Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-78/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Aytəkin Bulud qızının, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1988-ci il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 nəfər azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 aprel 2022-ci il tarixdə saat 18 radələrində Şəmkir rayonu, Qapanlı kəndində həmkəndlisi Zərərçəkmiş şəxs söyüş söyməsi ilə əlaqədar sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış qarşılıqlı mübahisə zamanı əlində olan ağac ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vuraraq ona döş qəfəsinin ön və arxa səthinin, sol əlin V barmağının yumşaq toxumalarının qançır və ağrı halında əznikləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 29 aprel 2022-ci il tarixdə həmkəndlisi Mevlan cəzaçəkmə müəssisəsindən azad olunduğundan yaşadığı evdə məclis düzəltmişdir. O da həmin məclisdə işitak etmişdir. O, qonaqlarla birlikdə yemək yeyərək təxminən 150 qram spirtli içki qəbul etmişdir. Bir müddət sonra qardaşı İbrahim ona zəng edərək oğlu Turxanı babası evinə aparmağı xahiş etmişdir. O, həmkəndlisi Rəşadla birlikdə Rəşada məxsus VAZ 2107 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı oğlu Turxanı yaşadığı evdən götürüb babası evinə aparmışdır. Saat 18 radələrində onlar yenidən Mevlangilə qayıtmağı qərara almışlar. Onlar getdiyi zaman Rəşad avtomobillə manevr edərkən təkərin altından daş çıxmışdır. Həmin vaxtı həmkəndlisi olan Məzahirin oğlu Mətləb Rəşada etdiyi hərəkətə görə irad bildirdikdə Rəşad Mətləbdən üzr istəmişdir. Bu zaman başqa bir həmkəndlisi olan Tural gələrək avtomobilin təkərindən çıxan daşın onun avtomobilinə də dəydiyini bildirmişdir. Həmin vaxt Vəfadar ləqəbi ilə tanıdığı həmkəndlisi Vüqar özünə məxsus ağ rəngli Ford markalı avtomobillə həmin yerə gəlmişdir. O, Mevlangildə olduğu zaman Vüqarın da orada olduğunu görmüşdür. Vüqar onların yanına çatan kimi onu nalayiq söyüşlərlə təhqir edərək “bunları niyə dalaşdırırsan”demişdir. O da Vüqara söyüşlə cavab verərək kimsəni dalaşdırmadığını, ayırmağa çalışdığını bildirmişdir. Vüqar isə əli ilə sinəsindən tutub itələyərək “bir yumruq vuraram dağılarsan”-demişdir. Həmin vaxt orada olan Rəhman, Taleh və Mətləb onları sakitləşdirərək aralamışlar. Bundan sonra Vüqar öz avtomobilinə tərəf getmiş və avtomobilin içərisindən qara düyməli bıçaq götürərək onun üzərinə gəlmişdir. O, Vüqarın onu vuracağından ehtiyat etdiyindən tez Rəşadın avtomobilinə oturmuş və oradan uzaqlaşıb getmişdir. O, avtomobili idarə edəndə Sərdar adlı həmkəndlisi də avtomobilə oturmuşdur. Vüqar da öz avtomobilinə oturaraq onun avtomobilinin arxasınca gəlmişdir. Yolda Sərdarı avtomobildən düşürmüş və Vüqarı sakitləşdirməyi xahiş etmişdir. Bundan sonra o, avtomobili kənddə yerləşən qardaşına məxsus dükananın qarşısına sürmüş, orada dükanın içərisindən bir ədəd bel sapını götürərək dükandan bir qədər aralıda Vüqarın avtomobilini saxlatmışdır. Vüqar avtomobildən əlində bıçaqla düşərək onun üzərinə gəlmiş və onu vurmaq istədikdə o, əlində olan bel sapı ilə bir neçə dəfə Vüqarın belindən və bədəninin müxtəlif nahiyyələrindən vurmuşdur. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 aprel 2022-ci il tarixdə saat təxminən 16 radələrində həmkəndlisi Mevlan həbsxanadan azad olunduğundan ailə üzvlərinin həyətdə düzəltdiyi məclisə getmişdir. Orada təxminən 10 dəqiqə oturmuş, yemək yeyərək təxminən 100 qram spirtli içki içdikdən oradan çıxmış və kənddə mərkəzi hissədə dayanaraq Watsapp vasitəsi ilə Rusiya Federasiyasında olan tanışları ilə danışmışdır. Saat təxminən 18 radələrində həmkəndlisi olan Rəşad özünə məxsus VAZ 2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə mərkəz hissədən keçərkən avtomobili bərk idarə etmiş, bu səbəbdən yolda olan daşlar atılmış və həmin daşlar orada tikilmiş “Şəhidlərin abidəsi”nə dəymişdir. Az sonra Rəşad geri qayıtdığında həmkəndlisi olan Mətləb Rəşadı saxladaraq avtomobili bərk idarə etdiyinə görə irad bildirmişdir. Rəşad da səhv etdiyini deyərək Mətləbdən üzr istəmişdir. Həmin vaxt bir əli olmayan Tural Rəşada yaxınlaşaraq onların da avtomobilinə daş dəydiyini bildirmişdir. Bu anda Rəşadla Turalın arasında mübahisə yaranmış və hər ikisi bir-birinə vurmağa başlamışlar. O və ətrafda olan şəxslər Rəşadla Turalı aralayaraq sakitləşdirmişlər. O, Rəşadı tutub avtomobilə mindirmək istədiyi zaman orada olan Elvin ona “sənlik deyil, sən niyə qarışırsan”-demişdir. O da X1şdırdığına görə irad bildirmişdir. Həmin vaxt Elvin onun ünvanına nalayiq söyüşlər söyərək onu və ailəsini təhqir etməyə başlamışdır. Onlar bir-birinin üzərinə getmək istədiyi zaman ərtafda olan şəxslər onları dalaşmağa qoymamışlar. Elvin həmin vaxt Rəşadın avtomobilinə oturaraq onun ünvanına nalayiq söyüşlər söyüb getmişdir. O da tez öz avtomobilinə oturaraq Elvinin arxasınca getmişdir. O, Elvinin arxasınca gedərək Elvindən nə səbəbə onun ünvanına söyüşlər söyməsini soruşmaq istəmişdir. Bir qədər getdikdən sonra Süleyman özünə məxsus VAZ 2107 markalı avtomobillə gələrək onun avtomobilini saxlatmış və onun avtomobilinə minərək sabahı gün Elvinlə söhbət etməyi xahiş etmişdir. Bir qədər Süleymanla söhbət etdikdən sonra geri qayıdıb kəndin mərkəzinə doğru getməyə başlamışdır. Bir qədər getdikdən sonra arxadan Rəşadın avtomobili gəlmiş və onun avtomobilinin qarşısında saxlamışdır. O da məcbur olaraq avtomobilini saxlamışdır. Həmin vaxtı birinci elə bilmişdir ki, Rəşad Elvini evlərinə düşürüb gəlir. Lakin Elvinin sükan arxasından düşdüyünü və əlində ağac, yəni bel sapı ilə üzərnə gəldiyini görmüşdür. O, avtomobilin qapısını açmaq istəsə də Elvin avtomobilin yanına çataraq avtomobilin açıq şüşəsindən onu vurmağa başlamışdır. O, zərbələrdən yayındığı zaman bir neçə zərbə Süleymana dəymişdir. Bir təhər avtomobilin qapısını açaraq avtomobildən düşdüyündə avtomobilin içərisində olan kağız kəsən bıçağı götürərək Elvinin üzərinə getmişdir. Elvin əlində bıçaq olmasını görərək avtomobilin arxasına qaçmışdır. O, Elvinin arxasınca getdiyində Süleyman onu tutmuşdur. Həmin vaxtı o, Elvinin əlində olan ağacla onu vurmaq üçün gəldiyini görmüşdür. Elvin ona tərəf zərbə endirdiyində o, zərbənin Süleymana dəyəcəyini gördüyündən əlini qabağa etmişdir. Həmin anda zərbə onun sol əlinə dəymişdir. Həmin vaxt ətrafda olan xatırlamadığı şəxslər Elvini aralayaraq avtomobilə mindirib oradan uzaqlaşdırmışlar. O da Süleymanı avtomobilin yanında düşürərək yaşadığı evə getmiş və avtomobilini evə qoyduqdan sonra piyada kəndin mərkəzinə getmişdir. Orada olduğu zaman Elvin onun mobil telefonuna zəng edərək ailəsinin və onun ünvanına söyüşlər söyməyə başlamışdır. O da orada telefonu mikrafona qoyaraq ətrafda olan şəxslərə Elvinin söyüşləri eşitdirmişdir. Bundan sonra bədənində ağrılar çox olduğundan Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. Daha sonra isə polis şöbəsinə gələrək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Lakin hadisədən sonra Elvin ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 29 aprel 2022-ci il tarixdə həmkəndlisi Mevlan cəza çəkmə müəssisəsindən azad olunduğundan yaşadığı evdə məclis düzəltmişdir. O da həmin məclisdə işitak etmişdir. O, qonaqlarla birlikdə yemək yeyərək təxminən 150-200 qram spirtli içki qəbul etmişdir. Həmin vaxt yanında oturan Elvinə zəng gəldiyindən ondan qardaşı oğlunu babasgilə aparmağı xahiş etmişdir. O, Elvinə heç bir etiraz etmədən özünə məxsus VAZ 2107 markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Elvinlə birlikdə yaşadığı evə gedərək qardaşı uşağını götürüb babası evinə düşürmüş və oradan yenidən Mevlangilə məclisdə iştirak etmək üçün getmişdir. Həmin vaxt saat təxminən 18 radələri olmuşdur. Yol getdiyi zaman o, avtomobilin sürət qutusunu dəyişdiyində avtomobilin təkərindən daşlar çıxmışdır. Bu zaman həmkəndlisi olan Mətləb onun avtomobilini saxladaraq iradını bildirmişdir. O, Mətləbdən üzr istəyərək bilmədən avtomobilin təkərindən daş çıxdığını bildirmişdir. Yaxınlıqda olan həmkəndlisi Tural ona yaxınlaşaraq avtomobilinin təkərindən çıxan daşın onun xalası oğlunun avtomobilə dəyidiyini deyərək ona “niyə belə maşın sürürsən”-demişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Ətrafda olan şəxslər, yəni Elvin, Mətləb və digər kənd sakinləri onları aralamış və dalaşmağa qoymamışlar. Bu zaman Vəfadar kimi tanıdığı Vüqar gələrək Elvinə irad bildirib “niyə bunları dalaşdırırsan”demişdir. Buna görə də Vüqarla Elvinin arasında mübahisə yaranmışdır. Ətrafda olan şəxslərlə birlikdə Elvinlə Vüqarı sakitləşdirmiş və Elvinə onun avtomobilinə oturub oradan uzaqlaşmasını demişdir. Elvin də avtomobilə oturub sürərək oradan getmişdir. Bundan sonra o da həmin yerdən uzaqlaşaraq yaşadığı evə getmişdir. Səhəri gün Elvinlə Vüqarın onların yanından gedəndən sonra mübahisələrinin davam etdirdiklərini, Elvinin dəyənəklə Vüqarı vurduğunu eşitmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 29 aprel 2022-ci il tarixdə qardaşı Mevlan cəza çəkmə müəssisəsindən azad olunduğundan ailə üzvləri həyətdə kiçik məclis düzəltmişlər. Həmin məclisdə yaxınları və kənd sakinləri iştirak etmiş və Mevlana görə onlara göz aydınlığı vermişlər. Həmin məclisdə kənd sakinləri olan Vəfadar kimi tanıdığı Vüqar və Elvin də iştirak etmişdir. Saat təxminən 18 radələrində evin qarşısında olduğunda bir qədər əvvəl onlarda olan Vüqarla Elvinin bir-biri ilə mübahisə etdiklərini eşitmişdir. Bu zaman Elvinin avtomobillə getdiyini görmüşdür. Elvinin arxasınca Vüqar öz yük avtomobili ilə getmişdir. O, Vüqarla Elvinin dalaşacaqlarını bildiyindən Vüqarın avtomobilini saxlatmış və yanında oturaraq mübahisə etmələrinə görə irad bildirmişdir. Vüqarı fikrindən daşındıraraq avtomobilini geri qaytartmışdır. Bir qədər getdiyində Elvin arxadan avtomobillə gələrək onların olduğu avtomobili saxlatmışdır. Elvinin əlində həmin vaxt taxta parçası olmuşdur. Vüqar Elvinlə mübahisə etməyə başlayanda Elvin əlində olan taxta parçasını Vüqara vurmağa başlamışdır. O, Vüqarla Elvini sakitləşdirərək aralamışdır. Bundan sonra Elvin avtomobilə oturaraq oradan uzaqlaşıb getmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X2 da Şahid ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin may 2022-ci il tarixli 406 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin ön və arxa səthinin, sol əlin V barmağının yumşaq toxumalarının qançır və ağrı halında əznikləri küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 29 aprel 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xsarətlər birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Qapanlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Şövkət, xx.xx.2013-cü il təvəllüdlü Emil və xx.xx.2020-ci il təvəllüdlü Mehrin adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona vurduğu zərəri aradan qaldırsa da, əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən bir dəfə azad edildiyi üçün, hazırki cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad edilməsi halı istisna edilir və məhkəmə, ona təqsirli bildindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-78/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-78/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver