Məhkəmə qərarları › İş №1(078)-19/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Hökm — İş №1(078)-19/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(078)-19/2024 11.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat: 17:00-da Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Мuxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və mütəxəssis X7 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Babək rayonu, Şəkərabad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Babək rayonu, Şəkərabad kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs müalicəsi üçün həkim tərəfindən yazılmış resept əsasında əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,01 qram olan Triheksifenidil (siklodol) dərman preparatlarından özündə 1 ədəd konvalyut kəsiyində qalan 5 ədəd dərman preparatını 14 noyabr 2023-cü il tarixdə, saat 17:00-da Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində, Cahan ticarət mərkəzinin qarşısında hər biri 4 manat olmaqla, ümumilikdə 20 manata Şahid4 Hüseyin oğluna qanunsuz satmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində hər iki şəxs saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilib üzərlərində şəxsi axtarış aparılarkən Şahid4 əynində olan şalvarının sağ yan cibindən 1 ədəd konvalyut kəsiyində təsiredici maddəsinin miqdarı 0,01 qram olan 5 ədəd Triheksifenidil (siklodol) dərman preparatları aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs cinayətdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, orta məktəbi 9-cu sinifə qədər oxuyub şəhadətnamə alandan sonra oxumadığı üçün məktəbdən çıxarılıb və natamam orta təhsillidir. Əvvəllər normal həyat tərzi, işi olmuş, 2008-ci ilin yay aylarında atası rəhmətə getdikdə, atasının meyitini görüb qorxduğuna görə onda psixoloji problemlər yaranmış, yaranmış xəstəliyi ilə əlaqədar X2 dəfələrlə uzun müddət yataraq müalicə almış və sonuncu dəfə tutulmamışdan 2 ay əvvəl xəstəxanadan çıxmışdır. Xəstəliyi ilə əlaqədar X2 Fuad həkim tərəfindən müalicə olunur və Fuad həkim ona özünü rahat hissetməyi üçün güclü təsir edən darmanlar yazır, Zamin adlı şəxsi nə vaxtdan tanıdığını dəqiq xatırlamır, Zamin də onunla birlikdə Dispanserdə müalicə olunmuşdur. 14 noyabr 2023-cü il tarixdə, əvvəldən narkoloji dispanserdə tanış olduğu Zamin adlı şəxlə Naxçıvan şəhərində marşrut avtobusunda təsadüfən rastlaşmış, söhbət zamanı bir birilərinin telefon nömrələrini götürmüşlər, ayrıldıqdan sonra həmin gün Zamin ona zəng vurub, “həkimin ona resept yazmadığına görə dərman ala bilmədiyini və vəziyyətinin pisləşdiyini deyib ondan çikladol, qaraperdol və ya azeletin dərmanlarının olub olmadığını soruşmuş, Zaminə çikladol dərmanının olduğunu bildirmişdir. Zamin ondan həmin dərmandan 40 ədədini ona satmasını istəmiş, Zaminə dərmanının az qaldığını əgər istəyirsə ona 5 ədədini 20 manata sata biləcəyini demişdir. Razılaşıb elə həmin günü saat 17 radələrində Naxçıvan şəhərində 57 bazarı adlanan yerdə görüşmüşlər, orada Zaminə 5 ədəd “Çiklodol” dərmanını vermiş, bu zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək onları Daxili İşlər Nazirliyinin inzibati binasına gətirmişlər, yazıb oxumağı bacarmadığını bildirdiyinə görə, onu mütəxəssislə təmin etmişlər, sonra onu dövlət hesabına müdafiəçi ilə təmin edib üzərində şəxsi axtarış aparmağa başlamışlar, şəxsi axtarış zamanı üzərində heçnə olmadığını və özündə olan 5 ədəd çikladol dərmanını Zaminə verdiyini bildirmiş, üzəri axtarılsada heçnə aşkar edilməmişdir. Həmin dərmanları psixoloji problemləri olduğu üçün Y.Budaqov adına X4 Fuad həkimin ona yazdığı resept əsasında almış, Zamin ona çox narahat olduğunu və resepti olmadığı üçün dərman ala bilmədiyini dediyinə və narkoloji dispanserdə Zaminlə bir yerdə yatdıqları zaman onunda bu dərmanlardan istifadə etdiyini bildiyinə görədə Zaminlə razılaşıb ona 20 manat qarşılığında 5 ədəd çikladol dərmanı vermişdir. Zamin dərmanı alıb cibinə qoyduqdan sonra, 20 manat pulu ona verməyə imkan tapmamış, həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmış, həmin dərmanlardan başqa heç kimə verməmişdir. Törətdiyi əmələ görə peşmandır. Arvadı və uşaqları Türkiyədə yaşayır. Uşaq vaxtı bacısının gözündə zədə törətdiyi üçün bacısı ilə yola gedə bilmir. Ona görə anası və bacısı Naxçıvan şəhərində, özü Babək rayonu Şəkərabad kəndindəki evində tək yaşayır. Dispanserdə qalmasına səbəb əmisinin polisə zəng vurması olur. Səhhətində problem ancaq dərmanı vaxtında atmadığı halda yaranır. Həmin vaxt qarabasma olur. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən həmkarı Şahid1la birlikdə psixotrop və güçlü təsir edən dərman vasitələrin dövriyəsi ilə məşğul olduğu bilinən Babək rayonu Şəkərabad kənd sakini Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar tərəflərindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində, 14 noyabr 2023-cü il tarixdə saat 17 radələrində Naxçıvan şəhəri Ə.Əliyev küçəsində Cahan ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs özündə olan 5 ədəd dərmanı bir nəfər şəxsə satarkən tərəflərindən saxlanılmış, onlara psixotrop və güçlü təsir edən dərman vasitələrin dövriyəsi ilə məşğul olmaqda şübhəli olduqları bildirilib hər iki şəxs Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə dəvət edilmiş, digər şəxsin Kəngərli rayonu Böyükdüz kənd sakini Şahid4 olduğu məlum olmuş, Daxili İşlər Nazirliyində X11 tərəfindən ilk öncə Şahid4 dövlət hesabına müdafiəçi ilə təmin edilərək, hüquq və vəzifələri ona izah edildikdən sonra onların iştirakı ilə video-çəkiliş aparmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Şahid4 üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra Şahid4 əynində olan şalvarının cibindən bir ədəd kəsilmiş kanvalyutda 5 ədəd dərman həbini təqdim edərək həmin dərmanları 20 manat müqabilində öz şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs aldığını bildirmiş, onun üzərində şəxsi axtarış aparılsada başqa heç bir qanunla qadağan olunmuş əşya və başqa şey aşkar olunmamış, Şahid4 təqdim etdiyi dərman vasitəsinə baxıldıqda üzərində “çikladol” yazıldığı müəyyən edilmiş, həmin dərmanlar təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılaraq götürülmüş, sonra X11 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq yazıb oxuya bilmədiyi müəyyən edildiyindən mütəxəssis və dövlət hesabına müdafiəçi ilə təmin edilərək hüquq və azadlıqları ona izah edilməklə onların iştirakları ilə üzərində şəxsi axtarış aparılmasına başlanılmış, Qəzənfərə üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş heçbir əşya olmadığını və özündə olan 5 ədəd çiklodol dərmanını 20 manat müqabilində Şahid4 satdığını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heçbir əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələrin qanunsuz dövriyyəs ilə məşğul olubolmaması barədə kankret olaraq heç bir məlumatı olmamışdır. Lakin 14 noyabr 2023-cü il tarixdə Cahan ticarət mərkəzinin qarşısında özündə olan 5 ədəd çikladol həbini 20 manat müqabilində Şahid4 satarkən tərəfindən saxlanılmışdır və ifadəsinə başqa əlavəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 4-5 ildir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs psixi xəstəliyi ilə əlaqədar X5 işləyən Fuad həkimin yazdığı resept vasitəsi ilə dermanlar alır, həmin dərmanların adlarını bilməsə də, dərmanlar yuxu gətirici və əsəbləri sakitləşdirən dərmanlardır, dərmanları Naxçıvan şəhəridə yalnız 3 aptekdən, Mərkəzi aptekdən, 55 nömrəli aptekdən və Uşaq şəhərciyinin yanındakı aptekdən alır, sonuncu dəfə dərmanları təxminən 2023-cü ilin noyabr ayının əvvəlində mərkəzi aptekdən almış, yuxu dərmanı evlərində olduğu ücün sonuncu dəfə digər 2 dərmanı 14 manata almışdır. Qəzənfər 5 ilə yaxındır ki, bu xəstəlikdən əziyyət çəkir, xəstəliyinin müalicəsi olmadığı üçün həmin dərmanları mütəmadi olaraq qəbul edir, qəbul etmədikdə psixi problemləri yaranır, Qəzənfəri Bakı şəhərində həkimə aparsa da heçbir faydası olmamışdır, Qəzənfər dərmanları atmadıqda öz-özünə danışır, evdə cadu olduğunu deyir, bütün hər yerdə cadu olduğunu fikirləşərək hər yeri axtarır, evlərində olan qab-qacağı və paltarları yandırır, özünə xəsarət yetirir, bəzən bildirir ki, bilinməyən varlıqlarla söhbet edir, 2 gün dərmanları qəbul etmədikdə bu kimi hallar təkrarlanır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Babək rayonu, Şəkərabad kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə disponserə müraciət etdikdən sonra tanımış, Təqsirləndirilən şəxs 2018-ci ildən bu günə qədər 13 dəfə dispanserdə stasionar müalicə olunmuş, Qəzənfərdə şizofreniyaya bənzər psixoz diaqnozu aşkar edilmişdir. Qəzənfər müalicə üçün “Kalaperdal, Çikladol, Klazepan” dərmanları ilə davamlı müalicə olunur, hər ayın təxminən ortalarında dərmanların alınması üçün ona resept yazır, davamlı Kalaperdal dərmanını ½ tabletkadan gündə 3 dəfə, Çikladol və Klazepan dərmanını isə gündə 1 dəfə 1 tabletka qəbul edir, buna görədə hər ay ona 50 ədəd Kalaperdal, 30 ədəd Çikladol və 30 ədəd Klazepan yazılır, Təqsirləndirilən şəxsla aralarında sadəcə həkim-xəstə münasibəti vardır. İbtidai istintaq zamanı dindirilmiş, ifadəsi məhkəmə istintaqı zamanı eıan edilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs təxminən 3-4 il olar ki, tanıdığını, əvvəllər spirtli içki aludəçisi olduğuna və alkoqolizmdən əziyyət çəkdiyinə görə Naxçıvan MR X4 yatdığı zaman Təqsirləndirilən şəxs da X4 yataraq müalicə aldığını, xəstəxanada olarkən xəstəliyi ilə bağlı “Çiklodol Grindex” dərmanından istifadə etdiyini, xəstəxanadan çıxdıqdan sonra ona resept yazılmadığına görə ağrıları olanda ya baralqin alıb atdığını, ya da xəstəxanaya gedib analqin-dimidrol yaxud da diklafenat vurdurduğunu, 14 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla Naxçıvan şəhərində təsadüfən avtobusda rastlaşdığını, onunla biraz söhbət edərək bir birilərinə əlaqə nömrələrini verdiklərini, həmin gün Təqsirləndirilən şəxs zəng vurub ondan çikladol və ya güclü ağrıkəsici dərmanı varsa ona da verməsini istədiyini, Qəzənfər də Fuad həkimin ona yazdığı reseptlə çikladol dərmanı alıb istifadə etdiyini bildirdiyini, Qəzənfərə əgər varsa özündə olan çikladol dərmanından ona da verməsini istədiyini, Qəzənfər də ona “5 ədəd çikladol dərmanı var onu sənə verərəm lakin əvəzində səndən 20 manat alacağam” dediyini, razılaşaraq Təqsirləndirilən şəxsla Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin qarşısında görüşməyi qərarlaşdırdıqlarını, həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxsla Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin qarşısında görüşdüklərini, Təqsirləndirilən şəxs ona çikladol dərmanı verməsini istədiyini, Təqsirləndirilən şəxs cibindən dərmanı çıxarıb ona verdiyini, həmin vaxt mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, onlara psixotrop və güclü təsir edən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirərək onları Naxçıvan MR Daxili İşlər Nazirliyinin inzibati binasına gətirdiklərini, inzibati binada dövlət hesabına müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri izah edildikdən sonra, ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif etdiklərini, könüllü olaraq Qəzənfərdən aldığı cibində olan 5 ədəd çiklodol dərmanını və mobil telefonunu təqdim edərək üzərində başqa bir əşya olmadığını bildirdiyini, təqdim etdiyi həmin dərman həbləri bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürdüyünü, 2-3 il əvvəl Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X5 yatan zaman ağrıları olduğundan həkimlər ona güclü ağrı kəsici dərmanlardan verdiklərini, oradan çıxdıqdan sonra həkim ona resept yazmadığından aptekdən baralgin dərmanı alıb atdığını, yaxud da xəstəxanada iynə vurdurduğunu, 14 noyabır 2023-cü il tarixdə də “Çiklodol” həblərini Qəzənfərdən aldığını, ağrıları olduğundan öz istifadəsi üçün aldığını, pulu olmadığına görə Qəzənfərlə razılaşdığını, 20 manat pulu ona sonra verəcəyini bildirmişdr. İş materiallarına əlavə edilmiş: Naxçıvan Мuxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 15 noyabr 2023-cü il tarixli, 1131 nömrəli ekspert rəyində göstərilir ki, ekspertiza tədqiqatına təqdim edilən, 1 ədəd konvalyut kəsiyində 05 ədəd dərman preparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahı”na (1 nömrəli əlavə) daxil olan Triheksifenidildir (siklodol). Təsiredici maddəsinin miqdarı -0,01 qramdır. Aşkar olunaraq götürülmüş 05 ədəd həbdən 01 ədədi ekspertiza zamanı tədqiqata sərf edilmişdir, qalıq 04 həbdir. Aşkar edilərək götürülmüş 05 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan Triheksifenidil (siklodol) güclü təsir edən maddə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək tədqiqata sərf edildikdən sonra qalıq qalan 04 ədədi Naxçıvan Muxtar Respublikası DİN-in maddi sübutların saxlancı otağında saxlanılır. Y.Budaqov adına Naxçıvan MR X3 alınmış cavabda Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Şizofreniyaya bənzər psixoz“ diaqnozu ilə dispanser qeydiyyatında olduğu göstərilmişdir. Naxçıvan MR Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 412 saylı ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs müalicə məqsədi ilə psixotrop maddə qəbul edir və məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertizası Mərkəzinə yerləşdirilmiş və alınmış xx.xx.2023-cü il tarixli, 203 saylı ekspert rəyində göstərilir ki:

1. Yoxlanılan Təqsirləndirilən şəxs paronoid şizofreniya psixi xəstəliyi nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xaraktreini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.

2. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müşahidə edilən “Paronoid şizofreniya” kimi psixi patalogiya tranzitor deyil, xroniki gedişli psixi xəstəlikdir. Bütün ömrü boyu davam edir, remissiya və kəskinləşmə mərhələləri olur, remissiya mərhələsində nisbi yaxşılaşma qeydə alınır, lakin kəskinləşmə mərhələsində psixotik əlamətlərlə biruzə olunur. Hal-hazırda o, öz xəstəliyinin remissiya vəziyyətindədir.

3. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur.

4. Yoxlanılan Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunmasına baxmayaraq o, hal hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 31 may 2024-cü il tarixli, 89 nömrəli ekspert rəyinə əsasən, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «Paranoid Şizofreniya» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (irsiyyətinin psixi xəstəliklərlə ağırlaşması barəsində məlumat verməsi, əvvəllər fərdi qaydada psixiatra müraciət etməsi, psixiatrik tibb müəssisəsində müalicə alması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyata düşməsi, Naxçıvan Muxtar Respublikası «X9»ndə «Şizofreniyaya bənzər psixoz» diaqnozu ilə qeydiyyatda dayanması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində daxili həyəcanlarını bölüşməməsi, ünsiyyətə az meylli olması, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində mühakimələrində bir qədər səthi olması, təfəkkününün autik xarakter daşıması, əhvali-ruhiyyə fonunun dəyişkən olması, emosiyalarında və affektiv reaksiyalarında kütləşməyə meylliliyin nəzərə çarpması, maraq dairəsinin bir qədər məhdud olması, ekspertizanın gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, öz gələcək aqibətinə laqeyd yanaşması, proqnozlaşdırma qabiliyyətinin zəif olması, hal-hazırkı psixi vəziyyətinə qarşı tənqidi münasibətinin kifayət qədər olmaması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İstintaq zamanı iş üçün əhəmiyyətli olduğundan aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilmiş, baxış zamanı, DVD-də 2 ədəd video görüntünün olduğu müəyyən edilmişdir. Birinci video görüntü açılaraq iştirakçılarla birlikdə izlənildikdə məlum olmuşdur ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid1, müdafiəçi X1 iştirakları ilə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs Şahid4 üzərində şəxsi axtarış aparılmasına başlanılır. Şahid4 hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. X11 tərəfindən ona üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdən sonra Şahid4 əynində olan şalvarın sağ yan cibindən kəsilmiş kanvalyutda olan 5 ədəd ağ rəngli həbləri təqdim edir, Kamal Qasımbəyli tərəfindən baxılaraq kanvalyutun üzərində çikladol yazıldığı bildirilir. Şahid4 həmin dərmanları haradan və nə üçün əldə etdiyi sualına cavab olaraq bildirir ki, dərmanları ağrıkəsici kimi istifadə edir, həmin dərmanları tanıdığı yaxın adamdan alıb, həmin şəxs Babək rayonu Şəkərabad kənd sakini Qəzənfər adlı şəxsdir, 3-4 il əvvəl onunla birlikdə xəstəxanada yatıblar, həmin gün Qəzənfərlə görüşüb ondan telefon nömrəsini alıb, sonra zəngləşib saat 17 radələrində Cahan ticarət mərkəzinin qarşısında görüşərək 20 manat müqabilində ondan 5 ədəd çikladol dərmanı alıb. Əlavə axtarış zamanı Şahid4 üzərindən qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilmir. İkinci video görüntü açılaraq iştirakçılarla birlikdə izlənildikdə məlum olmuşdur ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1 və Şahid3, Müdafiəçi, mütəxəssis X8 iştirakları ilə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılır. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. X11 tərəfindən ona üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs üzərində heç bir əşya olmadığını bildirir və axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində daşıdığı çikladol dərmanını nə etdiyi sualına cavab olaraq bildirir ki, psixoloji problemləri ilə bağlı xəstəxanada olarkən onunla birlikdə xəstəxanada yatdığı şəxs Zamin ondan dərman istəyib, 57 deyilən yerdə (Cahan ticarət mərkəzinin qarşısında) onunla görüşüblər, Zamin ondan dərman istəyib, Zaminə dərmanların özünə aid olduğunu, dərmanları resept əsasında aldığını deyib, Zamin ona dərmanı 20 manat qarşılığında verməsini təklif edib, razılaşıb dərmanı Zaminə versə də polis əməkdaşları onları saxladığına görə Zamin ona 20 manatı verməyib. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. 143.1-ci maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə tövsif olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müalicəsi üçün həkim tərəfindən yazılmış resept əsasında əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan təsiredici maddəsinin miqdarı 0,01 qram olan Triheksifenidil (siklodol) dərman preparatlarından özündə 1 ədəd konvalyut kəsiyində qalan 5 ədəd dərman preparatını 14 noyabr 2023-cü il tarixdə, saat 17:00-da Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində, Cahan ticarət mərkəzinin qarşısında hər biri 4 manat olmaqla, ümumilikdə 20 manata Şahid4 Hüseyin oğluna qanunsuz satmış, daxil olmuş əməliyyat məlumatı əsasında Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində hər iki şəxs saxlanılaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə gətirilib üzərlərində şəxsi axtarış aparılarkən Şahid4 əynində olan şalvarının sağ yan cibindən 1 ədəd konvalyut kəsiyində təsiredici maddəsinin miqdarı 0,01 qram olan 5 ədəd Triheksifenidil (siklodol) dərman preparatları aşkar olunaraq götürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Təqsirləndirilən şəxs səmimi etirafı, əməlindən peşman olması, Təqsirləndirilən şəxs xəstəliyi, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması, müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 240.1-ci maddəsinə əsasən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 02 sentyabr 2024-cü il tarixli, 3907 nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023xx.xx.2023-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində Mərkəzin stasionar şöbəsində müayinə və müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs stasionarda olduğu 1 (bir) ay müddət azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs “Şizofreniyaya bənzər psixoz“ diaqnozu ilə dispanser qeydiyyatında olması, psixi xəstəliyi nəzərə alınmalı və ona cəzaçəkmə müddəti ərzində məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılan 04 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan Triheksifenidil (siklodol) güclü təsir edən maddə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə məhv edilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 197-198, 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məcburi stasionarda olduğu 1 (bir) ay müddət azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xəstəliyi nəzərə alınmaqla məcburi müalicə tətbiq edilsin. İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılan 04 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan Triheksifenidil (siklodol) güclü təsir edən maddə hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməklə məhv edilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar