Məhkəmə qərarları › İş №1(078)-10/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-10/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-10/2025 03.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etmiş və istifadə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan qurudulmuş marixuana narkotik vasitəsi əldə etmək məqsədilə tanışı Şahid4 ilə əlaqə saxlamış, Şahid4 əvvəlcədən yerini bildiyi qurudulmuş marixuana narkotik vasitəsinin yerini ona demiş, Təqsirləndirilən şəxs Naxçıvan şəhəri Xətai məhəlləsi Su İdarəsinin arxasında yerləşən əraziyə gedib orada olan istifadə edilməyən köhnə traktorun dəmir qoşqusunda gizlədilmiş qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmiş, 01 oktyabr 2024-cü il tarixdə saat 12:35 dəqiqədə gizlətdiyi qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmək məqsədilə Naxçıvan şəhəri Xətai məhəlləsi Su İdarəsinin arxasında yerləşən əraziyə piyada gedərkən Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış və həmin ərazidə istifadə edilməyən köhnə traktorun dəmir qoşqusunda gizlətdiyi bir bağlamada təmiz çəkisi 6,020 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən sözügedən cinayət əməlinin törədilməsi ilk olaraq öz ifadəsi ilə etiraf edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Yalnız marixuana narkotik vasitəsindən istifadə etmişdir, digər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Şahid4 ilə sinif yoldaşı olmuşdur, birlikdə Xətai məhəlləsində yerləşən tam orta məktəbi bitirmişdirlər. Habil ilə birlikdə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləmişlər, Habil mühafizəçi işləmişdir, özü də elektrikçi işləmişdir. 29 sentyabr 2024-cü il tarixdə istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə Habilin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, Habil də telefonu açmış, onundan laminat kəsmək üçün lobzik istəmiş, danışan zaman Habil öskürmüş, özü də Habilin nəsə çəkdiyini hiss etmiş, Habilə “nəsə var” demiş, Habilə elə deyəndə “nəşəni, yəni qurudulmuş marixuananı” nəzərdə tutmuşdur. Habil də “Naxçıvan şəhəri Xətai məhəlləsində Su İdarəsinin arxasında dəmir qoşqunun içərisində qurudulmuş marixuana var, mən də çəkmişəm, istəsən götürüb istifadə edərsən” demiş, özü də həmin əraziyə getmiş, orada istifadə edilməyən, köhnə traktor qoşqusunu görən kimi tanımış, Habil dediyi dəmir qoşqu olduğunu bilmişdir. Özü də qoşquya qalxmış, orada, Habilin dediyini yerdə, yaşıl rəngli qurudulmuş maruxuana olduğunu görmüş, özü də bir qədər götürüb adi siqaretin içərisində olan tütünü boşaldıb, onun yerinə qurudulmuş marixuananı doldurmuş, həmin içərisində qurudulmuş maruxuana olan siqareti yandıraraq tüstüsünü qəbul etmişdir. Marixuananı çəkəndə başı gicəllənmiş, rahatlamış, bir saat təsirində qalmış, təsiri gedəndən sonra ayılmış, istifadə etdikdən sonra qoşqunun içərisində həmin yerdə qurudulmuş marixuana narkotik vasitəsi qalmış, Habilə də bu barədə heç nə deməmişdir. Habil özü qurudulmuş marixuana narkotik vasitəsinin yerini ona demişdir, özü də bir dəfəlik həmin qurudulmuş marixuanadan istifadə etmişdir. Lakin həmin narkotik vasitəni gedib götürdüyünü Habilə deməmişdir. 01 oktyabr 2024-cü il tarixdə təkrar istifadə etmək üçün Naxçıvan şəhəri Xətai məhəlləsi Su İdarəsinin arxasına getmiş, Su İdarəsinin arxasında olan ərazidə qoşquya yaxınlaşıb gizlətdiyi yerdən qurudulmuş marixuananı götürüb istifadə etmək istəyərkən özünə iki nəfər mülki formada polis əməkdaşı yaxınlaşmış, özlərini təqdim edib sorğu-sual etmişlər, üzərini yoxlamışlar, üzərindən heç nə aşkar olunmamış, polis əməkdaşları özündən harada narkotik vasitə olduğunu, saxladığını və gizlətdiyini soruşmuş, özü də “dəmir qoşqunun içərisində marixuana narkotik vasitəsi var” demiş, onların video çəkilişi ilə həmin marixuana narkotik vasitəsini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin qurudulmuş marixuana narkotik vasitəsini elektron tərəzidə çəkmiş, çəkisi 6.66 qram olmuşdur. Şahid4 həmin qurudulmuş marixuananı satmamışdır. Sadəcə istifadə etməyi üçün ona yerini demişdir. Özü də istifadə edəndən sonra həmin yerdə gizlətmiş, qurudulmuş marixuauna gizlətdiyi yerdə qalmışdır. Şahid4 “işlədiyi yerin arxasında gəzən zaman qoşqunun içərisində tapdığını” demişdir. Əlavə kağıza bükülmüş narkotik vasitələrdən xəbərinin olmadığını, Şahid4 ona təklif etmədiyini, Şahid4 sadəcə ona yerini dediyini, bu əməlinə görə iş yerini itirdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi həmçinin şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə 1997-ci ildə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs sinif yoldaşı olmuşdur, birlikdə Xətai məhəlləsində yerləşən tam orta məktəbi bitirmişdirlər. Hafiz və özü Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən işləmişlər, özü mühafizəçi işləmiş, Habil də elektrikçi işləmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Naxçıvan Şəhər İdarəsində işləmişdir. Özü də məzuniyyətdə olmuşdur, məzuniyyətdən qayıdıb ərazini Hafizlə bizlikdə gəzəndə Su İdarəsinin arxasında olan ərazidə dəmir qoşquya baxanda qurudulmuş marixuana narkotik vasitəsi olduğunu görmüşlər. 29 sentyabr 2024-cü il tarixdə Hafiz istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, telefonda danışan zaman laminat kəsmək üçün lobzik istəmişdir. Onların telefonda marixuana söhbətləri olmayıb. Hafizin həmin yerdən narkotik vasitə götürdüyü bilməmişdir. 01 oktyabr 2024-cü il tarixdə Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən evin yanında məhlədə küçədə olan zaman iki nəfər mülki formada polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etmişlər, özü ilə sorğu-sual etmişlər, üzərini yoxlamışlar, üzərindən heç nə aşkar olunmadır. Polis əmədaşları harada narkotik vasitə olduğunu soruşmuş, o əmin idi ki, evində heç bir narkotik vasitə olmamışdır. Lakin evin zirzəmisinin üstündə dam örtüyündə qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilmişdir. Bu gün də düşünür necə orada narkotik vasitə aşkar edilib bilmir. Təhqiqatçı tərəfindən video çəkilişlə əməliyyat xidməti tərəfindən çəkilən video görüntülərə baxılmış, həmin möhürlənmiş zərf açılmış, həmin zərfdə olan qurudulmuş marixuana narkotik vasitəsi elektron tərəzidə çəkilmiş, çəkisi 7.21 qram gəlmiş, təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana narkotik vasitəsi kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Qurudulmuş marixuana narkotik vasitəsini özü həmin yerdə Hafizlə birlikdə görmüşdür. Hafizə marixuana narkotik vasitəsinin yerini deməmişdir. Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı satmamışdır. Hafizin istifadə edib-etmədiyini bilməmişdir, görməmişdir, birlikdə də istifadə etməmişdirlər. Marixuana narkotik vasitəsindən çəkməmişdir. Onun adını Hafiz vermişdir. Polis Şöbəsində yazılan ifadə düzgün deyil, o bu gün düzgün ifadə verir. Məhləmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Etimad doğuran, məlum və qərərsiz mənbədən daxil olmuş əməliyyat məlumatı nəticəsində rəisə məruzə etmiş, onun tapşırığına əsasən X2 əməliyyat müvəkkili, baş leytenant Şahid2la birlikdə əməliyyat tədbiri qurmuşlar, tədbirə uyğun olaraq 2024-cü ilin oktyabr ayının 1-də əməliyyat tədbirini həyat keçirmişlər, həmin günü saat 12:30 radələrində Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən Su idarəsinin yaxınlığına getmişlər, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda olan şübhəli olan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kənarda durduğunu görüb ona yaxınlaşmışlar, həmin vaxt Naxçıvan ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 öz şəxsi mobil telefonu ilə video çəkilişi başlatmışdır. Video çəkiliş davam edən zaman Təqsirləndirilən şəxs yaxınlaşıb hüquq və vəzifələri, tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olması, narkotik vasitələrin olub-olmaması sorğu-sual edilmiş, Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan olunmuş əşya və narkotik vasitənin olmadığı bildirmişdir. Üzərinə baxılmış, lakin üzərində heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs harada narkotik vasitə olduğunu, saxladığını və gizlətdiyini soruşmuşlar, Təqsirləndirilən şəxs da dəmir qoşqunun içərisində qurudulmuş mairuxana narkotik vasitəsi olduğunu demiş, Təqsirləndirilən şəxs video çəkilişi ilə həmin marixuana narkotik vasitəsini təqdim etmiş, birlikdə həmin qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürləmişlər. Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişlər. Dövlət hesabına müdafiəçi dəvət olunmuş, təhqiqatçı tərəfindən video çəkilişlə tərəflərindən çəkilən video görüntülərə baxılmış, həmin möhürlənmiş zərf açılmış, həmin zərfdə olan qurudulmuş marixuana narkotik vasitəsi elektron tərəzidə çəkilmiş, çəkisi 6.66 qram gəlmiş, təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana narkotik vasitəsi kağız zərfdə qablaşdırılıb möhürlənmiş, Təqsirləndirilən şəxs baxış zamanı sinif yoldaşı Habilin pay verdiyi, qurudulmuş marixuananı istifadə etdiyini və təkrar istifadə etmək üçün dəmir qoşquda gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır, onunla arasında heç bir ədavət, düşmənçilik və qohumçuluq münasibəti olmamışdır. Habil də Naxçıvan şəhəri Xətai məhəlləsində yaşayır, Hafizin sinif yoldaşı olmuşdur. Əməliyyat tədbiləri keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Naxçıvan Şəhər Polis İdarəsində Narkotiklə Mübarizə Qrrupunda əməliyyat müvəkkili vəzifəsində işləyir. Rəisin tapşırığına əsasən Cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyat tədbiri həyata keçirmişdir. Oktyabr ayının 1-də əməliyyat tədbiri keçirilmiş və Naxçıvan şəhəri Xətai məhəlləsində Su İdarəsinin yaxınlığına getmişlər. Narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs kənarda olduğunu görüb, ona yaxınlaşmışlar. Həmin vaxt 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 şəxsi mobil telefonu ilə video çəkiliş aparmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmiş, üzərində qadağan olunmuş narkotik vasitəsinin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını bildirdi. Təqsirləndirilən şəxs harada narkotik vasitə gizlətdiyini soruşmuşlar və o da qoşqunun içərisində qurudulmuş marixuana narkotik vasitəsi olduğunu bildirmiş və təqdim etmişdir. Həmin narkotik vasitə götürülmüş, qablaşdırılmış və möhürlənmişdir. Elektron tərəzidə çəkilərək qramı 6.66 qram olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini soruşmuş, o da sinif yoldaşı Habilin ona pay verdiyini bildirmişdir. Məhkəmə istintaq zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, rəisin tapşırığına əsasən CAŞ-nin əməliyyat müvəkkili leytenant Şahid1lə Ceyhun İsgədərov birlikdə əməliyyat tədbiri qurmuşlar, onu da çəkiliş etməsi üçün köməyə çağırmışlar. Tədbirə uyğun olaraq 2024-cü ilin oktyabr ayının 1-də əməliyyat tədbirini həyat keçirmişlər, həmin günü saat 12:30 radələrində Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən Su idarəsinin yaxınlığına getmişlər, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən, narkotik vasitələrdən istifadə etməkdə və saxlamaqda olan şübhəli olan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kənarda durduğunu görüb ona yaxınlaşmışlar, həmin vaxt öz şəxsi mobil telefonu ilə video çəkilişi başlatmışdır. Video çəkiliş davam edən zaman Təqsirləndirilən şəxs yaxınlaşıb hüquq və vəzifələri, tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşyanın olması, narkotik vasitələrin olub-olmaması sorğu-sual edilmiş, Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan olunmuş əşya və narkotik vasitənin olmadığı bildirmişdir. Üzərinə baxılmış, lakin üzərində heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs harada narkotik vasitə olduğunu, saxladığını və gizlətdiyini soruşmuşlar, Təqsirləndirilən şəxs da dəmir qoşqunun içərisində qurudulmuş mairuxana narkotik vasitəsi olduğunu demiş, Təqsirləndirilən şəxs video çəkilişi ilə həmin marixuana narkotik vasitəsini təqdim etmiş, birlikdə həmin qurudulmuş marixuana narkotik vasitəsini götürüb bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırıb möhürləmişlər. Təqsirləndirilən şəxs Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etmişlər. Dövlət hesabına müdafiəçi dəvət olunmuş, təhqiqatçı tərəfindən video çəkilişlə tərəflərindən çəkilən video görüntülərə baxılmış, həmin möhürlənmiş zərf açılmış, həmin zərfdə olan qurudulmuş marixuana narkotik vasitəsi elektron tərəzidə çəkilmiş, çəkisi 6.66 qram gəlmiş, təhqiqatçı tərəfindən həmin qurudulmuş marixuana narkotik vasitəsi kağız zərfdə qablaşdırılıb möhürlənmiş, Təqsirləndirilən şəxs baxış zamanı sinif yoldaşı Habilin pay verdiyi, qurudulmuş marixuananı istifadə etdiyini və təkrar istifadə etmək üçün dəmir qoşquda gizlətdiyini bildirmişdir. Həmçinin aşağıdakı istintaq hərəkətləri məhkəmə iclasında təqsirləndirilən şəxslərin təqsirini müəyyən edən sübut kimi qiymətlərindirilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və qoşquya baxış keçirilməsi protokoldan görünür ki, Təqsirləndirilən şəxs sinif yoldaşı Şahid4 ona pay verib yerini göstərdiyi və köhnə qoşquda gizlətdiyi qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmiş və saxlamışdır. Əməliyyat tədbiri zamanı video çəkiliş aparılmış və video çəkiliş ilə Təqsirləndirilən şəxs istifadə etmək üçün gizlətdiyi qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunaraq götürülüb qablaşdırılaraq möhürlənmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan olunmuş və barəsində «polisin nəzarəti altına vermə» qismində qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə tərtib olunmuş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, əməliyyat tədbiri zamanı video çəkilişlə aşkar olunan qurudulmuş marixuana narkotik vasitəsi həqiqətəndə kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə həmin zərf açılmış, zərfdə olan qurudulmuş marixuana narkotik vasitəsi elektron tərəzidə çəkilmiş və çəkisi 6.66 qram gəlmişdir. Həmçinin əməliyyat tədbiri zamanı qeydə alınan video görünütü birlikdə izlənilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin məhkəmə ekspertiza mərkəzindən alınmış 02 oktyabr 2024-cü il tarixli 1178 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar olunmuş kütlənin təmiz çəkisi 6,020 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi olduğu göstərilmiş, həmçinin Şahid4 təqdim etdiyi təmiz çəkisi 6,141 qram olan qurudulmuş marixuana ilə vizual görünüşü, xırdalanma dərəcəsi və NTX analizi zamanı hər iki marixuana nümunələrində Silufol təbəqədə alınan ləkələrin tündlüyünə və THC RF göstəricilərinə əsasən eynilik təşkil etmişdir. İş üzrə Təqsirləndirilən şəxs gizlətdiyi yerdən aşkar olunmuş təmiz çəkisi 6,020 qram olan qurudulmuş marixuana narkotik vasitəsindən tədqiqatdan sonra qalıq qalan çəkisi 5,970 qram qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR DİN-nin ƏSİŞ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs оğlu 25 fevral 1994-cü ildə Naxçıvan Qarnizonu Hərbi Tirbunalı tərəfindən Azərbaycan SSR CM-nin 241 V maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilir və götürülmüş sayılır. Təqsirləndirilən şəxs cəzanı çəkib qutardıqdan sonra 2 ildən artıq müddət keçdiyindən, onun məhkumluğu ödənilmiş və götürülmüş hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxslər tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qurudulmuş marixuana narkotik vasitəsi əldə etmək məqsədilə tanışı Şahid4 ilə əlaqə saxlamış, Şahid4 əvvəlcədən yerini bildiyi qurudulmuş marixuana narkotik vasitəsinin yerini ona demiş, Təqsirləndirilən şəxs Naxçıvan şəhəri Xətai məhəlləsi Su İdarəsinin arxasında yerləşən əraziyə gedib orada olan istifadə edilməyən köhnə traktorun dəmir qoşqusunda gizlədilmiş qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmiş, 01 oktyabr 2024-cü il tarixdə saat 12:35 dəqiqədə gizlətdiyi qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmək məqsədilə Naxçıvan şəhəri Xətai məhəlləsi Su İdarəsinin arxasında yerləşən əraziyə piyada gedərkən Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış və həmin ərazidə istifadə edilməyən köhnə traktorun dəmir qoşqusunda gizlətdiyi bir bağlamada təmiz çəkisi 6,020 qram olan yaşımtıl rəngli spesifik iyli xırdalanmış və kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək prosessual qaydada götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası CМ-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma -bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməli, Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 11, ev 24 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir.” Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası CPM-in 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd zərfdəki təmiz çəkisi 6,020 qram olan qurudulmuş marixuana narkotik vasitəsindən tədqiqatdan sonra qalıq qalan çəkisi 5,970 qram qurudulmuş marixuana maddəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, məhv etmə komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 91.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə qeyd edir ki, müvafiq rəyə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmasa da, o, X4 Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X1 alınmış xx.xx.2024-cü il tarixli 452 saylı məhkəmə narkoloji ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs epizodik kannobinoid narkomaniyası aşkar olunmuşdur, məcburi müalicəyə ehtiyacı yoxdur, dispanserdə qeydiyyata alınması məsləhət olmuşdur. İstintaq zamanı Y.Budaqov adına Naxçıvan MR X1 alınmış xx.xx.2024-cü il tarixli 453 saylı məhkəmə ambulator psixiatrik ekspertiza rəyindən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir, onun hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 11, ev 24 ünvanı üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs X4 Narkoloji Dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və hazırda Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan təmiz çəkisi 6,020 qram olan qurudulmuş marixuana narkotik vasitəsindən tədqiqatdan sonra qalıq qalan çəkisi 5,970 qram qurudulmuş marixuana maddəsi müsadirə olunsun və hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar