Məhkəmə qərarları › İş №1(076)-92/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-92/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-92/2025 12.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, onun nümayəndəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1965–ci il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 oktyabr 2024 cü il tarixdə saat 10 radələrində Şəmkir şəhəri, Cəlil Məmmədquluzadə küçəsində Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun Laləzər Panahovadan evində olan əşyaları götürmək üçün qapını açmasını tələb etməsinə görə baş vermiş mübahisə zamanı əlində olan bellə bir neçə dəfə Zərərçəkmiş şəxs ayaqlarına, qollarına vuraraq ona sol saidin yuxarı üçdə birinin arxa səthinin, sol budun yuxarı-orta üçdə birinin bayır səthinin yumşaq toxumalarının şişkinlik qançır və ağrı halında əznikləri, sağ əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, atası Rəfayıl Pənahova məxsus fərdi yaşayış evinin onun adına sənədələşməsi üçün 2022-ci ilin dekabr ayında Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Buna görə də Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmağa başlamışdır. Zərərçəkmiş şəxs atasına məxsus fərdi yaşayış evində yaşayır. Həmin evdə ona məxsus geyim əşyaları, məişət avadanlıqları, tikinti materialları vardır. xx.xx.2024cü il tarixdə saat 10 radələrində o, yaşadığı evin qarşısında bel ilə su arxını düzəldən zaman Zərərçəkmiş şəxs küçə ilə gəlməsini görmüşdür. O, Zərərçəkmiş şəxs yaxınlaşaraq ona məxsus xarici pasportun onun evində qalmasını bildirərək, pasportu qaytarmasını bildirmişdir. Zərərçəkmiş şəxs pasportu ona qaytarmayacağını deyərək, onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Daha sonra Zərərçəkmiş şəxs qışqıraraq evində yaşayan Səbuhiyə guya onun döyməsini və polisə zəng etməsini demişdir. O, isə buna əhəmiyyət verməyərək yaşadığı evə qayıtmış və işinə davam etmişdir. O, Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmiş, onu döyməmiş və ittihamda göstərildiyi kimi bel ilə onu vurmamışdır. Əksinə Laləzər yerdə olan daşları yığaraq ona zərər yetirən zaman o, özünü müdafiə etmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun baldızıdır və onun qonşusudur. Onun yaşadığı evin sənədləri mərhum qaynatası Rəfayıl Pənahovun adınadır. Onun övladları Rusiya Federasiyasında olduğuna görə günlük fəhləlik edən Səbuhi adlı şəxs yaşadığı evdə təmizlik işləri edir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, yaşadığı evə çatan zaman baldızı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında bel ilə iş görməsini görmüşdür. O, evinə tərəf gələn zaman Təqsirləndirilən şəxs əlində bel ilə ona tərəf gəlmişdir. O, yaşadığı evin qarşısına çatan zaman Şəmsiyyə ona yaxınlaşıb, yaşadığı evin qapısını açmasını tələb etmişdir. O, qapını açmadığı üçün onların aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan bel ilə ayaq və bədən nahiyələrinə zərbələr vurmağa başlamışdır. O, özünü müdafiə etmək istəyən zaman Təqsirləndirilən şəxs əlində olan bel sağ əlinin baş barmağına dəymişdir. Onun səsinə yaşadığı evdə fəhlə işləyən Səbuhi adlı şəxs həyətdən bayıra çıxmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təxminən 2 ildən çoxdur ki, İbrahim adlı şəxsin evində yaşayır, xx.xx.2024-cü il tarixdə əvvəllər bir yerdə işlədiyi İbrahim adlı şəxs hal-hazırda Rusiya Federasiyasında olduğuna görə ona mobil zəng edərək, yaşadığı evdə təmizlik işləri görmək lazım olmasını demişdir. O, gündəlik fəhləlik etdiyinə görə İbrahim ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində İbrahimin yaşadığı evə getmişdir. O, İbrahimin evinə çatan zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətində işlədiyini görmüşdür. O, oradan keçən zaman Təqsirləndirilən şəxs arxasınca “Laləzərin əri, sevgilisi gəldi” demişdir. Bu zaman İbrahimin anası Zərərçəkmiş şəxs yaşadığı evdən çölə çıxaraq Təqsirləndirilən şəxs ona nə deməsini soruşduqda o, sonuncuya heç bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində təmizlik işləri görən zaman evin çöl hissəsində səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilə Laləzar Pənahovanın mübahisə etməsini görmüş və Laləzarı evə gətirmək üçün bayıra çıxan zaman Şəmsiyyə Bənahovanın əlində olan bel ilə Zərərçəkmiş şəxs vurmasını görmüşdür. Həmin vaxt o, DİN-nin 102 xidmətinin zəng mərkəzi sisteminə zəng edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bel ilə döyülməsi barədə məlumat vermişdir. İşdə olan 16 oktyabr 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 1026 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol saidin yuxarı üçdə birinin arxa səthinin, sol budun yuxarı-orta üçdə birinin bayır səthinin yumşaq toxumalarının şişkinlik qançır və ağrı halında əznikləri, sağ əlin 1 barmağının dırnaq falanqasının arxa səthinin əzilmiş yarası KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 16 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həm ayrı ayrılıqda, həmdə birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü ildə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 16 oktyabr 2024 cü il tarixdə saat 10 radələrində Şəmkir şəhəri Cəlil Məmmədquluzadə küçəsində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs zor tətbiq edərək sonuncunun sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etmədiyini, sonuncuya xəsarət yetirmədiyini bildirsə də, iş üzrə zərərçəkmiş şəxsin və şahidin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələri, ekspert rəyi, eləcədə iş materiallarında olan digər sənədlərlə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, müdafiə tərəfi Şahid zərər çəkmiş şəxslə münasibəti olduğunu, bu səbəbdən şahidin işlə bağlı maraqlı şəxs olduğuna görə yalan ifadə verdiyini və həmin şahid ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb etsədə, Şahid ifadəsi yoxlanılarkən iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etmədiyindən və həmin şahidin ifadəsinin həqiqiliyini şübhə altına alan hər hansı hal aşkar edilmədiyindən, Şahid ifadəsinin sübutlar siyahısından çıxarılmasına dair müdafiə tərəfinin tələbi əsassızdır və həmin ifadə sübut növü kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, eləcədə iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlər yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət qanununu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar