Məhkəmə qərarları › İş №1(078)-14/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-14/2023

14.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-14/2023 14.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 14:30 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları iştirakları ilə, 07 iyul 1983-cü ildə Ermənistan Respublikasının Yexeqnadozor rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş və götürülmüş, subay, bir uşaq atası, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla Babək rayonu, Hacıvar kəndində müvəqqəti yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitesiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin 600 manat pulunu talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın həyətinə hasardan keçməklə qanunsuz daxil olub evin ikinci mərtəbəsində yerləşən, sonuncuya məxsus "X10"nin pəncərənin şüşəsini sındırdıqda yaranmış səsə Zərərçəkmiş şəxs gəlməsi səbəbindən oraya daxil olmağa müvəffəq olmayıb bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə saat 1820-də şübhəli şəxs qismində tutulmuş, lakin Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün kifayət qədər sübutlar toplanılmadığından 28 fevral 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək buraxılmış və 07 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək mütəxəssisin və müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək dindirilmiş və barəsində yenidən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 05 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə hazırlıq iclasının təyin edilməsi barədə bildiriş Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan qeydiyyat ünvanı Kəngərli rayonu Qarabağlar kəndinə göndərilmiş, məhkəmə hazırlıq iclasında iştirak etməmişdir. Təqsirləndirilən şəxsin iştirakını təmin etmək məqsədilə məhkəmə hazırlıq iclası təxirə salınaraq 19 may 2023-cü il tarixə təyin edilmiş, lakin həmin vaxt məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs iştirak etməmişdir. Məhkəmənin 19 may 2023-cü il tarixli qərarı ilə xx.xx.1983-cü ildə Ermənistan Respublikası Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmayan, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin istintaq Təcridxanasına yerləşdirilməsinə qərar vermişdir. Sözügedən qərar 12 iyun 2023-cü il tarixdə icra olunması üçün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri Süleyman Neymətov məhkəmənin ünvanına xx.xx.2023-cü il tarixli məktub göndərmiş, sözügedən məktub xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Naxçıvan Şəhər Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs hazırda Naxçıvan MR DİN-nə bilavasitə tabe olan X7. Məhkəmənin 25 iyun 2023-cü il tarixli qərarı ilə iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatdadır. Lakin Babək rayonu Hacıvar kəndində müvəqqəti olaraq yaşayır. İş düşəndə günəmuzd fəhlə işləyir. Oğurluq etmək məqsədi ilə pəncərə şüşəsini sındırdığı labaratoriyanın sahibi Zərərçəkmiş şəxs tanımır. Birinci evliliyindən 13 yaşında bir qız övladı var. Boşandığına görə məhkəmə tərəfindən 100 manat aliment müəyyən olunmuşdur. 2009-cu ildən bu məbləği hər ay çətinliklə ödəyir, son 6 ay olar ki, işləmədiyinə görə ailmenti ödəyə bilmir. 2022-ci ilin dekabr ayında Kəngərli Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətində həbs edilmiş, həbsdən sonra məhkəmə tərəfindən ona alimenti ödəmədiyi halda ikinci dəfə barəsində cinayət işi başlayacaqları barədə xəbərdar edilmişdir. Nə qədər iş axtarsa da tapa bilməmişdir. Hadisənin baş verdiyi gün günorta vaxtı Cahan bazarında tırdan təxminən 150 yeşik xurmanı boşaldıb 15 manat pul almış, həmin günü pulu aldıqdan sonra elə orada kolbasa-çörək və 1 ədəd də 0.5 litirlik Şərur arağı alıb içmiş, qalan puluna da özünə iki cüt qalın corab və 1 ədəd balaca paket quru acılı cipsi almışdır. Həmin vaxt içkili olduğuna görə qızı Sevgi yadına düşmüşdür. Çünki təxminən iki il olar ki, qızını görmür. İçkili olduğuna görə gedib qızını görəcəyini düşünmüşdür. Həmin gün təqribən saat 20 radələrində qızını görmək üçün ayrıldığı həyat yoldaşının yaşadığı Babək rayonu Zeynəddin kəndinə getmiş, lakin keçmiş həyat yoldaşı Samirə Vəliyeva qızını ona göstərməyib, "alimenti tam olaraq ödəyəndə və arağı tərgidəndə gəlib qızını görərsən" demişdir. Həmin vaxtı piyada Babək rayonu Hacıvar kəndinə qədər gəlib yolda, "haradan pul oğurlaya bilərəm ki, 600 manat alimenti ödəyə bilim ki, qızımı görüm" deyə fikirləşmişdir. Hacıvar kəndinə çatdıqdan sonra yolda Naxçıvan şəhərinə gələn avtomobillərə əl eləyib saxladaraq avtomobillərdən biri ilə şəhərə gəlib Türk Məscidinin yanında avtomobildən düşmüş, gec olduğuna görə cibində qalan 4 manat pula da araq alıb içmək istədiyi üçün piyada İpək yolu yanacaq doldurma məntəqəsindəki mağazaya gedərkən yolda həmin labaratoriyanın qarşısına çıxmışdır. Labaratoriyada yəqin ki, pul olar deyə fikirləşib girib oradan 600 manat pul götürüb aliment borcunu ödəmək qərarına gəlmişdir. Labaratoriyanın döngəsinə girib 1-2 dəqiqə ətrafa göz gəzdirmiş, heç kimin olmadığını görüb, divardan aşıb həyətə düşmüşdür. Əlindəki içərisində corab və cipsi olan torbanı oraya qoyub ətrafa baxaraq pəncərə şüşəsini sındırmaq üçün nəisə axtararkən, birdən labaratoriyanın arxasındakı damın şiferinin altında olan kərpiçləri görmüş, orada olan 2 ədəd kərpici götürüb kərpiclərdən birini şüşəyə çırpmışdır. Pəncərənin şüşəsi qırılaraq kərpic içəri düşmüşdür. Pəncərənin şüşəsini tam sındırmaq üçün 2-ci kərpici də şüşəyə vurmaq istəyərkən labaratoriyanın qabağındakı həyətdə olan bir kişinin ona səslənərək "ay bala nə edirsən" dediyini eşitmiş, həmin vaxtı əlindəki digər kərpici oraya atıb divardan küçəyə tullanaraq oradan qaçıb uzaqlaşmışdır. Həmin gecə Hacıvar kəndinə gedib orada əvvəlcə qaldığı boş evdə qalmışdır. Həmin gecə Babək rayonu Sirab kəndində olan dəyirmanın sahibi Bayram adlı şəxs ona zəng vurub “dəyirmana işçi axtarıram gəl burda işlə, elə burada da qalarsan” dediyi üçün onunla razılaşıb səhərsi gün işləmək üçün Sirab kəndinə dəyirmana getmişdir. Bayram kişi ona “mən sənə iş verə bilmərəm polislər səni axtarırlar, deyirlər oğurluq etmisən” dediyi üçün oradan Naxçıvan şəhərinə qayıtmışdır. Polislərin onu tutacağını fikirləşərək özünə bir yer tapmaq istəmiş, tanışlarından Uşaq şəhərciyinin yanında tikinti işi olduğunu eşitmiş, ora gedib tikintini aparan Şahlar adlı şəxsdən iş istəyib ona qalmağa yerinin olmadığını dediyində Şahlar da ona “hələlik iş yoxdur amma burda otaqların birində qal, gündə də sənə 3-4 manat çörəkpulu verərəm” dediyində, məcbur qalıb onunla razılaşmışdır. Hadisədən 2-3 gün sonra axşamüstü iş istəmək üçün əvvəllər yanında işlədiyi Coşqunun yaşadığı evə getmiş, Coşqunu çağırdıqda onun həyat yoldaşı qapıya çıxıb onu görən kimi "yenə nə etmisən polislər gəlmişdilər səni axtarırırdılar" soruşduğunda ona “heç nə etməmişəm” deyə cavab vermişdir. Coşqun qapıya çıxıb ondan nə olduğunu soruşduqda, Coşquna "2-3 gün bundan qabaq gecə 57-ci məhəllədəki xəstəxananın şüşəsini qırmışam, ona görə polislər məni axtarır" demiş, həmin vaxtı Coşqunun arvadı içəri gedəndə, ona “gözlə polisə zəng vururam gəlsin səni aparsın” demiş və o bunu eşidib qaçaraq oradan uzaqlaşmışdır. Uşaq Şəhərciyinin yanındakı tikintiyə qayıdaraq orada qalmağa davam etmişdir. 26 fevral saat 17 radələrində mağazadan çörək alıb tikintiyə qayıdarkən yolda polis əməkdaşları onu saxlayaraq Polis İdarəsinə gətirmişlər. Törətdiyi əməli etiraf etmiş, 600 manat aliment borcunu ödəyə bilmədiyinə görə qızını ona göstərmədiklərinə, həm də məhkəmədə ona, alimenti ödəmədiyi halda ona cinayət işi başlayacaqlarını dediklərini, ona görə xəstəxanada pul olar deyə oradan 600 manat pul oğurlayıb aliment borcunu ödəsin deyə xəstəxananın şüşəsini sındırdığını etiraf etmişdir. Həmin xəstəxanaya girməkdə məqsədinin yalnız 600 manat pul götürüb aliment borcunu ödəmək olmuşdur. Oradan artıq məbləğdə pul və digər əşya götürmək məqsədi olmamışdır. Cinayət hadisəsini tək törətmişdir. Cinayət hadisəsini törətdiyini Babək rayon Sirab kəndində dəyirmanın sahibi Bayram bilmiş və bu haqda Coşquna demişdir. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşamaqla, Naxçıvan MR X2 həkim işləyir. Bundan əlavə özünə məxsus yaşadığı ünvan 4 ünvandakı evin İİ mərtəbəsində yerləşən "X10"ni işlədir. Mərkəzdə iş saatı 17:00-da qurtarır, buna baxmayaraq qış mövsümü ilə əlaqədar olaraq özü və ya uşaqları arada istilik sisteminə nəzarət etmək üçün mərkəzə baş çəkir. Mərkəzin girişinin ayrı olmasına baxmayaraq, yaşadığı evin 2-ci mərtəbəsində yerləşdiyindən əlavə mühafizə olunmur. Hadisənin baş verdiyi gün yəni xx.xx.2023-cü il tarixdə də təxminən saat 21 radələrində oğlu Elmar Rzayev mərkəzə baş çəkib evə qayıtdıqdan təxminən yarım saat sonra evdə oturduğu zaman mərkəzin həyətindən ayaq səsləri eşidib həyətə çıxmış, elə o, anda şüşə qırılması səsi eşidib həyətdən Proflaktik Mərkəzin htyətinə baxanda qırılan pəncərənin qabağında bir nəfərin dayandığını görüb, bağıraraq "sən orada nə edirsən" demiş, həmin şəxsin divardan aşıb küçəyə düşərək Türk Məsçidinə tərəf istiqamətində qaçıb getmişdir. X16 açarlarını evdən götürüb oraya getmiş, küçə qapısından mərkəzin həyətinə daxil olanda pəncərə torunun pilləkənin qabağında yerdə olduğunu, pəncərənin şüşəsinin qırıldığını, çöl tərəfdə pəncərə altlığında 1 ədəd iran kərpicinin olduğunu görmüşdür. Həmin kərpic əvvəlcədən orada olmamışdır. Pilləkənlərdən yuxarıda bir ədəd selofan torbanın olduğunu görmüş, qapını acıb içəriyə, pəncərə şüşəsi sındırılmış otağa girdikdə şüşə qırıqlarının otaqda masanın üzərinə və yerə töküldüyünü və çöldə pəncərənin qabağında olan kərpicdən birinin də otaqda olan carpayının yanında döşəməyə düşdüyünü görmüşdür. Həmin vaxt kərpicləri hadisəni törədən şəxsin özü ilə gətirərək şüşənin sındırılmasında istifadə etdiyini düşünmüşdür. 102 xidmətinə zəng vurub hadisə barədə polisə məlumat vermiş, çox keçməmiş polis əməkdaşları gəlib hadisə yerini müayinə etərək, oradan lazımı əşyaları və əl barmaq izləri götürmüşlər. Baxış zamanı Proflaktik Mərkəzdə müşahidə kameraları olduğu müəyyən edilsə də həmin kameraların işləmədiyi müəyyən olunmuşdur. Özünün də yaranmış nasazlıq səbəbindən 3 ay olar ki, kameraların işləmədiyini bildirmişdir. Proflaktik Mərkəzin labaratoriya kimi fəaliyyət göstərir. Orada analizlərdən alınan pullar təxminən 800 manat məbləğində idi. Pul həmin pəncərə şüşəsi sındırılan otaqda çəkməcədə idi. Bundan əlavə də mərkəzdə kompiyuter dəsti və qiymətli tibbi avadanlıqlar var. Hadisə zamanı səsə bayıra çıxdığına görə həmin şəxs içəri daxil ola bilməmiş, heç nə də götürə bilməmişdir. Sadəcə pəncərənin şüşəsini sındırmışdır. Həmin vaxtı orada bir nəfər görmüşdür. Həmin şəxsi təxminən 7-8 metr məsafədən görmüş, lakin qaranlıq olduğuna görə sifətini seçə bilməmişdir. Həmin şəxs xarici quruluşuna görə təxminen 165-170 boyunda arıq bədən quruluşlu, qara geyimli şəxs olmuşdur. Zərərçəkmiş şəxi bağışlamışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, 17 ildir ki X11, 6 il olarki Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkili vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, göstərilən şəxslərin heç biri ilə ədavət, düşmənçilik və ya qohumçuluq münasibəti yoxdur. xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus X4 baş vermiş oğurluğa cəhd cinayət əməlini törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tanışı olan Coşqun adlı şəxs onlara bildirdi ki, həmin oğurluğa cəhd cinayət hadisəsini törətdiyini Təqsirləndirilən şəxs özü ona bildirib. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Şirxan Şirəliyev tərəfindən raportla idarə rəisinə məruzə olunsada, Təqsirləndirilən şəxs yeri məlum olmadığından onun tutularaq istintaqa verilməsi mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək tutulub istintaq verilməsi məqsədi ilə həmkarları Şahid2 və Şirxan Şirəliyevlə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Naxçıvan şəhərində, X15 Mərkəzinin yaxınlığında tərəfimizdən saxlanılaraq istintaqa təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkili vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, göstərilən şəxslərin heç biri ilə ədavət, düşmənçilik və ya qohumçuluq münasibəti yoxdur. Hadisə ilə əlaqədar olaraq bildirir ki, xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus X4 baş vermiş oğurluğa cəhd cinayət əməlini törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki həmin oğurluğa cəhd cinayət hadisəsini Kəngərli rayonu Qarabağlar kənd sakini Təqsirləndirilən şəxs törətmişdir. Həmin oğurluq hasisəsini Təqsirləndirilən şəxs özü əvvəllər birlikdə işlədiyi Naxçıvan şəhər sakini Coşqun adlı şəxsə demişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə tərəfimdən raportla idarə rəisinə məruzə olunsada, Təqsirləndirilən şəxs yeri məlum olmadığından onun tutularaq istintaqa verilməsi mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək tutulub istintaq verilməsi məqsədi ilə həmkarlarım Şahin Novruzov və Şahid2la birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Naxçıvan şəhərində, X15 Mərkəzinin yaxınlığında tərəfimizdən saxlanılaraq istintaqa təhvil verilmişdir. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan edilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 9 ildir ki X11, 4 il olar ki, Naxçıvan ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkili vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Heç biri ilə aralarında ədavət, düşmənçilik və ya qohumçuluq münasibətləri yoxdur. xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus X4 baş vermiş oğurluğa cəhd cinayət əməlini törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin oğurluğa cəhd cinayət hadisəsini Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhərində günəmuzd fəhlə işləyən Təqsirləndirilən şəxs tərəfindən törədildiyini müəyyən etmişlər. Həmin oğurluğa cəhd cinayət hasisəsini törətdiyini Təqsirləndirilən şəxs özünün əvvəllər birlikdə işlədiyi Naxçıvan şəhər sakini Coşqun adlı şəxsə demişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Şirxan Şirəliyev tərəfindən raportla idarə rəisinə məruzə olunmuş, Təqsirləndirilən şəxs yeri məlum olmadığından onun tutularaq istintaqa verilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edərək tutulub istintaq verilməsi məqsədi ilə həmkarları Şahin Novruzov və Şirxan Şirəliyevlə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Naxçıvan şəhərində, X15 Mərkəzinin yaxınlığında saxlayaraq Polis İdarəsinə gətirib istintaqa təhvil verilmişdir. Gostərilən hadisədən əlavə Təqsirləndirilən şəxs hər hansı bir oğurluq və ya başqa cinayət hadisəsi törətməsi barədə heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Kəngərli rayonu Qarabağlar kəndində qeydiyyatda olmaqla, 1993-cü ildən ailəsi ilə birlikdə ünvan 7 ünvanında yaşayır. Nəsirov X1 olsa da onu əvvəlcədən tanımayıb. Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, Naxçıvan şəhərində 57 dairəsində fəhlə bazarından tanıyır. 2023-cü ilin yanvar ayında da Təqsirləndirilən şəxs onun yanında 12 gün fəhlə işləmişdir. Təxminən bir həftə əvvəl polis əməkdaşı Şahin müəlimin ondan həmkəndlisi Təqsirləndirilən şəxs harada olduğunu bilib-bilmədiyini soruşduğunda Şahin müəllimə Unutmazın Babək rayon Hacıvar kəndində qaldığını demiş, evlərinin yerini istiqamət vermişdir. Şahin müəllim də ona telefon nömrəsini verib Təqsirləndirilən şəxsla bağlı hər hansı bir məlumat alarsa ona deməsini tapşırmışdır. Elə həmin gün axşam saat təqribən 20 radələrində evdə olarkən qapı döyülmüş, həyat yoldaşı qapıya baxıb ona bir nəfər oğlan səni çağırır demişdir. Bayıra çıxıb həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu və üst başının toz-torpaq içərisində olduğunu görmüşdür. Təqsirləndirilən şəxs nə olduğunu soruşduğunda yoldaşının da Unutmaza “nə etmisən səhər polislər həyətə gəlib Coşqundan səni soruşurdular” dediyində Unutmazın da ona "bir səhflik edib xəstəxananın şüşəsini qırmışam, polislər məni ona görə axtarırlar" demiş, ondan hansı xəstəxananın şüşəsini qırdığını soruşsa da, Unutmaz konkret olaraq ona nə isə deməmişdir. Nə qədər çalışsa da Unutmazın başını qatıb Şahin müəllimə zəng vura bilməmişdir. Unutmaz da həyətə girməmiş, həyat yoldaşı evə girəndə isə Unutmaz onun polisə zəng vuracağından şübhələnib qaçaraq getmişdir. Həmin vaxt Şahin müəllimə zəng vurub olanları demiş, onlar da gəlib ətrafa nə qədər baxsalar da Unutmazı tapa bilməmişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlamamışdır. O, Unutmazın harada ola biləcəyi ilə maraqlansa da, heç bir məlumat əldə edə bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi, eyni zamanda şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə başlanılmışdır. İbtida istintaq zamanı hadisə yerinə baxış keçirilərkən götürülmüş cinayət əməlini törətmiş şəxsə məxsus olduğu güman edilən selofan torbada olan 2 cüt kişi corabı və bir paçka suxari, həmçinin pəncərə şüşəsinin sındırılmasında istifadə edilmiş 2 ədəd kərpic eyni növdən olan və biri-birindən kəsgin şəkildə fərqlənməyən əşyalarla birlikdə nömrələnmiş vəziyyətdə tanınmaya təqdim olunmuş, tanıyan şübhəli şəxs Təqsirləndirilən şəxs ona təqdim edilmiş əşyaları nəzərdən keçirib, təqdim edilmiş corabların içərisində olan 2 nömrə ilə nömrələnmiş corabın ona məxsus olduğunu, həmin corabı qalınlığına və rənginə görə tanıdığını, həmin 2 cüt corabı hadisənin baş verdiyi gün bazardan aldığını bilirmiş, bundan əlavə təqdim olunmuş suxarilərdən 1 nömrə ilə nömrələnmiş suxarini göstərərək həmin suxarinidə bazardan alaraq corabla birlikdə selofan torbaya qoyduğunu və həmin torbanında hadisə yerində qaldığını bildirmiş, təqdim edilmiş kərpiclərə gəldikdə isə Təqsirləndirilən şəxs 3 nömrə ilə nömrələnmiş kərpicləri göstərib içəri girib oğurluq etmək məqsədi ilə pəncərə şüşəsini sındırmaq üçün həmin kərpicləri labaratoriyanın arxasındakı damın şiferinin altından götürdüyünü bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs X8 məxsus selofan torbada olan 2 cüt kişi corabı və bir paçka suxari, həmçinin pəncərə şüşəsinin sındırılmasında istifadə edilmiş 2 ədəd kərpic cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X3 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 333.1 , 70 ci maddəsi ilə 9 ay müddətində şərti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunduğu göstərilmişdir. İstintaq zamanı Kəngərli rayonu Qarabağlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlarda Təqsirləndirilən şəxs Qarabağlar kəndində qeydiyyatda olduğu, tək olduğu və uzun müddətdir ki, Qarabağlar kəndində yaşamadığına görə barəsində xasiyyətnamə verilməsinin mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 4 saylı Mİİ-dən alınmış arayışlarda Zərərçəkmiş şəxs ünvan 8 ünvanında qeydiyyatda olduğu, həmin Mİİ-dən və iş yerindən verilmiş xasiyyətnamələrdə isə həmin ünvanda yaşadığı müddətdə özünü nizam-intizamlı və bacarıqlı bir vətəndaş kimi göstərdiyi, keçirilən xeyir-şər işlərində, iməclik və tədbirlərdə yaxından iştirak etdiyi, bu işlərə görə məhlə sakinləri tərəfindən rəğbətlə qarşılanıb nümunə olduğu, iş yerindən alınmış xasiyyətnamədə isə Naxçıvan MR X2 həkim ftiziatr, stosianar şöbə müdiri, baş həkim baş həkim vəzifələrində işlədiyi, hal-hazırda həmin dispanserdə PHŞ-də stosionar şöbə müdiri işlədiyi, işində hər zaman çalışqanlığı ilə seçildiyi, intizamlı, məsuliyyətli, təşəbbüskar, zəhmətkeş və qabiliyətli olduğu, işçilərlə münasibətdə mehribançılığı və etik davranış normalarına əməletməsi ilə başqalarına örnək olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin 600 manat pulunu talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanın həyətinə hasardan keçməklə qanunsuz daxil olub evin ikinci mərtəbəsində yerləşən,sonuncuya məxsus "X10"nin pəncərənin şüşəsini sındırdıqda yaranmış səsə Zərərçəkmiş şəxs gəlməsi səbəbindən oraya daxil olmağa müvəffəq olmayıb bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir . Ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmayan cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə əsasən cinayət etməyə cəhd-bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsi və səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmasını məhkəmə nəzərə almır. İşin yuxarıda şərh olunmuş hallarından da, tələbnamədən də aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə saat 18:20-də şübhəli şəxs qismində tutulmuş, lakin Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün kifayət qədər sübutlar toplanılmadığından 28 fevral 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək buraxılmış və 07 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək mütəxəssisin və müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri ona izah edilərək dindirilmiş və barəsində yenidən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmənin 19 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin istintaq Təcridxanasına yerləşdirilməsinə qərar vermişdir. Təqsirləndirilən şəxs başqa bir inzibati xəta törətməsi və 25 gün müddətinə inzibati qaydada həbs edilməsi, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X13 saxlanıldıqdan və inzibati həbsin müddəti 06 iyul 2023-cü il tarixdə başa çatdıqdan sonra 06 iyul 2023-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına yerləşdirilməsi və belə olan halda həbsdə saxlanılma müddətinin 09 gün təşkil etməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün və həbsdə saxlanıldığı 9 gün müddət 1 günə 2 gün hesablanmaqla 22 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 1 (bir) il 5 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdıırlması cəzasına məhkum edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında dərhal həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun qeydiyyatda olduğu yer üzrə Kəngərli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut olaraq qiymət verilmiş 2 ədəd bağlamada hadisə yerindən götürülmüş 2 ədəd kərpic hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 2 cüt kişi corabı və 1 paçka suxari hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün və həbsdə saxlanıldığı 9 gün müddət 1 günə 2 gün hesablanmaqla 22 gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq 1 (bir) il 5 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası qeydiyyatda olduğu yer üzrə Kəngərli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd bağlamada hadisə yerindən götürülmüş 2 ədəd kərpic hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 cüt kişi corabı və 1 paçka suxari hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar