Məhkəmə qərarları › İş №1(076)-86/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-86/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-86/2025 24.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Hərbi şəhərcik 83, ev xətt 14, mənzil 03-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü il sentyabr ayında istintaqa məlum olmayan tarixdə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yol kənarından tapdığı 1 (bir) ədəd sellofan bükümün içərisində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Şəmkir rayonu, Zəyəm qəsəbəsinə aparmaq üçün idarə etdiyi VAZ 2107 markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımış, Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə, saat 20:34-də Şəmkir rayonu, Zəyəm qəsəbəsinin ərazisində saxlanılaraq üstü Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən yoxlanılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 7,63 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Əvvəllər Rusiya Federasiyasında RF-nın CM-nin 114-cü maddəsi ilə məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitənin marixuana növündən istifadə edir. 21 sentyabr 2024-cü il tarixdə nəşə kimi tanıdığı narkotik vasitə olan marixuananı gələcəkdə istifadə etmək məqsədi ilə cibinə qoymuş, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə yeyib içmək məqsədi ilə Şəmkir rayonu, Zəyəm qəsəbəsinə gəlmişdir. Zəyəm qəsəbəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib üzərinə baxış keçirəcəklərini bildirmişlər. O, onlara etiraz etməmiş və onlara narkotik vasitənin marixuana növündən uzun müddətdir ki, istifadə etdiyini və hazırda da istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları onun üzərinə videogörüntü vasitəsi ilə baxış keçirməyə başlamışlar. Həmin vaxt polis əməkdaşları ona üzərində narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. Əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim etmiş, həmin sellofannın içərisində narkotik vasitə marixuana olan kağız büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 7,63 qram müəyyən olunmuşdur. Videoçəkiliş bitdikdən sonra protokol tərtib edilmiş və o da başqa iştirakçılar kimi protokola imza etmişdir. Sonra polis əməkdaşları onu Şəmkir RPŞ-nin Zəyəm PB-nə gətirmişlər. Polis bölməsində üzərində müdafiəçisinin iştirakı ilə videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı qanunsuz əşya və ya prdemet aşkar edilməmişdir. Bundan başqa, o, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir, lakin psixotrop maddələrdən istifadə etmir, o, həmin narkotik vasitə marixuananı Gəncə şəhəri, D.Qorqud küçəsindən tapmış, ailə üzvlərindən heç kim onun üzərində narkotik vasitə marixuana olduğunu və saxladığını bilməmişdir. Üzərindən aşkar edilmiş marixuanaya bənzər kütlədən heç kimə satmamış, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirmişdir. O, narkotik vasitə olan marixuanadan heç kimə satmamış, satmaq niyyəti olmamışdır və ya kiməsə hədiyyə də verməmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kiçik leytenantı rütbəsi daşıyır. Gəncə şəhəri, D.Qorqud küçəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 21 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə tərəfindən Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəhbərliyinə raportla müraciət etdikdən sonra, zəruri əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və bundan sonra isə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibi Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 və Şəmkir RPŞ-nin inspektor kriminalist X1 ibarət olmuşdur. Şəmkir rayon polis şöbəsinin Zəyəm Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə saat 20:34-də Şəmkir rayonu, Zəyəm qəsəbəsində saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmin şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərini yoxlamağa başlamışlar. Üzərini yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri verməsini bildirmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ kağıza bükülmüş olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ kağıza bükülmüş olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə 7,63 qram olması müəyyən edilmişdir. Həmin kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmış və üzəri möhürlənərək, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, o, Şəmkir rayon polis şöbəsinin Zəyəm PB-nin polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsi daşıyır. Gəncə şəhəri, D.Qorqud küçəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. 21 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zəyəm polis bölməsinin əməliyyat müvəkkiləri Şahid1, Şahid3 və Şahid2 tərəfindən Zəyəm PB-nə gətirilmiş, Zəyəm PB-də Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilməklə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və predmet, narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması barədə” 21 sentyabr 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində saxlanılaraq üzərində şəxsi axtarış aparılmış və onun əynində olan göy rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd sellofana bükülmüş olan ümumi təmiz çəkisi 7,46 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qururudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 22 sentyabr 2024-cü il tarixli 16/985 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxsin üzərindən çıxan selofan bükümdə kütləyə oxşayan qurudulmuş marixuana” yazı və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 7,46 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 7,46 qram tədqiqata sərf edildi-0,03 qr, qalıq – 7,43 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 18 oktyabr 2024-cü il tarixli, 1722 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən və alkoqoldan sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən və alkoqolizmdən əzab çəkir. Narkomaniya xəstəliyindən və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” 21 sentyabr 2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 23 sentyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 sentyabr 2024cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 24 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 7,43 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 16 saat vaxt sərf etmişdir, buna görə də müdafiəçiyə göstərdiyi yardıma görə cəmi 126 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 30.40 manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: KOD- 210005, VÖEN–**********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 7,43 qram qurudulmuş marixuana məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 16 saat hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar