303 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Tovuz-Bakı istiqamətində sərnişin daşıması həyata keçirir. Belə ki, həftənin 1-4-6-cı günlərində saat 22:00-da Tovuz rayonundan Bakı şəhəri istiqamətində yola düşür, səhəri gün isə saat 15:00-da Bakı şəhərindən geri qayıdır. xx.xx.2023-cü il tarixdə idarə etdiyi Mercedes Benz 0303 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobusla Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində dayanaraq avtobusa sərnişin qəbulu etmiş və saat 23:30 radələrində dayanacağın qarşısından üzü Bakı istiqamətində hərəkətə başlamış, hərəkətdə olarkən “Ceyhun” şadlıq sarayının qarşısına çatarkən qarşıdan, yəni üzü Şəmkir şəhər istiqamətində yüksək sürətlə VAZ 21214 markalı avtomobilin üzərinə doğru gəldiyini görüb avtobusun sürətini azaldıb yolun sağ hissəsinə doğru çəkmiş, lakin VAZ 21214 markalı avtomobil onun yoluna çıxaraq üzərinə doğru gəlməkdə davam etmişdir. BU vaxt idarə etdiyi avtobusun sol tərəfindən hava qaranlıq olduğu üçün markasını və nömrəsini görə bilmədiyi avtomobil ötmə əməliyyatı edərək onu keçmiş və VAZ 21214 markalı avtomobillə qarşı-qarşıya gələrək toqquşmaqdan güclə yayınıb yolun sol tərəfinə doğru getmişdir. Həmin avtomobilin ardınca ötmə əməliyyatı edən VAZ 217050 markalı avtomobil də yüksək sürətlə onu keçərək VAZ 21214 markalı avtomobil ilə qarşı-qarşıya gələrək toqquşmuşlar. Toqquşmadan sonra VAZ 217050 markalı avtomobil idarə etdiyi avtobusun qabaq hissəsinə dəyərək yolun ortasında dayanmışdır. Toqquşma zamanı idarə etdiyi avtobusun sürəti təxminən 20-30 km/saat olmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtobusu saxlayıb yerə düşmüşdür. Hadisə yerinə toplaşan insanlar əvvəllər adlarını bilmədiyi və tanımadığı VAZ 217050 markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və avtomobildə olan 3 nəfər sərnişini köməkli şəkildə avtomobildən çıxarıb xəstəxanaya aparmışlar. O, VAZ 21214 markalı avtomobilin sürücüsünün polis əməkdaşı olduğunu eşitmişdir. Belə ki, həmin şəxsin vəziyyəti çox ağır olmuş və qulaqlarından qan axmışdır. Ümumiyyətlə hər iki avtomobil ciddi şəkildə deformasiyaya uğramışdır. Ətrafda olan insanlar adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 VAZ 21214 markalı avtomobildən çıxarıb xəstəxanaya aparmışlar. Toqquşma baş verməmişdən əvvəl, qarşıdan gələn VAZ 21214 markalı avtomobilin işıqları yanılı vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur. 29 aprel 2023-cü il tarixdə saat 23 radələrində dostları Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə Zirəddinə məxsus “Priora” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayon ərazisində gəzmişlər. Saat 23:10 radələrində Zirəddin benzin doldurmaq üçün avtomobili Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində, üzü Gəncə şəhəri istiqamətində yolun sağ hissəsində yerləşən “Az-Petrol” yanacaq doldurma məntəqəsinə sürmüşdür. Yanacaq doldurma məntəqəsinin içərisində olarkən Elvin adlı tanışları idarə etdiyi ağ rəngli “Xəzər-Lada” markalı avtomobilini benzin doldurmaq üçün yan tərəflərinə vermişdir. Avtomobilin sağ qabaq hissəsində o, sürücünün arxasında, yəni avtomobilin sol arxa hissəsində Zərərçəkmiş şəxs1, sağ arxa hissədə isə Təqsirləndirilən şəxs əyləşmişdir. Daha sonra Fikrət arxa oturacaqdan düşüb sükan arxasına əyləşmişdir. Çünki, onlar Zirəddini evə düşürmək fikrində olmuşdur. Avtomobil Zirəddinə məxsus olsa da, onu faktiki olaraq etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etmişdir. Daha sonra onlar sağollaşmış və yanacaq doldurma məntəqəsindən üzü Gəncə şəhəri istiqamətində hərəkət etmişlər. Onlar ağ rəngli “Xəzər-Lada” markalı avtomobillə dalbadal olaraq yanacaq doldurma məntəqəsindən çıxmışlar. Qabaqda Elvin adlı şəxsin idarə etdiyi “Xəzər-Lada” markalı avtomobil, Elvinin arxası ilə isə onlar getmişlər. Təqsirləndirilən şəxs avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişlər. Hərəkətdə olarakən biraz getdikdən sonra qarşıda avtobusun getdiyini görmüşlər. Birdən qarşılarında güclü işıq yanmağa başlamış və toqquşma baş vermişdir. Hadisənin təsirindən o, özünü itirmiş, özünə gəldikdə ətrafda xeyli sayda insanlar toplaşmış,insanlar onlara köməklik edərək Fikrətlə Zirəddini ağ rəngli “Xəzər-Lada” markalı avtomobilə mindirib xəstəxanaya yola salmışlar. Özü və dostu Azər isə digər ağ rəngli, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə anidən olduğu üçün o, VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Zülfiqar oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır. 29 aprel 2023-cü il tarixdə saat 22:30 radələrində idarə etdiyi KHAZAR SD markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə dostu X15 şəhəri Rüstəm Əliyev küçəsində yerləşən yaşadığı fərdi yaşayış evindən götürmüşdür. Onlar “Keyfi Kök” adlı restorana getmək üzrə yola düşmüşlər. Rayonda olarkən qabaqları ilə Zərərçəkmiş şəxs2 məxsus “Priora” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil getmişdir. Avtomobili Zərərçəkmiş şəxs2 idarə etmişdir. Saat 23:10 radələrində qabaqda “Priora” markalı avtomobil, onun arxasınca o, Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində üzü Gəncə şəhəri istiqamətində yolun sağ hissəsində yerləşən “Az-Petrol” yanacaq doldurma məntəqəsinə girmişlər. Zirəddin avtomobilə benzin doldurmuşdur. O isə avtomobilini Zirəddinin avtomobilinin yanına verib Təqsirləndirilən şəxsla söhbət etməyə başlamışdır. Belə ki, hadisədən təxminən 5-6 gün qabaq o, Şəmkir bazarında Fikrətlə qarşılaşmışdır. Fikrət ondan avtomobilinin qabaq hissəsini harada düzəltdirdiyini soruşmuş, o isə Fikrətə avtomobilinin qabaq hissəsini Bakı şəhərində düzəltdirdiyini demişdir. Fikrət ondan həmin ustanın nömrəsini tapıb verməsini istəmişdir. O isə Fikrətə ustanın nömrəsini tapıb verəcəyini bildirmişdir. O, ustanın nömrəsini tapmasa da yerini Fikrətə başa salmaq üçün Zirəddinin idarə etdiyi “Priora” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasınca “Az-Petrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. O, həmin ustanın nömrəsini tapmasa da, yerini Fikrətə izah etmişdir. “Priora” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs2 idarə etmişdir. Avtomobilin sağ qabaq hissəsində Şahid3, sürücünün arxasında, yəni avtomobilin sol arxa hissəsində Zərərçəkmiş şəxs1, sağ arxa hissədə isə Təqsirləndirilən şəxs əyləşmişdir. Daha sonra Fikrət arxa oturacaqdan düşüb sükan arxasına əyləşmişdir. O, Fikrətlə söhbətini yekunlaşdırıb yoluna davam etmişdir. Fikrət də “Priora” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili onun arxası ilə sürmüşdür. O, Bakı-Qazax yolu ilə üzü Gəncə şəhəri istiqamətində təxminən 70-80 km/saat sürətlə hərəkət etmişdir. Fikrət də “Priora” markalı avtomobillə arxası ilə gəlmişdir. Bu zaman o, qarşısında hərəkətdə olan böyük sərnişin avtobusunu görmüşdür. O, ötmə əməliyyatını icra etmək üçün qarşı tərəfdən üzü Şəmkir şəhəri istiqamətində avtomobil gəlib-gəlmədiyini yoxlamış və yolun boş olduğuna əmin olduqdan sonra avtobusu ötmə əməliyyatını icra etmişdir. Bu zaman onun sürəti təxminən 70-80 km/saat olmuşdur. O, avtobusu keçdikdən sonra VAZ 21214 markalı avtomobilin üzü Şəmkir şəhər istiqamətində, lakin onun yolu ilə gəldiyini görüb idarə etdiyi yolun hissəsinə çəkib baş verə biləcək qəzadan yayınmışdır. Bu zaman arxadan bərk səs gəldiyini eşitmişdir. Arxaya baxdıqda VAZ 21214 markalı avtomobillə Fikrətin idarə etdiyi “Priora” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu görmüşdür. O, dərhal həyəcanlı şəkildə avtomobili döndərib hadisə olan yerə sürmüşdür. VAZ 21214 markalı avtomobil ilə “Priora” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil kəskin şəkildə əzilərək deformasiyaya uğramışdır. O, Fikrət və Zirəddinin yerə, asfaltın üzərinə düşdüklərini görüb dərhal Fikrəti idarə etdiyi avtomobilə mindirib Şəmkir rayon Mərkəzi Xəstəxanasına doğru sürmüşdür. “Priora” markalı avtomobildə olan sərnişinləri isə hadisə yerinə toplaşmış insanlar xəstəxanaya gətirmişlər. Daha sonra o, VAZ 21214 markalı **- KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin polis əməkdaşı olan Zərərçəkmiş şəxs3 idarə etdiyini öyrənmişdir. Əlavə olaraq bildirmişdir ki, VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü Şəmkir şəhər istiqamətində, lakin onun yolu ilə hərəkət etmişdir. O, əvvəllər Zərərçəkmiş şəxs3 tanımamışdır. Hadisə baş verən vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Priora” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yarışmamışdır. O sadəcə olaraq “Az-Petrol” yanacaq doldurma məntəqəsində Təqsirləndirilən şəxsla söhbət edib üzü Gəncə şəhəri istiqamətində hərəkət etmişdir. Təqsirləndirilən şəxs isə idarə etdiyi “Priora” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun arxası ilə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 3 il müddətdir ki, Tovuz rayonu Avlıbəyli kənd sakini, avtobus sürücüsü Şahid1 atasına məxsus etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 0303” markalı, **-BZ- *** dövlət qeydiyyat nişanlı avtobusda konduktor kimi fəaliyyət göstərir. Belə ki, sürücü Şahid1 həftənin 1, 4, 6-cı günlərində saat 22:00-da da Bakı şəhərindən geri qayıdırlar. Hadisə olan gün, yəni 29 aprel 2023-cü il tarixdə Şahid1 idarə etdiyi "Mercedes Benz 0301" markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində təxminən 40-50 km/saat sürətlə üzü Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Həmin vaxt avtobusda sərnişinlər də olmuşdur. Belə ki, sürücü Şahid1 Tovuz rayonunun avtovağzalından sərnişinləri götürüb, Bakı şəhəri istiqamətində getmiş, o da, onlara Şəmkir şəhərinin giriş hissəsində yerləşən "Dörd yol" adlanan ərazidəki dayanacaqdan qoşulmuşdur. Həmçinin, Şahid1 Bakı-avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində dayanaraq avtobusa sərnişin qəbulu etmişdir. Sürücü Şahid1 saat 23:30 radələrində "Ceyhun" sadlıq sarayının qarşısına çatarkən qarşıdan, yəni üzü Şəmkir şəhər istiqamətində yüksək sürətlə "VAZ 21214 (Niva)" markalı avtomobilin üzərlərinə doğru gəldiyini görüb avtobusun sürətini azaltmış, yolun sağ hissəsinə doğru çəkmişdir. Lakin, "VAZ 21214" markalı (Niva) avtomobil yollarına çıxaraq avtobusun üzərinə doğru gəlməkdə davam etmiş, işıq siqnalını tez-tez yandırıb keçirməklə “VAZ 21214" markalı (Niva) avtomobilə işarə versələr də, həmin avtomobil yollarından çıxmamışdır. Sürücü Şahid1 qarşıdan gələn avtomobildən ehtiyat edərək avtobusu yolun sağ tərəfinə doğru çəkmiş, bu qısa zaman çərçivəsində əyləşdiyi avtobusun sol tərəfindən hava qaranlıq olduğu üçün dövlət qeydiyyat nişanını görə bilmədiyi, "Xəzər" markalı avtomobil ötmə əməliyyatı edərək onları keçmiş və "VAZ 21214" markalı (Niva) avtomobil ilə qarşı-qarşıya gələrək onunla çox az bir hissədi toqquşmuş, daha sonra Niva yolun sol tərəfinə doğru getmişdir. Həmin vaxt "Xəzər" markalı avtomobilin sürücüsü də işıq siqnalı versə də, "VAZ 21214" markalı (Niva) avtomobilin sürücüsü buna əhəmiyyət verməmişdir. Həmin avtomobilin ardınca ötmə əməliyyatı edən "VAZ 21750" markalı (Priora) avtomobil də yüksək sürətlə onları keçərək "VAZ 21214" markalı (Niva) avtomobil ilə qarşı-qarşıya gələrək toqquşmuşlar. Toqquşmadan sonra "VAZ 21750" markalı (Priora) avtomobil onun olduğu avtobusun qabaq hissəsinə dəyǝrǝk yolun ortasında dayanmışdır. Toqquşma zamanı avtobusun sürəti təxminən 20-30 km/saat olmuşdur. Toqquşmadan sonra sürücü Şahid1 idarə etdiyi avtobusu saxlayıb yerə düşmüş, onun dalınca o və digər konduktor Murad, daha sonra da sərnişinlər avtobusdan yerə düşmüşlər. Hadisə yerinə ətrafda olan insanlar da toplaşmışdır. Onlar əvvəllər adlarını bilmədiyi və tanımadığı "VAZ 21750" markalı (Priora), **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və avtomobildə olan 3 nəfər sərnişini köməkli şəkildə avtomobildən çıxarıb xəstəxanaya "Xəzər" markalı avtomobillə aparmışlar. O, digər konduktor Şahid4 və sürücü Şahid1 "VAZ 21214" markalı (Niva), **- KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf yaxınlaşmışlar. Avtomobildə 1 nəfər sürücü olmuşdur. Sürücünün vəziyyəti çox ağır olmuş və onun qulaqlarından qan axmışdır. Ümumiyyətlə hər iki avtomobil ciddi şəkildə deformasiyaya uğramışdır. O da, hadisənin təsirindən özünü pis hiss etdiyi üçün digər iki avtomobildə olan yaralılara kömək edə bilməmişdir. Lakin, ətrafda olan insanlar adını sonradan bildiyi, Gədəbəy rayon polis şöbəsinin əməkdaşı Zərərçəkmiş şəxs3 idarə etdiyi "VAZ 21214" markalı (Niva), **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildən çıxarıb Xəstəxanaya aparmışlar. Daha sonra hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlmişlər. İzahatına onu da əlavə edim ki, hadisə zamanı "Mercedes Benz 0303" markalı, 60- BZ-690 dövlət qeydiyyat nişanlı avtobusda olan sərnişinlərdən heç kim, o cümlədən o özü, digər konduktor Şahid4 və sürücü Şahid1 heç bir xəsarət almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rayonlararası işləyən avtobuslarda fəhləlik edir. Belə ki, yükləri baqaja yükləyib-boşaldır. Hadisə olan günü, yəni 29 aprel 2023-cü il tarixdə o, Bakı şəhərinə getmək üçün iş yoldaşı Şahid5 ilə birlikdə Şəmkir şəhərində, yolun qırağında yerləşən dayanacaqda dayanmışdır. Sat 23:10 radələrində tanışı Şahid1 idarə etdiyi “Mercedes Benz 0303” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobus gəlmişdir. Onlar avtobusa minmişlər və avtobus təxminən 15 dəqiqə dayanacaqda dayandıqdan sonra hərəkət etməyə davam etmişdir. Avtobus təxminən 40-50 km/saat sürətlə üzü Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtobusda sərnişinlər də olmuşdur. Belə ki, Şahid1 Tovuz rayonunun avtovağzalından sərnişinləri götürüb, Bakı şəhəri istiqamətində getmişdir. Onlar saat 23:30 radələrində "Ceyhun" şadlıq sarayının qarşısına çatarkən qarşıdan, yəni üzü Şəmkir şəhər istiqamətində yüksək sürətlə "VAZ 21214" markalı (Niva) avtomobilin üzərinə doğru gəldiyini görüb İlkinə avtobusun sürətini azaltmasını demişdir. Belə ki, mən avtobusda sürücünün yanında, qabaq hissədə aylaşmişdim. İlkin avtobusun sürətini azaldıb avtobusu yolun sağ hissəsinə doğru çəkdi. Lakin "VAZ 21214" markalı (Niva) avtomobil onun yoluna çıxaraq üzərinə doğru gəlməkdə davam etmişdir. Həmin an sol tərəfindən hava qaranlıq olduğu üçün markasını və nömrəsini görə bilmədiyi avtomobil ötmə əməliyyatı edərək onları keçmiş və "VAZ 21214" markalı (Niva) avtomobil ilə qarşı-qarşıya gələrək onunla toqquşmaqdan güclə yayınıb yolun sol tərəfinə doğru getdi. Həmin avtomobilin ardınca ötmə əməliyyatı edən "VAZ 21750" markalı (Priora) avtomobil də yüksək sürətlə onları keçərək "VAZ 21214" markalı (Niva) avtomobil ilə qarşı-qarşıya gələrək toqquşdular. Toqquşmadan sonra "VAZ 21750" markalı (Priora) avtomobil avtobusun qabaq hissəsinə dəyərək yolun ortasında dayanmışdır. Toqquşma zamanı avtobusun sürəti təxminən 20-30 km/saat olmuşdur. Toqquşmadan sonra İlkin avtobusu saxlamış və onlar yerə düşmüşlər. İlkin özünü çox pis hiss etmişdir. Hadisə yerinə ətrafda olan insanlar toplaşmışdır. Onlar əvvəllər adlarını bilmədiyi və tanımadığı "VAZ 21750" markalı (Priora), **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və avtomobildə olan 3 nəfər sərnişini köməkli şəkildə avtomobildən çıxarıb xəstəxanaya aparmışlar. Bu zaman o da onlara köməklik etmişdir. O, "VAZ 21214" markalı (Niva), **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün polis əməkdaşı olduğunu eşitmişdir. Belə ki, onun vəziyyəti çox ağır olmuş və onun qulaqlarından qan axmışdır. Ümumiyyətlə hər iki avtomobil ciddi şəkildə deformasiyaya uğramışdır. İlkin hadisənin təsirindən özünü pis hiss etdiyi üçün ona su vermişlər. Ətrafda olan insanlar adını sonradan bildiyi, Gədəbəy rayon polis şöbəsinin əməkdaşı Zərərçəkmiş şəxs3 idarə etdiyi "VAZ 21214" markalı Niva), **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildən çıxarıb xəstəxanaya apardılar. Daha sonra hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlmışlər. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 401-ci km-dir. Hadisə hava qaranlıq və yağmurludur, yol asfalt örtüklü olmaqla hamar, lakin yaşdır, yol düz profilidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxildir, sürət həddi 60 km/saatdır. Hadisə yerində yol iki istiqamətli olmaqla iki zolaqdan ibarətdir, zolaqları bütöv ox xətti ayırır. Burada VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ 217050 markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, bunda sonra VAZ 217050 markalı avtomobil zərbənin təsirindən istiqamətini dəyişərək Mersedes Benz 0303 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobusa dəymişdir. Baxış zamanı toqquşma yeri müəyyən edilmişdir. Belə ki, VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki hərəkət zolağı ilə əksinə doğru Qazax istiqamətində hərəkətdə olarkən qarşıdan öz yolu ilə gələn VAZ 217050 markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində sağdan sola doğru 3,7 metr məsafədə toqquşmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Mersedes Benz 0303 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobus Bakı istiqamətində hərəkətdə olarkən arxasınca gələn VAZ 217050 markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtobusu ötəndə qarşıdan, lakin yolun Bakı istiqamətindəki hərəkət zolağı ilə əksinə doğru Qazax istiqamətində hərəkətdə olarkən VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, bunda sonra VAZ 217050 markalı avtomobil zərbənin təsirindən istiqamətini dəyişərək yolun Bakı istiqamətindəki hərəkət zolağının üzərində Mersedes Benz 0303 markalı avtobusa çırpılmışdır. xx.xx.2023-cü il tarixdə “Səhiyyə Nazirliyinin Respublika X12 Hüquqi şəxsin tərəfindən tərtib edilmiş 131 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. DİN-nin BDYPİ-nin Tovuz rayonu RQİ və TBŞ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 016-206 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək AE-339486 nömrəli “ BC” dərəcəli sürücülük vəsiqəsi verilmiş və adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixlidə həmin Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Milli X3 əsasən cəzası 01 il azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. 30 aprel 2023-cü il tarixli, 21 saylı MTE və PA Birliyinin Şəmkir rayon şöbəsinin rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyitnin bədənində aşkar edilmiş xəsarətlər başın tüklü hissəində sol gicgah nahiyəsinin dərialtı hematoması, sol çənə nahiyəsinin əzilmiş yarası, sol gicgah sümüyünün və kəllə əsasının sınığı, beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sol bud sümüyünün orta üçdə birinin qapalı, qəlpəli yerini dəyişmiş sınığı, sol diz oynağının ön səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 29 aprel 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəlləbeyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, Zərərçəkmiş şəxs3 ölümü meyitin müayinəyə başlanmasından 1-2 saat əvvəl baş vermişdir. xx.xx.2023-cü il tarixli 1367 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət- döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin sıyırılmış yarası və sağ incik sümüyünün sınığı küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli 1368 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət- alın və hər iki gicgah nahiyəsinin əzilmiş yaraları,alın sümüyünün ön səthinin, sağ gözyuvası ətrafı süsmüklərinin,sağ əng və burun sümüyünün sınıqları küt əşyanın təsirindən törənmişdir, xx.xx.2023-cü ildə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. 25 iyun 2023-cü il tarixli, 8/1768 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, VAZ-217050 markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat sürətlə idarə etdirdiyindən, onun hərəkətlərində «X16» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış VAZ 217050 markalı **-UT-*** avtomobil saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs və VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 və Mersedes-Benz 0303 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobus saxlanlması üçün Şahid1 qaytarılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi ifadə, şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir şəhəri ərazisindən keçən 401-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsinin mərhum Zərərçəkmiş şəxs3 “X16” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə baş verdiyini, onun həmin yol-nəqliyyat hadisəsində heç bir təqsirinin olmadığını göstərmiş olsa da, onun bu ifadəsi şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə əhəmiyyət kəsb edən digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri ilə yanaşı, istintaq hərəkətinin protokolları, ekspert rəyləri ilə tam sübuta yetirildiyindən məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məsuliyyətdən yayınmaq məqsədi ilə özünü müdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, özünün səhhətində problemlər olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 iyun 2025–ci il tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə maddi sübutlar olan VAZ 217050 markalı **-UT-*** avtomobilin sahibi Təqsirləndirilən şəxs, VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Mİrsəfər Babazadəyə və Mersedes-Benz 0303 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Şahid1 qaytarılması nəzərə alınmalı, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 230 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı 25 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan VAZ 217050 markalı **-UT-*** avtomobilin sahibi Təqsirləndirilən şəxs, VAZ 21214 markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 və Mersedes-Benz 0303 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi 30 saat hüquqi yardıma görə 230 (iki yüz otuz) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar