Məhkəmə qərarları › İş №1(078)-1/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-1/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-1/2024 01.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Culfa rayon Qızılca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, azərbaycanlı, işsiz, ünvan 1 ünvanında yaşayan, Naxçıvan Şəhər Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 1(078)-35/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Prokurorluğu tərəfindən göndərilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 25 avqust 2023-cü ildə Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilir ondan ötrü ki o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, 2022-ci ilin iyun-iyul ayında istifadə etdiyi kredit_telefonlar_nax adlı İnstagram sosial şəbəkəsindəki səhifəsi vasitəsilə onlayn qaydada onunla əlaqə yaradan X4 İphone 13 pro max markalı mobil telefonu çatdıracağı vədi ilə aldadaraq ilkin ödəniş almaq adı ilə ondan onlayn yolla Naxçıvan şəhərindən onun istifadəsində olan 5213 6751 7401 8607 kart hesabına xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs X7 tərəfindən eyni gündə 1160 manat, 40 manat, ümumilikdə 1200 manat pul köçürtdürtməklə zərərçəkmiş şəxsin vahid niyyətlə ümumilikdə 1200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin noyabr ayında istifadə etdiyi kredit_telefonlar_nax adlı İnstagram sosial şəbəkəsindəki səhifəsi vasitəsilə onlayn qaydada onunla əlaqə yaradan X15 İphone 14 pro max markalı mobil mobil telefonu çatdıracağı vədi ilə aldadaraq ilkin ödəniş almaq adı ilə ondan onlayn yolla Naxçıvan şəhərində onun istifadəsində olan 4169 7387 8052 1823 kart hesabına xx.xx.2022-ci il tarixdə 505 manat, xx.xx.2022-ci il tarixdə isə 161 manat pul yüklədikdən sonra zərərçəkmiş şəxsin vahid niyyətlə ümumilikdə 666 manat pulu ələ keçirib təkrar dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs kredit_telefonlar_nax İnstagram sosial şəbəkəsinin öz səhifəsi olduğunu, həmin səhifənin admininin özü olduğunu, Leyla Əliyevanın 2022-ci ilin noyabr ayında özünə İnstagram vasitəsilə yazıb özündən iphone 14 pro max markalı telefon istədiyini, ona kredit şərtlərini bildirib iphone 14 pro max markalı telefonu 3100 manata satdığını yazdığını, ilkin 40 faiz ödənişini göndərdiyini, özünün də bir ay, bir ay yarım müddətində telefonu Bakı şəhərindən gətirdiyini, Naxçıvandan təhvil verəcəyini dediyini, həmin vaxt iphone 14 pro max markalı telefonun təzə çıxdığını, Bakı şəhərində də həmin telefondan olmadığını, öz niyyətinin ona telefon satmaq olmadığını, bu yolla onu aldadıb pulunu almaq istədiyini, Leylanın ona 3100 manat pulun 40 faizi 666 manat necə göndərməyini soruşduğunu, sonra Leylanın “hara göndərim” yazdığını, özünün də istifadə də olan 4169 7387 8052 1823 Kapital bank kartını ona göndərdiyini, Leylanın da iki dəfə olmaqla istifadəsində olan 4169 7387 8052 1823 kapital bank kartına 16 noyabr 2022-ci il tarixdə 505 manat, 17 noyabr 2022-ci il tarixdə 101 manat pul göndərdiyini, ümumilikdə Leyla Əliyevanın 666 manat pul göndərdiyini, həmin vaxt özünün də Bakı şəhərində olduğunu, Bakı şəhərində 666 manat pulu çəkib xərclədiyini, kredit_telefonlar_nax İnstagram səhifəsinin özünə məxsus olduğunu, 2015-ci ildən həmin səhifəni işlətdiyini, başqa heç kimi aldatmadığını, Leyla Əliyevanı aldadıb 666 manat pulunu aldığını, 4169 7387 8052 1823 kapital bank kartının anası X19 məxsus olduğunu, ancaq həmin kartdan özünün istifadə etdiyini, Leyla Əliyevanın telefon almaq üçün müraciət edəndə 666 manat pulu özünə onlayn yolla göndərdiyini, 666 manatın istifadə etdiyini 4169 7387 8052 1823 kapital bank kartına yüklədiyini, sonra da həmin pulu çəkib xərclədiyini, X5 əvvəlcədən tanısa da, şəxsi münasibətinin olmadığını, Culfa rayon Bənəniyar kənd sakini olduğunu, onun ilkin ödəniş adı ilə 1200 manat pulunu aldığını, X6 sosial şəbəkəsindən müştəri kimi tanıdığını, 2022-ci ilin iyun-iyul aylarında İnstagram sosial şəbəkəsindən kredit_telefonlar_nax adlı profil işlətdiyini, həmin səhifəninin admininin özü olduğunu, ona iphone 13 pro max markalı telefonu kreditlə satacağını və Bakıdan gətirəcəyini dediyini, ayrı-ayrılıqda 1160 manat və 40 manat olmaqla 5213 6751 7401 8607 kart hesabına yüklətdirdiyini, sabahısı gün telefonu yollatdıracağını deyib ona telefonu göndərmədiyini, pulu kart vasitəsilə aldığını, Məmmədbağırın ondan şikayət etdiyini, özünün də Məhəmmədbağırla telefonda danışdığını, onu dayısı Zaurla görüşdürdüyünü, ancaq həmin vaxt Məhəmmədbağırın 1200 manat pulunu qaytarmadığını, məhkəmə istintaqı ilə bağlı əvvəllər axtarışda olduğunu, tutulandan sonra həbs edildiyini, Bakı İstintaq Təcridxanasında həbsdə olduğunu, barəsində Bakı Şəhər Xətai Rayon məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrumetmə cəzasının verildiyini, lakin vəsatəti ilə bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfimdən xahişinin nəzərə alınaraq barəsində 1 il 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının verildiyini, qərarın icrasının Culfa Rayon İcra və Probasiya Şöbəsinə tapşırıldığını, əməlindən peşman olduğunu, iş üzrə zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanı tam şəkildə ödədiyini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurulmuş ziyanın 25 faizi həddində pulu dövlət büdcəsinə ödədiyini bildirərək onun barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 16 noyabr 2022-ci il tarixdə İnstagram sosial şəbəkəsində özünə məxsus leilalism adlı profili ilə səhifələrə baxdığını, birdən qarşısına kredit_telefonlar_nax səhifəsinin çıxdığını, həmin səhifənin marağını cəlb etdiyini, özünün də həmin səhifəyə daxil olub profilə baxdığını, səhifədə telefonların şəkillərinin paylaşıldığını gördüyünü, özünün də həmin səhifənin direktinə səs atıb iphone 14 pro max markalı telefon almaq istədiyini bildirdiyini, həmin səhifənin admininin “salam, şəxsiyyət vəsiqəsinin arxa və ön şəkli qeydiyyatda olduğunuzu ünvan, hal-hazırda yaşadığınız ünvan, 3 əlaqə nömrəsi, ilkin ödəniş 40%, qiyməti 256 GB-li 3100 azndir” yazdığını, özünün də səsli olaraq “iphone 14 pro max 128 GB telefonun qiymətini” soruşduğunu, özünün də həm oxuduğunu və işlədiyini dediyini, Naxçıvan şəhərində olduğunu dediyini, bir kartının olmadığını dediyini, kreditlə götürəndə ayda nə qədər verəcəyini soruşduğunu, adminin də “3100 azndir, ilkin ödəniş 40 faizdir, geri qalanı 36 aya faizsiz kreditə verilir, bir kartsız tək şəxsiyyət vəsiqəsi ilə” yazdığını, özünün də adminə ilkin neçə manatdır yazdığını, sonra “iphone 14 pro max 128 və 2** GB ***0 manatdır, ilkin ödənişi neçədir” səsli mesaj atdığını, adminin də “256 Gb 3500 manatdır, ilkin ödəniş 1400 manat, 36 aya hər ay 58 manat verməlisən” yazdığını, özünün də ilkin ödəniş kimi 200-300 manat verməyi təklif elədiyini, onun da əlaqə nömrəsi verdiyini, ***-***-**-** mobil nömrə ilə telefon əlaqəsi saxladığını, həmin adminin özü ilə danışanda adının Vüqar olduğunu dediyini, onun telefon nömrəsinin ***-***-**-** olduğunu, Vüqarın özünə nə qədər pul göndərirsən göndər, ancaq 500-600 manatdan yuxarı olsun yazdığını, onunla razılaşdığını, iphone 14 pro max markalı 256 GB-lıq telefonu götürəcəyini dediyini, beləcə whatsapp sosial şəbəkəsində yazışdıqlarını, özünə 4169 7387 8052 1823 nömrəli kart hesabını atdığını, özünün də həmin karta ilk əvvəl 505 manatı Naxçıvan şəhəri Kapital Bankın inzibati binasının yanındakı Kapital bank terminalından göndərdiyini, adminin “həmin məbləğ azdır” yazdığını, özünün də “əlavə nə qədər yollayım” yazdığını, Vüqarın da “150 manat vur” dediyini, özünün də ona 161 manat pul göndərdiyini, ümumilikdə həmin kart hesabına 666 manat pul göndərdiyini, ilkin ödənişi göndərəndən sonra 2022-ci ilin noyabr ayının 17-də Naxçıvan hava limanına telefonu göndərməyi ilə bağlı razılaşdıqlarını, telefon əlinə çatsın, qalan pulu da göndərəcəyini dediyini, 2022-ci ilin noyabr ayının 16-da 505 manat, 17-də isə 161 manat göndərdiyini, ancaq noyabr ayının 17-si axşam saat 21-ə qədər gözləsə də, telefon gəlib çıxmadığını, sonra zəng vuranda adminin telefonu açmadığını, təkrar zəng vurduğunu, telefonun məşğul getdiyini, Təqsirləndirilən şəxs tərəfindən aldadılıb 666 manatının ələ keçirlidiyini, özünün bloka atıldığını, İnstagram və whatsappda onunla əlaqə saxlamaq istəsə də, onu hər yerdə blokladığını, Vüqar tərəfindən aldadıldığına görə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək ərizə yazıb qəbzlərin surətini verdiyini, polis tərəfindən araşdırma aparılan zaman Vüqar kimi özünü tanıdan şəxsin əsl həqiqətdə xx.xx.2002-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs olduğunu, Culfa rayon Qızılca kəndində qeydiyyatda olduğunu, ancaq Bakı şəhərində yaşadığını, özü ilə bərabər bir neçə şəxsi də aldatdığını, Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_nax səhifəsinin admini kimi onu tanıdığını, iphone 14 pro max markalı 256 GB-lıq telefonu Toğrulla 3100 manata razılaşdığını, ilkin ödəniş olaraq 1400 manat verməli olduğunu, lakin Toğrula “666 manat göndərdim, qalanı isə telefon əlimə çatanda verəcəm” dediyini, həmin 666 manatın 505 manatını xx.xx.2022-ci il tarixdə saat 20:12-də K0500015 nömrəli terminalla 4169 7387 8052 1823 nömrəli kart hesabına göndərdiyini, qalan 161 manatı isə eyni terminalla xx.xx.2023-cü il tarixdə həmin hesaba göndərdiyini, onlayn qaydada özünün 666 manat pulunu kreditə telefon almaq adı ilə aldadıb alan, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, Təqsirləndirilən şəxs 666 manat puldan, ilk dəfə 2023-cü ilin iyun ayında 400 manat pulu kart vasitəsi ilə özünə göndərdiyini, ondan sonra o özü ilə əlaqə saxlayıb bütün pulu ödəyəcəyini özünə dediyini, bundan sonra Toğrulun 2-3 gün ara ilə 50 manat olmaqla qalan 266 manat pulu ödədiyini, sonuncu qalan 66 manatı da ona ödədiyini, Təqsirləndirilən şəxs özünə vurduğu ziyan olan 666 manat pulunu tam şəkildə ödədiyini, buna görə onu bağışladığını, onunla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 2022-ci ilin iyul ayında özünə məxsus mehemmedb851 adlı şəxsi profili ilə İnstagram sosial şəbəkəsində olarkən qarşısına kredit_telefonlar_nax səhifəsi çıxdığını, özünün də telefonlara baxmaq üçün həmin səhifəyə daxil olduğunu, səhifədəki telefonlara baxdığını, səhifədə iphone markalı telefonların paylaşıldığını, özünün də iphone 13 pro max markalı telefonla maraqlanmaq üçün həmin səhifənin direktinə yazıb telefonun qiymətinin neçə olduğunu soruşduğunu, həmin səhifənin admininin də “həmin iphone 13 pro max markalı telefon 2000 manatdır” yazdığını, səhifədə kreditə telefon verildiyi yazıldığından, telefonu necə kreditə alacağını yazdığını, adminin də “ilkin ödəniş nə qədər çox ödəsən, sənə xeyri olacaq” yazdığını, özünün də adminə “1200 manat ilkin ödəniş ödəyə bilərəm” yazdığını, adminin də “qalan 800 manatı isə 24 aya bölüb hər ay 33 manat ödəyərsən” yazdığını, özünün də sevinib ona inanaraq razılaşdığını, ondan “telefonu necə götürə bilərəm” soruşduğunu, adminin də “kart hesabıma 1200 manatı göndər, mən də sənə təyyarə ilə sabah telefonu göndərəcəm” dediyini, özünün də “necə göndərəssən” dediyini, onun da “işçim var, Bakıdan Naxçıvana təyyarə ilə gətirib ünvana çatdıracaq” dediyini, özünün də “kartın nömrəsini yaz, pulu göndərim” dediyini, həmin vaxtdan çox keçdiyi üçün tam xatırlamadığını, ancaq kartın son 4 rəqəminin yadında qaldığını, son 4 rəqəminin 8607 olduğunu, özünün də həmin karta Naxçıvan şəhərində terminalların birindən 1160 manat və ardınca da 40 manat pul göndərdiyini, həmin vaxt Azərbaycan manatlarından bəzi əskinazlar təzə olduğundan, terminalın həmin əskinazları qəbul etmədiyini, özünün də köhnə əskinazlardan olan 1160 manatı bir ödədiyini, qalan 40 manat olan əskinazları dəyişib ödədiyini, ümumilikdə 1200 manatı ödədikdən sonra adminin də “pul kartıma yüklənib sabah saat 12:00-da telefon səndə olacaq, heç narahat olma, özününkü kimi bil” dediyini, özünün də bir gün gözlədiyini, saat 12:00 olduğunu, ancaq admindən xəbər çıxmadığını, onun verdiyi mobil nömrəyə zəng vurduğunu, ancaq telefon nömrəsini tam xatırlamadığını, adminin telefonu açmadığını, sonra İnstagram sosial şəbəkəsində ona yazdığını, onun da yazdığı mesajları oxusa da, özünü bloka atdığını, ondan sonra onunla əlaqə saxlaya bilmədiyini, bununla bağlı ora bura müraicət edib, həmin şəxs kim olmasını maraqlandığını, həmin səhifəni Culfa rayon Qızılca kənd sakini Təqsirləndirilən şəxs işlətdiyini eşitdiyini, 1200 manat pulunu onun ələ keçirdiyini, çünki özü ilə birgə həmin vaxt Toğrulun bir neçə şəxsi də aldatdığını, özü Culfalı olduğundan, Toğrul barəsində məlumat ala bildiyini, Təqsirləndirilən şəxs ilkin ödəniş adı ilə onu aldadıb 1200 manat pulunu ələ keçirdiyini, 1200 manat maddi ziyanın Toğrul tərəfindən ona ödənildiyini, buna görə onu bağışladığını, onunla barışdığını, ondan şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində Təqsirləndirilən şəxs onun bacısının oğlu olduğunu, zərərçəkmiş şəxs X5 əvvəlcədən tanıdığını, onunla bir dəfə Toğrulla arasında olan pul söhbətinə görə görüşdüyünü, 2022-ci ilin sentyabr ayında Toğrul Bakı şəhərində olanda zəng vurub “dayı, bir oğlan var, adı Məhəmmədbağırdır, onunla aramda pul söhbəti var, onunla danış yavaş-yavaş ödəyim” dediyini, sonra Toğrulun Məhəmmədbağırın telefon nömrəsini verdiyini, ona zəng vurduğunu, Məhəmədbağıra “Toğrul sizin nömrəni verib” dediyini, Məhəmmədbağırın da “Toğrul mənə telefon alıb göndərəcəkdi, ancaq mənə pulu göndərməyib, 1200 manat borcu var” dediyini, Məhəmmədbağıra “Toğrul deyir, gəlsin razılşasın, hər ay 150 manat olmaqla pulu ödəyim” dediyini, Məhəmmədbağırla SV adlanan yerdə görüşdüyünü, Məhəmmədbağırın da “ancaq notariat qaydasında razı olaram başqa cür razı deyiləm” dediyini, ondan sonra Məhəmmədbağırla danışmadığını, Toğrula da “notariat qaydasında pulun qaytarılmasını istəyir” dediyini, Toğrulun da “razı deyiləm” dediyini bildirdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs X7 27 fevral 2024-cü il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edərək məhkəmə iclaslarında işi ilə əlaqədar iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs X21 08 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona vurulan zərər ödənildiyindən ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağınının nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş X21 09 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizədə məhkəmə proseslərində işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 14 yanvar 2023-cü il tarixli cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallara əsasən, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılması və ibtidai araşdırma aparılması üçün icraata götürülməsi qərara alınmışdır. (cild İ, iş vərəq 1) İş materiallarında olan 04 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, X8 Şəhər Polis İdarəsinə müraciət edərək 16 noyabr 2022-ci il tarixində instagram sosial şəbəkəsində bir nəfər şəxsin telefon satdığını görüb həmin şəxsə apple 14 pro max almaq istədiyini yazdığını, həmin şəxs ondan 2000 manat ilkin ödəniş istədiyini, lakin ona 660 ödəyə biləcəyini dediyini, həmin şəxs onunla razılaşıb 16 rəqəmli kart hesabı göndərib ondan həmin məblğdə pulu onun verdiyi kart hesabına göndərdikdən sonra telefonu ona göndərəcəyini dediyini, ona 505 manat və 161 manat olmaqla ümumilikdə 666 manat göndərdikdən sonra onun nömrəsini, whatsappını, instagramını bloka ataraq ona cavab vermədiyini, onun da aldandığını bildiyini qeyd edərək həmin şəxsi müəyyən edərək onun pulunun qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 4) İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 5(078)-04/2023 nömrəli, 23 yanvar 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməlini törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə 4169 7387 8052 1823 hesab nömrəli Kapital Bank kartının sahibinin anket məlumatlarının "xxxx" ASC-dən götürülməsi, qərarın icrasının 4169 7387 8052 1823 hesab nömrəli Kapital Bank kartının sahibinin anket məlumatlarının götürülməsinə dair hissədə “Kapital Bank" ASC-ə və "xxxx" ASC-nin Naxçıvan filialına həvalə edilməsi, ********* nömrəli cinayət işi üzrə cinayət əməlini törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə Bakcell mobil operatoruna aid ***-***-**-** mobil nömrənin sahibinin anket məlumatlarının Bakcell MMC-dən götürülməsi və qərarın icrasının ***-***-**-** mobil nömrənin sahibinin anket məlumatlarının götürülməsinə dair hissədə Bakcell MMC-nə həvalə edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 30-32) İş materiallarında olan "xxxx" ASC-nin Naxçıvan filialının 17 mart 2023-cü il tarixli, 190 nömrəli məktubunda qeyd olunmuşdur ki, 4169 7387 8052 1823 hesab nömrəsi Naxçıvan MR, Culfa rayon, Qızılca kəndində qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X19 məxsusdur. (cild İ, iş vərəq 42) İş materiallarında olan 12 iyun 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. (cild İ, iş vərəq 62- 64) İş materiallarında olan 12 iyun 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Bakı Şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərdən birinin dövlət hesabına müdafiəçi qismində dəvət edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 68) İş materiallarında olan 12 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsə qismində cəlb etmək haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 73-74) İş materiallarında olan 12 iyun 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X12 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilmişdir. (cild İ, iş vərəq 83-84) İş materiallarında olan 12 iyun 2023-cü il tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə öhdəlik götürməsinə dair iltizam vermişdir. (cild İ, iş vərəq 86) İş materiallarında olan 12 iyun 2023-cü il tarixli CD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X14 təqdim etdiyi telefon məlumatlarının yükləndiyi CD hp markalı kompyuterə qoşulmuş, video-görüntülər açılmış və baxış zamanı müəyyən edilmişdir ki, İnstagram sosial şəbəkəsində kredit_telefonlar_nax İnstargram sosial şəbəkəsi səhifəsində yazışmaların olduğu, həmin yazışmaların səs yazılarının olduğu, həmin yazışmaların iphone 14 pro max alqı-satqısı ilə bağlı onlayın yazışmaların olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs CD-də olan video-görüntüləri izlədikdən sonra video görüntülərdəki kişi səsinin özünə məxsus olduğunu, özünün istifadə etdiyini kredit_telefonlar_nax İnstagram səhifəsi ilə telefon satmaq adı altında X21 ilə yazışmalarının olduğunu, iphone 14 pro max markalı telefonu ona satmaq üçün ilkin 666 manat ödənişi ondan aldığını, Leylanın həmin kart hesabına 666 manatı yüklədiyini bildirmişdir. (cild İ, iş vərəq 87) İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 25 iyun 2023-cü il tarixli 3-13-43/2-5505/2023 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə barəsində 1 il, 11 ay, 28 gün müddətində azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi göstərilmişdir. (cild İ, iş vərəq 89-90) İş materiallarında olan 17 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. (cild İ, iş vərəq 102-103) İş materiallarında olan 17 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 107-108) İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 3-13-43-6/2-10146/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, keçirilmiş axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə 930319 nömrəli axtarış işi üzrə axtarışda olan xx.xx.2002-ci ildə Culfa rayonu, Qızılca kəndində anadan olmuş, Culfa rayonu, Qızılca kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Azərbaycan Respublikası Sumqayıt şəhər ərazisində saxlanılaraq Naxçıvan Muxtar Respublikasına gətrilmişdir. (cild İ, iş vərəq 120) İş materiallarında olan 15 avqust 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. (cild İ, iş vərəq 122-123) İş materiallarında olan 15 avqust 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Naxçıvan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərdən birinin dövlət hesabına müdafiəçi qismində dəvət edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 128-129) İş materiallarında olan 15 avqust 2023-cü il tarixli axtarışda olan təqsirləndirilən şəxsin tutulması barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması qərara alınmışdır. (cild İ, iş vərəq 135-136) İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-21/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) ii müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. (cild İ, iş vərəq 149-156) İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 758/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünun cəza təyin edilməsi hissəsində dəyişdirilməsi və həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 157-163) İş materiallarında olan 16 avqust 2023-cü il tarixli ərizədən görünür ki, X1 Şəhər Polis İdarəsinə müraciət edərək 2022-ci ilin iyun ayında instagram sosial şəbəkəsində kredit_telefonlar_nax səhifəsinin qarşısına çıxdığını, o da həmin səhifədə iPhone telefonlarının satışı ilə bağlı elan paylaşıldığını, iPhone pro max telefonunu almaq üçün səhifənin admininə yazdığını, onun da “telefonun qiyməti 2000-di sən ilkin ödəniş nə qədər etsən sənin xeyrinədi” dediyini, o da ilkin ödəniş 1200 manat ödəyəcəyini bildirdiyini, onun atdığı son rəqəmi 8607 olan kart hesabına köçürdüyünü, onun da “pulu götürmüşəm sabah telefonu göndərəcəm” dediyini, səhəri günü nəə sosial şəbəkə, nə də telefonla əlaqə saxlaya bilmədiyini, həmin məslədən sonra ona dələduzluq edib 1200 manat pulunu ələ keçirən Culfa rayon, Qızılca kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görərək cəzalandırılmasının təmin edilməsini xahiş etmişdir. (cild İ, iş vərəq 186) İş materiallarında olan 16 avqust 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* cinayət işi üzrə X3 zərər çəkmiş şəxs qismində tanınması, ona hüquq və vəzifələrinin izah edilməsi qərara alınmışdır. (cild İ, iş vərəq 188- 189) İş materiallarında olan 16 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (cild İ, iş vərəq 205-206) İş materiallarında olan 17 avqust 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.2002-ci ildə Culfa rayon Qızılca kəndində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, müvəqqəti işsiz, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunaraq məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 215-216) İş materiallarında olan 17 avqust 2023-cü il tarixli pulun təhvil verilməsi barədə aktdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs onlayn yolla kreditə telefon satmaq adı ilə aldadıb iş üzrə zərərçəkmiş şəxs X2 dələduzluq yolu ilə ələ keçirdiyi 1200 manat puldan 200 manat pulu Naxçıvan Şəhər Polis İdarəsində xidməti otağında X4 vermişdir. (cild İ, iş vərəq 229) İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Culfa rayon İcra Hakimiyyəti Kırna kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli, 25 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Culfa rayon, Qızılca kəndində yaşayır. (cild İ, iş vərəq 220) İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Culfa rayon İcra Hakimiyyəti Kırna kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 21 avqust 2023-cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X20, anası X23, qardaşı X16, bacısı X13r. (cild İ, iş vərəq 221) İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR Culfa rayon İcra Hakimiyyəti Kırna kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Qızılca kəndində özünü bacarıqlı, işgüzar, vətənini, xalqını, torpağını sevən bir övlad kimi tanıtmışdır. O kəndin ictimai işlərində yaxından iştirak etmiş, hər kəsin hörmətini qazanmışdır. Vətəndaş Təqsirləndirilən şəxs yaşlılar və gənclər arasında da hörmət qazanmış, öz yaşıdları arasında fərqlənməyə çalışmışdır. Ailədə ata, ana, bacı, qardaşına hörmət edir, onlara arxa-dayaq olmağa çalışır. Yaşadığı müddət ərzində heç bir cinayət işi görməmişdir. (cild İ, iş vərəq 222) Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-35/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, xx xxxxxx 2002-ci ildə Culfa rayon, Qızılca kəndində anadan olmuş, subay, natamam orta təhsilli, Azərbayacan Respublikasının vətəndaşı, azərbaycanlı, işsiz, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunaraq məhkumluğu ödənilməmiş, ünvan 4 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və cinayət işi üzrə icraatın, Təqsirləndirilən şəxs tapılanadək dayandırılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 1(078)-01/2023 nömrəli, 09 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnməsi qərara alınmışdır. İş materiallarında olan 01 may 2024-cü il tarixli, 14907 nömrəli qəbzdən görünür ki, "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə Təqsirləndirilən şəxs tərəfindən Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına 480 (dörd yüz səksən) manat pul vəsaiti ödənilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, zərərçəkmiş şəxslərin ərizələrini nəzərə alaraq, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi olmadığından və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X21 və X7 ilə barışdığına dair məhkəməyə təqdim edilmiş ərizələri, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hesabatı nəzərdən keçirərək belə əticəyə gəlir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən müdafiəçiyə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığına, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 330 (üç yüz otuz) manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar