Məhkəmə qərarları › İş №1(076)-81/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-81/2024

05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-81/2024 05.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkum olunmamış, himayəsində bir nəfər az yaşlı uşağı olan, Tovuz şəhəri, M.Ə.Sabir küçəsi, ev 33 qeydiyyatda olmaqla, Tovuz şəhəri Firdovsi İbrahimov küçəsində yaşayan, müharibə iştirakçısı, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının ortalarında, istintaqa məlum olmayan tarixdə Tovuz rayonunun ərazisindən keçən Kür çayının sahilindən yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığıb toplamaqla qurutduğu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlarm siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Düyərli kəndinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə, saat 23:30 dəqiqədə Şəmkir rayonu, Düyərli kəndi ərazisində saxlanılaraq Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 12,27 qram, xeyli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə bioloji və məhkəmə narkoloji ekspertizalarının rəyləri, baxış protokolu həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz şəhəri, F.İbrahimov küçəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə yəni fəhləlik edərək Tovuz Rayonundan tərəvəz yükünü avtomobilə yükləyib Şəmkir rayonuna aparıb boşaldır və ya soyuduculara yığılmış tərəvəz yükünü avtomobilə yükləyib digər yerlərə aparıb boşaltmaqla ailəsini belə dolandırır. Polis tərəfindən saxlanılmamışdan təxminən on gün əvvəl o, Tovuz şəhər ərazisindən keçən Kür çayının kənarından narkotik vasitəyə bənzər bitkini görən zaman həmin bitki onda maraq kəsb etdiyindən dərərək əynində olan şalvarın cibinə qoymuş, narkotik vasitə istifadəçisi olduğu üçün onu istifadə etmək üçün qurudaraq özündə saxlamışdır. 24 oktyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində Şəmkir rayonu, Düyərli qəsəbəsində olan zaman polis əməkdaşları onu saxladıb Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinə gətirmişlər. Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsində onun üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. Həmin vaxt o, üzərində kağız bükümün içərisində arxa sağ cibində saxladığı narkotik vasitə olan marixuana kimi tanıdığı narkotik vasitəni təqdim etmiş, təqdim etdiyi büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilən zaman bükümlə birlikdə 14.81 qram təşkil etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş narkotik vasitə marixuanadan başqa qadağan olunmamış əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş o, protokola imza etmişdir. O narkotik vasitə marixuanadan təxminən 1 ildir istifadə etmişdir və üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı Tovuz rayon ərazisindən keçən Kür çayının kənarından yığaraq əldə etmiş, o, hər hansı bir şəxsə narkotik vasitə satmamış, üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı heç kimə deməmiş və polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməmişdir. Himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşadığı və ətraf rayonlarda fəhləlik edərək ailəsini dolandırmasını, vətən müharibəsi iştirakçısı olmasını nəzərə alınaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Tovuz rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 24 oktyabr 2023-cü il tarixdə Tovuz şəhəri, M.Ə.Sabir küçəsi, ev 33-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqında qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədim Həsənovun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Düyərli kəndinə gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis şöbəsinə çağırılmış vəkilin iştirakı ilə təhqiqatçı Emil Əliyev tərəfindən şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 14,81 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Tovuz rayon ərazisində Kür çayının sahilindən yığaraq əldə etməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin polis nəfəri vəzifəsində xidmət edir. Tovuz rayon sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. 24 oktyabr 2023-cü il tarixdə Tovuz şəhəri, M.Ə.Sabir küçəsi, ev 33-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələri saxlaması barədə Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə icazə verilməsi üçün Şahid1 tərəfindən Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqında Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin rəisi polis polkovnik- leytenantı Qədim Həsənovun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu təşkil olunaraq əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün həmin günü əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Düyərli kəndinə gedilərək Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə Polis şöbəsinə çağırılmış vəkilin iştirakı ilə təhqiqatçı Emil Əliyev tərəfindən şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 14,81 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Tovuz rayon ərazisində Kür çayının sahilindən yığaraq əldə etməsini bildirmişdir. Məhkəmə iclasında iş üzrə tərəflərin xahişi ilə iştirakı olmadan ifadəsi elan edilmiş Şahid2 və Şahid3 ifadələrindən görünür ki, iş üzrə şahidlər Şahid1 və Şahid4 ifadələrində göstərilən xüsusatları təsdiq etməklə oxşar ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə Şəmkir rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Emil Əliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 00:40-da Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Emil Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq Şəmkir rayon Polis şöbəsinin X7 təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın arxa sağ cibindən kağız bükülünü təqdim etdi. Həmin kağız bükülünün içərisi açılan zaman içərisində yaşıl rəngli, quru halda, kəskin spesifik iyli narkotik vasitəyə bənzər kütlə aşkar edildi. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilən zaman 14.81 qram kütlə təşkil etdi. Həmin kütlələr zərfə zoyularaq ekspertiza üçün qablaşdırıldı və DİN-nin 228 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarışda iştirak edən Təqsirləndirilən şəxs psixotrop maddəni Kür çayının sahilindən yaş halda yığıb qurutmasını, şəxsi istifadə üçün üzərində saxlamasını bildirdi. Bundan sonra polis əməkdaşının iştirakı ilə onun üzərinə şəxsi axtarış aparıldı, Təqsirləndirilən şəxs üzərindən əlavə narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Teymuraz Musayevin üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürüldü. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkildi. 25 oktyabr 2023-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Əliyev tərəfindən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sol yan cibindən 14.81 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş, foto və video çəkiliş edilməklə bu barədə protokol tərtib edilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 16/1119 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kağız bükümündə təmiz çəkisi 12,27 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 25 oktyabr 2023-cü il tarixdə üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 12,27 qram narkotik vasitə olan marixuana və şəxsi axtarışın video çəkilişinin yazıldığı 1 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməli, narkotik vasitə olan marixuana saxlanılması üçün Şəmkir rayon Polis şöbəsinə məsul saxlanca verilməsi nəzərə alınmalıdır. Cinayət işi 25 oktyabr 2023-cü il tarixdə istintaq aparılması üçün aidiyyəti üzrə Şəmkir rayon Polis şöbəsinin İstintaq bölməsinə göndərilmiş və istintaqı Şəmkir rayon PŞnin İB-nin müstəntiqi, polis baş leytenantı Elşən Əmiraslanova tapşırıldığından icraata qəbul edilməklə istintaq aparılması qərara alınmışdır. Törətdiyi cinayət əməli kifayət qədər sübuta yetirildiyi üçün Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Şəmkir rayon Polis şöbəsinin X4 azad edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Şəmkir rayon polis şöbəsinin X4 dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 11 noyabr 2023-cü il tarixli, 1331 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs bədən səthinə hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. 07 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2023-cü il tarixli, 2028 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 23 dekabr 2023-cü il tarixdə Şəmkir rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri Şəmkir rayon ərazisində müəyyən edilərək İstintaq bölməsinə təhvil verilmiş və həmin tarixdən cinayət işi üzrə icraat təzələnərək, icraata qəbul edilməklə istintaqı davam etdirilmiş, həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 23 dekabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərilənləri əyani olaraq bir daha təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı Tovuz rayonu ərazisindən Kür çayına gedən yolda boş sahədən yığaraq əldə etdiyi yeri istintaq hərəkətinin iştirakçılarına göstərmiş və 23 dekabr 2023-cü il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Tovuz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində həkim-psixiatrın və həkim-narkoloqun dispanser qeydiyyatında dayanmır. Tovuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Tovuz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, M.Ə.Sabir küçəsi, ev 33 də qeydiyyatda olmaqla ailə tərkibi anası, anası, arvadı və oğlundan ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 13471 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə iştirakçısı olduğuna görə “X8” İctimai Birliyinin üzvüdür. İşdə olan ASAN Xidmət tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-xx.xx.2016-cı il tarixə, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. İşdə olan AZ-İV 494231 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X2r. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, müharibə iştirakçısı olması onun şəxsiyyətini müsbət xarakterizə edən hall kimi nəzərə alır, məsuliyyət ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların müəyyən edilməsini və ağırlaşdıran halların müəyyən edilməməsini, təyin olunacaq cəzanın onun islah olunmasına, xəstələyi və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-in: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bu iş üzrə tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini tərk etməsinə, yaşadığı və işlədiyi Tovuz rayonu və Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmalı, üzərinə yaşadığı Tovuz rayonu və Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulmalı, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,23 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 06 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdən 26 oktyabr 2023-cü il tarixədək bu iş üzrə tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu və Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Tovuz rayonu və Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddət ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun və həmin dövrdə cəzanın icrasına nəzarəti müalicə müəssisəsinin yerləşdiyi yer üzrə İcra və Probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,23 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut-əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar