Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-94/2023 02.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən yaşadığı evin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı bir dəfə ağac parçası ilə bacısı Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq sonuncuya sağ gözaltı və almacıq nahiyəsinin dərialtı hematoması kimi sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o təxminən 15 il olar Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini X3 ilə qeyri rəsmi nikah münasibətlərində birlikdə yaşayır. Barəsində şikayət etdikləri Sədaqət bacısı, Azər və Aysel isə onun uşaqlarıdır. 18 avqust 2022-ci il tarixdə arvadı Şərqanə ilə aralarında mübahisə olduğu üçün Şərqanə yaşadıqları Seyfəli kəndində yaşayan bacısıgilə getmişdir. Şərqanə təxminən bir aydan artıq müddət bacısının evində qalmış, həmin müddət ərzində Şərqanədən əl çəkməyərək onunla barışmaq istəmişdir. O, Şərqanə ilə barışmış, 01 oktyabr 2022-ci il tarixdə Şərqanə öz yaşadıqları evə geri qayıdaraq onunla birlikdə yaşamağa davam etmişdir. 02 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Şərqanə ilə yaşadığı evdə olan zaman bacısı Sədaqət zəng edib ona nə üçün Şərqanəni təkrar evə gətirdiyini demişdir. Sədaqət ona “icazə ver gəlim onu döyüm” demiş, o, Sədaqətə “sən kimsənki onu döyürsən” demiş, Sədaqət ona “gözlə gəlirəm” demişdir. Təxminən bir saat keçdikdən sonra evin həyətyanı sahəsində olan darvazanın döyüldüyünü görüb giriş darvazasına gedərək qapını açmış, o, qapını açan zaman Sədaqət, oğlu Azər və qızı Aysel evin həyətinə daxil olmuşlar. Onlar həyətə daxil olan kimi Azər əlində olan paya taxta parçası ilə onun başından vurmuşdur. Bu zaman baş hissəsindən qan açılaraq yerə yıxılmışdır. O, yerdə olan zaman Azər, Sədaqət və Aysel birlikdə yerdə bədəninin müxtəlif hissələrindən vuraraq yerdə döyməyə davam etmişlər. O, özünə gəldikdə Şərqanənin üzü başı qan içində həyətdə olduğunu görmüşdür. O, Sədaqətin Azərə qışqıraraq “Azər qaç” dediyini eşitmişdir. Azər onu buraxıb qaçan zaman özü ilə gətirdiyi ağac parçasını da götürərək qaçmış, o, həyətdə olan beli götürərək onunla Sədaqətin üzərinə gedərək onunla bir dəfə Sədaqəti baş nahiyəsindən vurmuşdur. Sədaqət və Aysel çıxıb getmiş, bundan sonra o polisə məlumat vermişdir. Sədaqətin oğlu Azər hadisə vaxtı ağac parçası ilə onun və Şərqanənin baş nahiyəsindən vuraraq baş nahiyələrinə, həmçinin daşla onun başına vuraraq sağlamlığına xəsarət yetirmişdir. Həmçinin Aysel və Sədaqət onu və Şərqanəni bədənlərinin müxtəlif hissələrindən vuraraq döymüşdür. Onların aralarında dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Şərqanə isə Qabilin arvadıdır. Anası Xədicə qardaşı Qabillə birlikdə eyni evdə yaşasa da Qabil ona baxmamışdır. 2022-ci ilin sentyabr ayının sonlarında Qabil anası Xədicəni döyüb evdən qovub küçəyə atmışdır. Həmin vaxt isə qonşu Atəş anası Xədicəni onlara gətirmişdir. Bundan sonra hazırkı tarixədək olan vaxt ərzində onlarla birlikdə yaşayır. Hadisə baş verməzdən təxminən 20 gün əvvəl Qabil ondan 300 manat pul borc almış, Qabil borc alan zaman bir günə qaytaracağını desə də dediyi vaxtda pulunu geri qaytarmamışdır. O, 02 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində qızı Aysellə birlikdə diş həkiminə gedən zaman anası Xədicə ona qardaşı Qabillə birlikdə yaşadığı evin açarını verib həmin evdə ona məxsus dərmanları götürməyini demişdir. O, qızı Aysellə birlikdə diş həkiminə gedən zaman Qabilə zəng edib onun yaşadığı evə gedəcəyini onun pulunu verməsini demişdir. O, Aysellə birlikdə qardaşı Qabilin yaşadığı evə getmişlər. Onlar Qabilin yaşadığı evə getdikdən sonra qapını döyən zaman qardaşı Qabil onu söyəsöyə qapını açmış, o, həyətə daxil olandan sonra Qabil onu söyərək ona pulunu verəcəyini demişdir. Qabil onun üzərinə gəlib onu əli ilə vurmaq istədikdə Qabili arxaya doğru itələmişdir. Qabil yerə yıxılıb başı yerə dəyib qanamağa başlamışdır. Həmin vaxt səs-küyə Şərqanə xələtdə evdən çölə çıxmış, Şərqanə onu və Ayseli söyərək niyə Qabili vurduqlarını deyərək söyməyə davam etmişdir. O və Aysel Şərqanənin üzərinə doğru getmişlər. Onlar birlikdə Şərqanəni bədənin müxtəlif hissələrindən vurub döyərək, həmçinin saçını yolaraq onu döymüşlər. Şərqanə həmin vaxt qaçıb evə girmiş, onlar onun ardı ilə evə daxil olub onu evin içərisində bədənin müxtəlif hissələrindən vuraraq döymüşlər. Həmin vaxt Şərqanə də onun və Ayselin bədənin müxtəlif hissələrindən vuraraq, həmçinin saçlarını yolaraq onlarla qarşılıqlı olaraq dalaşmışdır. Daha sonra Aysel və o evdən çıxmaq istədikdə Şərqanə onlardan qabaq qaçaraq evdən çölə çıxmışdır. O, həmin vaxt onun bel arxası ilə getməsini düşünməmişdir. Onlar evdən çıxan zaman çardaqda Qabil ilə qarşılaşmış, Qabil əlində olan bel ilə onun sağ baş nahiyəsindən bellə vurmuşdur. Həmin bel zərbənin təsirindən sınmışdır. Şərqanə də onu başqa bellə vurmaq istədikdə Aysel qabağa keçmişdir. Həmin vaxt bel Ayselin çənə nahiyəsinə və Aysel əlini qabaq verən zaman əl nahiyəsinə dəymişdir. Aysel Şərqanənin əlindən beli alıb həmin bellə Şərqanəni çənə nahiyəsindən vurmuşdur. Aysel və o birlikdə həmin evi tərk edərək çıxıb getmişlər. Azər də həmin yerə gəlmiş, Azərdə onlarla birlikdə həmin yerdən uzaqlaşmışdır. Qabil onları söyərək arxaları ilə gəlmişdir. Onlar ona cavab verməyərək həmin yerdən uzaqlaşmışlar. Hadisə zamanı oğlu Azər həmin yerdə olmamışdır. Azər dava başa çatdıqdan sonra səs-küyə həmin yerə gəlmişdir. Azər Qabili vurmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsi bağışlamadığını və onun barəsində ən ağır cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, təxminən 15 il olar ki Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini Təqsirləndirilən şəxs ilə qeyri rəsmi nikah münasibətlərində birlikdə yaşayır. Sədaqət Qabilin bacısı, Azər və Aysel isə Sədaqətin uşaqlarıdır. O, 18 avqust 2022-ci il tarixdə əri Qabillə aralarında mübahisə olduğu üçün yaşadığı Seyfəli kəndində yaşayan bacısı X1 evinə getmiş, təxminən bir aydan artıq müddət bacısının evində qalmışdır. Həmin müddət ərzində Qabil ondan əl çəkməyərək onunla barışmaq istədiyini demişdir. O, Qabillə barışmış, o, 01 oktyabr 2022ci il tarixdə öz yaşadığı evə geri qayıdaraq Qabillə birlikdə yaşamağa davam etmişdir. 02 oktyabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində Qabillə yaşadığı evdə olan zaman Qabilin bacısı Sədaqət Qabilə zəng edib nə üçün onu təkrar evə gətirdiyini demiş, Sədaqət Qabilə “icazə ver gəlim onu döyüm” demişdir. Qabil ona “sən kimsənki onu döyürsən” demiş, Sədaqət Qabilə “gözlə gəlirəm” demişdir. Təxminən bir saat keçdikdən sonra evin həyətyanı sahəsində olan darvazanın döyüldüyünü görüb Qabil giriş darvazasına gedib qapını açmış, Qabil qapını açan zaman Sədaqət, oğlu Azər və qızı Aysel evin həyətinə daxil olmuşlar. Onlar həyətə daxil olan kimi Azər əlində olan paya taxta parçası ilə Qabilin başından vurmuşdur. Qabilin baş hissəsindən qan açılaraq yerə yıxılmışdır. Qabil yerdə olan zaman Azər, Sədaqət və Aysel birlikdə yerdə Qabilin bədənin müxtəlif hissələrindən vuraraq döymüşlər. Azər onlardan ayrılaraq onun üzərinə gəlmiş, Azərin onu döymək üçün gəldiyini görmüş, O, evin içərisinə qaçmışdır. Azər onun ardı ilə yaşadığı evə daxil olaraq evin içərisində əlində olan ağac parçası ilə onun baş nahiyəsindən, çiynindən və bədəninin müxtəlif hissələrindən vuraraq onu döymüşdür. Azər onu döyən zaman Sədaqət və Aysel qışqıraraq Azəri çağırıb Qabilin ayağa qalxdığını demişlər. Azər onu evin içərisində qoyaraq həyətə çıxmışdır. Aysel və Sədaqət evə daxil olaraq hər ikisi onun saçından tutub dartaraq “çıx evdən ev mənimdi, Ayselindi deyərək” onu həyətə çıxarmışlar. O, Azərin Qabili altına yıxaraq daş parçası ilə sol qulaq nahiyəsindən vurduğunu görmüş, onlar təxminən 10-15 dəqiqə onu və Qabili döydükdən sonra onun üzbaşını qan içində olduğunu gördükləri üçün döyməyi dayandırmışlar. Sədaqət Azərə qışqıraraq Azər qaç demiş, Azər Qabili buraxıb qaçan zaman özü ilə gətirdiyi ağac parçasını da götürərək qaçmışdır. Qabil həyətdə olan beli götürərək onunla bir dəfə Sədaqəti baş nahiyəsindən vurmuşdur. Qabil Sədaqəti vuran zaman onun qarşısına keçərək mane olmuş, Sədaqət və Aysel çıxıb getmişdir. Onlar polisə hadisə barədə məlumat vermişdir. Onların aralarında dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 11 oktyabr 2022-ci il tarixli, 1198 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində təpə nahiyəsinin şişkinlik fonunda qançırı, sağ gözaltı və almacıq nahiyənin dərialtı hematoması, sol gözün bayır qurtaracağının, boyunun sol yan səthinin, sağ saidin orta üçdə birinin ön səthinin sıyrıqları və sağ saidin yuxarı üçdə birinin ön səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 02 oktyabr 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ gözaltı və almacıq nahiyənin dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, başın tüklü hissəsində təpə nahiyəsinin şişkinlik fonunda qançırı, sol gözün bayır qurtaracağının, boyunun sol yan səthinin, sağ saidin orta üçdə birinin ön səthinin sıyrıqları və sağ saidin yuxarı üçdə birinin ön səthinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21 yanvar 2023-cü il tarixli cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi döymədiyini, yalnız bellə bir dəfə vurduğunu bildirsə də iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizası zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduğunu, eləcə də bu xəsarətlərin hadisə baş verən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəldiyini müəyyən etmişdir. Eləcə də zərərçəkmiş şəxs və şahidlərin bir-biri ilə üstüstə düşən ifadələri də Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yetirilməsini təsdiq edir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini cinayət məsuliyyətindən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə baş vermiş hadisənin səbəblərini, yəni zərər çəkmiş şəxsin onun ünvanına gəlməsini, eyni zamanda onun yaşadığı evdə Ş. Qasımovanı vurduqlarından əsəbləşərək onu vurmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, bununla yanaşı təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı 12 saat, məhkəmədə isə 13 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 150 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına 150 (yüz əlli) manat pul ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-94/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-94/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver