Məhkəmə qərarları › İş №1(077)-1/2024

Şuşa Rayon Məhkəməsi Qərar — İş №1(077)-1/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şuşa rayonu İş № 1(077)-1/2024 15.04.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və X4 iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan X8, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan X4, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında, məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X8 və X4 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X7 ilə birgə nikahlarından doğulmuş xx.xx.1995-ci il təvəllüdlü qızları X3 2017-ci ildə X12 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş,birgə nikahdan iki övladları doğulmuşdur. Şuşa rayon məhkəməsi əmlakla bağlı tələbləri rədd etmiş, nikahı ləğv etmiş, alimentin ödənilməsini təmin etmişdir. Hazırda həmin iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Xasay Abbasov və Əli Abbasov mobil telefon nömrələrindən zənglər edib qızı F.Abbasovaya hədə qorxu-gəlir, məhkəmə qətnaməsi və rayon İcra Hakimiyyətinin Qəyyumluq Komisiyyasınm müvafiq rəyi olduğu halda azyaşlı uşaqları əlindən alacağı ilə şantaj edir və s. 2024-cü ilin mart ayının 2-si və 3-ü tarixlərində Bakı şəhər Baş Polis İdarəsinin Elçin adlı şəxs onun mobil nömrəsinə zəng edərək şikayət olduğunu və izahat vermək üçün İdarəyə gəlməli olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhər Baş Polis İdarəsinə getdikdə məlum olmuşdur ki, Xasay Abbasov özünün elektron poçtu (emeyıl) vasitəsi ilə Azərbaycan Respublikasının Daxili X1rdaşı Əli Abbasovun adından şikayət göndərərək ona böhtan atmışdır. Guya hamını şantaj edir, müharibə veteranı olmasına baxmayaraq sərbəst yaşamasına imkan vermir, əsassız aliment tələbləri edir və s. Azərbaycan Respublikası DİN-in tabeliyində olan Daxili Qoşunlarda kontraktla MAXE vəzifəsində işləyən X15 Qoşunların Komandanlığından işdən çıxarılmasını təşkil etmişdir. Böhtan xarakterli elektron şikayət xx.xx.2024-cü ildə DİN-dən qeydiyyatdan keçirilərək, dərkənarla araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Ayrıca qeyd edir ki, işgüzar nüfuzuna zərbə vurmaq və böhtan atmaq məqsədi ilə göndərilmiş müraciət Xasay Abbasovun şəxsi kabnetindən (emeylindən) göndərilmişdir. Onun əsassız şikayətinə görə bir neçə saat izahat yazmalı, qoyulmuş suallara cavab verməli, şikayətlə bağlı xeyli vaxt itirməli olmuşdur. Barəsində olan şikayətin surətinin təqdim edilməsini xahiş etsə də, bunun mümkün olmadığını bildirdilər. Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsində rəsmi və şifahi qaydada bildirmişdir ki, verilmiş şikayət böhtan xarakterlidir. X.Abbasovun şikayəti DİN-nə daxil olduqdan sonra üzərinə dərkənar qoyularaq araşdırılması məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsinə göndərilmiş, İdarə rəisi Şöbə rəisinə, o isə, araşdırılması üçün tabeliyində olan müstəntiqin icraatına vermişdir. Yəni böhtan xarakterli şikayəti xeyli şəxs oxumuşdur. Ə.Abbasov barəsində dəfələrlə böhtan və təhqirlər yazıb qızı Fəxrəndə Teymurovanın mobil telefonuna göndərmişdir. Sonuncu dəfə barəsində böhtan yazdığına görə böyük narahatçılıq və həyacan keçirmiş, həyat yoldaşının təzyiqi qalxmışdır. Polisə çağırılan gün həyat yoldaşına görə yaşadığı mənzilə həkim cağrılmış, həkim müdaxiləsindən sonra təziyiqi düşmüşdür. X.Abbasovun böhtan xarakterli şikayət ərizəsi özünə, ailəsinə iztirab və əzab vermişdir. Həmin tarixlərdə güclü mənəvi sarsıntı keçirdiyinə görə heç bir iş görə bilməmiş, işləri pozulmuşdur. Bir neçə dəfə X. Abbasovu daima metroların çıxışlarında dayanaraq onu müşahidə etdiyini, onun Mehman adlı dostunun xüsusi xidmət və polislə əməkdaşlıq etdiyini düşünüb narahat olmuşdur. Hesab edir ki, hər iki şəxsin qanunsuz hərəkətləri nəticəsində şərəfi, ləyaqəti və işgüzar nüfuzu ciddi ləkələnmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, xüsusi ittihamçı X5 üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.11-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini və müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və X10 özlərini qeyd edilən ittiham üzrə təqsirli bilməyərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdıraraq hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM- nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə “şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi)” göstərilməlidir. Lakin, X5 məhkəməyə təqdim etdiyi şikayət ərizəsində doğulduğu ili, məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət ərizəsində X5 barəsində şikayət verdiyi Əli Abbasovun elektron poçt vasitəsilə barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nə şikayət göndərdiyini göstərsə də, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə təsdiq edildiyi və həmin şəxslər barədə məlumatlar tərtib olunmuş şikayətə əlavə edilməmişdir. Halbuki, CPM-nin 293.3.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Həmçinin, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində xüsusi ittiham qaydasında şikayətin tərtib edildiyi yeri göstərməmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1 -293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 302, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri haqqında X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında verilmiş sikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar