Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-90/2025 25.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-cı ildə Ermənistan Respublikası Basarkeçər rayonda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Sarıtəpə kəndində qeydiyyatda olan və yaşan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini torətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2001-ci ilin payız aylarından, istintaqa dəqiq məlum olmayan tarixdən hal-hazıradək olan müddət ərzində Şəmkir şəhərinin ərazisində yerləşən Şəmkir rayon Şəmkir bələdiyyəsinin mülkiyyətində olmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** nömrə ilə qeydiyyata alınmış “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa” əsasən Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan Zərərçəkmiş şəxs1 icarəyə verilmiş 3,1773 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,07 ha (7 sot) hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmaqla, həmin torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri apararaq dəmir barmaqlıqla hasara almaqla və dəmir konstruksiyalı ev inşa etdirməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Sarıtəpə kəndində ailə üzvləri ilə birgə yaşayır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. 2001-ci ildə Şəmkir rayonu Sarıtəpə kənd İcra nümayəndəsi mərhum Məhəbbət adlı şəxsdən kənd ərazisindən 0,07 sot həyatyanı sahə üçün torpaq sahəsi götürmüşdür. Həmin torpaq sahəsini təmizlədikdən sonra dəmir torla hasara alıb meyvə ağacları əkmişdir. Torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsinə aid heç sənəd əldə etməyib. Təxminən 2-3 il bundan əvvəl qeyd edilən torpaq sahəsində dəmir konstruksiyalı ev tikmişdir. Həmin evi isə o, yeznəsi Ələsgərə evi olmadığı üçün istifadəyə vermişdir. 2024-cü ilin əvvələrində Gültəkin onun Ələsgərə verdiyi torpaq sahəsinə sənədlərinin olduğunu bildirmişdir. O, da Gültəkinin yaşadığı ünvana gedib torpaq sahəsinin 2001-ci ildən icra nümayəndəsindən aldığını bildirmişdir. Gültəkin isə ona qeyd edilən torpaq sahəsinə aid dövlət əmlak komitəsinin reyestri xidmətindən çıxarışlarının olduğunu bildirmişdir. Bundan sonra isə o, yaşadığı ünvana getmişdir. Halhazırda qeyd edilən torpaq sahəsindən özü istifadə edir. 0,07 hektar torpaq sahəsindən o 2001-ci ildən istifadə edir. Onun torpaq sahəsi ilə bağlı heç bir sənədi yoxdur. O, həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olması barədə onun 2024-cü ildə onun barəsində Şəmkir rayon polis şöbəsinə müraciət etdikdən sonra olmuşdur. O, qeyd edilən torpaq sahəsində tikinti təxminən 2-3 il bundan əvvəl aparmışdır. Torpaq sahəsinin zəbt edilməsi barədə məlumatı bu il olmuşdur. O, həmin torpaq sahəsinin içərisində olan onun tərəfindən tikilmiş dəmir kanstruksiyalı fərdi yaşayış evindən istifadə etmək üçün vermişdir. O, ona torpaq sahəsini pulla satmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmişin hüquq varisi X3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Sarıtəpə kəndində ailə üzviləri ilə birlikdə yaşayır. X1 onun anasıdır, o, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hazırda o, onun vərəsəsi kimi tanınmışdır. Şahid1 , Təqsirləndirilən şəxs və Şahid2 onun həmkəndliləridir. Onlarla aralarında düşmənçilik və ədavəti yoxdur. Şəmkir rayonu Sarıtəpə kəndinin sərhəddində anası Musayeva Gültəkinə məxsus torpaq sahəsi var. Həmin torpaq sahəsinə dair hər bir sənədi var. Torpaq sahəsinə anası, Musayeva Gültəkin Daşınmaz Əmlakın Reyestri xidmətindən çıxarış əldə etmişdir. Təxminən 2 il bundan əvvəl torpaq sahələrinə baxmağa gedən zaman torpaq sahəsinin bir hissəsinin Şahid1 tərəfindən dəmir torla hasarlandığını görmüşdür. Anası, Rövşənə yaxınlaşaraq həmin sahəsinin ona məxsus olduğunu bildirmişdir. O isə ona həmin torpaq sahəsinin onun olduğunu bildirmişdir. X2 torpaq barədə sənəd təqdim etməsini tələb etsə də o ona heç bir sənəd təqdim etməmişdir. Bundan sonra o, digər torpaq sahəsinə baxış keçirən zamanı Şahid2 istifadəsində olan torpaq sahəsində tikili tikildiyini görmüşdür. O, Ələsgərə istifadəsində olan torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. O isə həmin sahəsini ona qohumu Qəşəm tərəfindən verildiyini bildirmişdir. Bundan sonra anası, yaşadığı ünvana getmişdir. Qəşəm onların yaşadıqları ünvana gələrək ona torpaq sahəsinin sənədinin olmadığını ondan torpaq sahəsinin sənədini təqdim etdikdən sonra torpaq sahəsindən çıxacağını bildirmişdir. O, da sənədləri ona təqdim etmişdir. Qəşəm sənədlərə baxdıqdan sonra torpaq sahəsindən çıxacağını bildirmişdir. Səhərisi gün Musayeva Gültəkin, həmin torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüşdür. Anası, torpaq sahəsindən çıxmağını tələb etsə də o torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Anası, da bundan sonra bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Onlara məxsus 3,1773 hektar torpaq sahəsi o xx.xx.2021-ci il tarixdə 15 il müddətinə icarə əsasında Şəmkir rayon Bələdiyyəsindən əldə etmişdir. Həmin torpaq sahəsi ilə bağlı onun rəsmi Daşınmaz əmlakın reyestri xidmətindən çıxarışı var. Şahid1 və Qəşəm Astanalı həmin torpaq sahəsindən təxminən 1 il olar ki, ona məxsus torpaq sahəsini dəmir torla hasarlayaraq istifadə edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Sarıtəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 şikayəti ilə tanışdır. Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Onunla aralarında düşmənçilik və ədavətləri yoxdur. Bununla bağlı onu qeyd etmək istəmiş ki, o 1991-ci ildə Ermənistan Respublikasında məcburi köçkün kimi gəldikdən sonra Şəmkir rayonu Sarıtəpə kəndində yaşamağa başlamışdır. Şəmkir şəhəri ilə Sarıtəpə kəndinin sərhəddində ona məxsus 0,70 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsini o, təxminən 15 il bundan əvvəl əldə etmişdir. Əldə etdiyi torpaq sahəsində meyvə ağacları əkib, yardımçl tikili tikib, həmin torpaq sahəsinin bir hissəsini məftil torla hasarlamışdır. Əldə etdiyi torpaq sahəsində tikinti işləri aparıb meyvə ağacları əkməyinə baxmayaraq həmin torpaq sahəsinə dair onun Şəmkir rayon bələdiyyəsi ilə icarə müqaviləsi olmuşdur. Həmin müqaviləni o, 03 mart 2021-ci il tarixdə 11 ay müddətinə bağlamışdır. Hazırda icarə müqaviləsinin müddəti başa çatmışdır. Həmin vaxtdan bu günədək Şəmkir rayon Bələdiyyəsi onun müqaviləsini yeniləməmişdir. Sonrdan ona məlum olmuşdur ki, ona icarə əsasında istifadə etdiyi 0,70 hektar torpaq sahəsindən 0,34 hektarını onun xəbəri olmadan Zərərçəkmiş şəxs1 satmışdır. Qeyd edilən torpaq sahəsi əvvəllər tulantı yeri olub o həmin ərazisini təmizləyərək yararlı torpaq sahəsi etmişdir. Halhazırda o, həmin torpaq sahəsindən istifadə edir. Zərərçəkmiş şəxs1 adına verilmiş **********22 nömrəli çıxarışda olan 0,3376 hektar torpaq sahəsindən o, hal-hazırda istifadə edir. İstifadə etdiyi torpaq sahəsi ilə bağlı onun heç bir sənədi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şahid1, Təqsirləndirilən şəxs Şəmkir bələdiyyəsinin mülkiyyətində olan, Zərərçəkmiş şəxs1 icarə əsasında istifadə etdiyi 3.1733 hektarlıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2059 sahəsində, Şahid2 isə həmin torpaq sahəsinin 0.3376 hektarlıq hissəsində özbaşına tikinti və ya quraşdırma işləri apararaq zəbt etməsi barədə daxil olmuş məlumat əsasında toplanmış HK-1/1326 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********22 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Şəmkir rayon, Keçili kəndinin ərizəsində yerləşən 3.1773 ha torpaq sahəsi Şəmkir Rayon Bələdiyyəsinin mülkiyyətindəndir və Zərərçəkmiş şəxs1 15 il müddətinə icarəyə verilmişdir (xx.xx.2021-ci ildən xx.xx.2036-cı ilədək). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən 3-21-3-40/2- 2970/2024 nömrəli 11 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Sarıtəpə bələdiyyəsi tərəfindən Zərərçəkmiş şəxs1 icarəsində olan **********22 nömrəli Çıxarışla 3.1773 ha torpaq sahəsinin koordinatları mülkiyyətindəndi. Araşdırma nəticəsində məlum oldu ki Zərərçəkmiş şəxs1 icarəsində olan 3.1773 ha torpaq sahəsinin 0.2059 ha-dək hissəsi Təqsirləndirilən şəxs Astanlı oğlu və Şahid2 tərəfindən, 0.3376 ha-dək hissəsi isə Şahid1 tərəfindən istifadə olunur. İş materiallarında olan Sarıtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il 30 mart tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə əlavə edilmiş sənədlər, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cüi maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törədilən cinayət əməlinə görə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığı məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalət və humanizm prinsiplərinə uyğun olardı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci, müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Məhkəmədə dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi hüquqi yardımın göstərilməsi üçün 22 saat vaxt sərf etmişdir. Müdafiəçiyə göstərdiyi hüquqi yardıma görə 231 manat vəsait dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərdiyi 21 saat hüquqi yardıma görə 231 (iki yüz otuz bir) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-90/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-90/2025
25.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver