Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-93/2024 28.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə 14 yanvar 1974–cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki nəfər yetkinlik yaşına çatmaya, bir nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 10 avqust 2023-cü il tarixdə, saat 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun ona məxsus torpaq sahəsinin ərazidə ot biçməsinə və həmin ərazidə müəyyən olunmuş sərhədi keçməsinə görə iradını bildirməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində qisas almaq niyyətilə istintaqla müəyyən olunmayan yaba ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq ona sağ qulaq seyvanının arxa səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayət olunan sol X qabırğanın ikiqat sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 10 avqust 2023-cü il tarixdə saat 16 radələrində o, taxil sahəsinə nəzarət etməyə getmişdir. Hidayətin taxılın kənarında olan otları biçdiyini və yerinin qonşu sahə ilə ayıran xətlərini pozduğunu görmüşdür. O, Hidayətə yaxınlaşaraq xətti niyə pozduğunu və onun sahəsində olan otu nə səbəbə biçdiyini soruşmuş, həmin vaxt Hidayət nalayiq ifadələr işlətməyə başlayaraq əlində olan kərənti ilə onu vurmağa çalışmışdır. O, kərəntini Hidayətin əlindən alaraq kənara itələmiş, bundan sonra o, yaşadığı ünvana getmişdir. O, evdə olarkən Hidayət yaşadığı evdən ov tüfəngi götürərək onun yaşadığı ünvana gəlmişdir. X4 əlindən ov tüfəngini almaq istəyən zaman Hidayətin oğlu Rövşən Abdullanın qarşısına keçərək ov tüfəngini almağa qoymamışdır. Bundan sonra səs küyə Hidayətin qızı Türkan və gəlinləri Pərvanə gəlmiş, sonra isə onun evinin qarşısından çıxıb getmişdir. Həmin gün saat 20 radələrində Hidayətin xırda buynuzlu heyvanları onun taxıl sahəsinə daxil olmuşdur. O, oğlu Abdullaya bildirmişdir ki, heyvanları evə gətirsin. Həmin vaxt Hidayət, Gülşən, Rövşən və arvadı Pərvanə əllərində ağac parçası ilə onların evinə gəlmiş, yerdən daşları götürərək onun yaşadığı evin qapısına atmağa başlamışlar. Həmin daşlardan bir nəçəsi onun övladlarına dəymişdir. Gülşən əlindən ağac parçasını almaq istəyən zaman ağac parçası ilə onun sinəsinə və kürək nahiyəsinə vurmuş, bundan sonra o, Şəmkir RPŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ittihamda göstərilənlərin doğru olduğunu, zərər çəkmiş şəxsə qarşı etdiyi hərəkətə görə əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərdi ki, özü birinci Qarabağ müharibə iştirakçısı olub və müharibə veteranıdır. Himayəsində iki nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı var və ailədə qazanc gətirən yeganə şəxsdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 10 avqust 2023-cü il tarixdə saat 16 radələrində həmkəndlisi Vəkil adlı şəxsdən aldığı otlaq sahəsindən heyvanların qıdalanması üçün dəryazla ot biçən zaman, Zöhrab ot biçdiyi yerə gələrək torpaq sahələrini ayıran xətti nəyə görə pozmasını bildirmişdir. O, Zöhraba xətti pozmadığını bildirdikdə, Zöhrab onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı onu nalayiq ifadələrlə təhqir edərək əlində olan dəryazı alaraq kənara tullamış və yerdə olan yabanı götürüb onun bel nahiyəsindən vurmuşdur. Zöhrabın onu vurma nəticəsində o, yerə yıxılmış, sonra isə Zöhrab sahəni tərk edib yaşadığı ünvana getmişdir. O, sonra ayağa durub yaşadığı evə getmiş, axşam saat 19 radələrində qızı yaşadığı ünvana gələrək ona nə olduğu barədə soruşduqda o, Zöhrabın onu döydüyünü bildirmişdir. Sonra isə qızı Gülşən Zöhrabın yaşadığı ünvana getmişdir. Sonra o, döyülməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Şəmkir RPŞ-nə müraciət etmişdir. Mübahisə baş verən zamanı onların yanında heç kim olmamışdır. Mübahisənin yaranmasına səbəb Zöhrabın onu nalayiq ifadələrlə təqhir etməsi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs onunla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 03 avqust 2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs görmək üçün Şəmkir rayonu, Yuxarı Çaykəndinə getmişdir. 10 avqust 2023-cü il tarixdə saat 16 radələrində atasının təsərrüfatında olan iri buynuzlu heyvanları örüş sahəsinə qardaşı Rövşənin yanına aparırmış, heyvanları qapıdan çıxardıb aparan zaman qardaşı Rövşənin yoldaşı Pərvanə onu geri çağırmış və bildirmişdir ki, “gəl gör atana nə olub.” O, geri qayıtdıqdan sonra həyətdə atası Hidayətin üst başının pis olduğunu görmüşdür. O, atasından nə baş verdiyini soruşduqda ona bildirmişdir ki, “örüş sahəsindən ot yığdığıma görə” Zöhrab yaba ilə onu vurmuşdur. O, atasını evə qaldırıb ilkin tibbi yardım göstərmiş, bundan sonra o, Zöhrabın yanına gedərək atası ilə mübahisə etməməsini, atasının yaşlı adam olduğunu bildirmişdir. Zöhrabın həyat yoldaşı Vəsilə onu nalayiq ifadələrlə təhqir etmiş, bundan sonra o, atasının yaşadığı ünvana geri qayıtmışdır. Həmin gün saat 19:30 radələrində onun və qardaşının övladı heyvanları örüşdən gətirməyə gedən zamanı Zöhrabın oğlu Abdulla çağıraraq onların heyvanları damda dolduğunu bildirmişdir. O da Abdullaya səslənərək uşaqlarla işinin olmamasını bildirmişdir. Abdulla heyvanları ağaca verərək həyətyanı sahəyə tərəf gətirməyə başlamışdır. O, Abdullaya tərəf çatanda Zöhrab onun yanına gələrək onu nalayiq ifadələrlə təhqir edərək əlində olan ağac parçasını alaraq onun ayaq və yan nahiyəsindən vurmuşdur. Zöhrab onu vurarkən haqqında şikayət edəcəyini bildirmişdir. Onların səs küyünə qardaşı Rövşən, atası Hidayət və gəlinləri Pərvanə gəlmişdir. O, həmin şəxslərə Zöhraba heç nə etməməklərini bildirmiş, bundan sonra Zöhrab aralaşaraq yaşadığı ünvana getmişdir. Bundan sonra o və atası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra isə atasını Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar və xəstəxanada atasının qabırğasının sınması məlum olmuşdur. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında düşmənçilik və ədavətləri yoxdur. Zərərçəkmiş şəxs onun atasıdır. 10 avqust 2023-cü il tarixdə mal örüşündən gəldikdə bilmişdir ki, Təqsirləndirilən şəxs atası Hidayəti örüş sahəsindən ot biçdiyi üçün aralarında yaranan mübahisə zamanı əlində olan yaba ilə vuraraq xəsarət yetirib. X6 atasını döydüyü üçün öz iradını bildirən zaman Zöhrab bacısı Gülşəni nalayiq ifadələrlə təhqir edərək sonuncunun əlində olan ağac parcası ilə yan və ayaq nahiyələrindən vurmuşdur. Atası Zərərçəkmiş şəxs Şəmkir RMX-na apardıqdan sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs atasını vurması nəticəsində qabırğası sınmışdır. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 10 avqust 2023-cü il tarixdə saat 20 radələrində Hidayət, Gülşən, Rövşən və arvadı Pərvanə əllərində ağac parçası ilə onların evinə gəlmişlər. Onlar yerdən daşları götürərək yaşadıqları evin qapısına atmağa başlamışlar. Həmin daşlardan bir neçəsi onun bədəninin müxtəlif nahiyələrinə dəymişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs Gülşənin əlindən ağac parçasını alıb uzaqlaşdırmış, bundan sonra Gülşən və Hidayət haqqında atası şikayət ərizəsi ilə müraciət etmişdir. Hidayət, Gülşən, Rövşən və arvadı Pərvanə onların evini daşlayan zaman onu daşla kimin vurmasını görməmişdir. Həmin daşlardan bir neçəsi onun bədəninin müxtəlif yerlərindən dəymişdir. Gülşən onların evini daşlayan zaman X1 ağacla vurmayıb onun əlində olan ağacı alaraq onları uzaqlaşdırmışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində qanuni nümayəndəsi Şahid5 iştirakı ilə dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 və Şahid4 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid4 da Şahid5 ilə eyni məzmunlu ifadə verərək, eyni xüsusatları göstərmişlər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur, ailəlidir 2 övladı vardır. Təqsirləndirilən şəxs tanıyır, aralarında düşmənçilik və ədavətləri yoxdur. Zərərçəkmiş şəxs onun qayınatasıdır. Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətlə bağlı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, heyvanlara baxmaq üçün həyətə çıxanda görmüşdür ki, qayınatası Hidayət üst başının pis olduğunu görmüş, o nə səbəbə üst başının pis olduğunu soruşduqda ona bildirmişdir ki, “Zöhrab məni döyüb.” O, baldızı Gülşəni çağıraraq bildirmişdir ki, “Zöhrab atanı döyüb.” Gülşən gəldikdən sonra ilkin tibbi yardım göstərmişlər, nə səbəbə mübahisə etdiklərini soruşduqda ona bildirmişdir ki, örüş sahəsindən ot yığdığına görə Zöhrabın onu nalayiq ifadələrlə təhqir edərək onu yaba ilə vurduğunu bildirmişdir. Bundan sonra o və Gülşən Zöhrabın yanına gedərək Hidayətlə mübahisə etməməsini, bildirmişlər. Zöhrabın həyat yoldaşı Vəsilə Gülşəni nalayiq ifadələrlə təhqir etmiş, bundan sonra onlar yaşadığları ünvana geri qayıtmışlar. Saat 19:30 radələrində onun və baldızı övladı heyvanları örüşdən gətirməyə getmişlər. Heyvanları gətirən zamanı Zöhrab oğlu Abdullanı çağıraraq onların heyvanları dama doldurmağı bildirmişdir. Gülşən Abdullaya səslənərək uşaqlarnan işinin olmamasını bildirmiş, Abdulla heyvanları ağaca verərək həyətyanı sahəyə tərəf gətirməyə başlamışdır. Gülşən Abdullaya tərəf çatanda Zöhrab Gülşənin yanına gələrək onu nalayiq ifadələrlə təhqir edərək əlində olan ağac parçasını alaraq Gülşənin ayaq və yan nahiyəsindən vurmuşdur. Gülşənlə Zöhrabı aralaşdırıb gəldikdən sonra Hidayəti Şəmkir RMX-na aparmış, ilkin tibbi yardım göstərilmiş və məlum olmuşdur ki, Hidayətin qabırğası qırılıb.Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, hadisə xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Şəmkir rayonu Yuxarı Çaykənd kəndində baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan ağacla Gülşənin ayaq, qol və yan nahiyələrindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Gülşənin əlində ağac parçası olub həmin ağac parçasını Təqsirləndirilən şəxs Gülşənin əlində alaraq onu vurmuşdur. X5 vurmamışdır. Təqsirləndirilən şəxs dediklərinin hamısı yalandır. Atası Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində heyvanlara ot biçmək üçün öruş sahəsində ot biçdiyi üçün Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət almışdır.Atam xəsarət alan zamanı onların yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs dedikləri yalandır, çünki qayınatası Təqsirləndirilən şəxs tərəfindən döyüldükdən sonra yaşadığı ünvana gəlmiş ilkin yardım göstərildikdən sonra yaşadığı ünvanda istirahət etmişdir. X2 arxasınca getməmişdir, onların yaşadığları ünvanda ov tüfəngi olmamışdır. Cinayət işinin materiallarında olan 12 aprel 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkil çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 11 aprel 2024–cü il tarixli, 927 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sağ qulaq seyvanının arxa səthinin sıyrığı, döş qəfəsinin sol yan səthinin qançırı, sol X qabırğanın ikiqat sınığı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 10 avqust 2023cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayət olunan sol X qabırğanın ikiqat sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir, sağ qulaq seyvanının arxa səthinin sıyrığı, isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2023– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Çaykənd kəndi İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Abdulla, xx.xx.2014-cü ildə anadan olmuş Gülçin adlı iki nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2019-cu ildə anadan olmuş Köçəri adlı bir nəfər azyaşlı uşağı var. İşdə olan 058308 nömrəli Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs birinci Qarabağ müharibəsi veteranıdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış notarial ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, 10 avqust 2023cü il tarixdə, saat 16 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncunun ona məxsus torpaq sahəsinin ərazidə ot biçməsinə və həmin ərazidə müəyyən olunmuş sərhədi keçməsinə görə iradını bildirməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə nəticəsində qisas almaq niyyətilə istintaqla müəyyən olunmayan yaba ilə qəsdən Zərərçəkmiş şəxs vuraraq ona sağ qulaq seyvanının arxa səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və döş qəfəsinin sol yan səthinin qançırı ilə müşayət olunan sol X qabırğanın ikiqat sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vuran xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 127.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-93/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-93/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver