Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-15/2025 21.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili və nümayəndəsi Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndələri Nümayəndə, X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6, onun müdafiəçisi X2 iştirakları ilə, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 məhkəməyə müraciət edərək, onu xüsusi ittihamçı qismində tanımaqla şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə böhtan atan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılması xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 2003-cü ildə Babək rayon Şıxmahmud kənd tam orta məktəbini fərqlənmə ilə bitirmişdir. 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin pedaqoji fakültəsini fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir. YAP-ın üzvüdür. Hazırda Azərbaycan Xalq Parlamentinə onlayn səsvermədə 4553 (dörd min beş yüz əlli üç) səslə Azərbaycan Xalq Parlamentinə deputat seçilmişdir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, o, 2024-cü il sentyabr ayının əvvəlindən bu günədək Naxçıvan şəhər İslam Səfərli adına 1 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi və ailə üzvləri arasında ona böhtan atması, Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi X14 Qənbərova dəlidir, gedib Ali Məclisdə özünü yandıraraq intihar etməsini yalandan deməsi, yalan olduğunu bilərəkdən şərəf və ləyaqətini ləkələyərək nüfuzdan salan məlumatları yayaraq və şəxsiyyətini alçaldaraq böhtan atmışdır. Belə ki, Naxçıvan şəhər İslam Səfərli adına 1 nömrəli tam orta məktəbin müəllim kollektivi arasında məlumat yalan məlumat yayırdı ki, Səriyyə Qənbərova ilə əlaqə saxlamayın. Onunla əlaqə saxlayanı tutacaqlar ya da işdən çıxardacaqlar. Onun telefon danışıqlarına DTX qulaq asır. Bunu şagirdləri də eşitmişdir. Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi X14 Qənbərova dəlidir, gedib Ali Məclisdə özünü yandıraraq intihar etməsini yalandan deməsi, bundan başqa dəfələrlə anası X7 zəng edərək deyib ki dəli qızı başa sal, qızın dəlidir. Bunu evdə atası Nümayəndə və azyaşlı uşaqları da eşidib, bu kimi yalan məlumatlar işgüzar nüfuzunu aşağı salmışdır. Sübut olaraq bununla bağlı Naxçıvan Şəhər Polis İdarəsinə, DTX-ya, Naxçıvan MR Ali Məclisinə, Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə, Naxçıvan MR Təhsil Nazirliyinə müraciət etmişdir. Məhkəmənin qərarı olmadan heç kim təqsirli sayıla bilməz, əvvəllər məhkum olunmamışdır. Heç bir cinayət törətməmişdir. Psixi xəstə (dəli) kimin heç yerdə qeydiyyatda durmur. Cinayətkar DİN-in qeydiyyatında durar, dəli isə psixi xəstələr dispanserində qeydiyyatda durar. Heç birində qeydiyyatda durmamışdır, eləcə də, hazırda heç birində qeydiyyatda durmur. Asudə Məmmədova bunu sübut etsin ki, o, cinayətkardır. Əvvəllər məhkum olunmuşdur və dəlidir, psixi dispanserdə qeydiyyatda durur. Asudə Məmmədovanın bu kimi böhtan xarakterli sözləri ilə həmin vaxt özünü çox narahat və çox pis hiss etmişdir. İctimai yerdə və insanların çox olduğu yerdə bilərəkdən böhtan atmağı, işgüzar nüfuzuna xələl gətirməsi. onu nüfuzdan salması, şərəf və ləyaqətinin alçaldılması, müəllim kollektiv və şagirdlərinin ondan aralı durmaları, onunla ünsiyyətlərini kəsməsi ona çox pis təsir edib. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəkili və nümayəndəsi Müdafiəçi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə və xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi X9 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib işin məhkəmə baxışına təyin edilməsini və X6 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdilər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və onun müdafiəçisi X5 şikayət ərizəsində göstərilənləri qəbul etmədiyini bildirib qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Çünki xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikası CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamış, X6 onu təhqir etməsini, ona böhtan atmasını təsdiq edə biləcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-in 293.3.4-cü maddəsində şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilsə də, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə cinayətin törədilmə hallarına dair nə şahid ifadələri, nə hər hansı bir sənəd, nə də bunu təsdiq edəcək sübut göstərilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsində X10 tərəfindən təhqir edildiyini, ona böhtan atıldığını göstərsə də, təhqir, böhtan xarakterli məlumatların mətbuatda dərc edilməsini, radio və televiziya verilişlərində səsləndirilməsini, elektron vasitələrlə yayınlanmasını və başqa üsullarla yayılmasını təsdiq edə biləcək heç bir sübut göstərilməmiş və bununla bağlı məhkəməyə dəlil təqdim olunmamışdır. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X10 barəsində CM-in 147.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və X8 cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərar elan edildiyi vaxtdan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-15/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-15/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver