Məhkəmə qərarları › İş №1(078)-14/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-14/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-14/2024 22.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:00 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri Bulqan kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri Qaraçuq kəndində yaşayan, 13 noyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tamah məqsədilə hasardan aşaraq qonşusu Zərərçəkmiş şəxs yaşayış sahəsindəki anbara qanunsuz daxil olaraq dəyəri 28,80 manat olan 24 ədəd 500 ml-lik “Bizon” enerji içkisi, dəyəri 16,80 manat olan 12 ədəd bir litrlik “coca-cola” qazlı içkisini və dəyəri 75 manat olan 30 ədəd “Novaya” spirtli içkisi olmaqla ümumilikdə 120,60 manat məbləğində malı gizli yolla talayıb yaşayış sahəsindən çıxmaq istəyərkən Zərərçəkmiş şəxs gəlməsinin eşidib hasardan tullanaraq qaçmaqla öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Naxçıvan şəhər Qaraçuq kəndində yaşayır. Hal-hazırda Naxçıvan şəhər Balıqçılıq Mərkəzində fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə qardaşı Rizvanla birlikdə Naxçıvan şəhər Qaraçuq kəndində yerləşən həyət evində yeyib-içmiş və həmin vaxt xeyli miqdarda spirtli içki qəbul etmiş, sərxoş vəziyyətə düşmüşdür. Qardaşı yeyib-içdikdən sonra ailəsi ilə birlikdə saat 23 radələrində evlərinə getmiş, o isə həyətdə oturararaq qalan pivəsini içməyə başlamış, pivəni içdikdən sonra qonşusu Rövlanın yaşayış sahəsindəki anbara daxil olmağı qərara almışdır. O, küçə tərəfdən qaz borusunun üzərinə çıxaraq həyətə daxil olmuş, həyətə daxil olan kimi giriş qapısının arxasına 1 metr uzunluğunda taxta qoymuş və anbara tərəf getmişdir. Anbarın qapısının üzərində açıq vəziyyətdə olan qıfıl olduğunu görmüş, qıfılı götürüb qapını açaraq içəri daxil olmuşdur. Anbardan bir qutu 0,25 litrlik araq, bir qutu bir litrlik Coca-cola və bir qutu bizon enerji içkisi götürmüş, araq və Coca-cola qutularını anbarın yanında yerləşən toyuq hininin üzərinə qoymuş və götürdüyü digər qutunu isə anbarın qapısının qarşısına qoymuşdur. Siqaret yandırmış, həmin vaxt yaşayış sahəsinin giriş darvazasından səs gəlmiş, lakin qapının arxasında 1 metr uzunluğunda taxta olduğundan qapı açılmamışdır. O, taxtanı qapıdan səs gəldiyi halda həyətdən qaçmaq üçün vaxt qazanmaq üçün etmişdir. Anbarın yanına yığdığı qutuların üzərinə çıxaraq hasardan tullanmış və qonşusu Mircəlalın həyətinə düşmüşdür. Qonşusu Mircəlalın həmin vaxt ailəsi birlikdə Bakı şəhərində olduğunu bildiyindən birbaşa onun həyətinə tullanmışdır. Sonra da qonşusunun onun qapısına tərəf olan küçə qapısından çıxaraq öz evinə daxil olmuşdur. Təxminən 1-2 dəqiqə sonra səs-küyə görə öz evindən küçəyə çıxmış, qonşuları Zaur, Rövlan və digər qonşuların onun daxil olduğu həyətdə olduqlarını görmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmiş, onlar tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Sonra o Naxçıvan şəhər 1-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis Bölməsində törətdiyi əməli etiraf etmişdir. Törətdiyi oğurluq əməlinə görə peşmandır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Naxçıvan şəhər Qaraçuq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Hal-hazırda Naxçıvan şəhər Balıqçılıq Mərkəzində briqadir vəzifəsində işləyir. Həmçinin Naxçıvan şəhər Qaraçuq kənd mərkəzində mağaza işlədir. Həmin mağazanın anbarı olmadığı üçün Qaraçuq kəndində evinin həyətində yerləşən əl damına yükləri çöl qapısından boşaldır. Təqsirləndirilən şəxs ilə bir məhlədə yaşayır, işləyir və onu əvvəlcədən tanıyır. Onunla arasında heç bir ədavət və ya düşmənçilik olmayıb. 10 iyul 2023-cü il tarixdə axşam radələrində Qaraçuq kəndində əmisi oğlunun toy mərasimindən çıxıb evə tərəf gəldiyi zaman yaşadığı evin darvazasını açarla açmaq istdikdə qapınını açılmadığını görmüş, qapını öz tərəfindən itələməyə başlamış, bu zaman qapı açılmış və arxasına dayaq kimi qoyulan taxta yerə düşmüşdür. Qapıdan içəri girən zaman anbarın qapılarının taybatay açıq olduğunu kiminsə anbara daxil olaraq 1 qutu Bizon, 1 qutu 1 litrlik Coca-cola və 1 qutu spirtli içkini götürdüyünü görmüşdür. Bizon qutusu anbarın önündə, Coca-cola və spirtli içki qutuları isə anbarın şiferinin üzərində idi. Baş vermiş hadisə ilə bağlı polis orqanına məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələrək əl-barmaq izləri götürmüş və hadisə yerinə baxış keçirmişlər. Sonra anbara girən şəxsin qapı qonşusu Təqsirləndirilən şəxs olduğu müəyyənləşmişdir. Ona heç bir zərər dəyməmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Naxçıvan şəhər Qaraçuq kəndində qeydiyyatda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və hal-hazırda işləmir. Təqsirləndirilən şəxs onun atasının dayısı oğludur və eyni məhlədə yaşayırlar. Həmin hadisədən dörd gün əvvəl Tural ona zəng etmiş, o, Turalın səsindən içkili olduğunu başa düşmüşdür. Tural ondan bir neçə qutu 0,25 litrlik araq olsa satmağın mümkün olub-olmadığını soruşmuşdur. O, da olsa sata biləcəyini demişdir. Tural ona həmin içkiləri tırdan yükləri boşaldan zaman veriləcəyini və tırın bir neçə günə gələcəyini, həmin vaxt ona xəbər edəcəyini bildirmişdir. O, səhərisi gün Qaraçuqda qohumu Rövlanın mağazasını işlədən İlkinə 0,25 litrlik araq olsa 1,50 manata götürübgötürmüyəcəyini soruşmuş, İlkin isə ona təzəlikcə mal götürdüklərini, hazırda lazım olmadığını demişdir. Həmin vaxtdan bir müddət sonra polis əməkdaşı Elçin ona zəng edərək, Turalın Rövlanın anbarından oğurluq etdiyini, içki götürdüyünü və onun bu hadisədən xəbəri olub-olmadığını soruşmuş, o da cavabında Turalın ona bir neçə gün bundan qabaq araq olsa sata biləcəyini soruşduğunu demişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi, eyni zamanda şahidi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidin, zərərçəkmiş şəxsin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə başlanılmışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs gizli yolla talamağa cəhd etdiyi bir qutu 24 ədəd 500 ml-lik “Bizon” enerji içkisi, bir qutu 12 ədəd bir litrlik “coca-cola” qazlı içkisi və bir qutu 30 ədəd 0,25 litrlik “Novaya” spirtli içkisinin orta bazar qiymətinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixdə məhkəmə-əmtəəşünaslıq ekspertizsı keçirilmiş və rəy alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 08 sentyabr 2023-cü il tarixli 865 №-li rəyində tədqiqata təqdim olunmuş 24 ədəd 500 ml-lik “Bizon” enerji içkisi 1 ədədi 1,20 manat olmaqla 28,80 manat, 12 ədəd bir litrlik “coca-cola” qazlı içkisi 1 ədədi 1,40 manat olmaqla 16,80 manat və 30 ədəd 0,25 litrlik “Novaya” spirtli içkisi 1 ədədi 2,50 manat olmaqla 75 manat müəyyən edilməklə ümumi dəyəri 120,60 manat müəyyən edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs 09 sentyabr 2023-cü il tarxdə ərizə ilə müraciət edərək yaşayış sahəsindəki anbardan götürülən əşyaların məşiət həyatında gündəlik tələbat olduğunu bildirərək geri qaytarılmasını xahiş etmiş və əşyaların təhvil verilməsi barədə akt tərtib olunraq şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs Naxçıvan şəhər Y.Budaqov adına X2 qeydiyyatda olubolmamasını müəyyən etmək məqsədilə sorğu göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs Dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda olmadığı göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə barəsində ambulator məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və Y.Budaqov adına X1 alınmış 410 nömrəli rəydə Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malik olduğu, psixi vəziyyətinin sağlam olduğu, onun hərəkətlərinin hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat- İnspeksiya İdarəsinin Əməliyyat X3 müvafiq tələbnamə göndərilmiş və alınmış və xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş cavabda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Sözügedən qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmçinin qərarın 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə istintaqında obyektiv araşdırılmış cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində tamah məqsədilə hasardan aşaraq qonşusu Zərərçəkmiş şəxs yaşayış sahəsindəki anbara qanunsuz daxil olaraq dəyəri 28,80 manat olan 24 ədəd 500 ml-lik “Bizon” enerji içkisi, dəyəri 16,80 manat olan 12 ədəd bir litrlik “coca-cola” qazlı içkisini və dəyəri 75 manat olan 30 ədəd “Novaya” spirtli içkisi olmaqla ümumilikdə 120,60 manat məbləğində malı gizli yolla talayıb yaşayış sahəsindən çıxmaq istəyərkən Zərərçəkmiş şəxs gəlməsinin eşidib hasardan tullanaraq qaçmaqla öz iradəsindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir . Ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmayan cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikasının CM-nin 29-cu maddəsinə əsasən cinayət etməyə cəhd-bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsi və səmimi peşmançılığı, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində azyaşlı övladının olması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2023-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunaraq 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bu barədə olan ittiham ona elan edilmiş və barəsində polisin nəzarəti altına vermək haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə gəldikdə Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə uyğun hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalı, bu cəzanın icrası onun faktiki yaşadığı yer- Naxçıvan şəhəri Qaraçuq kəndi üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməli və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 24 ədəd 500 ml-lik “Bizon” enerji içkisi, 12 ədəd bir litrlik “Coca-cola” qazlı içkisi və 30 ədəd “Novaya” spirtli içkinin istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-adək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer-Naxçıvan şəhəri Qaraçuq kəndi üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 24 ədəd 500 ml-lik “Bizon” enerji içkisi, 12 ədəd bir litrlik “Coca-cola” qazlı içkisi və 30 ədəd “Novaya” spirtli içkinin istintaq zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar