Məhkəmə qərarları › İş №1(078)-17/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №1(078)-17/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(078)-17/2024 08.05.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:45 Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci ildə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə gecə saatlarında Naxçıvan şəhəri Duzdağ yolunda zibilliyin yanında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinən qəsdən bir neçə dəfə yumruqla vuraraq, ona sağ periorbital nahiyyəni tam əhatə edən hematoma, sağ gözün sklerasına qansızma, üzün sağ yarsında deformasiya, üzün və boyunun müxtəlif nahiyyələrində bir neçə sıyrıqlar, sağ almacıq sümüyünün alın çıxıntısı və göz yuvası səthində, sağ əng sümüyünün ön, medial və laterial divarlarında çoxsaylı sınıqlar, sağ haymor cibində maye (qan), sağ yanaq nahiyyəsində yumuşaq toxumalar arasında hemotoma xəsarətlərindən ibarət olan dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən zərəri vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası aydındır. Həmin ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Naxçıvan şəhəri Duzdağ yolunda “solprom” adlanan ərazidə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, onu döymüş, ona xəsarət yetirmişdir. Belə ki, bazar günü xx.xx.2023-cü il tarixdə saat 23 radələrində mikrorayon ərazisində 9 mərtəbənin yanında dayanmış, tanımadığı bir cavan saqqallı oğlan gəlib “Muxtar sənsən” demiş, həmin şəxsə “Muxtar mənəm” demişdir. Həmin oğlan “sənə zəng gələcək” demiş, həmin şəxsə “mənim telefonum yoxdur” cavabını verəndə, “qardaşın Oktayla əlaqə saxlayarıq” demişdir. Yaşadığı evə getmiş, əlini cibinə atanda siqaretinin olmadığını görmüş, gəlib qardaşı Oktaya “gedib siqaret alaq” demiş, Oktay da “yaxşı gedək” demişdir. Avtomobilə oturanda Oktay “sənə zəng gəlmişdi?” soruşduğunda Oktaya “bilirəm, mənə demişdilər” demiş və Oqtaya “telefonu ver, zəng edim” demişdir. Telefonu götürüb həmin nömrəyə zəng vurmuş, telefonda danışanın kim olduğunu bilməmiş, telefonda zəng vurduğu şəxsə “adım Muxtardır, siz zəng vurmusunuz” demişdir. Həmin şəxs ona “solprom” adlanan yerə gəl, söhbət edək” demiş və o qardaşı Şahid1 idarə etdiyi VAZ 2107 markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobili ilə Duzdağ yolunda olan “solprom” adlanan zibilliyin yanına getmişlər. Avtomobildən yerə düşəndə Səfərin orada olduğunu görmüş, Səfər yanına çağırıb “sən mənə “petux” demisən?” soruşmuş, Səfərə “hə, “petux” demişəm” demişdir. Səfər heç nə demədən yumruq atmış, onun yumruğu dodağına dəymişdir. O da Səfərə bir yumruq atmış, yumruğu Səfərin sifətinə dəymiş, Səfər də təkrar vurmaq istəyəndə, ona təkrar yumruq atıb sifətindən vurmuşdur. Səfər yıxılandan sonra həmin vaxt qardaşı Oqtay onu avtomobilə mindirib aparmış, Səfər də orada öz yoldaşları ilə qalmışdır. O, qardaşı ilə evə getmişdir. Zərərçəkmiş şəxs bir neçə ay bundan qabaq “petux” dediyi üçün aralarında mübahisə olmuş, Səfər əl atdığına görə, o da Səfərə əl atmışdır. Zərərçəkmiş şəxsla əvvəllər arasında mübahisə olmamışdır. İlk dəfə idi, Səfərlə savaşırmış, yumruqla Zərərçəkmiş şəxs vurmuş, onu vuran zaman əlində kəsici-deşici alət olmamışdır. Səfəri yalnız yumruqla vurmuşdur. Mübahisə zamanı yanında qardaşı Oktay olmuş, Səfərin də yanında 2-3 nəfər olmuşdur. Həmin şəxsləri tanımır. Zərərçəkmiş şəxs yalan deyir, qardaşı Oktay onu döyməyib. Səfəri o özü yumruq ataraq döyüb. Özünün və qardaşı Oqtayın əlində küt alət olmamış, qardaşı Oqtay Səfəri döyməmişdir. Mübahisə olmamışdan qabaq Zərərçəkmiş şəxsla heç yerdə görüşməmiş, zəng gələndən sonra zibiliyin yanında Səfərlə görüşmüşdür. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərər çəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını, bir daha belə hərəkətlərə yol verməyəcəyini, əvvəllər barəsində cinayət təqibinə xitam verilmədiyini göstərmiş və onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. 26 noyabr 2023cü il tarixdə saat 23 radələrində qardaşı Abdullanın telefonuna zəng gəlmiş, telefonu açandan Qurban “sənin arxanca danışıblar, sənə petux deyiblər” demiş, Qurbandan “arxamca danışan kimdir, onu tanıyırsan?” soruşduğunda Qurban da “ Muxtər danışıbdır” demişdir. İtçiliyin yanında Duzdağ yoluna Muxtərlə görüşmək üçün getmiş, həmin vaxt Muxtərin qardaşı Oqtayla ora gəldiyini görmüşdür. Muxtərlə öz aralarında söhbət edəndə ondan “mənə petux demisən?” soruşmuş, Muxtər də “mən demişəm” demişdir. Muxtər üstünə gələndə onu itələmiş, Muxtər də yumruqla sifətindən vurmuşdur. Yerə yıxılandan sonra heç nə xatırlamamış, səhərisi atası Abbasın onu aparıb müalicə elətdirdiyini bilmişdir. Sifətinin sağ tərəfi qırıqqırıq olmuşdur. Az xəsarət almış, hal-hazırda arğıları yoxdur və özünü narahat hiss edir. Mübahisə zamanı yanında Ruzi və Qurban olmuş, mübahisə edərkən onlara kənarda durmalarını demişdir. Muxtər və qardaşı Oqtay da orada olmuş, onların yanında heç kəs olmamışdır. Mübahisə zamanı Muxtəri itləmiş, Muxtər də yumruqla onun sifətindən vurmuşdur. Onun sağlamlığına çəkilən xərcin bir hissəsi Muxtərin valideynləri tərəfindən ödənilmişdir. 6000 manat pul verilmişdir. Hazırda sifətinə olan implantlar çıxarılmalıdır və bunun üçün maddi vəsait lazımdır. Həmin vəsait ödənildiyi təqdirdə heç bir şikayəti olmayacaqdır. Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizə verərək hazırda təqsirləndirilən şəxslə barışdıqlarını, əlavə olaraq sağlamlığa çəkiləcək xərc olaraq 900 manat pulun onlara verildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin, iddiasının olmadığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uşaqlıqdan dostdur, o bir yaş özündən böyükdür. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, onunla arasında salam-sağol münasibəti var. Dostu Şahid3 ilə birlikdə şəhərdə olarkən Muxtər ilə qarşılaşmış, onunla görüşüb söhbət edən zamanı Muxtər “eşitmişik, Səfər cinsi azlıq nümayəndələri ilə gəzir” demiş, Muxtərə “elə bir şey ola bilməz” demiş, Muxtər də “hamı deyir, eşitmişik” demişdir. Narahat olub, Səfərin nömrəsi olmadığı üçün, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Səfərin qardaşı Abdullanın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, Səfər telefonu açmış, telefonda Səfərə “Muxtərgil sənin haqqında danışıb deyirlər, cinsi azlıqların nümayəndələri ilə gəzir “petux”dur” demişdir. Səfər də harada olduğunu soruşmuş, Səfərə “şəhərdəyəm” demiş, Səfərin də “Muxtəri tap, onunla söhbət edəcəm” demişdir. Səfərə “Muxtəri hara çağırım?” soruşduğunda Səfər də “özün bir yer tap mənə də deyərsən” demişdir. Duzdağ yolu sakitçilikdir, orada mübahisə də olsa heç kəs bilməz deyə Muxtərə zəng vurub Duzdağ yoluna itçilik deyilən yerə çağırmış, Ruzi və Səfər ilə birlikdə Duzdağ yoluna “solprom” adlanan yerə, çöllüyə getmiş, avtomobildən düşən kimi Muxtər də qayıdıb Səfərə “petuxsan, petuxlarla fırlanırsan” demiş, Səfər də Muxtərə yumruq atıb üzündən vurmuş, aralarında dava düşmüşdür. Muxtər Səfərin sifətinə iki-üç dəfə yumruq vurmuş, Səfər yerə yıxılmışdır. Orada olan Ruzi və Oqtayla birgə onları aralamışlar. Muxtər qardaşı Oktayla çıxıb getmiş, özü Ruzi və Səfərlə orada qalmışdır. Taksiyə zəng vurub, taksi çağırmış, Ruzi ilə birlikdə Səfəri avtomobilə mindirib yola düşmüş, evə çatanda yolda düşüb getmişdir. Çox spirtli içki qəbul etdiyindən gedib evdə yatmışdır. Səhərisi gün Səfərin qardaşı Abdulla zəng vurub “Səfərin üzü şişib xəstəxanaya aparmışıq” demişdir. Zərərçəkmiş şəxs yalnız Təqsirləndirilən şəxs döymüş, qardaşı Oqtayın Səfəri vurduğunu görməmişdir. Oqtay Səfərlə mübahisə etməmiş, Muxtər və Səfər birlikdə savaşmışlar. Təqsirləndirilən şəxs və onun qardaşı Oqtay Fərzəliyevin əlində heç bir küt alət, kəsici deşici alət görməmişdir. Hadisə yerində Ruzi, Səfər, Muxtər, Oktay və özü olmuş, Muxtər ilə Səfər arasında mübahisə düşmüş, Muxtər yumruq atıb Səfəri vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid2 eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs şəhərdən tanıyır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 26 noyabr 2023-cü il tarixdə saat 23 radələrində qardaşı Muxtər evə gəlib “bir yer var, ora gedək” demiş, Muxtərdən hara gedəcəyini soruşmuş, Muxtər da “Naxçıvan Duzdağ yoluna, solproma gedəcəyəm” demişdir. İdarə etdiyi Vaz 21074 markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobillə yola düşmüş, avtomobili özü idarə etmiş, Muxtər də avtomobildə qabaq sağ tərəfdə oturmuş, yanlarında başqa heç kəs olmamışdır. Avtomobili solpromda saxlamış, Muxtər özündən qabaq avtomobildən düşmüş, Muxtərin orada kiminlə görüşəcəyini əvvəlcədən bilməmiş, Muxtər də özünə heç nə deməmişdir. Sonradan Muxtər “petux” söhbəti üstündə Səfərlə sözləri olduğunu və solpromda görüşmək üçün razılaşdıqlarını öyrənmişdir. Avtomobildən düşənə qədər Muxtər Səfərlə üzbəüz gəlmiş, avtomobildən düşüb onların yanına gedənə kimi Səfərin Muxtərə yumruq atdığını görmüşdür. Muxtər də yumruqla Səfərin sifətindən vurmuşdur. Həmin vaxt hava qaranlıq idi, orada işıq olmadığından heç nə dəqiq görünmürdü. Səfərin yanında iki nəfər şəxs var idi. Sonradan onların Qurban və Ruzi olduğunu bilmişdir. Araya girib Səfərlə Muxtəri aralamış, sonra Muxtəri götürüb aparmışdır. Səfər də Qurbanla Ruzinin yanında qalmış, sonra evə getmişdirlər. Mübahisənin səbəbini ilk əvvəl bilməmiş, sonradan “petux” söhbəti üstündə Muxtərlə Səfərin mübahisə etdiyini öyənmişdir. Səfər Muxtərə yumruq atmış, Muxtər də onun sifətindən yumruqla vurmuş və Səfər xəsarət almışdır. Mübahisə zamanı özü Səfəri vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Mübahisə zamanı Muxtər yumruqla Səfərin sifətindən vurmuşdur. Nə özünün, nə də Muxtərin əlində kəsici-deşici və ya küt alət olmamışdır. Səfər düz deməmiş, hadisə elə olmamış, avtomobillə qardaşı Muxtarı ora aparmış, Muxtar ilə Səfər mübahisə etmiş, Səfər yumruq atıb Muxtarın sifətindən vurmuş, Muxtar da onun sifətindən yumruqla vurmuş, ondan sonra dalaşmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İstintaq zamanı məhkəmə tibb ekspertiza keçirilmiş və Naxçıvan MR Səhiyyə Nazirliyinin MTE və PAB-dən alınmış xx.xx.2023-cü il tarixli, 1658 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sağ periorbital nahiyyəni tam əhatə edən hematoma, sağ gözün sklerasına qansızma, üzün sağ yarısında deformasiya, üzün və boyunun müxtəlif nahiyyələrində bir neçə sıyrıqlar, sağ almacıq sümüyünün alın çıxıntısı və göz yuvası səthində, sağ əng sümüyünün ön, medial (içəri) və laterial (bayır) divarlarında çoxsaylı sınıqlar, sağ haymor cibində maye (qan), sağ yanaq nahiyyəsində yumuşaq toxumalar arasında hemotoma var, xəsarətlər küt əşyanın təsirindən törənmişdir, bilavasitə yumruq zərbəsinin müvafiq nahiyəyə çırpılması nəticəsində yaranmışdır, xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə bu barədə olan ittiham ona elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs Y.Budaqov adına X1 qeydiyyatda olubolmaması barədə sorğu verilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs qeydiyyatda olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat X2 müvafiq tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartoçkasında heç bir məlumatın olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs kəndə yaşadığı müddətdə özünü işgüzar, bacarıqlı və təvəzükar bir gənc kimi apardığı, ictimai tədbirlərdə iştirak etdiyi göstərilmişdir. Məhkəməyə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlunun nümayəndəsi Nümayəndə tərəfindən təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışmışlar, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş edirlər. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən özü və qanuni nümayəndəsi iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs, qanuni nümayındəsi və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək X4 tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 43.1, 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığından, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, iddiası və tələbi olmadığından onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Törədilmiş cinayətin böyük ictimai təhlükə törətmədiyini, tərəflərin barışdıqlarını, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmamasını nəzərə alaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 43, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 73, 73-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar