Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-18/2023 25.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16:30 Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Naxçıvan şəhərində anadan olmuş, orta təhsilli Azərbaycan Respublikası vətəndaşı, evli, 1 uşaq atası, işsiz, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri N.Naxçıvani küçəsi döngə 7, ev 13 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən Faytonçu kafedə mübahisə yaradaraq ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına həmin kafedə işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində fiziki zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə etiraf edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. 25 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Faytonçu kafeyə getmiş, kafeyə gedəndə tanışı Cəbrayılın da orada oturduğunu görmüşdür. Onlarla salamlaşıb oturmuş və özünə pivə sifariş vermişdir. Bir az keçəndən sonra Faytonçu kafeni işlədən Sənan gəlib Cəbrayıla “kafedən dur get” demiş, Cəbrayıl da “getmirəm” demişdir. Bir qədər keçəndən sonra Faytonçu kafeyə polis əməkdaşları gələrək Cəbrayılı və yanındakı oğlanı aparmışlar. Sənandan “onları kim polisə verdi?” deyə soruşduğunda Sənan ona heç nə deməmişdir. Pivə içməyə davam etmiş və bir qədər sonra Cəbrayılın kafeyə gəldiyini görmüşdür. Onlar kassaya keçib ödəniş etmişlər. Onlara “gəlib stolda əyləşsinlər birlikdə içək” deyə oturduğu stola dəvət etmişdir. Cəbrayıl da “mənə kafedə oturmağa icazə vermirlər, mən getməliyəm” demiş və çıxıb getmişdir. Sərxoş olduğundan Cəbrayılın getməsinə əsəbləşib ayağa qalxmış “Cəbrayılı kim polisə verib?” demiş və söyüş söymüşdür. Həmin vaxt kafedə işləyən Seyruzə ona tərəf gəlib “söyüş söymə, niyə mübahisə yaradırsan” deyəndə Seyruzəyə “çıx get başımdan sən kimsən” demiş, Seyruzə də onun yaxasından tutduğu zaman o, yumruqla Seyruzənin sifətindən vurmaq istəmişdir. Həmin vaxt Seyruzənin bacısı Türkanə araya girmişdir. Hətta Türkanəni yumruqla vurmaq istəyəndə kafedə tanımadığı bir nəfər şəxs öz qolundan tutmuşdur. Sonradan onun qolundan tutuan şəxsin Elnar olduğunu bilmişdir. Ara qarışdığı üçün zalda kimin kimi tutduğunu bilməmiş, sərxoş olduğundan mübahisədə özlərini aralayan şəxslərə diqqət edib baxmamışdır. Elnarın da mübahisə zamanı bakalla Sənanın başından bakalla vurduğunu görmüşdür. Nəhayət dava qurtarmış və aşağı enmişlər. Həmin vaxt sərxoş olduğundan hadisənin sonrasını tam xatırlamır. Sonra polis əməkdaşları gəlib onları aparmışdır. Əslində heç kimlə mübahisə etməmiş, sadəcə Cəbrayıl getdiyindən acıqlanıb ortalıqda ucadan söyüş söyüb “Cəbrayılı polisə verən belə-belə olsun” demişdir. O heç kimi saçından tutub yolmamışdır. Törətdiyi əməlinə görə peşmandır. Təqsirləndirilən şəxsin sözügedən cinayət əməlini törətməsi həmçinin zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, təxminən 4 ildir ki, Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən Faytonçu kafesində ofisant işləyir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımır, onunla arasında ədavət düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Zərərçəkmiş şəxs1 onun ana bir, ata ayrı ögey bacısıdır. 26 yanvar 2023-cü il tarixdə saat 01 radələrində kafedə işdə olarkən kassanın yanında oturmuşdur. Elşadın durmadan söyüş söydüyünü, Şahid1 Elşadın qulağına nəsə deyib çıxıb getdiyini görmüşdür. Cəbrayıl onun bacısı Türkanənin sevgilisi olmuşdur. Sonra ayrıldıqları üçün tez-tez gəlib kafedə narazılıq yaratmışdır. Hətta bir-iki dəfə bununla baölı polisə məlumat verilmişdir. Elşadın yanına gedib “bacımın üzünə baxıb niyə söyüş söyürsən, ayıbdır, hər kəs kafedə oturub” dediyində Elşad “sənin bacın elədir, söyürəm, əcəb edirəm” demişdir. Elşad onun və bacısının əxlaqına qarşı söyüş söymüşdürş. O da Elşada söyüş söymüşdür. Həmin vaxt Elşad onu yumruqla vurmaq istəyəndə Elşadın qolundan tutmuşdu. Ancaq Elşadın onun saçından tutub yolmasını xatırlamır. Elşad onun sifətinə sillə vurmamışdır, bacısı Türkanə onun yanına gəlmiş, Elşad Türkanəni də vurmaq istəyəndə Elşadı tutmuşlar. Bu səbəbdən də Elşad Türkanəni vura bilməmişdir. Elşadı tutan X6 vurmaq istəyəndə Sənanı vurmuşdur. Nəticədə ara qarışmış, kimin-kimə vurduğunu bilməmişdir. Hadisə yerində olan müştəriləri üzdən tanıyır, ancaq adlarını bilmir. Aşağı düşüb polisə zəng vuraraq məlumat vermişlər. Polis əməkdaşları gəlib onları aparmışdır. Hadisə məhz Elşad söyüş söyüdüyü üçün baş vermişdir. O təqsirləndirilən şəxsi bağışlamışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Zərərçəkmiş şəxs2 ilə eyni məzmunda ifadə verərək, təqsirləndirilən şəxsi bağışladığını, şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayından bəri Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən Faytonçu kafesini icarəyə götürüb işlədir. 25 yanvar 2023-cü il tarixdə saat 23 radələrində kafedə olduğu zaman kafeyə gələn müştərilərdən Cəbrayıl adlı şəxs içkili olduğu üçün kafedə olan digər müştəriləri narahat etməyə başladığını görüb polisə zəng vurmuş, bir qədər keçdikdən sonra polis əməkdaşları gəlib kafedən Cəbrayılı aparmışlar. Təxminən bir saatdan sonra Cəbrayıl yenə kafeyə gəlmiş, Cəbrayıla nəyə gəlmisən dediyində, onun yanındakı tanımadığı oğlanın da “biz hesabı ödəyib kafedən gedəcəyik” cavabını vermişdir. Həqiqətən də Cəbrayıl kafeyə borcunu ödəmiş, sonra Cəbrayıl kafedə oturan tanışı Elşada yaxınlaşıb nəsə demiş, aralarında söhbət edəndən sonra Cəbrayıl Elşadla sağollaşıb kafedən getmişdir. Həmin vaxt Elşad kafedə oturub pivə içirdi. Elşad birdən oturduğu stuldan durub kafedə nalayiq ifadələr işlədib söyüş söyərək “Cəbrayılı polisə kim verdi, işverənlər kimlərdir?” dediyində, Elşada “sakit dur, müştərilər var, söyüş söymə” demiş, sonra da ayaqyoluna keçmişdir. Qayıdanda Seyruzə ilə Elşadın bir-birinə nəsə dediyini görmüş, birdən mübahisə düşmüşdür. Həm Seyruzə və Türkanə, həm də digər mütərilərlə mübahisə yaranmış, üstündən çox vaxt keçdiyindən olanları tam xatırlamır. Həmin vaxt o iş başında deyildi və kirvəsi Elnarla birlikdə stulda yeyib-içirdilər. Ara qarışdığı üçün Elnar Elşadla qızları aralamaq istəyəndə başından nəyinsə dəydiyini hiss etmişdir. Zərbənin təsirindən başı fırlanmış, özünü itirmiş, əlini başına vuranda başının qanadığını görmüşdür. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. Mübahisə zamanı Elnarın bakalla onun başına vurduğunu öyrənmişdir. Elnarın Elşadı bakalla vurmaq istəyəndə istəmədən onu vurmuşdur. Elşadı kafedən müştəri kimi tanıyır. Onunla arasında ədavət, düşmənçilik yoxdur. Elnarı əvvəlcədən tanıyır, onunla da arasında ədavət, düşmənçilik yoxdur. Elnarı bağışlayıb, çünki Elnar onu qəsdən vurmayıb. Elşadı vurmaq istədikdə istəmədən onu vurub. Xəsarət aldığından sonra nə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Babək rayonu Payız kəndində qeydiyyatda olmaqla Naxçıvan şəhəri ünvan 4 ünvanında kirayə yaşayır. Naxçıvan Şəhər Məhkəməsinin arxasında yerləşən avtomobil təmir sexini icarəyə götürüb işlədir. 25 yanvar 2023-cü il tarixdə saat 23 radələrində dostu Cabirlə birlikdə Faytonçu kafesinə getmiş, həmin vaxt kafedə həmkəndliləri X5 və Şahid2 görmüş, onlarla salamlaşıb kafedə Cabirlə birlikdə bir az oturmuşdur. Cabir çay içmiş, o isə pivə sifariş verib içmişdir. Cabir bir qədər oturduqdan sonra kafedən çıxıb getmişdir. O isə içməyə davam etmişdir. Kafedə vəziyyət yaxşı idi. Hər kəs yeyib-içir, deyib-gülürdü. Kafedə bir-iki stol o yanda oturan Elşad ayağa qalxıb nalayiq ifadələr işlədərək “Cəbini kim polisə verib” deyə söyüş söyməyə başladığında kafedə işləyən ofisant qızlardan Seyruzə Elşada “söyüş söymə camaat oturub” demişdir. Hadisənin üstündən uzun müddət keçdiyindən olanları tam xatırlamır. Sərxoş olsa da, Elşadın qızlarla kobud rəftarını qəbul etməmiş, onları aralamaq üçün Elşadın yanına getmişdir. Sərxoş olduğundan Elşada acıqlanmış, oturduğu stoldan piyvə bakalını götürərək Elşada yaxınlaşmış və əlindəki piyvə ilə onu vurmaq istəyəndə əli boşa keçmiş, həmin vaxt kafenin zalında ara qarışmış, kimin-kimə vurduğu bilinməmiş, hamı bir-birini aralaşdırmaq istəmişdir. Kafeni işlədən Sənan araya girib qızlarla Elşadı aralayan zaman o, əlini qaldırıb əlindəki bakalla Elşadı vurmaq istəyəndə bakalla səhvən Sənanın başından vurmuş və zərbənin təsirindən Sənanın yaralanmışdır. Həmin vaxt tanışları Elxan və Məhəmməd də gəlib onu kənara çəkmişlər. İstəmədən də olsa Sənanı vurduğundan narahat olmuşdur. Polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sifəti qanadığından xəstəxanaya getmişdir. Kafedə mübahisəni Elşad başlatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər X8 və Şahid2 ifadəsində X2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şərur rayonu Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, onunla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. X3 və Zərərçəkmiş şəxs2 kafedə işlədiyi üçün tanıyır, onlarla arasında ədavət, düşmənçilik və qohumçuluq münasibəti yoxdur. Türkanə ilə aralarında sevgi münasibəti olmuşdur. 25 yanvar 2023-cü il tarixdə saat 21 radələrində dostu ilə birlikdə Faytonçu kafesinə getmiş, kafedə qapıdan girişdə sol tərəfdə keçib oturmuşlar. Kafedə Elnurla birlikdə enerji içkisi sifariş verib içmişlər. Stolda oturan zaman bilmədən əli dəyib stolda olan stəkanı yerə salıb sındırmışdır. Həmin vaxtı Elnur “stəkanı niyə sındırdın” dediyində əsəbləşib digər stəkanı yerə-stolun altına atmış, lakin stəkanın sınıb-sınmadığını dəqiq bilməmişdir. Bir qədər sonra kafeyə əvvəlcədən tanıdığı Elşad gəlmiş, onunla görüşmüşdür. Elşadın yanında tanımadığı bir neçə nəfər olmuşdu. Elşad yanındakı şəxslərlə digər stola keçib əyləşmişlər. Kafeni işlədən Sənan gəlib “Siz durun burdan gedin” demiş, səbəbini soruşduqda Sənan “kafenin sahibi Əsgər deyir ki, burda oturmasınlar getsinlər, mən onları polisə vermişəm” demişdir. Bu zaman polis əməkdaşları kafeyə gəlmiş, o da Elnurla birgə polislərlə getmişdir. Sonra hesabı ödəmək üçün yenidən kafeyə gəlmiş, pilləkənlərlə yuxarıya qalxıb kafedə bara yaxınlaşıb 23.5 manat hesab ödəmişdir. Kafedən çıxmaq istəyəndə Elşad onu görüb stulu çəkdi və ona “gəl otur” demiş, o da Elşada “İndi polisdən gəlirəm, söz vermişəm ki, bura gəlməyəcəm” demişdir. Elşad da “hə yaxşı” demiş, sonra Elnurla birlikdə kafedən çıxıb evə getmişlər. Kafedən çıxdıqdan sonra kafedə dava olduğunu, kafedə olan müştərilərin savaşdıqlarını öyrənmişdir. Mübahisənin baş vermə anını görməmişdir. Əvvəllər Faytonçu kafeni işlətdiyini, həmin vaxtdan Elşadın müştəri kimi kafeyə gəlib-getdiyindən onu tanıyır. Elşadın niyə mübahisə etdiyini bilmir. İş materiallarından aydın olur ki, həmin cinayət işi zərərçəkmiş şəxs tərəfindən daxil olan məlumat əsasında Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə başlanılmışdır. İstintaq zamanı hadisənin baş verdiyi Faytonçu kafenin zalına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilib protokola əlavə edilmiş və zalın video-müşahidə kameraları vasitəsilə qeydə alınmış video-görüntülər iş üçün əhəmiyyətli olduğundan bir ədəd DVD-yə yüklənərək protokola əlavə edilmişdir. Hadisəni törədən şəxslər Təqsirləndirilən şəxs sərxoş olub-olmamasını təyin etmək məqsədilə müayinə edilmiş, «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" aktında Təqsirləndirilən şəxs 0,52 promil sərxoş olduğu göstərilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat X1 müvafiq tələbnamə göndərilmiş və alınmış xx.xx.2023-cü il tarixli cavabda Təqsirləndirilən şəxs barəsində məhkumluğu ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. Məhkəmə istintaqı zamanı faytonçu kafenin zalında baş vermiş hadisə ilə bağlı baxış keçirilərkən müşahidə kameraları vasitəsilə qeydə alınmış video-görüntülərin köçürüldüyü bir ədəd DVD-yə baxış keçirilmiş və baxış zamanı zalda stollarda müştərilərin oturduğu, bir nəfər şəxsin stoldan qalxdığı, sonra bir qadının həmin şəxsə tərəf getdiyi, onların mübahisə elədiyi, mübahisə zamanı ayağa duran şəxsin qadını vurduğu, sonra kafenin içərisin qarışdığı, hər kəsin ayağa qalxdığı, kənardan gələn bir nəfər şəxsin mübahisəyə müdaxilə etdiyi, sonra onun yıxıldığı, sonra oturduğu stoldan bir ədəd bakal götürüb ortalıqda kimisə vurmaq istədiyi, lakin əlinin boşa keçdiyi, sonra bakalla bir nəfəri vurub yaraladığı, sonra mübahisənin getdiyi müşahidə edilmişdir. Nəticədə, Təqsirləndirilən şəxs görüntüləri izlədikdən sonra bildirmişdir ki, görüntüdə əks olunan stoldan duran şəxs və qadınlarla mübahisə edib döyən şəxs özüdür. Həmin qadınlar Seyruzə və Türkanə bacılarıdır, xəsarət alan Sənandır, Sənanı vuran isə Elnardır. Etdiyi əməldən peşimanam. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 görüntüləri izlədikdən sonra bildirmişdirlər ki, döyülən qızlar özləridir, onları Elşad döyüb, Elnar bakalla Elşadı vurmaq istəyəndə istəmədən Sənanı vurdu və o xəsarət aldı. Zərərçəkmiş şəxs2 bildirdi ki, hadisədir olub, o Elşadı bağışlayır, ailəsi var, sərxoş olub hadisə törətdib. Zərərçəkmiş şəxs1 bildirdi ki, Elşad onu vurmaq istədi, Elnar onu tutdu, onun əli dəymədi, xəsarət almamışdır, Elşadı bağışlayır. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İƏD üzrə nümayəndəlikdən alınmış xasiyyətnamədə Təqsirləndirilən şəxs Naxçıvan şəhəri N.Naxçıvani küçəsi döngə 7, ev 13 ünvanında qeydiyyat olmaqla yaşadığı müddətdə özünün nizam intizamına görə məhəllə sakinləri arasında və qonşular arasında hörmət qazandığı, icra nümayəndəliyinə onun barəsində şikayətin daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində fiziki zor tətbiq edərək onları döyüb qərəzli hərəkətlər-xuliqanlıq etmişdir. Belə ki, cinayət işinin materialları və məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Naxçıvan şəhəri 61-ci məhəllədə yerləşən Faytonçu kafedə mübahisə yaradaraq ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə qəsdən nümayişkarcasına həmin kafedə işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində fiziki zor tətbiq etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması, himayəsində 1 azyaşlı övladının olması, əməlini etiraf etməsi, səmimi peşmançılığı və zərəçəkmiş şəxslərlə barışması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri N.Naxçıvani küçəsi döngə 7, ev 13 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin məhkəmə məsrəfinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs cəzasının icrası faktiki yaşadığı yer- Naxçıvan şəhəri N.Naxçıvani küçəsi döngə 7, ev 13 üzrə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №1(078)-18/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-18/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver