Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-8/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Zərərçəkmiş şəxs, qanuni nümayəndə– Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 13 avqust 1975–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Şəmkir rayon Kommunal Müəssisələr Kombinatında xidmətçi işləyən, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.4– cü maddələri ilə, xx xxxxxx 2008–ci il tarixdə Şəmkir rayonu, Hacıalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Hacıalılar kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 on səkkiz yaşına çatmış şəxs olaraq yetkinlik yaşına çatmayanı aldatma və vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə yetkinlik yaşına çatmayan xx.xx.2008–ci il təvəllüdlü Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs2 aldadaraq, ona gündəlik cib xərcliyi üçün pul verəcəyinə dair vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 vasitəsi ilə 2021–ilin noyabr ayından 2022–ci ilin fevral ayının 14–dək olan müddət ərzində müxtəlif vaxtlarda vahid niyyətlə hissə–hissə olmaqla sonuncunun anası Zərərçəkmiş şəxs məxsus çamadanın içərisindən 13.000 (on üç min) manat məbləğində pulunu qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021–ci ilin noyabr ayından 2022–ci ilin fevral ayının 14–dək olan müddət ərzində müxtəlif vaxtlarda hissə hissə olmaqla anası Zərərçəkmiş şəxs yaşadığı evindən 10.000 (on min) manat məbləğində, 10 fevral 2022–ci il tarixdə 2.000 (iki min) manat və 14 fevral 2022–ci il tarixdə 1.000 (bir min) manat, ümumilikdə isə 13.000 (on üç min) manat pulu oğurlayaraq Təqsirləndirilən şəxs1 verməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində onunla qonşuluqda yaşayır. Əvvəllər münasibətləri yaxşı olmuş, ailəsində problemlər olduğunda Zöhrə gəlib onlarda qalmışdır. Bundan başqa Zöhrənin oğlu Elməddinin onun oğlu Elçin ilə dostluq münasibətləri olmuşdur. Buna görə də Elməddin həmişə onlara gəlib– getmişdir. 2021–ci ilin noyabr ayının əvvəllərində o, Elməddini siqaret çəkərkən görmüş və Elməddinə irad bldirərək valideyinlərinə məlumat verəcəyini demişdir. Elməddin isə ondan valideyinlərinə heç bir söz deməməsini xahiş etmişdir. Eyni zamanda Elməddin kredit borcunu ödəmək üçün ona pul verə biləcəyini, imkanı olduqda qaytarmasını demişdir. Lakin həmin vaxt o, Elməddinə pul lazım olmadığını bildirmişdir. Bir müddət sonra onun qızına elçi gəlmiş və qızının toy məclisini planlaşdırmışdır. Toy 2022–ci ilin fevral ayının 11–nə təyin edilmişdir. O, həmin vaxt “Lombard” kreditdə olan qızıllarını götürmək istəmiş, lakin pulu olmadığından krediti bağlayaraq qızıllarını götürə bilməmişdir. Ona görə də Elməddini çağırmış və Elməddindən pulunun olub–olmamasını soruşmuşdur. O, əvvəlcədən valideyinlərinin Elməddinə həmişə pul verməsini, Elməddin də həmin pulu yığaraq saxladığını bilmişdir. Bu dəfə də o, Elməddindən pul istədikdə Elməddin ona heç bir etiraz etməmiş və 1.500 manat pul verə biləcəyini demişdir. Elməddin yaşadığı evə gedərək bir qədər sonra onlara gəlmiş, cibindən çıxardaraq 1.500 manat pulu ona vermişdir. O da Elməddinin pulunu qaytardığında əlavə hörmət edəcəyini bildirmişdir. O, bundan başqa həyətində olan heyvanını satmış və Elməddindən götürdüyü 1.500 manatın üzərinə qoyaraq 2.400 manat düzəltmiş, “Lombarda” verərək kreditini bağlamış və qızıllarını götürmüşdür. Bundan bir müddət sonra Elməddin gələrək pulu istəmiş, lakin onun pulu az olduğundan Elməddinə pulun yarısını verməyi, yarısını isə bir müddət sonra verməyi demişdir. Lakin Elməddin onunla razılaşmayaraq pulun hamısını istədiyini bildirmişdir. O da pulu düzəldikdə Elməddinə verəcəyini bildirmişdir. Lakin pulu olmadığından Elməddinin pulunu qaytara bilməmişdir. 2022–ci ilin may ayının əvvəllərində Zöhrə onlara gələrək ondan borca 1.000 manat pul istəmiş və evində işləyən ustaların pulunu qaytaracağını bildirmişdir. O isə pulu olmadığından Zöhrəyə pul verə bilməmişdir. Həmin gün gecə yarıdan keçmiş Zöhrə onlara gələrək onu çağırmış, o, əvvəlcə Zöhrənin onu işə getmək üçün çağırdığını bilərək çölə çıxmışdır. Çölə çıxdığında Zöhrə ona çamadan göstərərək həmin çamadanın içərisində çoxlu pulu olduğunu, lakin pulu yerində tapa bilmədiyini demişdir. O da Zöhrənin pulunun olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Səhəri isə o, Zöhrənin xahişi ilə Seyfəli kəndində adını eşitdiyi falçının yanına Zöhrə ilə birlikdə gedərək fal baxdırmış, fala baxan şəxs Zöhrəyə pulunu öz yaxın adamının oğurladığını bildirmişdir. Bundan sonra onlar evə gəlmiş, evə gəldikdən bir qədər sonra o, Zöhrənin evinə polis əməkdaşlarının gəlməsini görmüşdür. Polis əməkdaşları getdikdən sonra Zöhrə onlara ağlaya– ağlaya gəlmiş və polis əməkdaşlarının Elməddini apardıqlarını bildirmişdir. O, nəyə görə apardıqlarını soruşduqda Zöhrə bilmədiyini demişdir. Bundan bir gün sonra onu polis şöbəsinə çağırdıqda ondan pul barədə soruşduqda o, heç bir məlumatı olmadığını bildirmişdir. Lakin polis əməkdaşları Elməddinin pulu ona verdiyini dedikdə o, polis əməkdaşlarının təzyiqi altında Elməddindən 13.000 manat pul götürdüyünü demişdir. Bununla belə qeyd edir ki, borca götürdüyü pulu artıqlaması ilə qaytarmışdır. O, on səkkiz yaşına çatmış şəxs olaraq yetkinlik yaşına çatmayan Elməddini aldadaraq və vədlər verərək cinayətkar fəaliyyətə cəlb etməmiş, nə də ki, oğurluq etməmişdir. Ona görə də, ifadəsində göstərdiyi halları nəzərə alaraq, qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı sualları cavablandırarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs dəymiş ziyandan 5.000 manat ödəmişdir. Çünki, ibtidai istintaq zamanı araşdırma aparılarkən polis əməkdaşları tərəfindən ona həbs ediləcəyi bildirilmişdir. Ona görə də həbs olunacağından qorxduğu üçün zərərçəkmiş şəxsə 5.000 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, hazırda Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta məktəbin 10–cu sinfində oxuyur. Təqsirləndirilən şəxs1 Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində onlarla qonşuluqda yaşayır və gediş–gəlişiləri olmuşdur. O, həm də Gülbənizi baxıcı kimi tanımışdır. Təxminən 2021–ci ilin noyabr ayının ortalarında Gülbəniz ona zəng edərək evinə gəlməsini bilirmişdir. O, Gülbənizin evinə gedəndən sonra Gülbəniz təsbeh çıxartmış və Quran kitabı açaraq onların evində külli miqdarda pul olduğunu demiş, daha sonra ağlayaraq kredit borcunun çox olduğunu bildirərək ondan özünə köməklik etməyi xahiş etmişdir. O, Gülbənizdən necə köməklik edə biləcəyini soruşduqda Gülbəniz ona “evinizdə saxladığınız puldan 4.500 manat gətir mənə ver, mən lombarddan olan qızıllarımı götürüm satım və əvəzində sənə 5.000 manat pul verərəm”–demişdir. X8 anası Zərərçəkmiş şəxs yaşadığı evin yataq otaq olan çamadanın içərisində 13.000 manat pul saxlamış və o da həmin pulun yerini bilmişdir. O, Gülbəniz ilə əvvəlcə razılaşmamış, lakin Gülbəniz ona təkid edərək və ağlayaraq köməklik etməsini bildirmişdir. Bundan sonra təkcə yaşadığı evin yataq otağına gedib atasının pulu saxladığı çamadanın içərisindən 4.500 manat pul götürüb Gülbənizə vermişdir. O, pulu Gülbənizə verəndən sonra Gülbəniz pulu öz yataq otağında olan xalçanın altında gizlədərək ona birinci gün aparıb pulu lombarda verib qızıllarını çıxardacağını bildirmişdir. O, həftənin bazar günü Gülbənizin yanına gedib “pulu xərcləyibsən, yoxsa lombarda veribsən?”–deyə soruşmuş, Gülbəniz də “pulu hələ lombarda verməmişəm, qoyduğum yerdə durur”–demişdir. Sonra onun təklifi ilə Gülbənizlə birlikdə pulu qoyduğu yerə baxdıqda pulun yerində olmadığını görmüşdür. Həmin vaxt Gülbəniz ağlayaraq pulları kiminsə oğurladığını demişdir. Daha sonra Gülbəniz Quran kitabı açaraq həmin pulun 4 nəfər şəxs tərəfindən oğurladığını bildirmişdir. Bundan 3–4 gün sonra Gülbənizin yaşadığı evə gedib pulları necə qaytaracağını soruşanda Gülbəniz ona “mənə 1.500 manat əlavə pul ver gedim lombarddan qızılın bir hissəsini çıxarıb aparım satım, səndən aldığım pulu da qaytarım”–demişdir. Hətta ona özü birlikdə lombarda gedərək şahid olmasını demişdir. O da Gülbənizin əvvəl ondan götürdüyü pulu qaytarması üçün evdən yenidən 1.500 manat pul götürərək aparıb Gülbənizə vermişdir. Bundan bir gün sonra Gülbəniz ona anasından icazə alıb onu özü ilə aparmaq istəsə də, anası ona Gülbənizlə getməyə icazə verməmişdir. Bundan bir gün sonra Gülbənizin evinə gedəndə Gülbənizin boynunda 2 ədəd qızıl boyunbağı, qulağında sırğa, əlində isə 2 ədəd üzük olmasını görmüşdür. O, həmin vaxt Gülbənizə qızılları sataraq pulunu verməsini və valideyinləri bilənə kimi pulu yerinə qoymağı demişdir. Gülbəniz isə qızılları yoxlatdığını, ümumi dəyərinin 1.000 manat etmədiyini bildirmişdir. O, ağlayaraq pulu verməsini dedikdə Gülbəniz onun üz–gözündən öpüb narahat olmamağı, hər şeyi özü həll edəcəyini demişdir. Bundan bir həftə keçdikdən sonra axşam radələrində Gülbəniz ona zəng edərək evlərinə çağırıb pulu qaytaracağını demişdir. Evlərinə gedəndən sonra yenə Quran açıb “görürəm sən yaman qorxursan, narahat olma yaxşı olacaqdır”–demişdir. Sonra ona anası Zöhrə və atası Qoşqarın onun valideyinləri olmadığını, öz ata–anasını axtardığını, ona öz valideyinlərini tapmaqda köməklik edəcəyini demişdir. Bundan sonra o, ağlayaraq evə getmişdir. Axşam anası işdən gələndə onun valideyinləri olmadığını demişdir. Anası isə deyilənlərin yalan olduğunu, özlərinin onun valideyinləri olduğunu bildirmişdir. Sonra o, Gülbənizin evinə gedib yalan danışmasını və pulunu qaytarmasını dedikdə Gülbəniz hələ pulu olmadığını, sonra pulu qaytaracağını bildirmişdir. 2–3 gün sonra yenə gedib Gülbənizdən pulu istədikdə Gülbəniz ağlamış, heyvanlara yem almaq üçün imkanı olmadığını bildirmişdir. O, Gülbənizin sözü ilə əlavə olaraq heyvanlarına yem almaq üçün 2.000 manat pul vermişdir. Gülbəniz narahat olmamağı, heyvanları satıb pulunu qaytaracağını bildirmişdir. Bundan 20 gün sonra, yəni 2022–ci ilin yanvar ayında Gülbəniz yenə onu evinə çağırmış və qızına cehiz almaq üçün 2.000 manat pul istəmişdir. Ağlamış və ondan xahiş etdiyi üçün yazığı gəlib yaşadığı evdən atasının pul saxladığı yerdən 2.000 manat pul götürüb yenə də Gülbənizə vermişdir. Pulu verən zaman ona ad günündə əlli manat verəcəyini demişdir. Bu barədə kimsəyə deməməsini bildirmişdir. Sonra ad günündə, yəni 2022–ci ilin fevral ayının 9–da anasıgilin yanında Gülbəniz ona 50 manat pul vermiş və ad gününü təbrik etdiyini bildirmişdir. Qızının toyu günü isə onu yanına çağıraraq əlavə olaraq cib xərcliyi kimi 20 manat pul vermişdir. Həmçinin, toy üçün ona 2.000 manat lazım olduğunu, toydan sonra pulu qaytaracağını bildirmişdir. Toydan bir gün əvvəl, yəni 10 fevral 2022–ci il tarixdə o, Gülbənizə yenidən evdən 2.000 manat pul götürüb vermişdir. Toydan bir neçə gün sonra, yəni 14 fevral 2022–ci il tarixdə Gülbəniz qızının “üç aşına” getmək üçün pul lazım olduğunu bildirmiş və ondan 1.000 manat pul istəmişdir. O, Gülbənizlə razılaşmayıb pulu qaytrmasını dedikdə onu yenə yola gətirmiş və o, evə gedib atasının pul qoyduğu yerdən axırıncı qalan 1.000 manat pul götürüb Gülbənizə vermişdir. Gülbəniz ona 10 manat pul verib “xərcləyərsən”–demişdir. O, həmin 10 manatı məktəbdə xərcləmişdir. xx.xx.2022–ci il tarixdə anası atasının pul saxladığı yerdən 1.000 manat pul götürmək istədikdə pulun yerində olmadığını görmüşdür. Sonra anası ondan pulun yerini soruşduqda o, anasına puldan xəbərinin olmadığını bildirmişdir. Bundan sonra anası polisə şikayət etmişdir. Polislər gəlməmişdən əvvəl Gülbəniz onunla görüşüb özü haqqında polisə heç nə deməməsini, əgər nəsə deyərsə onun siqaret çəkməsini anasına deyəcəyini bildirmişdir. Hətta pulun hamısını onun özünün xərclədiyini deyəcəyini bildirmişdir. O da ona görə əvvəl anasına bu barədə heç nə deməmişdir. Lakin polis əməkdaşları bu barədə onunla söhbət etdikdə o, hər şeyi olduğu kimi danışaraq pulu evdən götürüb Gülbənizə verdiyini demişdir. O, Təqsirləndirilən şəxs1 sonuncu pulu 14 fevral 2022–ci il tarixdə vermişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş anası ilə barışmış və anası onu bağışlamışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Həmçinin, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında sualları cavablandırarkən bildirmişdir ki, evlərində pulu saxladıqları otaqda heç kəs qalmamış, pulu şkafın altında çamadanın içərisində saxlamışlar. Belə ki, pulu 100–lük və 50–lik əskinaslar olmaqla, çamadanın içərisində albomun altında qəzetə bükülmüş vəziyyətdə saxlamışlar. Hər dəfə çamadana pul qoyanda qəzetin üzərinə məbləği yazmışlar. Lakin sonuncu dəfə, yəni 2022–ci ilin yanvar ayında pul qoyarkən hansı məbləğdə qoyulmasını, eləcə də həmin vaxt çamadanda cəmi nə qədər pul olmasını dəqiq xatırlamır. Bununla belə yuxarıda qeyd etdiyi pulları Gülbənizə vermişdir. Çamadandan pulu anası işdə, atası isə yatan vaxtı götürmüşdür. Anası 2022–ci ilin may ayında pulların yerində olmamasını bilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əliqaya qızı ifadəsində göstərdi ki, özü Kommunal Müəssisələr Kombinatında xidmətçi işləyir, həmçinin, boş vaxtlarımda imkanlı şəxslərin evində xadiməçilik edir. Əri Qoşqar təxminən 15 ildir ki, ruhi xəstə və ikinci qrup əlildir. Uzun illər olar ki, Şəmkir rayonu Kraz yolu yaşayış massivində torpaq sahəsi alaraq yaşamaq üçün kiçik ev tikdirmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Bundan əlavə həm ərinin pensiya pulunu, həm də öz pulunu toplayaraq həyətdə yaşamaq üçün ev tikdirmiş, lakin maddi imkanına görə həmin evi təmir etdirə bilməmişdir. Bir neçə il olar ki, onlar evi təmir etdirmək üçün pul toplamışlar. Onlar fəhləlik edə–edə 13.000 manat pul toplamışlar. Həmin pulu da yaşadığı evin içərisində qara rəngli çantanın içərisində saxlamışlar. Onlarda həmin pulun olmasını əri Qoşqar, oğlu Elməddindən başqa kimsə bilməmişdir. Onlar qazandığı pulları toplamış və bir neçə ay ərzində və yaxud il ərizndə min manat toplandıqda saxladıqları pulun üzərinə qoymuşlar. Yəni, onlar tez tez həmin pula baxmamışlar. Yalnız pul düzəldib qoyduqda altda olan pula baxmışlar. 2022–ci ilin may ayının əvvəllərində yeni evə suvaq vurdurmuş, 05 may 2022–ci il tarixdə ustalara 1.000 manat pul lazım olduğundan həmin pulun üzərindən götürüb verməyi planlaşdırmışdır. Ona görə də çantanı qoyduğu yerə baxdıqda çantanın ağzının açıq olmasını görmüşdür. O, şübhələnmiş və çantanı götürüb içərisinə baxdıqda orada pul olmadığını görmüşdür. Dərhal Elməddindən pul barədə soruşduqda Elməddin bu barədə məlumatı olmadığını bildirmişdir. Əri Qoşqar ruhi xəstə olduğundan ərinə heç bir söz deməmiş və pulun oğurlanması barədə polisə məlumat vermişdir. Polis əməkdaşları gələrək müvafiq araşdırma aparıb getmişlər. O, kiçik qardaşı Əmraha dedikdə Əmrah pulu Elməddinin götürə biləcəyini demişdir. Həmin gün qonşuluqda yaşayan, fala baxan kimi tanıdığı Gülbənizin yanına getmişdir. Gülbəniz isə onu Seyfəli kəndində tanımadığı bir fala baxan qadının yanına aparmışdır. Həmin şəxs onun falına baxaraq pulunun tapılacağını və az–az qaytarılacağını bildirmişdir. Sabahı gün isə polis əməkdaşları onları polis şöbəsinə dəvət etdikdə o, bilmişdir ki, qonşuluqda yaşayan Gülbəniz 2021–ci ilin noyabr ayından bir neçə ay ərzində oğlu Elməddini öyrədərək evdə olan pulu Elməddinin vasitəsi ilə oğurlayaraq öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, bu barədə Elməddinlə söhbət etdiyində Gülbənizin hər dəfə onu öyrədərək müxtəlif məbləğdə pulu evdən götürtdüyünü və qaytaracağını bildirsə də qaytarmadığını bildirmişdir. Elməddin isə qorxduğundan onlara bu barədə məlumat verməmişdir. Hadisədən sonra ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir. Belə ki, ibtidai istintaq zamanı 13.000 manat ziyandan 5.000 manat ödənilsə də, 8.000 manat pul hələ də təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir. Təqsirləndirilən şəxs2 isə bağışlamışdır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, Təqsirləndirilən şəxs1 ağır cəza, Təqsirləndirilən şəxs2 isə yüngül cəza verilməsini xahiş edir. Həmçinin, Zərərçəkmiş şəxs məhkəmə istintaqında sualları cavablandırarkən bildirmişdir ki, evlərində pulu saxladıqları otaqda heç kəs qalmamış, pulu şkafın altında açarla bağlanan çamadanın içərisində saxlamışlar. Belə ki, pulu 100–lük və 50–lik əskinaslar olmaqla, çamadanın içərisində albomun altında qəzetə bükülmüş vəziyyətdə saxlamışlar. Hər dəfə çamadana pul qoyanda qəzetin üzərinə məbləği yazmışlar. Sonuncu dəfə, yəni 2022–ci ilin yanvar ayında çamadana pul qoyulmuş, lakin hansı məbləğdə pul qoyulmasını dəqiq xatırlamır. Həmin vaxt bütün pulu saymasa da, cəmi 13.000 manat pul olmasını bilmişdir. Həmçinin, çamadanın açarı oğlu Elməddində də olmuşdur. Pulun yerində olmamasını 2022–ci ilin may ayında bilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısıgil Şəmkir şəhəri, Kraz yolu yaşayış massivində ev tikdirərək orada yaşayırlar. Uzun illərdir ki, bacısının əri Qoşqar psixi xəstəliklərdən əziyyət çəkmişdir. Bundan başqa bacısıgilin övladları olmadığından Elməddini uşaqlıqdan övladlığa götürüb baxmışlar. Bacısıgilin evlərini təmir elətdirmək üçün pul topladıqlarını bilmişdir. Lakin bacısı Zöhrəgilin nə qədər pul yığmalarını və ya harada saxlamalarını bilməmişdir. 05 may 2022–ci il tarixdə Zöhrə onlara gələrək başına iş gəldiyini bildirmişdir. O, Zöhrədən nə məsələ olmasını soruşduqda Zöhrə evlərində toplayıb saxladığı 13.000 manat pulun oğurlandığını bildirmişdir. O, bir müddət əvvəl bacısı Zöhrənin evində usta kimi işlədiyi zaman Elməddinin qonşuluqda yaşayan Gülbənizgilə tez–tez gedib gəldiyini, Gülbəniz Elməddini çağıran kimi dərhal Gülbənizin yanına getdiyini, günün çox vaxtı Elməddinin Gülbənizgilin evində olduğunu görmüşdür. Ona görə də o, Zöhrəyə pulu Elməddinin götürə biləcəyini, pulu Gülbənizə verə biləcəyini demişdir. Bacısı Zöhrə isə Gülbənizlə yaxın münasibətləri olduğunu, Gülbəniz belə bir hərəkət edə bilməyəcəyini demişdir. Daha sonra o, polis əməkdaşları Elməddini dindirdikləri zaman Elməddinin həqiqətəndə pulu götürüb Gülbənizə verməsini etiraf etdiyini eşitmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qayınanasıdır. 2022–ci ilin əvvəllərində əri İlkin işləmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxtı o, yaşadığı evdə İlkinin nənəsi ilə qalmışdır. Ona görə də onlar tək olduğundan İlkin ona zəng edərək anası Gülbənizin yanında qalmasını demişdir. O da İlkinin nənəsini götürüb Gülbənizin qaldığı evə getmişdir. O, Gülbənizin evində olduğum müddətdə Gülbənizin qonşusu olan Elməddin adlı uşağn tez–tez Gülbənizin evinə gəlməsini görmüşdür. Gülbəniz də həmişə Elməddinə qulluq etmiş, Elməddinin uşaq evindən götürüldüyünü, atasının xəstə olduğunu, analığının yaxşı baxmadığını deyərək Elməddinə qulluq etmək lazım olduğunu bildirmişdir. O, Gülbənizin evində qaldığı günlərdə özünü narahat hiss etdiyindən bir gün səhər saat 10 radələrinə kimi yatağından qalxmamış və əri İlkinlə telefonla danışmışdır. Pəncərədən baxdıqda qayınanası Gülbənizlə Elməddinin evə tərəf gəldiyini görmüş və İlkinlə telefon danışığını bitirmişdir. Həmin vaxt Elməddin həyətdə dayanmış, Gülbəniz isə evin içərisinə daxil olmuşdur. Gülbəniz evin içərisinə girdiyində Gülbənizin qoltuğunda kiçik pul qabı olmuşdur. Gülbəniz içəri girən kimi pul qabını stolun üzərinə qoymuş, içərisində sayını dəqiq bilmdiyi qədər 100 manatlıq əskinaslar çıxardaraq stolun üzərinə qoymuşdur. Orada təxminən 2.000 manatdan yuxarı pul olmuşdur. O, Gülbənizdən həmin pulu haradan aldığını, oğurluq edib–etmədiyini soruşmuşdur. Gülbəniz də ona “sən mənə şərmi edirsən?”– deyərək pulu bankdan götürdüyünü bildirmişdir. O da Gülbənizə özlərinə paltar almağa getməyi demişdir. Gülbəniz isə ona həmin pulla başqa bir bankda olan kreditini bağlaraq qızıllarını bankdan götürəcəyini bildirmişdir. O, bundan sonra Gülbənizin pulu hara xərcləməsini bilməmişdir. Sabahı gün isə üzərində qızılların olduğunu görmüşdür. Bundan sonra Gülbəniz bazardan təxminən 40 baş qoyun, 4 baş inək və 1 at alaraq evə gətirmişdir. Gülbənizdən qoyunları və inəyi hansı pulla almasını soruşmamışdır. Bundan bir həftə sonra İlkin Bakı şəhərindən gəldiyindən o, yaşadığı evə getmişdir. Təxminən 3 ay sonra Elməddinin anası Zöhrənin evdən 13.000 manat pulunun oğurlanması barədə polisə şikayət etməsini, daha sonra isə Elməddinin evdə valideyinlərinin saxladıqları həmin 13.000 manat pulu hissə–hissə Gülbənizə verməsini eşitmişdir. Həmçinin, Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında olan ziddiyyətli məqamlar araşdırılarkən bildirmişdir ki, ibtidai istintaq zamanı qayınanasına yazığı gəldiyi üçün Gülbənizin bazardan 20 baş qoyun almasını bildirmişdir. Əslində isə Gülbəniz həmin vaxt bazardan 40 baş qoyun, 4 baş inək və 1 at almışdır. Həmçinin, Polad Rzayevlə qayınanasını o, tanış etmişdir. Belə ki, Poladın evində işləyən zaman qayınanası barədə Polada demiş, sonuncu da tanışlarının olmasını və qayınanası Gülbənizə kömək edə biləcəyini demişdir. Bundan sonra Polad Gülbənizin evinə getmiş, sonuncunun özü, anası və əri ilə söhbət etmişlər. Polad onlara da tanışları vasitəsilə Gülbənizə kömək edə biləcəyini demişdir. Bundan sonra işin həll edilməsi üçün heyvanları və qızılları sataraq Polada 2.080 manat pul vermişlər. Lakin həmin pulun kimə verilməsini bilməmişdir. Məhkəmə baxışı iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 işlədiyi fermadan tanıyır. təxminən 2022–ci il tarixdə dəqiq xatırlamadığı vaxtda polis əməkdaşları Gülbənizi polis şöbəsinə aparmışlar. Onun nə səbəbə aparılmasını bilməsə də, sonradan Gülbənizin oğurluq etməsini eşitmişdir. Bundan sonra fermanın müdiri Şahid3 Gülbənizə görə dəymiş ziyandan ödəmiş, daha sonra isə onlar Gülbənizə köməklik etmək üçün 2.080 manat pul düzəltmişlər. Belə ki, o, Gülbənizin gəlini Aygün, kürəkəni İlkin və tanışı Polad adlı şəxslə Gülbənizə məxsus heyvanları satmağa aparmış, əldə edilmiş 2.080 manat pulu Gülbənizə kömək etmək məqsədilə Polada vermişlər. Məhkəmə baxışı iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2022–ci il tarixdə dəqiq xatırlamadığı vaxtda Polad Rzayev ona zəng edərək başına iş gəlməsini bildirmiş, o da Goranboy rayonundan taksi ilə Poladın yanına gəlmişdir. X10 adlı tanışının 13.000 mant pul oğurlamasını və ona köməklik etmək lazım olduğunu demişdir. Onun polis şöbəsində tanışları olduğundan Gülbənizə kömək etmək məqsədilə sonuncunun evində görüşmüş və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi barədə söhbət etmişlər. Belə ki, o, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməli olmasını bildirmişdir. Bundan sonra ona 80 manat taksi pulu, 2.000 manat da zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi məqsədilə cəmi 2.080 manat məbləğində pul vermişlər. Həmin 2.000 manat məbləğində pul zərərçəkmiş şəxsə ödənilmişdir. Sonradan o, çıxıb getmiş və dəymiş ziyanın tam şəkildə ödənilib– ödənilməməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, təxminən 2022–ci il tarixdə Şəmkirdə yaşadığı evi təmizlətmək üçün adam axtarmış və Təqsirləndirilən şəxs1 gəlini Aygünü tapmışdır. Aygün onun evində işləyən zaman qayınanasının polis tərəfindən saxlanılmasını bildirmiş, əgər gücü çatarsa ona köməklik etməsini xahiş etmişdir. O da Goranboy rayonunda yaşayan tanışı Şahin Muradova zəng edərək bu barədə köməklik etməsini demişdir. Bundan sonra Şahin taksi ilə Şəmkir gəlmiş və Gülbənizin evinə getmişlər. Evdə Gülbəniz özü, əri, oğlu və gəlini olmuşdur. İlkin olaraq Gülbəniz oğurluq etmədiyini, bununla belə heyvanlarını satıb zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək istədiyini bildirmişdir. Lakin sonradan Gülbəniz oğurluq etməsini etiraf etmişdir. Şahin isə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməli olmasını demişdir. Həmin vaxt gedən söhbətlərdən anlamışdır ki, oğurlanan pulun məbləği 13.000 manat olmuşdur. Həmin hadisə ilə bağlı iki dəfə Gülbənizlə görüşmüş, sonradan isə maraqlanmamışdır. Lakin sonradan bilmişdir ki, Şahinə 80 manat taksi pulu, 2.000 manat da zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün cəmi 2.080 manat pul verilmişdir. Həmçinin, dəymiş ziyanın tam şəkildə ödənilib– ödənilməməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun fermasında işləmiş və heyvanlarına baxmışdır. Təxminən 2022–ci ilin may ayında Gülbəniz bir neçə gün işə gəlməmiş, sonradan məlum olmuşdur ki, Gülbəniz oğurluq etdiyinə görə polis tərəfindən saxlanmışdır. Hadisə nəticəsində zərərçəkmiş şəxsə 5.000 manat pul ödənilməli olmasını bilmiş, bundan sonra o, 2.000 manat pul vermiş, həmçinin Gülbəniz özü 3.000 manat pul verməklə, cəmi 5.000 manat pul ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsə ödənilmişdir. Həmçinin, qeyd edir ki, o, Gülbənizin hansı məbləğdə pul oğurlamasını bilməmişdir. Sadəcə olaraq toplanmış 5.000 manat pulun Zöhrə adlı qadına çatacağını bilmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 05 may 2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Şəmkir şəhəri, Krazyolu yaşayış massivində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC–yə məxsus kredit müqavilələrinə əlavələrdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018–ci il tarixdə 900 manat, xx.xx.2019–cu il tarixdə 1.600 manat, xx.xx.2019–cu il tarixdə 3.660 manat, xx.xx.2020–ci il tarixdə 3.000 manat və xx.xx.2020–ci il tarixdə 3.500 manat kredit götürmüşdür. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, o, ibtidai istintaqın təqdim etdiyi 5.000 manat pulu təhvil almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 aldadaraq və vədlər verərək cinayətkar fəaliyyətə cəlb etməməsini, eləcə də, oğurluq cinayətini törətməməsini bildirsə də, iş üzrə digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələr ilə təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Həmçinin, məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Elməddindən yalnız 1.500 manat borca pul almasını bildirmiş, ibtidai istintaq zamanı isə zərərçəkmiş şəxsə 5.000 manat pul ödəmişdir. Məhkəmə, Gülbənizin ifadəsinə əsasən onun cinayət törətmədiyi halda Elməddindən aldığı 1.500 manat pulun müqabilində qat–qat artıq, yəni 5.000 manat pulu zərərçəkmiş şəxsə verməsini ağlabatan hesab etmir. Bu hal da öz–özlüyündə Təqsirləndirilən şəxs1 oğurluq nəticəsində əldə etdiyi pulun bir qismini geri qaytarması halını özündə ehtiva edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 aldadaraq və vədlər verərək cinayətkar fəaliyyətə cəlb etməməsi və oğurluq cinayətini törətməməsi barədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə məhkəmə iclasında dindirilmiş digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri isə yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 on səkkiz yaşına çatmış şəxs olaraq yetkinlik yaşına çatmayanı aldatma və vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmə və qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətmişdir. Həmçinin, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını gizli talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM– in 170.1, 177.2.1 və 177.2.4–cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.4–cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 170.1, 177.2.1 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Təqsirləndirilən şəxs1 isə dəymiş ziyandan qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, eləcə də, təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə müsbət xarakterizə edilmələrini həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda, yəni, CM–nin 170.1–ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasının, CM–nin 177.2.1 və 177.2.4–cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmçinin CM–in 68.1.1– 1–ci maddəsinə əsasən CM–in 177.2.1 və 177.2.4–cü maddələri əsasında təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini və ona cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1–1–ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024–cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1–ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58–ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Eləcə də, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2008–ci il təvəllüdlü olmaqla cinayət törədən zaman yetkinlik yaşına çatmamışdır. Bu səbəbdən təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4–1–ci maddəsinin tələblərini rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4–1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə 13.000 manat maddi ziyan vurulmuş, Təqsirləndirilən şəxs1 tərəfindən həmin ziyandan 5.000 manat ödənilsə də, ziyanın qalan hissəsi, yəni 8.000 manat dəymiş ziyan ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə həmin zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM–nin 170.1–ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM–nin 177.2.1 və 177.2.4–cü maddələri ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM–in 68.1.1–1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM–nin 177.2.1 və 177.2.4–cü maddələri əsasında təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq, 01 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2024–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 münasibətdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-8/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-8/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver