Məhkəmə qərarları › İş №1(078)-16/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-16/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-16/2023 07.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, təqsirləndirilən şəxsin müdafiəçisi X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 uşaq atası, İİ qrup əlil, fərdi olaraq tikinti ustası işləyən, əvvəllər məhkum olunmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Naxçıvan Şəhər Məhkəməsinin icraatına “16” may 2023-cü ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə saat 01:00 radələrində Naxçıvan şəhəri 20A məhəlləsi döngə 7 ünvanında yerləşən Piramida Pub kafesində yeyib içdikdən sonra hesabı ödəmək üçün kassaya gedən zaman digər masada əyləşən tanışı X6 görərək hesabı ödədikdən sonra Bəxtiyar Həsənovun əyləşdiyi masaya yaxınlaşaraq qərəzli şəkildə onunla mübahisə etməyə başlayaraq, kafedə olan müştərilərin və kafenin işçilərinin gözü önündə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına masanın üzərində olan pivə bakalını götürüb Bəxtiyar Həsənovun başına vuraraq, nəticədə Bəxtiyar Həsənova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməsi faktı olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə 17 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Naxçıvan şəhəri 20A məhəlləsi döngə 7 ünvanında yerləşən Piramida Pub kafesində yeyib içdikdən sonra hesabı ödəmək üçün kassaya gedən zaman digər masada əyləşən tanışı X6 görüb, hesabı ödədikdən sonra Bəxtiyar Həsənovun əyləşdiyi masaya yaxınlaşaraq qərəzli şəkildə onunla mübahisə etməyə başlamış, kafedə olan müştərilərin və kafenin işçilərinin gözü önündə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına masanın üzərində olan silah qismində istifadə oluna biləcək pivə bakalını Bəxtiyar Həsənovun başına vurub onun üzərində fiziki zor tətbiq edərək nəticədə sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə silah qismində istifadə oluna biləcək əşyadan istifadə edərək xuliqanlıq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan edilmiş ittihamın mahiyyəti və mənasının özünə aydın olduğunu, həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini, Bəxtiyar Həsənovla bir məhəllədə yaşadıqlarını, əvvəlcədən bir-birilərini tanıdıqlarını, onunla aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibəti olmadığını, 16 yanvar 2023-cü il tarixdə axşam saatlarında pivə içmək üçün tək Naxçıvan şəhəri İpək Yolu yanacaq-doldurma məntəqəsinin yaxınlığında yerləşən Piramida PUB kafesinə getdiyini, Kafeyə daxil olub orada olan masalardan birində əyləşib pivə sifariş verdiyini, bir bakal pivə içdikdən sonra hesabı ödəmək üçün əyləşdiyi masadan qalxıb kassaya gedəndə arxadan bir nəfərin ona qarşı nalayiq ifadəli söz işlətdiyini eşidib dönüb arxaya baxanda həmin adamın məhəllədən tanıdığı Bəxtiyarın olduğunu gördüyünü, Bəxtiyarın bir məhəllədə qaldıqları Əhmədlə birlikdə orada olan masalardan birində oturub pivə içdiyini, kassaya gedib içdiyi pivənin hesabını ödədikdən sonra, Bəxtiyarın əyləşdiyi masaya yaxınlaşıb ondan onun haqqında nəyə görə danışdığını soruşduğunu, Bəxtiyarın da onun haqqında danışmadığını bildirdiyini, Bəxtiyarla sağollaşıb masadan ayrılıb getmək istəyərkən Bəxtiyarın ona qarşı yenidən nalayiq ifadə işlətdiyinə görə əsəbləşib, onun əvvəlcədən nalayiq ifadə işlədib həmin sözü inkar etdiyi və ona qarşı təkrar nalayiq ifadə işlətdiyi üçün masanın üzərində olan boş pivə bakalını götürüb Bəxtiyarın başına vurduğunu, sonra orada olan şəxslərin Bəxtiyarı kənara çəkdiklərini, özünün də oradan ayrılıb öz yaşadığı evə getdiyini, Piramida PAB kafesinə özünün tək getdiyini, Bəxtiyarın yanında Əhmədin olduğunu, hadisədən əvvəl 1 bakal pivə içdiyini, içkili olsa da həmin vaxtı özündə olduğunu və hadisənin necə olduğunu tam xatırladığını, həmin vaxtı Bəxtiyarı başqa alət və ya vasitə ilə vurmadığını, sadəcə pivə bakalı ilə vurduğunu, hadisədən əvvəl Bəxtiyarın pivə içdiyini görsə də onun hansı dərəcədə sərxoş olduğunu dəqiq bimədiyini, hadisədən əvvəl kafedə müştərilər olsa da onlardan heç birini tanımadığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişlə barışdığını bildirərək göstərdiklərini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X10 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən bir məhəllə adamı kimi tanıdığını, onunla aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibəti olmadığını, 16 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində qonşuları Əhmədlə birlikdə pivə içmək üçün Naxçıvan şəhəri İpək Yolu yanacaq-doldurma məntəqəsinin yaxınlığında yerləşən "Piramida PUB" kafesinə getdiyini, kafeyə daxil olub orada olan masalardan birində əyləşib pivə sifariş verdiyini, oturub pivəni içərkən şəhərdə yaşadığı məhəllədən tanıdığı Fərid adlı şəxsin də kafeyə gəldiyini, Fəridin yanında heç kimin olmadığını, Fəridin onların əyləşdiyi masanın arxasındakı masada əyləşdiyini, Fərid kafeyə gələndə onları görmədiyini, Fəridin oturub pivə içməyə başladığını, pivəni içdikdən sonra stoldan durub hesabı ödəmək üçün kassaya yaxınlaşdığını, Fəridin kassada ödəniş edib ona tərəf gələrək ona arxasınca danışdığını dediyini, özünün də ona mən niyə sənin arxanca danışım çıx get burdan dedikdə, Fəridin onun əyləşdiyi masanın üzərində olan boş pivə bakalını götürüb onun başına vurduğunu, pivə bakalının başında sındığını və başından qan gəlməyə başladığını, başının qanadığını görüb kafedən çölə çıxaraq təcili tibbi yardıma zəng vurub hadisə barədə məlumat verdiyini, bir qədər keçdikdən sonra oraya təcili tibbi yardım avtomobilinin gəlib onu avtomobilə mindirib Naxçıvan MR Xəstəxanasına apardıqlarını, xəstəxanada həkimlərin onu müayinə edib başına tikiş qoyduqlarını, həmin gün evə buraxıldığını, Piramida PUB kafesinə qonşuları Əhmədlə birlikdə olduğunu, hadisə zamanı Əhmədin də orada olduğunu, orada olan digər şəxslərdən heç kimi tanımadığını, hadisədən əvvəl təxminən 3 bakal pivə içdiyini, içkili olsa da həmin vaxtı özünü idarə edə bildiyini, Fəridin onu başqa alət və ya vasitə ilə vurmadığını, Fəridin də içkili olduğunu, Fəridlə barışdığını, onu bağışladığını, ondan heç bir şikayət və tələbinin olmadığını, onun barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istəmədiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs barəsində cinayət işi ilə bağlı şahid qismində cəlb olunduğunu, təyin olunmuş məhkəmə iclası zamanı Naxçıvan MR ərazisində olmayacağını, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iştirak etməməyinin üzürlü sayılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş X14 ifadəsində X7 və Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, göstərilən şəxslərlə eyni məhəllədə yaşadıqlarını, aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibəti olmadığını, 16 yanvar 2023-cü il tarixdə saat 23 radələrində onun qonşusu Bəxtiyarın ona "birlikdə gedək "Piramida PAB" kafesinə, mən pivə içərəm səndə kola" dediyini, onların birlikdə kafeyə daxil olub orada olan masalardan birində əyləşdiklərini, Bəxtiyarın özünə pivə ona isə kola sifariş verdiyini, onlar bir qədər oturduqdan sonra məhəllədən tanıdığı Fərid adlı şəxsin də kafeyə gəldiyini, Fəridin yanında heç kimin olmadığını, onun gəlib onların yanından keçərək onlardan arxadakı masada əyləşdiyini, onların da öz masalarında oturduqlarını, Fəridin oturub pivə içməyə başladığını, pivəni içdikdən sonra stoldan durub hesabı ödəmək üçün kassaya yaxınlaşdığını, həmin vaxtı Bəxtiyarın əlini Fəridə tərəf uzadıb "bu bizim məhlə adamıdı" dediyini, Fəridin kassada ödəniş edib onların masasına tərəf gəldiyini, Bəxtiyara onun arxasınca nə danışdığını soruşduğunu, həmin vaxtı aralarında mübahisə olduğunu, Fəridin onların masasından boş pivə bakalını götürüb Bəxtiyarın başına vurduğunu, Pivə bakalının sındığını, Bəxtiyarın başından qan gəlməyə başladığını, kafenin işçilərinin onları aralaşdırdıqdan sonra Fəridin kafedən çıxıb getdiyini, onların da Bəxtiyarla birlikdə çölə çıxıb təcili tibbi yardıma zəng vurduqlarını, bir qədər keçdikdən sonra oraya təcili tibbi yardım avtomobilinin gəldiyini və Bəxtiyarı avtomobilə mindirib Naxçıvan MR Xəstəxanasına apardıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində hazırda Naxçıvan şəhəri 20A məhəlləsi döngə 7 ünvanında yerləşən Piramida Pub kafesini işlətdiyini, həmin kafedə 2022-ci ilin aprel ayında işə başladığını, Təqsirləndirilən şəxs əvvəlcədən kafeyə bir neçə dəfə müştəri olaraq gəldiyinə görə tanıdığını, Təqsirləndirilən şəxs kafedə mübahisə edərək başından pivə bakalı ilə vurduğu X6 isə əvvəlcədən tanımadığını, onu ilk dəfə gördüyünü, göstərilən şəxslərlə aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibətinin olmadığını, 17 yanvar 2023-cü il tarixdə saat 01:00 radələrində kafedə olduğunu, kafedə kassada oturduğunu, həmin gecə Fəridin kafedə girişdən sağ tərəfdə masada tək əyləşdiyini, Bəxtiyarın isə Fəridin əyləşdiyi masanın arxasındakı masada əlavə bir nəfər şəxslə əyləşdiyini, onların masaları yaxın olduğundan onlar bir-biriləri ilə söhbət edərək biri birilərinə qarşı nalayiq ifadələr işlədərək zarafatlar edib deyib güldüklərini, Fəridin masadan durub ödənişi eləmək üçün kassaya yaxınlaşdığını, həmin vaxtı kassada özünün olduğunu, Fəridin ödənişi ona etdiyini, Fəridin kassada ödənişi edən zaman Bəxtiyarın arxadan Fəridə nəsə dediyini, lakin onun nə dediyini eşitmədiyini, Fəridin də ödənişi etdikdən sonra kassadan ayrılıb Bəxtiyarın əyləşdiyi masaya yaxınlaşaraq ona "mənə deyirsən” deyib, bu sözdən sonra Fəridin Bəxtiyarın əyləşdiyi masada olan pivə bakalını götürüb Bəxtiyarın başına vurduğunu, sonra onların arasında mübahisə baş verdiyini, Fəridlə Bəxtiyarın tutaqlaşmağa başladıqlarını görüb həmin vaxtı kafenin işçiləri ilə birlikdə müdaxilə edib onları aralaşdırırdıqlarını, Fəridlə Bəxtiyarı aralaşdırdıqdan sonra Fəridin kafedən çıxıb getdiyini, Bəxtiyarın başının yaralanaraq qanadığını, onun başına buz qoyduqlarını, sonra Bəxtiyarın da kafedən çıxıb getdiyini, mübahisədən sonra kafedəki masaların dağıldığını və yerdə pivə bakalanın qırıntılarının qaldığını, kafenin işçilərinə masaları düzəldib kafeni təmizləməklərini deyib, hadisənin baş verməsi barədə polisə məlumat verdiyini, polis əməkdaşları gələnə qədər işçilərin bakal qırıqlarını süpürüb ataraq kafeni təmizlədiklərini, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirərək baş vermiş hadisənin müşahidə kamerasında qeyd olunan görüntülərini götürdüklərini, Fəridlə Bəxtiyarın bir-birilərinə qarşı nalayiq ifadələr işlədib zarafatlar etdiklərini, Fəridin kassada ödənişi etdiyi zaman Bəxtiyarın arxadan ona nəsə dediyi üçün Fəridin pivə bakalını onun başına vurduğunu, həmin vaxtı kassada dayandığını Fəridin Bəxtiyarın əyləşdiyi masaya yaxınlaşıb pivə bakalını onun başına vurduğunu tam aydın şəkildə gördüyünü, həmin vaxtı orada kafenin işçiləri Nicat Tağızadə və Nurlan Sarıyev və bir neçə müştərinin olduğunu, lakin müştəriləri tanımadığını, polis əməkdaşları gələnə qədər də müştərilərin getdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində 7-8 ay olar ki, Naxçıvan şəhəri 20A məhəlləsi döngə 7 ünvanında yerləşən Piramida Pub kafesində barmen işlədiyini, Təqsirləndirilən şəxs əvvəlcədən kafeyə bir neçə dəfə müştəri olaraq gəldiyinə görə tanıdığını, Təqsirləndirilən şəxs kafedə mübahisə edərək başından pivə bakalı ilə vuraraq xəsarət yetirdiyi X6 isə əvvəlcədən tanımadığını, onu hadisə günü ilk dəfə gördüyünü, göstərilən şəxslərlə aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibəti olmadığını, 17 yanvar 2023-cü il tarixdə saat 01 radələrində özünün kafenin barında olduğunu, həmin gecə Fəridin kafedə girişdən sağ tərəfdə masada tək əyləşdiyini, Bəxtiyarın isə Fəridin əyləşdiyi masanın arxasındakı masada əlavə bir nəfər şəxslə əyləşdiyini, Fəridlə Bəxtiyarın bir-biriləri ilə söhbət edib, bir-birilərinə qarşı nalayiq ifadələr işlədərək zarafatlar edib deyib güldüklərini, sonra Fəridin masadan durub ödənişi eləmək üçün kassaya yaxınlaşdığını, ödənişi edəndən sonra, kassadan ayrılıb Bəxtiyarın əyləşdiyi masaya yaxınlaşdığını, ona "mənə deyirsən" dediyini, bu sözdən sonra Bəxtiyarın əyləşdiyi masada olan pivə bakalını götürüb Bəxtiyarın başına vurduğunu, bakalın sındığını, sonra onların arasında mübahisə baş verdiyini, Fəridlə Bəxtiyarın tutaqlaşmağa başladıqlarını, həmin vaxtı özlərinin müdaxilə edib onları aralaşdırdıqlarını, Fəridin kafedən çıxıb getdiyini, Bəxtiyarın başının yaralandığını, qanadığını, onların Bəxtiyarın başına buz qoyduqlarını, sonra Bəxtiyarın da kafedən çıxıb getdiyini, mübahisədən sonra kafedəki masaların dağıldığını, yerdə pivə bakalının qırıntılarının qaldığını, müdirləri İbrahimin tapşırığı ilə kafedə süfrəkeş işləyən Nurlan Sarıyevin kafeni təmizləyərək masaları düzəltdiyini, sonra polis əməkdaşlarının gəlib hadisə yerinə baxış keçirərək baş vermiş hadisənin müşahidə kamerasında qeyd olunan görüntülərini götürdüklərini, hadisə baş verən vaxtı barda dayandığını, həmin masa ilə barın arasında təxminən 3-4 metr məsafə olduğunu, Fəridin Bəxtiyarın əyləşdiyi masaya yaxınlaşıb pivə bakalını onun başına vurduğunu tam aydın şəkildə gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində Naxçıvan şəhəri 20A məhəlləsi döngə 7 ünvanında yerləşən Piramida Pub kafesində süfrəkeş işlədiyini, Təqsirləndirilən şəxs əvvəlcədən kafeyə bir neçə dəfə müştəri olaraq gəldiyinə görə tanıdığını, Təqsirləndirilən şəxs kafedə mübahisə edərək başından pivə bakalı ilə vuraraq xəsarət yetirdiyi X6 isə əvvəlcədən tanımadığını, onu ilk dəfə hadisə günü gördüyünü, göstərilən şəxslərlə aralarında qohumçuluq, ədavət və düşmənçilik münasibəti olmadığını, 17 yanvar 2023-cü il tarixdə saat 01 radələrində özünün kafedə olduğunu, həmin gecə Fəridin kafedə girişdən sağ tərəfdə masada tək əyləşdiyini, Bəxtiyarın isə Fəridin əyləşdiyi masanın arxasındakı masada əlavə bir nəfər şəxslə əyləşdiyini, Fəridlə Bəxtiyarın bir-birləri ilə söhbət edib, bir-birinə qarşı nalayiq ifadələr işlədərək zarafatlar edib deyib güldüklərini, özünün kupedə televizoru düzəldərkən bakalın qırılması səsini, arxasıncada qışqırıq səsi eşitdiyini, zala çıxdıqda Fəridlə Bəxtiyarın tutaqlaşaraq mübahisə etdiklərini gördüyünü, müdirlə barmenin onları aralaşdırdıqdan sonra Fəridin kafedən çıxıb getdiyini, həmin vaxtı Bəxtiyarın başının yaralandığını, qanadığını, özlərinin onun başına buz qoyduqlarını, sonra Bəxtiyarın da kafedən çıxıb getdiyini, sonra onların öz aralarında zarafatlaşarkən Bəxtiyarın Fəridə nə isə dediyini Fəridin də onun əyləşdiyi masaya yaxınlaşaraq pivə bakalını Bəxtiyarın başına vurduğunu eşitdiyini, özünün müdir İbrahimin tapşırığı ilə kafeni təmizləyərək masaları düzəltdiyini, pivə bakalının qırıqlarını da digər tullantılarla birlikdə zibil yeşiyinə atdığını, sonra polis əməkdaşlarının gəlib hadisə yerinə baxış keçirərək baş vermiş hadisənin müşahidə kamerasında qeyd olunan görüntülərini götürdüklərini, özünün həmin vaxtı kupedə olduğuna görə mübahisənin hansı səbəbdən baş verdiyini bilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 fevral 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, iş vərəq 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (cild İ, iş vərəq 59) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 71) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2023-cü il tarixli müdafiəçinin dəvət edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına üzv olan və Naxçıvan Şəhər Hüquq Məsləhətxanasında fəaliyyət göstərən vəkillərdən biri dövlət hesabına müdafiəçi qismində dəvət edilmişdir (cild İ, iş vərəq 54) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin 17 mart 2023-cü il tarixli məktubu ilə göndərilmiş tələbnamədə Təqsirləndirilən şəxs sonuncu dəfə Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə 3 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunduğu, Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə cəzsaının 2 il 6 aya endirildiyi və Azərbaycan Respublikası MM-nin xx.xx.2003-cü il tarixli amnistiya qərarına əsasən 9 ay 22 gün azadlığın məhdudlaşdırılması X/M keçirildiyi göstərilmişdir. (cild İ, iş vərəq 40-41) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Y.Budaqov adına Naxçıvan MR X5 alınmış xx.xx.2023-cü il tarixli 110 saylı ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra "Şizoid tip şəxsiyyət pozuntusu. Tez-tez psixopatik reaksiyalar. Emosional -iradi pozğunluqla." vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hərəkətlərinin hadisəni törədən anda və hal hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmə. (cild İ, iş vərəq 94- 96) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyindən alınmış canlı şəxsin ekspertizasının 20 yanvar 2023-cü il tarixli 61 saylı ekspert rəyində 1994-cü il təvəllüdlü vətəndaş X2 bədən səthi üzərindəki xəsarətlərin ənsə nahiyyəsinin sol yarısında yara, yaranın küt əşyanın təsirindən törəndiyi və eləcədə pivə bakalı ilə yetirilməyə xarakterik olması, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “Yüngül” zərərvurmaya aid olması göstərilmişdir (cild İ, iş vərəq 20- 23) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhər MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli 39 nömrəli məktubda 1994-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini X2 xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində “başın ənsə nahiyyəsinin kəsilmiş yarası” diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsinə daxil olması,keyləşdirilib, tikiş qoyulub sarğı olunaraq həmin gün saat 01:00-da evə yazilması göstərilmişdir. (cild İ, iş vərəq 15) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti Başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2023-cü il tarixli 662 nömrəli arayışda Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olduğu himayəsində 2 azyaşlı övladının 2012-ci il təvəllüdlü X25 və 2014-cü il təvəllüdlü X15 olduğu və alınmış xasiyyətnamədə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 76-77) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Naxçıvan Şəhəri İcra Hakimiyyəti Başçısının 3 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayışlarda zərərçəkmiş şəxs X2 ünvan 3 ünvanında qeydiyyatda olduğu, ailə tərkibinin arvadı 1995-ci il təvəllüdlü X16, oğlu 2016-cı il təvəllüdlü X12 və qızı 2015-ci il təvəllüdlü X1 ibarət olması, alınmış xasiyyətnamədə isə yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir. (cild İ, iş vərəq 86-88) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə birlikdə Piramida PUB kafenin müşahidə kameraları ilə qeydə alınmış video-görüntülərə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüləri izlədikdən sonra kafedə hadisəni törədən şəxsin özü olduğunu və əlindəki bakalla X2 baş nahiyyəsindən vurduğunu, bundan sonra tutaqlaşdıqlarını və kafenin işçiləri onları ayırdıqdan sonra isə oradan çıxıb getdiyini bildirmişdir. İş üçün əhəmiyyətli olduğundan həmin video-görüntülərin olduğu bir ədəd DVD ptorokola əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İİ seriyalı, 854659 nömrəli, 29 yanvar 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 20 dekabr 2012-ci il tarixdə X25 adlı uşaqları doğulmuşdur. (cild İ, iş vərəq 78) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilən Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 079054 nömrəli, 25 aprel 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 15 mart 2014-cü il tarixdə X26 adlı uşaqları doğulmuşdur. (cild İ, iş vərəq 78) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə,mənzildə,qohumlar arasında,şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Həmin Qərarın 8-ci bəndində əsasən Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, izah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qeyd edilən qərarda göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranan mübahisə əsasında ictimai qayda pozulmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin 2 azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd edilən cəzanı ağırlaşdıran hallar olmaması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ay müəyyən edilməlidir. Həmçinin məhkəmə cəzanı yüngülləşdirici halların məcmusunu nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün olduğundan qeyd edilən cəzaya şərti məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən hümanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, ədalətli hesab edir. Ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə bu cəzaya şərti məhkum edilməklə 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməsinin məqsədəmüvafiq olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinin tələbinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bundan əlavə həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını nəzərə alaraq belə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsində şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirməsi nəzərdə tutulduğundan, həmçinin həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində probasiya nəzarəti tətbiq edilməli olduğundan və Təqsirləndirilən şəxs hazırda ünvan 4 ünvanında yaşadığından sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər icra və probasiya Şöbəsinin icra məmurlarına həvalə edilməlidir. Cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsinə gəldikdə məhkəmə bildirir ki, “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli, 2 nömrəli qərarının 15-ci bəndində azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növünün təyin edilməməsi qeyd edilir. Cəzanın çəkilmə müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Qeyd edilən prosessual hüquq normasının tələbləri baxımından məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti verilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində onun üzərinə nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddianın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar