Məhkəmə qərarları › İş №1(076)-92/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-92/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-92/2024 26.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxx 1970–ci il tarixdə Ermənistan, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2022–ci ilin sentyabr ayından hazıradək olan müddət ərzində, dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Çənlibel Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 0.5287 hektar, həmçinin Zərərçəkmiş şəxs1 mülkiyyətinə aid 0.151 hektar ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahələri üzərində buğda əkib–becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək ifadəsində göstərdi ki, özü xeyli müddətdir Bakı şəhərində yaşayır, lakin onun valideyinləri Şahid və X1 rayonu, Çənlibel kəndində yaşayırlar. Bakı şəhərində günəmuzd fəhləliklə məşğul olur. Bundan başqa kənd təsərrüfatı ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 1996–cı ilin dəqiq xatırlamadığı tarixində ölkə başçısı tərəfindən vətəndaşlara pay torpaq sahəsi verilərkən atası Şahid, mərhum nənəsi Xədicə Niftalıyevaya və bacısı Kifayət Niftalıyevaya da cəmi 1,5 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri atası Şahid tərəfində əkilib–becərilmişdir. O, özü də mütəmadi olaraq valideyinlərini ziyarət etmək üçün Şəmkir rayonu, Çənlibel kəndinə gedib– gəlmişdir. Təxminən on ildir ki, Şəmkir rayonu, Çənlibel kəndi ərazisində Şeyidlər kəndinə gedən yolun üstündə “Gölün Qırağı” kimi tanınan ərazidə 0,70 ha torpaq sahəsini əkib–becərir. Həmin torpaq sahəsinə dair heç bir rəsmi sənədi, nə də müqaviləsi yoxdur. Əvvəllər X4 razılığı əsasında həmin torpaq sahəsini əkib– becərmişdir. Lakin sonradan Şəmkir rayon X4 sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi barədə müraciət etmişdir. Çənlibel bələdiyyəsinə məxsus olan həmin torpaq sahəsini heç bir rəsmi sənəd və razılıq olmadan əkib–becərmişdir. 2022–ci ilin sentyabr ayında torpaq sahəsində buğda məhsulu əkəndən sonra Zərərçəkmiş şəxs2 torpaq sahəsini qanunsuz əkib–becərdiyini bildirərək, zəbtdən azad etməsini tələb etmiş, lakin artıq buğda toxumu səpdiyi üçün torpaq sahəsini zəbtdən azad etməmiş, daha sonra torpaq sahəsini icarəyə götürmək üçün Zərərçəkmiş şəxs2 müraciət etmiş, lakin Zərərçəkmiş şəxs2 torpaq sahəsinə dair onunla icarə müqaviləsi bağlamamışdır. 2023–cü ilin iyun ayında torpaq sahəsində əkdiyi buğdanın məhsulunu toplamış və təxminən 200–300 kiloqram buğda əldə etmişdir. 2023– cü ilin oktyabr ayında isə özü Bakı şəhərində olduğundan və işləri ilə əlaqədar Çənlibel kəndinə gələ bilmədiyindən, atası Şahida istifadəsində olan həmin torpaq sahəsini traktorla əkdirib yenidən buğda səpdirməsini bildirmişdir. Aparılan istintaq zamanı əkib becərdiyi 0.70 ha torpaq sahəsinin 0.5287 hektarının Çənlibel bələdiyyəsinə, 0.151 hektarının isə Çənlibel kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olması müəyyən edilmişdir. Həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi ilə əlaqədar olaraq Şəmkir rayon Çənlibel Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs2 dəfələrlə müraciət etsə də, razılıq verilməmişdir. Bu səbəbdən hər hansı razılıq olmadan həmin torpaq sahəsində buğda əkərək öz ailəsinin dolanışığını təmin etməyə məcbur olmuşdur. Bununla belə hazırda mübahisəli torpaq sahələrini müvafiq olaraq Bələdiyyənin və Zərərçəkmiş şəxs1 sahibliyinə və istifadəsinə qaytarmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 2015–ci il tarixdən etibarən Şəmkir rayonu, Çənlibel Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Çənlibel kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmiş, o, bununla əlaqədar olaraq kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmiş, lakin heç kim ona qulaq asmamışdır. Bundan sonra 2022–ci ilin oktyabr ayında həmin torpaq sahələrində yoxlamalar apararaq bir neçə torpaq sahəsinin qaununsuz olaraq zəbt edilməsini dəqiqləşdirdikdən sonra bu barədə Şəmkir rayon prokurorluğuna məktubla müraciət etmiş, ilkin yoxlamaları zamanı X6, Təqsirləndirilən şəxs və X5 bələdiyyəyə məxsus örüş təyinatlı torpaqda taxıl əkməsini, torpaqların qanunsuz olaraq zəbt etməsini müəyyən etmiş, bunları müəyyən edib Şəmkir rayon prokurorluğuna müraciət etdikdən sonra 2023–cü ilin may ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı ilə birlikdə X6, X5 və Təqsirləndirilən şəxs əkin işləri apardıqları torpaqlarda onun iştirakı ilə baxış keçirilmiş, o, həmin əməkdaşa bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən kəndin kompleks yer quruluşu xəritəsinə və X3 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Çənlibel bələdiyyəsinə məxsus torpaq sahələrindən X5 Bələdiyyə mülkiyyətində olan torpaqlardan 0.29 ha örüş təyinatlı torpağı, Təqsirləndirilən şəxs 0.5287 ha örüş təyinatlı bələdiyyə mülkiyyətində olan torpağı, Elşən Nəbiyevin isə 0.38 ha bələdiyyə mülkiyyətində olan örüş təyinatlı torpağı qanunsuz olaraq zəbt edib əkin işləri aparması müəyyən edilmişdir. Həmin şəxslərin zəbt etdiyi torpaq sahələri Şəmkir rayonu, Çənlibel bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələri olmaqla örüş otlaq təyinatlı torpaq sahələridir. Bununla belə Təqsirləndirilən şəxs qeyd olunan 0.5287 ha torpaq sahəsini bələdiyyənin sahibliyinə və istifadəsinə geri qaytarmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çənlibel kəndində ailə üzvləri ilə birgə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, heyvandarlıq və əkinçiliklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 1996–cı ilin dəqiq xatırlamadığı tarixində ölkə başçısı tərəfindən vətəndaşlara pay torpaq sahəsi verilərkən ona, atası X10 və digər ailə üzvlərinə cəmi 2.5 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla 3 müxtəlif ərazidə yerləşmişdir. Əbil Niftəliyevin qanunsuz əkib becərdiyi Çənlibel bələdiyyəsinə məxsus torpaq sahəsi ona məxsus olan “Almalıq” adlanan ərazidə yerləşən 0.80 ha torpaq sahəsi ilə həmsərhəd yerləşmişdir. Ancaq öz torpaq sahəsinin kordinatlarını dəqiq bilməmişdir. Belə ki, ailə üzvləri öz aralarında torpaq sahəsini bölmüş, həmin torpaq sahəsi də onun payına düşmüşdür. Təqsirləndirilən şəxs əkib–becərdiyi torpaq sahəsinin 0.151 ha hissəsinin atası X7 adına olan JN–121B nömrəli dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus olması müəyyən edilmişdir. Ancaq onun və ailə üzvlərinin Əbil Niftaliyevin torpaq sahəsini əkib–becərməsindən xəbəri olmamışdır. O, öz torpaq sahəsindən biçənək kimi istifadə etmiş, Əbil isə ona məxsus torpaq sahəsində buğda əkib–becərmişdir. Təxminən iki ildən artıq müddətə Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsini onun razılığı olmadan qanunsuz olaraq əkib–becərmişdir. Bununla belə Təqsirləndirilən şəxs qeyd olunan 0.151 ha torpaq sahəsini onun sahibliyinə və istifadəsinə geri qaytarmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs ailə üzvləri ilə birgə Bakı şəhərində yaşayır. Şəmkir rayon X4 sədri Zərərçəkmiş şəxs2 müraciəti barədə məlumatı vardır. Zərərçəkmiş şəxs2 müraciətində bələdiyyəyə məxsus torpaq sahəsinin onun tərəfindən əkilib–becərilməklə zəbt edildiyini göstərsə də, lakin həmin torpaq sahəsinin oğlu Təqsirləndirilən şəxs tərəfindən əkilib–becərildiyini bildirmişdir. 1996–cı il tarixdə ölkə başçısı tərəfindən vətəndaşlara pay torpaq sahəsi verilərkən onun ailə üzvlərinə cəmi 1.5 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini özü əkib–becərmişdir. Əbil isə Şəmkir rayonu, Çənlibel kəndi ərazisində Şeyidlər kəndinə gedən yolun üstündə “Gölün Qırağı” kimi tanınan ərazidə 0.7 ha torpaq sahəsində buğda əkib– becərmişdir. Lakin Əbilin həmin torpaq sahəsinə dair heç bir rəsmi sənədi, nə də müqaviləsi olmamışdır. Əbil yalnız bələdiyyəyə müraciət edərək torpaq sahəsinin adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan 29 dekabr 2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt etdiyi torpaq sahələrinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan 0.5287 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, 0.151 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin 20 may 2023–cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs əkdiyi torpaq sahəsi 0.6798 ha olmaqla, 0.5287 ha hissəsi bələdiyyə mülkiyyətində olan örüş, 0.151 ha hissəsi isə JN–121B nömrəli Dövlət Aktı ilə üst–üstə düşür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin 25 dekabr 2023–cü il tarixli, 3–2/3–40/2–7717/23 saylı məktubundan görünür ki, JN– 121B nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə üst–üstə düşən 0.151 ha torpaq sahəsi X11 və ailə üzvlərinə məxsus xüsusi mülkiyyətdə olmaqla kənd təsərrüfatı təyinatlı torpaq–əkin sahəsidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 54 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan 002544 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olmaqla, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X12 Birliyi”nin üzvüdür. Cinayət işinin materiallarında olan Çənlibel Bələdiyyəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Çənlibel Bələdiyyəsinin mülkiyyətinə aid olan və Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 0.5287 ha torpaq sahəsi məhkəmə baxışı zamanı bələdiyyə mülkiyyətinə geri qaytarılmışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2024–cü il tarixdə yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş torpaq sahəsi onun mülkiyyətinə geri qaytarılmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 2022–ci ilin sentyabr ayından hazıradək olan müddət ərzində, dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Çənlibel Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 0.5287 hektar, həmçinin Zərərçəkmiş şəxs1 mülkiyyətinə aid 0.151 hektar ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahələri üzərində buğda əkib–becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM–nin 74–cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM–nin 39.1.11–ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4–cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahələrini Şəmkir rayonu X4 və Zərərçəkmiş şəxs1 sahibliyinə və istifadəsinə qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və onun tərəfindən törədilmiş əməlin ictimai təhlükəli olmadığı müəyyən edildiyindən, şəraitin dəyişməsinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74–cü maddəsinin və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39, 40 və 305.1–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini – ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli 0.5287 hektar torpaq sahəsinin Çənlibel Bələdiyyəsinin mülkiyyətində olması, 0.151 hektar torpaq sahəsinin Zərərçəkmiş şəxs1 mülkiyyətində olması, hazırda isə həmin torpaq sahələrinin yenidən müvafiq olaraq X4 və Zərərçəkmiş şəxs1 sahibliyinə və istifadəsinə qaytarılması onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar