Məhkəmə qərarları › İş №1(076)-96/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-96/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-96/2024 12.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1967–ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.2.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126–cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində və xuliqanlıq niyyəti iləqəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 05 yanvar 2023–cü il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Şəmkir Mərkəzi Bazarı”nın dayanacağında həmin tarixdə qayını X2 Şəmkir rayonu, İrmaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış borc pulun geri qaytarılmaması səbəbindən mübahisə zamanı Nəsib Heydərovun döyüş sursatı hesab edilən qumbaranı partlatması nəticəsində yaralanaraq aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs məsələnin mahiyyətinə varmadan, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə insanların gur toplaşdığı yerdə qəsdən ayaqları ilə vuraraq ona sağ çənə bucağı nahiyəsinin əzilmiş yarası və alt çənədə sağdan 5–6–7–8–ci dişlərin travmatik düşməsi ilə müşayiət edilən, Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin126–cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kənd sakini Zərərçəkmiş şəxs tanımamışdır. 05 yanvar 2023–cü il tarixdə saat 17 radələrində Şəmkir şəhəri, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evində olan zaman qızı Gülşən Bağırov ucadan qışqıraraq onun yanına qaçmış və “qardaşım Fikrət Bağırovu partlatdılar”–kimi sözlər deməyə başlamış, qızı Gülşəndən hadisənin harada baş verdiyini soruşan zaman Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi Bazarın avtomobil dayanacağını göstərib hadisənin orada baş verdiyini deyən kimi, o, evdən çıxıb həmin avtomobil dayancağına tərəf getmişdir. Həmin vaxt qaynı Nəsib Heydərova məxsus qırımızı rəngli “VAZ 2105” markalı avtomobili görmüş və ətrafına tanışları Yalçın, Elşən və digər şəxslərin yığışdığını görmüşdür. Həmin vaxt avtomobilin yanında uzanıqlı vəziyyətdə, qılçalarının və sifətinin qan içərisində, eyni zamanda uzanıqlı vəziyyətdə köməksiz halda olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs görmüş, o, həmin vaxt içkili olmuş və ucadan söyüşlər edib səbəbsiz yerə onun üzərinə gedərək təpiklə onun ağız nahiyəsindən vurmuş, hadisə yerində olan tanışı Yalçın onu qolundan tutub hadisə yerindən kənarlaşdırmışdır. Oradan Şəmkir rayon Mərkəzi Xəstəxanasına getmiş və oradan da qayını Nəsib Heydərovu götürərək X5 Xəstəxanasına getmişdir. Əlavə olaraq qeyd edir ki, o, hadisə yerinə gəlib çatan zaman hadisənin sonradan adını bildiyi Zərərçəkmiş şəxs tərəfindən törədildiyini güman edərək təpiklə onun ağız nahiyəsindən vurub ona xəsarət yetirmiş, o, Zərərçəkmiş şəxs sifət və ağız nahiyəsindən təpiklə vuran zaman tanışı Yalçın və Elşən görmüş, o, hadisə yerinə gəlib çatan zaman Zərərçəkmiş şəxs qayını Nəsibə məxus avtomobildən təxminən 2–3 metr məsafə aralıda olduğunu, çox sayda şəxslərin ətrafına yığışdığını, ayaqlarının daban hissəsinin qumbara partlaması nəticəsində ətin sümükdən ayrıldığını, eyni zamanda uzanıqlı vəziyyətdə üzərinin və sifətinin qan içərisində olduğunu görmüş və ucadan söyüşlər edərək ona yaxınlaşıb sifət nahiyəsindən təpiklə vurmuşdur. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmağa cəhd etsə də, buna nail ola bilməmişdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 05 yanvar 2023–cü il tarixdə Nəsib Heydərov onun istifadəsində olan mobil nömrəsinə zəng edib görüşmələrini və illik hesab aparan zaman ona artıq 112.000 ABŞ dolları səhvən verdiyini bildirib görüşmələrini demişdir. O, Nəsiblə razılaşdıqdan sonra sonuncu dostunun toyuna getdiyini, toydan çıxıb görüşməyi ona təklif etmişdir. O, Nəsiblə razılaşıb özünə məxsus “Land Cruiser” markalı avtomobilə əyləşərək sonuncunun dediyi ünvana, yəni Şəmkir şəhəri mərkəzi bazarına gəlmişdir. O, Nəsibə zəng etdikdə, sonuncu telefonda ona idarə etdiyi qırmızı rəngli “VAZ 2105” markalı avtomobilin yanına gəlməsini demişdir. O, avtomobilini dayanacaqda olan ağacın altında saxlayıb Nəsibə məxsus avtomobilin yanına tərəf getmişdir. O, çatmamış Nəsib avtomobildən yerə düşüb onu arxa oturacaqda əyləşdirmişdir. O, arxa oturacaqda əyləşib qapını bağlamış, Nəsib isə sükan arxasında əyləşmişdir. Avtomobildə Nəsib ona pulu iki dəfə verməsini demişdir. O, Nəsibin ona əlavə 112.000 ABŞ dolları vermədiyini bildirmişdir. Bu zaman Nəsib “Qurani Kərim” kitabını çıxarıb ona and içməsini bildirdikdə, o, əlini kitabın üzərinə qoyaraq and içmişdir. Nəsib “Qurani Kərim” kitabını ondan alıb əynindəki qara rəngli gödəkcənin cibindən qumbara çıxararaq “Kəlimeyi–şəhadət”ini gətirməsini istəmişdir. Bundan sonra qumbaranın halqasını çəkib çıxararaq onun ayaqlarının altına atmış, özü isə avtomobildən düşmüşdür. O, düşmək üçün avtomobilin arxa oturacaqlarının qapılarının dəstəyini açmaq istəyəndə qapılar açılmamış və qumbara partlamışdır. Partlayış baş verdikdən sonra hadisə yerinə gəlmiş şəxslər onu avtomobildən çıxarmışdır. Bu zaman oradakı şəxslərdən biri təpiklə onun sifətinin sağ nahiyəsindən bir dəfə vurmuş, onu təpiklə vuran Nəsib Heydərovun bacısının əri Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Belə ki, hadisə yerinə gəlmiş şəxslər onu avtomobildən çıxarıb yerə uzatdıqdan sonra Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş və ağız nahiyəsindən təpiklə vurmuşdur. Həmin zərbə nəticəsində onun alt çənəsində sağdan dörd ədəd dişi sınmış və ağız nahiyəsindən xəsarət almışdır. Bu zaman Yalçın Nizaminin onu vurmaması üçün arxasından tutub uzaqlaşdırmışdır. Həmin zaman partlayışın təsirindən aldığı xəsarətlərdən vəziyyəti çox ağır olmuş, bu səbəbdən yerdə uzanaraq heç nə edə bilməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra oraya gəlmiş şəxslərin köməkliyi ilə təcili tibbi yardım avtomobilinə yerləşdirilib Şəmkir rayon mərkəzi xəstəxanasına, oradan isə X5 Xəstəxanasına aparılmışdır. O, hadisədən sonra 15 dəfə əməliyyat olunmuş, sol ayağı diz nahiyəsindən aşağı hissədə amputasiya olunmuşdur. Digər ayağı isə hələ də ağır vəziyyətdədir. Həmçinin, ayağının və bədəninin demək olar ki, bütün nahiyələrində partlayışın baş verməsi nəticəsində qumbaranın qəlpələri qalmışdır. Təqsirləndirilən şəxs təpiklə onun sifət nahiyyəsindən vurmağının səbəbini bilməmişdir. Sadəcə olaraq Nizami ünvanına nalayiq ifadələr işlədərək yanına çatdıqda “Nağardın sən?” sözünü deyib bir dəfə təpiklə sifətinin sağ nahiyəsindən vurmuş, bundan sonra Yalçın ona mane olmaq üçün arxa tərəfindən tutub geriyə çəkmişdir. Hazırda təqsirləndirilən şəxlsə barışmamış və ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mərkəzi bazardakı duracaqda avtomobillərə nəzarət edir. Təqsirləndirilən şəxs ilə də normal münasibəti olmuş, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. Şəmkir rayonu, İrmaşlı kənd sakini Zərərçəkmiş şəxs isə hadisə baş verdikdən sonra tanımışdır. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında mövsüm zamanı gələndə qarpız alveri ilə məşğul olur, Nəsib isə bazarda valyuta dəyişmə məntəqəsində işləyir. 05 yanvar 2023–cü il tarixdə həmişə olduğu kimi bazarın avtomobil duracağında olmuş, səhər radələrində Nəsib idarə etdiyi avtomobillə işə gəlib avtomobilini duracağa yerləşdirmiş, həmin gün saat 15 radələrində işdən çıxaraq duracağa gəlmiş, həmin vaxt Nəsibin yanında heç kim olmamış, Nəsiblə söhbətləşərkən ona “Şəmkir” şadlıq sarayına toya gedəcəyini bildirmiş və avtomobilini idarə edərək çıxıb getmişdir. Təxminən 1 saat keçdikdən sonra, saat 16 radələrində Nəsib yenidən duracağa gəlmiş, avtomobili əvvəlki saxladığı yerdə dayandırmış, bundan sonra o, avtomobildən düşərək işlətdiyi valyuta dəyişmə məntəqəsinə gedib 10 dəqiqədən sonra geriyə qayıdaraq avtomobilinə əyləşmiş, həmin zaman onun yanında heç kim olmamışdır. Nəsib nədənsə avtomobilini işə salıb dayandığı yerdən təxminən 80 metr aralıda, duracağın kənarında yerləşən çinar ağaclarının yanına idarə edib saxlamış, o, isə duracağın o biri başında yerləşən yolka ağaclarının yanında oturub duracaqda olan avtomobillərə nəzarət etmişdir. Günün həmin vaxtı bazarda çox adam olmadığı üçün duracaqdakı avtomobillər də azalmış, bu səbəbdən o, Nəsibin avtomobilini də aydın görə bilmişdir. Nəsib həmin avtomobili ağacların yanında saxladıqdan təxminən 20 dəqiqə sonra onun avtomobili tərəfindən güclü partlayış səsinin gəldiyini eşitmiş, diqqətlə baxdıqda onun avtomobilinin ön və arxa alın şüşələrinin yerindən qopduğunu görüb partlayışın Nəsibin avtomobilində baş verdiyi bilmiş, onun səhhətində problemlər olduğu üçün cəld yeriməkdə çətinlik çəkmiş, bu səbəbdən Nəsibin şəriki Yalçın və həmin vaxt onun yanında olan, bazarda işləyən 2–3 nəfər şəxs ondan əvvəl Nəsibin avtomobilinə çatmış, o isə Yalçıngilin ardınca avtomobilə çata bilmişdir. Nəsibin avtomobilinə çatdıqda sürücü tərəfdəki qapının yanında yerdə uzanmış vəziyyətdə, huşunu itirdiyini görmüş, onlar təcili tibbi yardım çağırmaq istəsələr də, gec gələcəyini güman etmiş və buna görə Nəsibin bacısı oğlu Fikrət adlı şəxs dayısını həmin vaxt oraya gəlmiş markası və dövlət qeydiyyat nişanı yadında olmayan qara rəngli avtomobilə yerləşdirərək xəstəxanaya aparmışlar. Elə bu vaxt kimsə qışqıraraq avtomobilin arxa tərəfində başqa bir şəxsin də olduğunu görmüş, onlar arxa tərəfə yaxınlaşdıqda həmin şəxs avtomobilin arxa oturacağına uzanmış vəziyyətdə, ayaqları isə sağ tərəfin ayaqaltı hissəsində olduğunu görmüş, həmin şəxsin ayaqlarına baxdıqda hər iki ayağının çox ağır yaralı olduğunu və çoxlu qan itirdiyini görmüş, oradakı tanımadığı bir neçə şəxs Binnət adlı həmin adamı avtomobilin oturacağının üzərindən götürüb arxası üstə yerə uzatmış, elə həmin vaxt Nəsibin bacısının əri Təqsirləndirilən şəxs qışqıraraq uzaqdan iti addımlarla onlara tərəf gəlmiş, o, yerdə yarı huşunu itirmiş vəziyyətdə uzanmış Binnətə çatan kimi onun ünvanına nalayiq ifadələr işlədərək bir dəfə təpiklə Binnətin sağ çənə nahiyəsindən vurmuşdur. Həmin vaxt Nəsibin şəriki Yalçın Nizaminin arxasından tutub Binnəti vurmaması üçün onu geriyə çəkib onu sakitləşdirməyə çalışmış, həmin vaxt Nizaminin spirtli içki qəbul etdiyini hiss etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. 05 yanvar 2023–cü il tarixdə Bakı şəhərində olan zaman xəbər saytından dayısı oğlu Zərərçəkmiş şəxslə Şəmkir şəhər sakini Nəsib Heydərov arasında pul üstündə baş vermiş narazlıq zamanı Nəsib Heydərovun özünə mxsus “VAZ 2107” markalı avtomobildə özü ilə gətirdiyi qumbaranı partlatması nəticəsində dayısı oğlu Zərərçəkmiş şəxs xəsarət alması barədə məlumatı olmuş, o, hadisənin səhəri, yəni 06 yanvar 2023–cü il tarixdə Bakı şəhərindən Zərərçəkmiş şəxs Gəncə şəhərində olduğu “Beyənəlxalq” xəstəxanaya gəlmişdir. Həmin vaxt qohumları orada olmuş, o, xəstəxanada olan zaman ətraf şəxslərdən qumbara partlaması nəticəsində dayısı oğlu Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra hadisə yerində olan zaman Nəsib Heydərovun kürəkəni Nizami adlı şəxs tərəfindən təpiklə ağız nahiyəsinə vuraraq xəsarət yetirməsi və nəticədə onun dişlərinin tökülməsi barədə məlumatı olmuşdur. O, hadisənin dəqiq necə baş verdiyini öyrənmək üçün Şəmkir şəhəri, Mərkəzi Bazara getmiş, Bazarda avtomobil duracağına nəzarət edən Şahid1la söhbət etməyə başlamış, Şahid1 hadisə barəsində soruşmağa başlamışdır. Şahid1 ona cavab verərək bildirmişdir ki, hadisə baş verən zaman Mərkəzi Bazarın avtomobil duracağında olmuş, həmin gün Nəsib Heydərovla görüşmüş, sonra Nəsib özünə məxsus “VAZ 2107” markalı avtomobili idarə edərək avtomobil durcağının kənar hissəsində saxlamış, bir qədər sonra Zərərçəkmiş şəxs özünə məxsus “Land Gruiser” markalı avtomobili ilə gəldiyini və sonra avtomobildən düşərək Nəsib Heydərovun yanına gedib onun avtomobilinin arxa oturacağında oturduğunu görmüş, bir neçə dəqiqə sonra qumbara partlaması səsini eşitimiş, hadisə yerinə getmiş, hadisə yerində olan zaman Zərərçəkmiş şəxs yerdə uzanıqlı, qanlar içərisində olduğunu görmüş, bu vaxt Nəsib Heydərovun bacısının əri Nizaminin kənardan gələrək onun sifət nahiyəsindən təpiklə vurduğunun şahidi olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin 28 fevral 2023–cü il tarixli 183 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına və adına tərtib olunmuş tibbi sənəddə yazılanlara əsasən onun bədən səthində aşağıdakı xəsarətlər–ağır dərəcəli travmatik və hemoragik şokla müşayiət olunan sağ çənə bucağı nahiyəsinin əzilmiş yarası, alt çənədə sağdan 5–6–7–8–ci dişlərin travmatik düşməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, sol əl pəncəsini, sağ budun aşağı üçdə birinin arxa səthinin, hər iki baldır nahiyəsinin və ayaq pəncələrinin əzilmiş– cırılmış qəlpə yaraları, sol əlin daraq sümüklərinin, hər iki qamış və incik sümüklərinin, hər iki ayaq pəncəsi sümüklərinin açıq qəlpəli sınıqları partlayıcı xüsusiyyətə malik hərbi sursatın partlaması nəticəsində partlayış dalğasının və qəlpələrin təsirindən törənmişlər, törənmə müddətləri 05 yanvar 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ çənə bucağı nahiyəsinin əzilmiş yarası və alt çənədə sağdan 5–6–7–8–ci dişlərin travmatik düşməsi ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə (10%) daim itirilməsinə səbəb olduğundan az ağır zərər vurmaya aiddir, ağır dərəcəli travmatik və hemoragik şokla müşayiət edilən sol əl pəncəsinin, sağ budun aşağı üçdə birinin arxa səthinin, hər iki baldır nahiyəsinin və ayaq pəncələrinin əzilmiş– cırılmış qəlpə yaraları, sol əlin daraq sümüklərinin, hər iki qamış və incik sümüklərinin, hər iki ayaq pəncəsi sümüklərinin açıq qəlpəli sınıqları isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126–cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində və xuliqanlıq niyyəti iləqəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 127.2.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3– cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına az ağır zərər vurmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 dekabr 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 23 dekabr 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 02 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 23 dekabr 2023–cü il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs hadisə yerindən olan görüntülərinin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 23 dekabr 2023–cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs hadisə yerindən olan görüntülərinin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar