Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-95/2023 04.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində DİMÜŞ-nin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 aprel 2023-cü il tarixdə Şəmkir rayonunda xx.xx.1998-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Bayramlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 02 iyul 2022-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu,Dəllər qəsəbəsində yeznəsi Şahid1 ilə tanışı Zərərçəkmiş şəxs aralarında bir müddət əvvəl telefon danışığı zamanı yaranmış sözlə mübahisə səbəbindən baş vermiş münaqişəyə aydınlıq gətirərkən sonuncunun Şahid1 yumruqla vuraraq ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şahid1 müdafiə edərək Zərərçəkmiş şəxs qisas almaq məqsədilə onu yumruqla bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ qaşüstü nahiyənin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o 02 iyul 2022-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində işlədiyi sexdən çıxıb evə gedən zaman yeznəsi Şahid1 ilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs sexin qarşısında mübahisə etdiklərini görmüş və onlara yaxınlaşmışdır. Onları aralaşdırmaq istəyən zaman Zərərçəkmiş şəxs Şahid1 ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyərək yumruqla Röyalı vurmuşdur. Bundan əsəbləşərək yumruqla bir dəfə Zərərçəkmiş şəxs sağ qaş nahiyyəsinə zərbə vurmuş, Samir yerə yıxılmış və sonra özü ayağa qalxaraq 102 xidmətinə zəng edərək döyülməsi məlumat vermişdir. Ondan sonra Zərərçəkmiş şəxs təcili tibbi yardıma aparmış və orada ona tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs onun barəsində şikayət etməyəcəyini demiş, ancaq sonradan Samirin onun barəsində də şikayət etdiyini eşitmişdir. Samirin sağ qaş nahiyyəsinə yumruqla bir dəfə vurmuş və Samir sağ qaş nahiyyəsindən xəsarət almış, ona başqa xəsarət yetirməmişdir. Mübahisə Şəmkir rayonu Dəllər qəsəbəsində işlədiyi sexin qarşısında baş vermiş, mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxtı özü, Zərərçəkmiş şəxs, Şahid1 və Samirin xalası oğlu Arzu orada olmuş, sonradan isə tanımadığı 1-2 nəfər şəxs onlara yaxınlaşmışlar. Zərərçəkmiş şəxslə Şahid1 əvvəllər birlikdə fəhlə işləmiş, sonradan aralarında narazılıq olması və telefonda bir-birlərini söyməsi onlar arasında mübahisəyə səbəb olmuşdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Bayramlı kəndində yaşayan Şahid1 və onun qaynı Təqsirləndirilən şəxs tanıyır, onlarla normal münasibəti olmuşdur. 2022-ci ilin mayiyun aylarında Şəmkir rayonu Dəllər qəsəbəsində yerləşən metlax sexində Şahid1 ilə birlikdə fəhlə işləmiş, 2022-ci ilin iyun ayında həmin sexdə işdən çıxdıqdan sonra sexin müdüri Röyalı da işdən çıxartmışdır. Ondan sonra Röyal ona zəng edərək işdən çıxarılmasında onu günahlandırmış və telefonda onun ünvanına nalayiq söyüşlər söymüşdür. 02 iyul 2022-ci il tarixdə saat 19 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində işlədiyi sexin qarşısında Şahid1 və Təqsirləndirilən şəxsla rastlaşmış, Röyal ona yaxınlaşaraq nə üçün telefonda onu söydüyünü demiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxtı yumruqla Röyalın sifətindən vurmuş və o yerə yıxılmışdır. Bu zaman Röyalın qaynı Təqsirləndirilən şəxs yumruqla bir dəfə onun sağ qaş nahiyyəsindən zərbə vurmuş və yerə yıxılmışdır. Yerdə yıxılmış vəziyyətdə olarkən Şahid1 yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyyələrinə vurmuş, ondan sonra ayağa qalxmış və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Ayxan və Röyal tərəfindən döyülməsi barədə məlumat vermiş, daha sonra isə Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edərək şikayət etmişdir. Mübahisə Şəmkir rayonu Dəllər qəsəbəsində işlədiyi sexin qarşısında baş vermiş, mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, həmin vaxtı özü, Təqsirləndirilən şəxs, Şahid1 və xalası oğlu Şahid2 orada olmuş, sonradan isə tanımadığı 2-3 nəfər onlara yaxınlaşmışlar. Sağ qaş nahiyyəsində olan xəsarəti Təqsirləndirilən şəxs yumruqla vuraraq, digər xəsarətləri isə Şahid1 onu yumruq və təpiklə vuraraq yetirmişdir. Mübahisə zamanı yumruqla bir dəfə Şahid1 sifətindən vurmuş, ancaq Təqsirləndirilən şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə 2022-ci ilin may-iyun aylarında Şəmkir rayonu Dəllər qəsəbəsində metlax sexində fəhlə işləmişlər. Həmin sexdə işlədikləri zaman Zərərçəkmiş şəxs işə məsuliyyətsiz yanaşdığı üçün bu barədə sexin müdürinə demiş və Samiri işdən çıxartmışlar. Ondan sonra Samir ona zəng edərək işdən çıxarılmasında onu günahlandırmış və ünvanına nalayiq söyüşlər söymüşdür. Samir onunla görüşüb söhbət etmək istədiyini bildirmiş, ancaq onunla görüşməkdən imtina etmişdir. Ondan təxminən 7-8 gün sonra, yəni 02 iyul 2022-ci il tarixdə saat 19 radələrində qaynı Təqsirləndirilən şəxsla birlikdə Şəmkir rayonu Dəllər qəsəbəsində işlədiyi metlax sexindən çıxıb evə gedən zaman sexin qarşısında Zərərçəkmiş şəxs və onun xalası oğlu Arzu ilə rastlaşmışlar. Samirə telefonda nə üçün onu söydüyünü demiş, Samir də ona etdiyi hərəkətin cavabı olduğunu və yaxşı edib söydüyünü demişdir. Buna görə aralarında mübahisə yaranmış, Samir yumruqla onun sifətindən vurmuş və yerə yıxılmışdır. Qaynı Təqsirləndirilən şəxs onu müdafiə edərək Samiri yumruqla vurmuş və o yerə yıxılmışdır. Samir ayağa qalxaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək döyməsi barədə məlumat vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Mübahisə Şəmkir rayonu Dəllər qəsəbəsində işlədiyi sexin qarşısında baş vermiş, mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, həmin vaxtı o, qaynı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun xalası oğlu Arzu orada olmuş, sonradan isə tanımadığı 2-3 nəfər onlara yaxınlaşmışlar. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, eləcə də şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Şəmkir rayon məhkəmə-tibbi ekspertizasının 03 iyul 2022-ci il tarixli 742 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər – sağ qaşüstü nahiyənin əzilmiş yarası, boyunun ön səthinin və sağ dirsək oynağının arxa səthinin sıyrıqları küt əşyaların təsirindən törənmişlər, törənmə müddəti 02 iyul 2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ qaşüstü nahiyənin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, boyunun ön səthinin və sağ dirsək oynağının arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx.xx.2023-cü ildə icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli qərarla barəsində CM-nin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə AR CPM-nin 39.1.12-ci maddəsinə əsasən işin icraatına xitam verilmişdir. Sadalanan sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin bütün materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3 maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduqda cəzanın məqsədinə nail olunacaqdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqında iştirak etməyə görə sərf edilmiş 10 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 60 (altmış) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-95/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-95/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver