Məhkəmə qərarları › İş №1(076)-99/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-99/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-99/2023 12.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu Çaparlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2019-cu ilin sonlarında, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Şəmkir rayonu Çaparlı kəndində yerləşən dövlət mülkiyyətinə aid 84.24 kvadrat metr ərazisi olan torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində mişar daşından hər iki tərəfinin uzunluğu 11.7 metr, eni 7.2 metr ölçülərdə olan özbaşına tikinti işləri aparmaqla torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 188.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2018-ci il yaşadığı kənddə yol kənarında olan boş torpaq sahəsində obyekt tikərək özü üçün işlətmək istəmişdir. Lakin həmin torpaq sahəsində tikinti işləri aparmaq üçün onun heç bir icazə sənədi olmamış və bu barədə heç bir quruma müraciət etməmişdir. Ona görə də o, torpaq sahəsini götürmək və sənədləşdirmək üçün həmin vaxtı Şəmkir rayon İcra Hakmiyyətinin başçısı olan Alimpaşa Məmmədovun qəbulunda olmuş və qeyd etdiyi torpaq sahəsinin ona verilməsini və sənədləşmə işində köməklik göstərilməsini xahiş etmişdir. İcra başçısı onu dinlədikdən sonra ona həmin torpaq sahəsində tikinti işləri aparmasına icazə verdiyini bildirmişdir. O da oradan gəldikdən sonra yaşadığı kənddə 7x12 metr ölçülərində bir otaqlı obyekt tikdirmişdir. O, obyekti tikdirdiyi zamanda ona heç bir irad bildirilməmişdir. Həmin ili o, obyekti tikdirərək yekunlaşdırmışdır. Lakin onun maddi imkanı zəif olduğundan həmin obyekti təmir etdirə və işlədə bilməmişdir. 2021-ci ilin oktyabr ayında o, kənddə olmadığı zaman eşitmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən gələrək onun tikdirdiyi obyektə baxış keçirərək getmişlər. O, sonradan polis əməkdaşlarınında baxış keçirdiyini eşitmiş və bundan sonra polis əməkdaşları onu çağıraraq bu barədə izahat almışlar. O da həmin vaxtı polis əməkdaşlarına heç bir sənədinin olmadığını bildirmişdir. Torpaq sahəsinin mülkiyyət sənədi olmasa da tikintiyə dair layihə sənədi verilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 06 aprel 2015-ci ildən rəsmi olaraq Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatında Hüquq şöbəsində, 2018-ci ildən isə həmin şöbəsinin müdiri vəzifəsində işləyir. Hüquq şöbəsi kimi onların işi əsasən vətəndaşlara hüquqi yardım göstərmək, İcra Hakimiyyətinin hüquqi işlərini həll etmək, eləcə də hüquq mühafizə orqanları ilə səmərəli işi təşkil etməkdən ibarət olmuşdur. Bundan əlavə onlar hüquq şöbəsi olaraq vətəndaşlar arasında qanunsuz və icazəsiz tikilililərin qarşısını almaq üçün mütəmadi olaraq profilaktiki söhbətlər aparmışlar. Şəmkir rayonu Çaparlı kənd sakinləri Təqsirləndirilən şəxs, X15, X7, X12, X2 və X1 tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Adları qeyd edilən şəxslərlə onun heç bir münasibəti olmamışdır. Həmin şəxslərin Şəmkir rayonu Çaparlı kəndi ərazisində kənd arası əsas yolda qanunsuz olaraq torpaq sahələrini zəbt etmələrini və həmin torpaq sahələrində qanunsuz olaraq tikinti işləri aparmalarını eşitmişdir, lakin həmin şəxslərin əvvəllər torpaq sahələrini sənədləşdirmələri üçün hər hansı orqana müraciət etmələri barədə məlumatı olmamışdır. Hazırda həmin torpaq sahələri üzərində tikilmiş tikintilərin davam etdirilməsi dayandırılmışdır. Adları yuxarıda qeyd olunan şəxslərin əvvəllər kənd ərazisində müəyyən obyekt tikintisi üçün Şəmkir rayon İcra Hakimiyyəətinə müraciət etmələri və həmin şəxslərin həmin tikintiləri aparmaları barədə razılıq verilməsi barədə onlarda hər hansı məlumat olmamışdır. Qeyd edilən şəxslərin zəbt etdikləri torpaq sahələri Şəmkir rayon İcra Hakimiyyətinin mülkiyyətinə aid torpaq sahələri olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 2021-ci ilin may ayından Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin məsləhətçisi torpaq müfəttişi vəzifəsində işləyir. Onların işi Şəmkir rayonu ərazisində qanunsuz tikilələrə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. 05 oktyabr 2021-ci il tarixdə Şəmkir rayonu Çaparlı kəndi ərazisində şöbənin əməkdaşları X13 və X8 iştirakı ilə X17 Ərazi Dairəsi üzrə nümayəndəsi X6 da dəvət etməklə kənd ərazisində monitorinq keçirdiyi kəndin mərkəzi küçəsində torpaq qanunvericiliyinin pozulması faktlarını aşkar etmişlər. Monitorinq zamanı kəndin mərkəzi küçəsində yolun mühafizə zolağında kənd sakinləri X15 45.6 kvadratmetr sahədə (4x11.4 metr ölçülərdə), X7 60 kvadratmetr sahədə (5x12.4 metr ölçülərdə), Təqsirləndirilən şəxs 84.24 kvadratmetr sahədə (7.2x11.7 metr ölçülərdə), X12 130.9 kvadratmetr sahədə (7x18.7 metr ölçülərdə, X2 63 kvadratmetr sahədə (9.7x6.5 metr ölçülərdə) və X3 242.88 kvadratmetr sahədə (13.2x18.4 metr ölçülərdə) tikinti işlərini aparmasını müəyyən etmişlər. Müvafiq yoxlama işi aparılarkən həmin tikinti barədə heç bir sənədləşmə işinin aparılmadığı həmin tikintilərin aparıldığı mühafizə zolağının Dövlət mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Bundan sonra onlar həmin yerin müvafiq qaydada şəkillərini çəkərək akt tərtib edərək toplanmış materialı aiddiyyatı üzrə göndərmişlər. Eyni zamanda qanunu pozmuş şəxslərin ünvanlarına qanun pozuntusu və nəticə barədə məlumat göndərmişlər. Qeyd edilən şəxslərin zəbt etdikləri torpaq sahələri Şəmkir rayon İcra Hakimiyyətinə məxsus torpaq sahələri olmuş və həmin torpaq sahələrinə nəzarəti yerli icra orqanları nəzarət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 və X14 Şahid ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, 2007-ci ildən Şəmkir rayonu X17 Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini, 2020-ci ildən isə nümayəndə vəzifəsində işləmişdir. 05 oktyabr 2021-ci il tarixdə o, işdə olduğu zaman Əmlak Məsələləri Dövlət Xidməti Qazax ərazi şöbəsinin əməkdaşları onun yanına gələrək kənddə olan Dövlət mülkiyyətinə aid torpaq sahələrində aparılmış qanunsuz tikililərə baxış keçirəcəklərini və həmin baxışda iştirak etməyi ona təklif etmişlər. O da kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi kimi baxışda iştirak etmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Şəmkir rayonu Çaparlı kənd sakini Təqsirləndirilən şəxs kəndin əsas küçəsində 15x11.4 kvadrat metr sahəni qanunsuz zəbt edərək orada obyekt tikdirmişdir. Lakin həmin tikinti başa çatdırılmamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Qazax ərazi şöbəsinin əməkdaşları ilə birlikdə həmin obyektə baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərinin Şəmkir rayonu Çaparlı kəndində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahələrini zəbt edərək müvafiq olaraq 2018-2021-ci illər ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tikinti işləri aparmaları faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmaqla istintaq aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 oktyabr 2021-ci il tarixli **********03 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işçiləri tərəfindən monitorinq keçirilmiş, monitorinq zamanı tərtib edilmiş aktda adları qeyd olunan 8 nəfər (aktda 5-ci sırada Təqsirləndirilən şəxs 84,24 kv.m ərazidə (koordinat x=592243; Y=4523686) qeyri yaşayış binası tikməsi qeyd edilmişdir) Çaparlı kənd sakini tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüquqları olmadan göstərilən koordinatlarda (google, ortofoto) dövlət mülkiyyətinə aid torpaq sahələrində qeyri-yaşayış obyektlərinin inşa edilməsi faktları müəyyən edilmişdir. İş materiallarında olan X17 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X5 yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə cavabından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 05 aprel 2023-cü il tarixli 3-21-3-40/2-1807-2023 nömrəli məktubundan görünür ki, x=592243; Y=4523686 koordinatlarında yerləşən ərazi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir, həmin torpaq sahəsi ilə bağlı hər hansı bir sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair» 2015-ci il 30 mart tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər sahibinin razılığı, yaxud dövlətin və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfatməişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Belə ki, Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulan torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma kimi ifadə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işə əlavə edilmiş sənədlər, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, yaşını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayətin törədilməsindən dörd ilə yaxın müddət keçməsini və bu müddət ərzində onun başqa cinayət törətməyə görə məsuliyyətinə cəlb edilməməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs ümumiyyətlə cinayət məsulliyətinə cəlb edilməmiş və məhkumluğu yoxdur, törətdiyi cinayət az ağır cinayət hesab olunur, təqsirini səmimi etiraf edir, törətdiyi əməldən peşmandır və qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququ əldə etməyə cəhd etmiş, zərər çəkmiş şəxslə barışıq əldə etmişdir, cinayətin törədildiyi vaxtdan dörd ilə yaxın müddət keçməsinə baxmayaraq, bu müddətdə başqa bir cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməmişdir, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan, müsbət xarakterizə olunan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 72 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası şərti tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsə göstərdiyi 12 saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar